• cümə, 19 Aprel, 08:36
  • Baku Bakı 13°C

Ancaq qohum-qonşunun işinə yarayan “tibb bacıları” - Araşdırma

08.07.15 13:04 26851
Ancaq qohum-qonşunun işinə yarayan “tibb bacıları” - Araşdırma
Tibbi kursları bitirənlər aldıqları sənədlə heç bir dövlət müəssisəsində tibbi fəaliyyətlə məşğul ola bilməzlər
Son illər Azərbaycanda tibbi kurslar geniş yayılmaqdadır. İnternetdə, küçədə, marşrutlarda insanları “Niyə siz də ağ xalat geyinib, tibb işçisi olmayasınız?” kimi reklamlarla kurslara dəvət edən elanlara hər addımbaşı rast gəlirik. Elə bu kurslara getməyə maraq göstərənlər də az deyil. Nədənsə ali təhsil almayanlar peşə məktəblərini deyil, bu cür kursları seçirlər. Onların bəziləri sertifikat, bəziləri isə hətta diplom verəcəklərini bildirirlər. Elanlarda isə ən çox tibb bacısı, diş texniki, əczaçılıq, mama-ginekoloq ixtisasları üzrə kurslara dəvət edirlər.
Sertifikat və diplomun tanınmasına zəmanət verilmir
Kurslardan bir neçəsinə müraciət edib kurs haqqında məlumat almağa çalışdıq. İntellekt Tədris Mərkəzindən öyrəndik ki, onlarda tibb bacısı, əczaçılıq, masaj, kosmetologiya, optika ilə bağlı kurslar təşkil edilir. Kursun müddəti 1 ildir. Biz tibb bacısı kursu üçün müraciət etdiyimizi bildirdik. Öyrəndik ki, tibb bacısı kursuna yazılmaq üçün aylıq 50 manat ödənilir. Kursun sonunda tələbənin oxuma səviyyəsinə görə sertifikat və ya diplom verilir. Amma bizə kursun verdiyi sənədlə işə düzələ bilib-bilməyəcəyimizə zəmanət vermədiklərini dedilər: “Kursu bitirib işə düzələnlər də var, işsiz olanlar da. Dövlət müəssisələrində işləməyə zəmanətimiz yoxdur. Özəllərə də düzəlmək kursu bitirənlərin öz işidir. Biz sadəcə bilik veririk”.
"AzeriCom" Tədris Mərkəzindəki kurslarda ixtisas sayı çoxdur. Mərkəzdə tibb bacısı, əczaçılıq, mama-ginekoloq, laborant, fizioterapiya, masaj, diş texniki üzrə kurslar keçirilir. 9-cu sinfi bitirəndən sonra hər kəs bu kurslarda iştirak edə bilər. Bütün kursların müddəti 1 ildir və hər ay 50 manat ödənilir. Həftədə 3 dəfə bir saatlıq dərs keçilir. Əczaçılıqda 6 ay kurs, 6 ay praktika olur. Digərlərində isə 9 ay nəzəriyyə, 3 praktika olur. Kursu bitirənlərə aldığı qiymətlərə uyğun göy və ya qırmızı diplom verilir. Hətta bildirdilər ki, kursun sonunda diplomu almaq üçün kamera nəzarəti altında test imtahanı da keçirilir. "AzeriCom"dn da bildirdilər ki, kursu bitirənlərin aldıqları diplomla işə düzəlməsinə zəmanət vermirlər: “Kursumuzu bitirib işləyən də var, işləməyən də. Dövlət orqanlarında işləyənlər olmayıb. Sadəcə olaraq biz mükəmməl təhsil veririk”.
“Tibb bacısı olaraq qohum-qonşunun köməyinə yetişirəm”
Bu cür kurslara əhali arasında maraq göstərənlər də çoxdur. Bu cür kurslardan birində təhsil alan Yeganə Mirzəyeva seçimdə yanıldığını bildirir. Deyir ki, ali təhsil almaq üçün nəzərdə tutulan balı yığa bilməyib. Sonra tiblə bağlı kurs olduğunu eşitdikdən sonra ali məktəbə getməyib, tibb bacısı kursuna yazılıb: “Düşündüm ki, bu əlimdə hazır ixtisas kimidir. Öyrənəndən sonra artıq işə başlayacağam. Hər ay 50 manat ödəyərək kursa getdim. Kursun sonunda bizə diplom da verdilər. Amma iş üçün hara müraciət etdimsə, diploma baxan olmadı, ixtisasıma uyğun işə götürmədilər. Aptekdə və optikada satıcı kimi işləməklə kifayətləndim”.
“Bəs tibb bacısı ixtisasına kursda yetərincə yiyələnə bildinmi” sualımızı isə Y.Mirzəyeva belə cavablandırdı: “Verilən dərsləri oxuyurdum. Müəyyən qədər məlumatım oldu. Amma yəqin ki uzun müddət təcrübə keçəndən sonra işə başlaya bilərəm. Çünki elə şeylər var ki, kursda onları tam öyrənə bilməmişəm. Tibb bacısı olaraq ancaq qohum-qonşunun köməyinə yetişirəm”.
Tibb təhsili ixtisaslaşdırılmış yerdə alınmalıdır
Əslində elə bu kursları bitirənlər sənətlərini qohum-qonşu üçün öyrəniblər desək, daha doğru olar. Çünki Səhiyyə Nazirliyi tərəfindən tiblə bağlı kursların verdikləri sertifikat və ya diplom tanınmır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyir ki, tibbi kursların bitirənlər Səhiyyə Nazirliyinin strukturunda heç bir tibbi fəaliyyətlə məşğul ola bilməzlər. Səhiyyə Nazirliyinin 11 tibb kolleci var və yalnız bu kollecləri bitirən məzunlar tibb müəssisələrində fəaliyyət göstərə bilərlər. Mətbuat xidmətinin rəhbəri onu da bildirdi ki, bu kurslarla mübarizə nazirliyin səlahiyyətində deyil.
Tibbi ekspert, professor Adil Qeybulla qəzetimizə açıqlamasında bildirdi ki, ali və ya orta ixtisas olmasından asılı olmayaraq, tibb təhsili ixtisaslaşdırılmış yerdə alınmalıdır: “Bunun üçün isə konkret dövlət təyinatlı tibb mərkəzləri nəzərdə tutulub. Səhiyyə Nazirliyi və nazirliyin nəzdində olan müəssisələr də yalnız onların verdikləri diplomları tanıyır. 2004-2005-ci illərə qədər “Loğman” özəl tibb məktəbinin də diplomu tanınmış sayılırdı. Amma sonradan onun da lisenziyası ləğv olundu”.
A.Qeybulla deyir ki, “təhsil alıram” deyib, bu cür kurslara pul vermək özünü aldatmaqdan başqa bir şey deyil: “Hər kəs hansısa ixtisasa yiyələnirsə, təbii ki, gələcəkdə onun iş imkanlarını nəzərə almalıdır. Çünki boşuna heç kim təhsil almaq istəmir. Bu cür kurslara gedənlər də onlara verilən diplomun heç bir perspektivi olmadığını bilməlidirlər. Çünki onlar vaxtlarını, əməklərini sərf edirlər, pul xərcləyirlər, amma aldıqları təhsil heç bir hüquqi əhəmiyyət daşımır. Səhiyyə Nazirliyi o sənədləri tanımırsa, deməli, heç bir xəstəxana onları ixtisasları üzrə işlə təmin etməz. Bu halda onların aldıqları diplom gərəksiz olur”.
Ekspert deyir ki, Səhiyyə Nazirliyi hüquq mühafizə orqanı deyil ki həmin kurslarla mübarizə aparsın: “Nazirlik o kurslara lisenziya verməyib ki, onların fəaliyyəti ilə bağlı hər hansı tədbir görə bilsin. Vətəndaşlar özləri diqqətli olmalıdırlar”.
Bir illik kurslar tibbi bazanı formalaşdıra bilməz
Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova deyir ki, praktik təlimə ehtiyacı olmayan bütün sahələr üzrə bilikləri nəzəriyyə olaraq öyrətmək olar. Amma təbabət bütün elmlərdən fərqlənir: “Fərqi, özəlliyi və çətinliyi ondadır ki, nəzəri hissə ilə bərabər bu sahədə çalışacaq şəxsin praktiki bazası güclü olmalıdır. Tibb texnikumlarında təhsil alanlarda bu baza formalaşdırılırdı. Onlar nəzəri öyrəndiklərini praktik olaraq mənimsəmək üçün xəstəxanalara göndərilirdilər. Onlara dərs deyən müəllimlər xəstəxanada çalışırdılarsa, tələbələrə orada praktiki fəaliyyətlə məşğul olmalarına şərait yaradırdılar. Amma indi tibb kursları açan insanların tədris bazası formalaşdırması haqda heç nə deyə bilmərəm. Nəzəri hissə ilə bilik vermək mümkün deyil”.
Ş.Namazova deyir ki, nazirlik tərəfindən o kursların verdikləri sənədlərin tanınmaması təbiidir: “Ola bilsin ki, tibb kursları da tələbələrinin praktika keçmələri üçün müəyyən şərait yaratsınlar. Kursların praktika dedikləri, tələbələrin müəssisədə ancaq prosesi izləmələridir. Amma o tələbələrlə məşğul olan müəllimlər olmalıdır ki, praktiki prosesi lazım olsa, saatlarla, günlərlə, həftələrlə izah etsinlər. Bu ədəbiyyat, rus, ingilis dili yox, insan həyatıdır”.
Ş.Namazova onu da bildirdi ki, tibbi fəaliyyətlə məşğul olmaq üçün 1 illik təhsil yetərli ola bilməz: “Tibb texnikumlarının müddətini kiminsə xoşuna gəlmək üçün uzun etməyiblər ki? Çünki o bilikləri mənimsəmək üçün uzun müddət tələb olunur. Bir il ərzində müəyyən qədər məlumat verilə bilər. Amma tibb işçisi kimi çalışmaq üçün tələb olunan proqramı tam mənimsəmək lazımdır. Əks halda həmin şəxsin hansısa müəssisədə fəaliyyət göstərməsi düzgün deyil”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər