• cümə, 19 Aprel, 13:03
  • Baku Bakı 25°C

“Animasiya filmlərinin çəkilişi bərpa olunmalıdır”

11.09.19 10:30 1107
“Animasiya filmlərinin çəkilişi bərpa olunmalıdır”
Müsahibim Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı və ən nəhayət, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundovdur. O, balacaların sevərək izlədikləri "Cırtdan”, "Cırtdan və div”, "Güzgü”, "Humayın yuxusu”, "Meşəyə insan gəlir”, "Söhbət-ül-əsmar” və digər cizgi filmlərinin müəllifidir. Elçin müəllim oxucularımıza Azərbaycanda animasiya filminin tarixi, eyni zamanda, ölkəmizdə keçiriləcək II Animafilm festivalı haqqında məlumat verdi:
- Bu artıq ölkəmizdə keçiriləcək ikinci festivaldır. Birinci festival keçən il təşkil olunmuşdu. Festivalın rəhbəri Çexiyada kinematoqrafiya üzrə təhsil almış və animasiya filmlərinin çəkilişi ilə məşğul olan Rəşid Ağamalıyevdir. Hal-hazırda Praqada yaşayır. Həmçinin İsveçrədə kinoprodüsser ixtisası üzrə təhsil alıb. Qeyd edim ki, Rəşid Ağamalıyev festival təşkil olunmamışdan əvvəl rus və Azərbaycan dillərində kitab nəşr etdirib. Burada Azərbaycanın animasiya filmi tarixini özündə əks etdirən fikirlər yer alıb. Rəşid müəllim daha sonra belə bir qənaətə gəldi ki, Azərbaycanda animasiya film festivalı təşkil etsin. İlk festivalın keçirilməsi ötən ilin oktyabr ayına təsadüf etdi. Festival yüksək səviyyədə keçirilmişdi. Bir neçə ölkədən – Gürcüstan, İngiltərə, Çexiya, Polşa, İran və digər dövlətlərdən nümayəndələr festivala qatılmışdılar. İranda Ərdəbil və Təbrizdə də animasiya məktəbi fəaliyyət göstərir. Orada, həmçinin bizim ötən illərdə çəkdiyimiz animasiya filmlərimiz də nümayiş olunur. Əfsuslar olsun ki, Azərbaycanda animasiya filmləri az çəkilir, demək olar ki, heç çəkilmir. Keçən il animasiya filmlərimiz festivalda yer almadı. Bu ilki festivalda isə təxminən 10-15 film nümayiş olunacaq. Bu il keçiriləcək festivala təxminən 50 ölkədən 240 film göndərilib. Artıq münsiflər heyətinin üzvləri də bəllidir.
- Festivalda uşaqlardan ibarət münsiflər heyətinin yaradılması da nəzərdə tutulub. Onların seçiminə nə dərəcədə güvənirsiniz?
- Təklif etdim ki, uşaqlar da münsiflər heyətinin üzvləri qismində çıxış etsinlər. Bu ilki festivalın kiçik yaşlı uşaqlardan ibarət münsif heyəti üçün 5 nəfər uşaq seçmişik və inşallah, mən özüm həmin uşaqlarla görüşüb bu barədə onlara təlimatlar verəcəyəm. Animasiya filmləri çəkdiyim dövrlərdə hələ çəkilişləri bitirməmiş, kiçik yaşlı uşaqları dəvət edirdim ki, həmin filmləri qiymətləndirsinlər və onların iradları əsasında dəyişikliklər edirdim.
- Necə düşünürsünüz, bu ilki festivaldan sonra animasiya filmləri sahəsində inkişaf baş verəcəkmi?
- Mədəniyyət Nazirliyi bizə haradasa cizgi filmlərinin çəkilişləri üçün xüsusi bina təşkil etsə, dövlətimiz bu sahəyə maliyyə vəsaiti ayırsa, əlbəttə ki, bu sahədə xeyli irəliləyiş olacaq. Çox istəyərdim ki, Azərbaycanda animasiya rəssamlığı kursları açılsın, mən də həmin kurslarda tələbələrə dərs deyim. Orada yüksək ixtisaslaşmış, peşəkar animatorlar hazırlansın və yerli animasiya filmləri çəkilsin.
- Uşaqları ekrana cəlb etmək üçün daha çox hansı mövzularda animasiya filmləri çəkmək lazımdır?
- İndiki dövrümüzdə gərək silsilə animasiya filmləri, serial formasında cizgi filmləri çəkilsin. Orada gərək fərqli qəhrəmanlar olsun ki, uşaqları cəlb edə bilsin. Müasir olsun. Məsələn, uşaqlıq illərimizə nəzər yetirsək görərik ki, biz «Cırtdan», «Tıq-tıq xanım» və bu səpkidə olan cizgi filmlərinə daha çox inanırdıq. Müasir dövrümüzün uşaqlarını isə bu cür mövzularla məşğul etmək mümkün deyil.
- Əvvəllər cizgi filmləri qəhrəmanlarının hər bir hərəkəti müxtəlif şəkillərlə canlandırılırdı. Çağdaş dövrümüzdə isə müasir texnikalar bu işi asanlaşdırıb. Lakin buna baxmayaraq, cizgi filmləri o dövrdə daha maraqlı idi, nəinki indi. Bunun səbəbini nədə görürsünüz?
- Ümumiyyətlə, bir film çəkiləndə saniyədə 24 kadr gedir. Bu da 24 ədəd şəkil deməkdir. Animasiyanın ən önəmli xüsusiyyətlərindən biri də budur. Animasiya bir-iki günə ərsəyə gəlmir. Məsələn, biz 10 dəqiqəlik filmi 6-7 aya çəkirdik. Bu da cizgi filminin personajlarından, zənginliyindən, texnikasından asılıdır. İndiki vaxtda müxtəlif kompyüter proqramları var ki, bu proqramlar vasitəsi ilə cizgi filmi çəkilişlərini rahat şəkildə həyata keçirmək mümkündür. Əvvəllər cizgi filmlərini qurama vasitəsi ilə, gəlinciklərlə çəkirdik. İndi kukla personajlarından ibarət olan cizgi filmlərini 3D Maks və Main proqramları ilə çəkirlər. Qurama vasitəsi ilə çəkilən filmləri isə fləş karta köçürürlər. Cizgi filmlərinin çəkilişlərində, həmçinin Premier və fotoşop proqramlarından da istifadə edirlər. Həmin proqramlar filmin çəkilişlərini bir qədər sürətləndirir. Texnika nə qədər sürətlə inkişaf etsə də, animator film çəkilişləri zamanı öz üzərinə düşən öhdəliyi yerinə yetirir. Animator ilk növbədə cizgi filmini canlandıran şəxsdir. Müasir dövrümüzdə çəkilən cizgi filmlərinin maraqsız olmasına gəlincə isə, qeyd etmək istəyirəm ki, burada rejissor işi və mövzu böyük rol oynayır. Dünyaca məşhur olan "Warner brothers”, "Disney” film studiyaları var ki, maraqlı cizgi filmləri çəkirlər. Bununla yanaşı, digər animasiya studiyaları fəaliyyət göstərir ki, onların bu sahədə işləmək səviyyəsi çox aşağıdır. Bəzi telekanallar isə bu studiyaların filmlərini ucuz qiymətə alıb izləyicilərə nümayiş etdirirlər.
- Uşaqlıq çağlarımıza nəzər yetirəndə görürük ki, indi nağıllar daha az yazılır. Müasir zəmanəmizin uşaqları da o dövrdə yazılan nağıllarla böyüyürlər. Bu nağıllar da özündə müasirliyi əks etdirmədiyinə görə uşaqlara maraqsız görünür. Bu məsələdə mövzu qıtlığımı var, yoxsa burada başqa səbəblər axtarmaq lazımdır?
- Dünya miqyasında çəkilən cizgi filmlərinə nəzər yetirsək görərik ki, "Disney” film studiyası dünyanın bütün xalqlarının nağılları əsasında cizgi filmləri çəkib. Gərək indiki dövrün uşaqları üçün müasir nağıllar yazılsın və həmin nağıllar əsasında cizgi filmləri çəkilsin. Azərbaycana gəlincə isə, qeyd etmək istəyərdim ki, bizdə animasiya filmlərinin çəkilişi həddindən artıq zəifləyib və demək olar ki, yox dərəcəsinə gəlib çıxıb. Vaxt var idi, studiyamda yeddi nəfər rəssam fəaliyyət göstərirdi. İndi hərə bir tərəfə dağılıb.
- Müasir dövrün cizgi filmlərində uşaqların təfəkkür tərzinə uyğun dəyişikliklər etmək lazımdırmı?
- Əlbəttə lazımdır. Cizgi filmləri gərək yaş həddinə uyğun olaraq çəkilsin. 6-7 yaş, 10-12 yaş arası və yeniyetmə yaş dövrünü əhatə edən cizgi filmləri. Cizgi filmlərində gərək qəddarlıq, naxələflik, nanəcimlik kimi xüsusiyyətlər təbliğ olunmasın. Xüsusən mentalitetimizə xas olan filmlər çəkilsin. Psixoloqlarımız da bu işlə məşğul olsalar, yaxşı olar. Amma əfsuslar olsun ki, telekanallar istədikləri cizgi filmini nümayiş etdirirlər. Azərbaycanda mütləq şəkildə animasiya cizgi filmlərinin çəkilişlərini bərpa etməliyik. Bizdə animasiya filmləri çəkilmədiyinə görə, uşaqlar xarici animasiya filmlərinə daha çox maraq göstərirlər. Bu da onların tərbiyəsinə təsir edir. Ümumiyyətlə, animasiya filmləri uşaqlar üçün bir tərbiyə mənbəyidir.
- Çəkdiyiniz cizgi filmlərindən gəlir əldə edə bilminizmi?
- Hər kəsə məlumdur ki, film çəkilən vaxt bir smeta qurulur. Filmə nə qədər pul xərclənəcəyi hesablanır. Bunu filmin direktoru həyata keçirir. Rejissora da filmin quruluşuna görə ayrıca məbləğ ayrılır. Azərbaycanda Kinoroejissorlar Gildiyası fəaliyyət göstərir. Həmin gildiyanın üzvləri olan kinorejissorlar müxtəlif telekanallarda çəkdikləri flmi nümayiş etdirirlər. Kinorejissorlar Gildiyası bunun müqabilində rejissorlara məbləğ ödəyir. Gildiya məbləğin 30 faizini özünə götürür, 70 faizini isə kinonun çəkiliş heyətinə ödəyir.
Fidan Salmanova
banner

Oxşar Xəbərlər