• cümə, 19 Aprel, 03:41
  • Baku Bakı 18°C

Ani körpə ölümlərinin səbəbi nədir?- Araşdırma

04.05.18 11:30 3265
Ani körpə ölümlərinin səbəbi nədir?- Araşdırma
"Dünyaya 6 uşaq gətirmişəm. 4 uşağımı doğulandan sonra 1-2 aylıqlarında səbəbsiz yerə itirdim. Çox sarsıldım və o travma ilə artıq dünyaya uşaq gətirməyə qorxurdum. Bütün belə sarsıntı yaşayan analar kimi taleyimdən şikayətlənirdim. Daha sonra həkim nəzarətində 2 uşağım oldu. Onlar tam sağlamdırlar. Lakin 4 uşağımın hansı səbəbdən öldüyünü hələ də dərk etmirəm”.
Aliyə kimi övlad itkisini yaşayan valideynlər az deyil. Təsəvvür edin, həyatına 9 ay həsrətlə gözlədiyin bir fərd daxil olur. İlk gülüşünün, ilk dil açmasının, ağlamasının, əsnəməsinin şahidi olursan və anidən bir şey baş verir, həyatından erkən getməli olur. Bəs o baş verən nədir? Yaxud sənin düşüncəndə 8 ay problemsiz yaşanan hamiləlik ani düşüklə nəticələnir. Həqiqətən bir uşaq səbəbsiz yerə ölə bilərmi? Ümumiyyətlə, son zamanlar mətbuatda da tez-tez rastlaşdığımız uşaq ölümlərinin səbəbi nədir? Burada genetik faktorlar nə dərəcədə rol oynayır?

"Heç bir uşaq səbəbsiz ölməz”

Genetik Zakir Bayramovdeyir ki, heç bir uşaq səbəbsiz ölməz: "Heç kim uşaq doğulmamış genetik müayinə etmədən deyə bilməz ki, uşaq tam sağlamdır. Çünki inkişafdan dayanmış hamiləliklərin 95 faizində 12-ci həftəsinə qədər xromosom patologiyaları olur. 12-ci həftədən sonra doğulan uşaqların isə 40 faizində xromosom patologiyaları aşkar olunur. Böyük uşaqlarda isə -7 aydan sonra ölümlə nəticələnən doğumlarda ümumiyyətlə, demək olar ki, xromosom patologiyaları olmur, amma onlarda gen patologiyasına rast gəlinir”.
Həkim deyir ki, genlə bağlı problemlər Azərbaycan əhalisi üçün xarakterik hadisədir. Onun sözlərinə görə, hətta qohum evliliyi olmasa belə, iki yad insanın evliliyində də gen probleminə rast gəlmək olur: "Bu, Azərbaycanda həmişə böyük problem olaraq qalıb. Sadəcə çox işıqlandırılmadığı üçün insanların məlumatı az olub. 20 il bundan öncə bu məlumatlar üzə çıxmırdı və xəstəxana çərçivəsində qalırdı. Ona görə də, bizə görünməz olurdu. Bu problem Azərbaycan əhalisi üçün xarakterikdir. Ümumiyyətlə, bir çoxları elə bilir ki, genlə bağlı problemlər qohum evliliyi olanda baş verməlidir. Amma insanlar başa düşmək istəmir ki, Azərbaycan əhalisi qohum evliliklərlə doğulmuş fərdlərdən ibarətdir. Yəni mən qohum evliliyindən doğulub, özüm yad bir insanla evlənsəm belə, yenə də uşağımda həmin patologiyanın üzə çıxma tezliyi çox yüksək olacaq. Düzdür, arzu olunmayan genlər əslində zaman keçdikcə nəsildə itməlidir. Amma 2-3 nəsil bundan qabaq hər kimdəsə qohumluq evliliyi varsa, bu amil həmin bitmiş genin üzə çıxma sürətini 100 dəfəyə qədər artıra bilir. Bu zaman da qohum olmasanız belə, gen problemi qaçılmaz olur”.

"Prenatal diaqnostika ilə uşaq ölümlərinin qarşısını almaq olur”

Həkimin sözlərinə görə, uşaq ölümlərinin əksər səbəbləri genetik faktorlardır. Bu faktorlar da məhz rayon əhalisində daha çoxdur. Təsadüfi deyil ki, Azərbaycanda ani uşaq ölümlərinin əksəriyyəti bölgələrdə baş verir: "Biz şəhər əhalisi ilə rayon və kənd əhalisinin müqayisəsini aparmışıq. 6 ay ərzində apardığımız araşdırmalara əsasən, Abşeron yarımadasında, Naxçıvan və Gəncədə 500 nəfərdən 2-3-də xromosom patologiyası aşkar etdik. Rayon bölgəsində isə 500 nəfərdən 30-35 nəfər arasında bu patologiya ilə rastlaşdıq. Fərq çox yüksəkdir. Çünki şəhər əhalisi nadir hallarda qohum evliliyinə üstünlük verir. Amma bölgələrdə bunun qarşısını almaq mümkün deyil. Uşaq ölümlərinin əksər səbəbləri genetik faktorlardır. İnkişafdan qalmış hamiləliklər, abortlar, uşaq ölümləri yaşayan valideynlər ilk növbədə genetik müayinə olunmalıdır”.
Gənc ailələrə müraciət edən həkim deyir ki, genetik problemləri olan ailələrdə bu problemi tam həll etmək mümkün deyil. Amma prenatal diaqnostika ilə uşaq ölümlərinin qarşısını almaq olur: "Yəni hamiləlik zamanı amniotik mayedən (ana bətnində körpənin ətrafını bürüyən maye) götürülən material genetik olaraq yoxlanılır və bu, yalnız 15-ci həftədə mümkündür. Bunu uşaq doğulmazdan öncə də etmək olur. Süni mayalanma edilir, embriondan bir hüceyrə götürülür və tam olaraq genetik yoxlanılır. Hansı embrion sağlamdırsa, həmin embrion ana bətninə transfer oluna bilir”.

"17 dəfə inkişafdan qalan hamiləliklər var”

Maddi məsələyə gəldikdə isə həkim deyir ki, genetik müayinə pulu çox tələb edən müalicə üsulu deyil. Amma nə qədər gec müraciət etsəniz, bir o qədər çox pul xərcləyirsiniz: "10 dəfə hamiləlikdən qalandan sonra gəldikdə, təbii ki, xərc daha ağır olur. Təsəvvür edin, 17 dəfə inkişafdan qalıb gələn hamiləliklər var. Halbuki, bu 17 cəhddə o qədər xərc tökməkdənsə, elə genetik müayinə üçün tez müraciət etsəydi, cibinə o qədər ziyan dəyməzdi. 17 hamiləlik müddətində analizə tökülən, müayinələrə xərclənən pulu bir dəfə hamiləlikdən öncə sərf edə bilər. Nə qədər tez müraciət etsələr, ciblərinə də xeyirdir, özlərinə də. Bizdə problem odur ki, qohum evliliyin risk olduğunu bilirlər və yoxlanışa yaxınlaşırlar. Amma biz o insanlara nəticəni bildirəndə ki, siz evlənə bilməsiniz, 200 nəfərdən biri buna əməl edir. Qalanı bu riski gözə alaraq, öz bildiyini edir”.

"Elə qohum evlilikləri var ki, onlarda gen problemi olmur”

Həkim deyir ki, elə qohum evlilikləri var ki, onlarda problem olmur: "Qohum evliliklərində 10 nəfərdən 3-də demək olar ki, problem olmur. Amma yenə də yoxlanmaq lazımdır. Bizdə elə başa düşürlər ki, ata tərəfdən qohum olanda problem olur, amma ana tərəfdən olmur. İnsanlar başa düşməlidir ki, övlad genlərin yarısını anadan, yarısını atadan götürür. Hər iki qohum evliliyi problemdir”.
Həkim sonda vurğuladı ki, hamiləliyin sağlam başa çatdırılması birbaşa insanın özündən asılıdır!

"160 hamiləlikdən birində uşağın tələf olması riski var”

Cərrah mama-ginekoloq Kamran Nağıyev deyir ki, 160 hamiləlikdən birində ana bətnində uşağın tələf olması riski var: "Hamiləlik zamanı keçirilmiş infeksiyalar, uşaqda müxtəlif inkişaf qüsurları, ciftin inkişaf qüsurları, valideynlərin qan uyuşmazlığı, bəzi dərmanların qəbulu, travma, genetik və xromosom anomaliyalar hamiləlik zamanı uşağın tələf olmasına səbəb olur. Lakin hamiləlikdə yoxlanılan rutin müayinələr zamanı bütün patologiyaları aşkar etmək mümkün deyil. Düşük və ya ana bətnində ölüm halları olarsa, pasiyent daha dərin müayinələrdən keçir. Uşağın ölüm səbəbini ölümündən sonra patoloq-anatomun rəyi daha dəqiq deyir. Səbəb döllə bağlıdırsa, çox zaman ölümün qarşısını almaq olmur. Valideyndən qaynaqlanan problem aşkar olunduqda isə növbəti hamiləliyi normal yekunlaşdırmağa nail ola bilirik. Hamiləliyin son həftələrində uşağın tərpənməsi hiss olunmursa, vaginal qanama, qasıq və qarın nahiyəsində ağrılar varsa, mütləq həkimə müraciət olunmalıdır”.
Həkim deyir ki, gənc analar hamilə qaldığını bildiyi gündən həkim təqibində olmalıdır: "Hamiləlikdə hər həftənin önəmi var. Yəni, siz həkimə "bu həftə vaxtım olmadı, gələn həftə gələcəyəm” desəniz, həkim nələrisə gözdən qaçıra bilər. Rutin kontrolları vaxtında etmək lazımdır. Məhz 12-14-cü həftədə ultrason müayinəsi çox əhəmiyyətlidir. Bu həftədə Daun sindromu, Edvars sindromu, sinir kanalının skrininqi müayinə olunur. Daha sonra bu müayinə 18-24, 29-34-cü həftələrdə edilməlidir. Hamiləliyin son ayı isə hər iki həftədən bir kontrol olunmalıdır. Xanımlarımız Ultra Səs Müayinəsindən (USM) qorxur. Onların düşündüyü kimi, USM heç kimi şüalandırmır. Normal kontrollar mütləq vaxtı-vaxtında edilməlidir”.

"Körpənin yumşaq yataqda yatırılması ani körpə ölümü riskini artırır”

Pediatr Günay Rəsulova valideynlərin "səbəbsiz” adlandırdığı uşaq ölümlərini tibdə "Ani körpə ölümləri sindiromu” adlandırıldığını deyir. Onun sözlərinə görə, doğulduqdan etibarən tam sağlam olan uşaqlarda görülən sindromdur: "Yəni səbəbi tam olaraq bilinmir. Sadəcə risk faktorları var ki, körpə ölümü sindromu riskini artırmış olur. Məsələn, az çəkili və yaxud yarımçıq doğulmuş uşaqlarda tənəffüs beyin mərkəzləri tam formalaşmadığına görə, nəfəs durması ani körpə ölümünə gətirib çıxara bilər. Bundan başqa, bir sıra infeksiyalar da ani körpə ölümünün səbəbləri arasındadır. Çox isti geyindirilən, yumşaq yataqda yatırılan, ürək qan-damar sistemində ciddi qüsurları olan, siqaret dumanına məruz qalan, metobolik xəstəlikləri olan, ağır nevroloji xəstəliyi olan, beyni tam inkişaf etməyən, formalaşma düzgün getməyən uşaqlarda bu risk daha yüksəkdir. Bunu xüsusilə vurğulamalıyam ki, körpənin yumşaq yataqda yatırılması ani körpə ölümü riskini artırır. Uşaq bərk və düz yataqda, beli üstə yatmalıdır. Bu, çox önəmlidir. Ən əsası, qohumlarınızda ani körpə ölümü yaşamış ailələr varsa, mütləq sizin uşaq da tam müayinə olunmalıdır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər