AZE | RUS | ENG |


Angioqrafiya və stent haqqında bilmək istədikləriniz

Angioqrafiya və stent haqqında bilmək istədikləriniz
Hər sinə ağrısı və ya təngnəfəslik şikayətinin hər zaman ürək mənşəli olmadığı mütləq nəzərə alınmalıdır

Uzm. Dr. Yalçın Velibey
Kardiologiya uzmanı

Son vaxtlar angioqrafiya və stent üçün xəstəxanalara müraciət edənlərin sayı artır. Bu sahədə əsas məsuliyyət onları müayinə və müalicə edən həkimlərin üzərinə düşsə də, bu metodların mahiyyətini bilməyənlərə də müvafiq bilgi vermək qərarına gəldik. Ümid edirik ki, angioqrafiya və stent haqqında bilmək istədikləriniz sağlamlığınızın qorunmasına öz töhfəsini verəcək. 

Öncə qeyd edim ki, angioqrafiya diaqnostik metod olub hər hansı bir orqanın damarlarında tıxanmanın olub-olmadığını göstərmək məqsədi ilə edilir. Ürək damarlarında daralmaların olub-olmadığını göstərmək üçün edilən angioqrafiyaya koronar angioqrafiya deyilir. Koronar angioqrafiyanı  qasıq  və ya bilək  (xalq  arasında  buna "qoldan angioqrafiya etmək” deyilir) nahiyəsindən arteriya adlandırdığımız damarlara girərək edirik. Angioqrafiya ilə daralmış damar açılmaz. Bununla damarlarda daralmanın olub-olmadığı  müəyyən edilir. Daralmış ürək  damarları isə balon və və ya stentlə açılır.

Hər sinə ağrısına angioqrafiya etmək yanlışdır

Çünki hər sinə ağrısı və ya təngnəfəslik şikayəti hər zaman ürək mənşəli olmaz. İnsanlarda olan sinə ağrılarının çoxu ürək mənşəli deyil. Bu cür şikayətləri olan bir xəstə əvvəlcə ətraflı şəkildə müayinə edilməli, xəstənin şikayətləri diqqətlə dinlənilməli və ürək-damar daralması baxımından risk faktorları ətraflı şəkildə sorğulanmalıdır. Sinə ağrısı və ya təngnəfəslik şikayəti olan bir xəstəyə ətraflı müayinə və aparılan bir neçə analiz (stress testi, elektrokardioqrafiya, exokardioqrafiya və s) nəticəsində ürək-damar daralması  şübhəsi varsa, angioqrafiya o zaman edilməlidir. Xəstəyə angioqrafiyanın vacib olub- olmadığını ancaq kardioloq söyləyə bilər. 
Bəs bir xəstəyə angioqrafiya etmədən stent taxılacağını əvvəlcədən söyləmək mümkündürmü? Böyük bir infarkt keçirmədiyi müddətcə şikayətləri olan bir xəstəyə aparılan bir neçə analiz nəticəsində ürək-damarında daralma şübhəsi səbəbi ilə angioqrafiya etmək qərarına gəlinirsə, o xəstəyə angioqrafiya etmədən stent taxılıb-taxılmayacağını heç bir həkim əvvəlcədən söyləyə bilməz. Çünki damarlardakı daralmaların ciddiyyəti və yerinə görə angioqrafiya nəticəsində 3 qərardan biri çıxarıla bilər: birincisi, medikamentoz, yəni dərmanlarla müalicə, ikincisi, daralmış damarın balon və ya stentlə açılması, üçüncüsü, şuntlama əməliyyatı.

Daralmış olan hər damara stent taxılır?

Daralmış olan hər damara da stent taxılmaz. Ürəyi qidalandıran əsas tac arteriyalar 2-4 mm diametrlik damarlardır. Ürəyi qidalandıran bu tac arteriyalardan bir ağacın budaqları kimi get-gedə incələn (yəni diametri azalan) yan damarlar çıxar. Adətən  diametri 2 mm-in altında olan və angioqrafiyada daraldığı müəyyən edilən damarlara stent taxmırıq. Çünki bu incə damarlara stent taxıldıqdan sonra bir neçə ay içində bu stentlərin tıxanma ehtimalı çox olur. Ayrıca bu qədər incə damarların qidalandırdığı ürək toxuması az olduğu üçün bu damarların  tıxanması böyük problemə səbəb olmaz. Ona görə də  daralmış olan incə damarlara stent taxmaq əvəzinə dərman müalicəsi məsləhət görürük.

Dərmanlı və dərmansız (normal) stent nədir?

Stent xüsusi metal və ya polimerlərdən hazırlanan teldən ibarət, iki ucu açıq olan silindr şəklində olan bir qəfəsdir. Xalq arasında dərmanlı stentlər çox vaxt "yağlı stentlər”,  "Amerika və ya Avropa stentləri”, "ən yaxşı stentlər” adlarıyla bilinir. Dərmanlı stentlər normal stentlərin üstünün hüceyrə çoxalmasını əngəlləyən xüsusi dərmanlarla örtülmüş olanıdır. Bu dərmanlar taxıldıqdan sonra stentin tıxanma və ya daralma ehtimalını orta və ya uzun müddet boyunca azaldır. Bu stentlərin  normal (dərmansız stentlər) stentlərə nisbətən tıxanma ehtimalı daha azdır. Buna görə də daralmış ürək damarlarını açmaq üçün daha çox dərmanlı stentlərdən istifadə edirik. Ancaq dərmanlı stentlər normal stentlərə nisbətən daha bahalıdır. 

Şuntlama əməliyyatı, yoxsa stent taxılması? Yəqin ki, bu sual oxucularımız üçün xüsusilə maraqlıdır. Hansı müalicə metoduna qərar verilməsi xəstənin damarlarındakI daralmalardan və onun tibbi vəziyyətindən  asılıdır. Ürəyi qidalandıran üç tac damardan bir və ya ikisində  stentlə açıla bilən daralmalar varsa,  öncəliklə stent  taxılmasını məsləhət görürük. Ürəyin hər üç tac arteriyasında və ya sol ana tac arteriyada ağır daralmalar varsa, öncəliklə şuntlama əməliyyatını düşünürük. Çünki bu cür xəstələr stent taxılmasına nisbətən şuntlama əməliyyatından daha çox fayda görürlər. Ancaq bu şərtlər mütləq deyil. Məsələn, hər üç damarında daralma olan xəstənin başqa orqanlarındakı bəzi problemlər əməliyyatın riskini çox artırırsa, o zaman əməliyyat yerinə bəzən stent taxırırq. Və ya tam tərsi də ola bilər. Bəzən çox önəmli, xüsusilə də sol ön koronar damarın bir və ya bir neçə yerində stentlə açılması uyğun olmayan daralma və ya daralmalar varsa, şuntlama əməliyyatı daha məsləhətlidir. Hansı qərarın veriləcəyinə kardioloq və ya ürək damar cərrahı qərar verir.
Bəs tıxanmış damarın stentlə açılmasından sonra stentin yenidən tıxanmayacağının qarantiyası varmı? Taxılan stent nə qədər dayana bilər?  Daralmış ürək damarlarına stent taxaraq damar açıldıqdan sonra -istər dərmanlı, istərsə də dərmansız stent olsun - stentin bir daha tıxanmayacağı zəmanətini heç bir həkim verə bilməz. Və adətən stent  taxıldıqdan sonra 1 il içərisində tıxanmazsa, daha sonra tıxanma ehtimalı azalır. Ancaq stent taxıldıqdan sonra problem birdəfəlik ortadan qalxmır. Taxılan stentin tıxanmasına səbəb olan bir neçə faktor mövcuddur. Bunların başında xəstənin siqaret çəkməsi və ya daha öncə çəkibsə,  yenidən çəkməyə davam etməsi gəlir. İkinci önəmli faktor şəkərli diabet xəstələrində qan şəkərinin nəzarət altında tutulmaması, yəni qan şəkərinin uzun müddət boyunca yüksək olmasıdır. Diabet xəstələrində  qan şəkərinin uzun müddət boyunca yuxarı olması stentin tıxanmasına səbəb olan əsas faktorlardandır. Bu, hipertoniyalı xəstələrə də aiddir. Hipertoniyalı xəstələrin qan təzyiqləri uzun müddət boyunca nəzarət altında tutulmazsa, stentlərin tıxanma ehtimalı artar.  Bir digər faktor isə stressdir. Ayrıca stent taxıldıqdan sonra xəstənin dərman içməyi buraxması da stentin  tıxanma riskini artırır. Burda önəmli olan xüsusilə xəstənin üzərinə düşən məsuliyyətdir. 
  
"Stent taxıldı, dərman içməyi buraxmalıyam?”

Bu suala cavab axtaran hər bir şəxs bilməlidir ki, istər stent taxılması, istərsə də şuntlama əməliyyatından sonra daralmış damar açılsa belə, xəstələrimiz həkimlərin müəyyən ettiyi bəzi dərmanları ömür boyu içməlidirlər. Çünkü daralmaq və ya tıxanmağı ortadan qaldırırıq, amma taxılan stentin və ya damarın başqa yerlərində  növbəti tıxanmaların olmaması üçün dərmanların qəbulu şərtdir.  Bəzən stent taxılan və ya şuntlama əməliyyatı olan xəstələr içilməsi gərək olan bəzi dərmanları içmirlər. Bu, olduqca yanlışdır. Xüsusilə də əsas aspirin olmaq şərtilə xolesterin düşürücü dərmanlar kimi bəzi dərmanlar həkimin təyin etdiyi  dozada  mütəmadi olaraq ömür boyu içilməlidir. Daha da önəmli olanı diabet xəstələrinin qan şəkərlərini,  hipertoniyalı xəstələrin qan təzyiqlərini nəzarət altında tutmaq, mütəmadi olaraq aerobik idman növləri ilə məşğul olmaq, ideal çəkidə qalmaq və stressdən uzaq durmaqdır.

Stent tıxanarsa, təzəsi ilə dəyişdirilə bilərmi?

Stentlər xüsusi metallardan və ya polimerlərdən hazırlanmış olub qırılma ehtimalı olduqca nadirdir. Stent bir dəfə  taxıldıqdan sonra onun bir daha çıxarılması və ya dəyişdirilməsi mümkün deyil. Stentlər köhnəlməz. Sadəcə olaraq tıxana bilər. Əgər taxılan stent  tıxanarsa, ya o stentin içi xüsusi balonlarla açılır və ya heç bir müdaxilə edilmir, ya da digər damarlardaki daralmalar da diqqətə alınaraq bir başqa müalicə metodu olan şuntlama əməliyyatı məsləhət görülə bilər.
Maraqlı məsələlərdən daha biri stent taxılan xəstələrə rentgen, kompyuter və maqnit rezonans tomoqrafiyasının çəkilməsinə icazə olub-olmamasıdır. Qeyd edim ki, stent taxılan xəstələr ticarət mərkəzləri və hava limanlarındaki X-ray cihazlarından və ya detektorlardan təhlükəsiz şəkildə keçə bilərlər. Ayrıca bu xəstələrə təhlükəsiz şəkildə kompyuter tomoqrafiyası və rentgen çəkilə bilər. Əvvəllər stent taxıldıqdan sonra ilk 2-6 həftə içində maqnit rezonans tomoqrafiyası çəkilməməsi məsləhət görülürdü. İlk çıxan stentlərlə müqayisədə müasir stentlər maqnit rezonans tomoqrafiyasının yaydığı  elektromaqnetik sahənin təsirinə dayanıqlıdırlar.

Bəs stent taxıldıqdan və ya şuntlama əməliyyatından müəyyən müddət sonra hər kəsə nəzarət üçün angioqrafiya edilməlidirmi? Stent taxılan və ya şuntlama əməliyyatı olan xəstələr, heç bir şikayətləri olmasa belə, müəyyən müddət aralıqlarla müntəzəm şəkildə müayinədən keçməlidirlər. Ancaq heç bir şikayəti olmayan, müayinə  və ya bəzi analizlər (stress testi, elektrokardioqrafiya, exokardioqrafiya və s.) nəticəsində bir problemi çıxmayan xəstəyə illər keçsə də nəzarət üçün angioqrafiya etməyi məsləhət görmürük.  
 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022