• cümə, 29 Mart, 16:27
  • Baku Bakı 14°C

Animaloterapiya heyvanlarla aparılan müalicə üsuludur

19.09.18 15:00 487
Animaloterapiya heyvanlarla aparılan müalicə üsuludur
XXI əsrdə alimlər qədim əcdadlarımızın unudulmuş reseptlərini yada salmağa başlayıblar. İnsanların əhvali-ruhiyyəsinə heyvanların təsiri zaman keçdikcə daha da çox aşkar olunur. Ətrafdakı insanlarla sağlam münasibətlərin olmaması nəticəsində bir çoxlarında depressiya, stress, tənhalıq və müxtəlif problemlərlə özünü büruzə verir.
AZƏRTACxəbər verir ki, animaloterapiya (latınca "animal”-"heyvan” sözündən götürülüb)–psixoterapevtik yardım üçün heyvanlardan və onların obrazlarından istifadə edən müalicə növüdür. Bu, ciddi xəstəliklərin qarşısının alınmasının və müalicəsinin sivil elmi üsuludur. Animaloterapiyada heyvan rəmzlərindən–obrazlar, şəkillər, nağıl qəhrəmanları, oyuncaqlar, həmçinin ünsiyyətdə təhlükəli olmayan canlı heyvanlardan istifadə edilir.
Animaloterapiyanın tarixi
Heyvanlarla müalicə hətta mağarada yaşayanlara da məlum idi.
Çox uzaq tarixi olmasına baxmayaraq, animaloterapiyanı çox vaxt qeyri-ənənəvi üsul adlandırırlar. Qədimdə loğmanlar əsəbi pozulanlara soyuq suya girməyi, ayaqyalın yeriməyi və at belində gəzməyi məsləhət görərdilər. Hələ bizim eradan əvvəl V əsrdə Hippokrat təbii aləmin insana təsiri barədə müşahidələrində at sürməyin müalicəvi faydalarını aşkar edib. Qədim yunanlar, təxminən, üç min il əvvəl müxtəlif xəstəliklərin müalicəsində itlərin böyük rol oynaya biləcəyini deyiblər. Misirlilər həmin məqsədlə, əsasən, pişiklərdən istifadə ediblər. Qədim Hindistanda isə quşların nəğməsini dinləmək həkimlər tərəfindən müalicə üsulu kimi məsləhət görülüb. .
Amerikalı uşaq psixiatrı Boris Levinson ilk dəfə 1962-ci ildə keçirdiyi müalicə seanslarında öz itindən istifadə etməklə animaloterapiyanın təməlini qoyub. İndi bütün inkişaf etmiş ölkələrdə həmin üsul qəbul edilir, heyvanların insanlara təsirini öyrənən institutlar yaradılıb. ABŞ, Böyük Britaniya, Kanada, Fransa və Rusiyada fiziki və ya psixi problemləri olanlara animaloterapiya vasitəsilə kömək göstərən təşkilatlar var. Onların hamısı əhliləşdirilmiş heyvanlardan–daha çox it, pişik, dələ və quşlardan müalicə vasitəsi kimi istifadə edirlər. Həkimlər, sosial işçilər, psixoloqlar animaloterapiya proqramlarının iştirakçısı olurlar. Dünya Səhiyyə Təşkilatı tərəfindən canlı varlıqların yanımızda olmasının bizə böyük fayda verdiyi qəbul edilib.
Animaloterapiyanın növləri
Heyvanların müalicəvi əhəmiyyətini dərk etmədən onları ev şəraitində saxlamaq-məqsədsiz, heyvanlardan və ya onların rəmzlərindən məxsusi işlənmiş müalicə proqramı üzrə məqsədyönlü şəkildə istifadə etmək məqsədli aminaloterapiya adlanır. Animaloterapiyanın bu növündə pasiyentin öz heyvanlarından deyil, xüsusi öyrədilmiş heyvanlardan və ya onların obrazlarından və səslərindən istifadə edilir.
Məqsədli animaloterapiya, istifadə olunan heyvanlardan asılı olaraq bir neçə növə bölünür:
İppoterapiya–animaloterapiyanın bu növündə əsas təmas vasitəsi kimi atlardan və at sürməkdən istifadə edilir. Bu, çox səmərəli müalicəvi bədən tərbiyəsidir. İppoterapiyadan dayaq-hərəkət aparatının pozuntularında, aterosklerozda, çənə-beyin zədələrində, poliomielitdə, mədə-bağırsaq xəstəliklərində, prostatitdə, skoliozda, kəmağıllıqda istifadə edilir. Atla təmas öz-özlüyündə müalicəvi olan dayanıqlı müsbət emosional fon yaradır.
Delfinoterapiya–təbabətdə və psixoterapiyada delfinlərdən çox tez-tez istifadə olunur. Delfinlərlə təmas insanın psixi-emosional vəziyyətini sabitləşdirməyə, psixoloji gərginliyi aradan qaldırmağa kömək edir, adam sakitləşir, fikirləri stabilləşir və böhranlı vəziyyətdən tez çıxış yolu tapır. Bu, əsəb sistemi xəstəliklərindən–autizmdən, serebral iflicdən, oliqofreniyadan, Daun sindromundan əziyyət çəkən uşaqlar, həmçinin ekstremal şəraitə, zəlzələyə, fırtınaya, qəzaya düşən və başqa şəkildə güclü stress keçirən adamlar üçün ən gözəl psixoloji reabilitasiya üsuludur.
Kanisterapiya-animaloterapiyada itdən istifadə etməkdir. İt–azhərəkətli həyat tərzi keçirməklə əlaqədar yaranan hipodinamiyaya qarşı ən yaxşı "dərman”dır. İtlə gəzinti ürək-damar xəstəliklərinin, infarkt miokardın əmələ gəlməsi ehtimalını azaldır. İt insanın ünsiyyət yetərsizliyini aradan qaldırır, ünsiyyətcilliyini yaxşılaşdırır, hətta sahibinin ailəsində münaqişələri yoluna qoyur. İtin ağız suyundakı lizosim fermenti xəstəlik əmələ gətirən mikroorqanizmləri məhv edir. Kanisterapiya nevrasteniyada, isteriyada, psixasteniyada və nevrozlarda məsləhət görülür. Hospislərdə və psixatriya klinikalarında itlər xeyirxah qonaqlar hesab olunur. Pasiyentlərlə işlərkən heç də hər it kara gəlmir–yalnız, sakit, hikkəsiz və sabit psixikalı itlərdən istifadə edilir.
Felinoterapiya–pişiklərin müalicəvi təsiridir. Pişiklər tənhalığı unutdurur, adamı sakitləşdirir, arterial təzyiqi aşağı salır, ürəyin işini sabitləşdirir, oynaq və baş ağrılarını götürür. Pişik miyoltusu müəyyən səs titrəməsi (20-50 hers tezlikli) kimi sağalma prosesini stimullaşdırır. Pişiklə uzunmüdətli dostluq immun sistemini möhkəmləndirir, sağlam və uzunömürlü olmağa kömək edir.
Apiterapiya–arı zəhəri ilə müalicədir. Müalicəvi faunada arı mütləq liderdir. Bioloji növ kimi 50 milyon illik mövcudluğu ərzində arı ən müxtəlif iqlim şəraitində həyat sürməyə öyrəşib ki, bu da nadir arı zəhərinin yaranmasına gətirib çıxarıb. Fizioloji proseslərin ən güclü katalizatoru olması arı zəhərinin möcüzəsidir. Onun bir damçısında zülal maddələri, 20 vacib amin turşusundan 18-i, saysız-hesabsız turşular, bütöv Mendeleyev cədvəli və çoxlu vitaminlər var.
Hirudoterapiya–tibb zəliləri ilə müalicə venaların varikoz genişlənməsinin, tromboflebitlərin, dəri, ağciyər və qadın xəstəliklərinin, miqrenin, haymoritlərin, nevritlərin və bir sıra digər xəstəliklərin müalicəsində heyranedici nəticələr verir. Son vaxtlar zəlilərin köməyi ilə sellülitləri müalicə edir, arıqlayır, hətta cavanlaşırlar. Zəlilərin müalicəvi təsirinin sirri bundadır ki, onları seliyi orqanizmin toxumalarının dərinliklərinə nüfuz edərək xəstəliyə hüceyrə səviyyəsində təsir göstərir.
Başqa heyvanlardan istifadə olunması
Bütün canlı varlıqlar insana effektiv psixoloji kömək göstərə bilər. Animaloterapiyada digər heyvanlardan çox az istifadə edilir, çünki belə hallarda müalicənin səmərəsi xeyli aşağı olur.
banner

Oxşar Xəbərlər