• çərşənbə, 17 Aprel, 00:28
  • Baku Bakı 14°C

“Ancaq futbola baxmaqla şərhçi olmaq mümkün deyil”

25.07.18 16:30 3989
“Ancaq futbola baxmaqla şərhçi olmaq mümkün deyil”
Maraq dairəsi genişdir. Amma bu maraqların içərisində futbolun özünəməxsus özəlliyi var. Hələ uşaq vaxtı futbola baxarkən, şərhçilər ona maraqlı gəlirmiş. Universitet vaxtı qarşısına bir imkan çıxır və o da bunu dəyərləndirmək qərarına gəlir. Beləliklə, uşaqlıqdan bəri onu özünə cəzb edən idman şərhçiliyini seçir.

Müsahibimiz şərhçi Fərid Ramazanovdur. O, 1991-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində təhsil alan Fərid, elə təhsil aldığı müddətdə təsadüfən, televiziya sahəsində işə qəbul olur. Həmsöhbətim deyir ki, futbolla yaşayan biri kimi, bu iş onun üçün əla fürsət idi: "Uşaq olanda futbola baxarkən şərhçilərin səsi diqqətimi çəkirdi. Özümü futboldan ayrı təsəvvür edə bilmirdim. Futbolu sevən insanda şərhçiliyə marağın yaranması isə məncə, tamamilə təbii haldır.
- Müsahibədən öncə söhbət zamanı dediniz ki, idman şərhçiliyi bizdə çox inkişaf etməyən sahələrdəndir. Sizcə, bu sahənin tərəqqisi üçün nələr edilməlidir?
- Bu sahənin inkişaf etdiyi ölkələr var. Fikrimcə, dünya təcrübəsini mənimsəmək, həmin ölkələrlə əməkdaşlığın qurulması bizim üçün faydalı ola bilər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında belə ixtisas açılıb. Orada sırf idman jurnalistikası üzrə mütəxəssislər yetişdirilir, İngiltərə universitetlərinin biri ilə əməkdaşlıq çərçivəsində, orada təhsil alan tələbələr xaricdə təcrübə keçirlər. Bütün bunlar təbii ki, sevindirici haldır. İnanıram ki, atılan addımlar və görülən işlər tez bir zamanda öz bəhrəsini verəcək.


- Necə düşünürsünüz, hər kəs şərhçi ola bilər? Ümumi tələb və kriteriyalar nələrdir?
- Futbolu sevmək bəs etmir. Futbolu dərindən bilmək, onu dərk etmək lazımdır. Ancaq futbola baxmaqla şərhçi olmaq mümkün deyil. Onun öz qaydaları var. Futbolun zövqlü tərəflərini bilmək lazımdır. Əgər televiziyada işləyirsənsə, danışıq qabiliyyətin, müəyyən fakturan olmalıdır. Bu keyfiyyətləri özündə birləşdirən şəxs, peşəkar şərhçi ola bilər. Təbii ki, ən önəmli məsələ insanın özünə qarşı tələbkar olmasıdır. İnsan yalnız araşdırmaq və özünü inkişaf etdirməklə peşəkar statusa yüksələ bilər.

- Sevdiyiniz işlə məşğul olursunuz. Sizcə, bu amil uğur qazanmaqda nə dərəcədə rol oynayır?
- Sevdiyim işlə məşğul olduğum üçün özümü xoşbəxt hesab edirəm. Bəzən buna görə hətta mənə yaxşı mənada paxıllıq edənlər də olur. Amma bu iş kənardan baxana çox asan görünsə də, əslində, heç də belə deyil. Az-çox, futbola baxan hər kəs elə bilir ki, bu işi görə bilər. Amma bunu düşünən insanlar gecə saat 12-də isti evində divanda oturub əlində kofesi, çayı futbola baxır. Bunu kim istəməz ki? Biz isə ilin dörd fəslində eyni studiyada, ekran qarşısındayıq. Gecə-gündüz demədən fasiləsiz çalışırıq. Bəzən hətta elə olur ki, evə səhərə yaxın, saat dörd, yaxud beşdə çatırıq. Məsələn, Braziliyada keçirilən olimpiya oyunlarını şərh edərkən, səhər saat beşdə reportajım başlayırdı. Həmin ərəfələrdə evə axşam saat 8-də güclə çatırdım. Bu rejimlə bir müddət işlədikdən sonra beyin o qədər yorulur ki, aldığın informasiyanı qəbul etməkdə çətinlik çəkirsən. Kənardan nə qədər asan gəlsə də, əslində, hər bir işdə olduğu kimi, bizim işimizin də çətin tərəfləri var.


- Bəs qeyd etdiyiniz çətin tərəflər işinizin keyfiyyətinə necə, təsir edirmi?
- Əslində, yorğunluq işin keyfiyyətinə müəyyən mənada mənfi təsir edir. Bu, tamamilə təbii haldır. Amma biz həmin təsirləri minimuma endirməyə çalışırıq. Əgər gecə saat 4-də olsa belə, kimsə oyaq qalıb bizi izləyirsə, bu, çəkdiyimiz zəhmətə dəyir. Çalışıram ki, izləyicilər bezib kanalı çevirməsin. Əksinə, reportajlar onun zövqünü oxşasın.
- Müasir dövrdə sosial şəbəkələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Özünüz də aktiv istifadəçilərdən birisiniz. Hansı faydaları və mənfi tərəfləri var?
- Sosial şəbəkələri beynin bir növ idmanı kimi qəbul edirəm. Sosial şəbəkələr vasitəsilə bir qədər beynimizi dincəldirik. Eyni zamanda, yeni tanışlıq imkanı verir, vaxtımızı səmərəli keçirməyimizə kömək edir. Sosial şəbəkələrdə aktiv istifadəçilərdən sayılıram. Amma həddən artıq sosial şəbəkə aludəçisi olmaq da faydalı deyil. Çünki belə olduqda, insan beyni həddən artıq informasiya qəbul edir və yorulur. Təbii ki, sosial şəbəkələrin də müsbət və mənfi tərəfləri var. Çalışmaq lazımdır ki, onlardan da qədərində istifadə edilsin. Ümumilikdə bəli, sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsidir və bu hər kəsin həyatına bu və ya digər dərəcədə təsir edə bilir.


- İşinizlə bağlı yenilikləri haradan əldə edirsiniz?
- Şərhçilik elə bir sahədir ki, onun müxtəlif qolları var. Mənim konkret olaraq sahəm futboldur. Futbolu daha dərindən bilmək və öyrənmək üçün daim qaydalara baxıram. Bunu hamı bilmir, amma əslində futbol qaydalarında tez-tez müəyyən dəyişikliklər edilir. Peşəkar olmaq üçün biz mütləq bunu bilməliyik. FİFA-nın tətbiq etdiyi yeniliklər barəsində maraqlanıram. Məlumatlı olmaq üçün xarici kanalları izləyirəm. Mən İspaniya futbolu üzrə ixtisaslaşmışam və daha çox İspaniya La Liqasını şərh edirəm. Bu mənada, İspaniyanın məşhur mətbuat orqanları olan "El Mundo Deportivo” və "Marca” nəşrlərini izləməyə çalışıram. Orada yeni məlumatlar, qaydalar haqqında öyrənirəm. Bundan əlavə Rusiya, İngiltərə kimi ölkələrin mətbuatını daim izləyirəm ki, yeniliklərdən xəbərdar olum.

- Canlı yayımda səhvlər hər bir şərhçidə ola bilir. Burda önəmli olan tamaşaçıya bunu hiss etdirməməkdir. Adətən, vəziyyətdən necə çıxırsınız?
- Canlı yayımda səhvlərin olması qaçılmazdır. Efirdə olarkən həm texniki, həm də məlumatların verilişində müəyyən səhvlər olur. Bizim işimiz elədir ki, etdiyin səhvi 90 dəqiqə ərzində düzəltmək olur. Tutaq ki, reportajın hansısa hissəsində verdiyim məlumatda yanlışlıq ola bilər. Bəzən etdiyimiz səhvlər haqqında izləyicilər sosial şəbəkələrdə yazır və biz öz səhvimizi efirdə düzəldirik. Canlı yayımla bağlı bəzi texniki səhvlər də olur. Elə olub ki, canlı efir vaxtı mikrofonum xarab olub. Yaxud da mikrofon işləyir, səsdə texniki problem var. Bu problem tez bir zamanda aradan qaldırılmalıdır. Belə olan zaman görüntünü dəyişirik və texniklər problemi aradan qaldırır.


- Gec saatlarda da çalışan biri kimi, istirahətə vaxtınız qalırmı?
- Yalnız yay aylarında istirahətə vaxt ayıra bilirəm. O da çempionatlar arasında fasilə olduğu zaman. İşdə fasilə yaranırsa, biz də istirahət edirik. Əgər fasilə yoxdursa, daim işləyirik. Vaxt tapdıqca dostlarımla birlikdə səyahət etməyə üstünlük verirəm. Amma hələ ki, nisbətən yaxın ölkələrə gedə bilirəm. Türkiyə, Ukrayna, Gürcüstan, Rusiya kimi ölkələrdə olmuşam. Fürsət tapdıqca dostlarımla, ailəmlə vaxt keçirməyə çalışıram.

- Yəqin ki, həyatınız təkcə futboldan ibarət deyil. Daha hansı sahələrə maraq göstərirsiniz?
- Futboldan başqa maraq dairəm xeyli genişdir. Məsələn, musiqi ilə maraqlanıram. Vaxtilə musiqi ilə məşğul olmuşam. Pianino, gitara kimi alətlərdə ifa etməyi bacarıram. Bundan başqa, beşillik vokal üzrə diplomum da var. Amma bu, elə bir dövrə təsadüf edirdi ki, həmin vaxt tələbə idim. Amma dediyim kimi, universitetdə olduğum müddətdə işə düzəldim və diqqətimi əsasən idmana yönəltdim. Vaxt məhdudiyyəti də buna imkan vermədi. Beləcə, musiqi bir qədər arxa plana keçdi.


- Bu sahəyə marağı olan gənclərə nələri tövsiyə edərdiniz?
- İndi gənclərin əksəriyyəti istəmədiyi sahələrdə çalışır. Digərləri də təsadüf nəticəsində hansısa vəzifəyə gəlir. Amma hər iki halda, olduqları sahəni dərindən öyrənməyə çalışsınlar. Məsələn, mən özüm bundan sonra hər hansı başqa işlə də məşğul olsam, yenə onu dərindən öyrənməyə çalışacağam. Hətta o işdən başım çıxmasa belə, zamanla özümü inkişaf etdirərək, yeni şeylər öyrənərək peşəkarlaşacağam. Çünki önəmli olan, olduğumuz yerdə ümumi işə xeyir vermək, yararlı olmaqdır. Boş-boş işə getməyin nə özünə, nə də başqasına faydası yoxdur. Çalışmaq lazımdır ki, başqalarına, cəmiyyətə faydalı ola bilək. Gənclərə də tövsiyə edərdim ki, daim nə isə axtarsınlar. Yeni nələrsə öyrənməyə cəhd etsinlər. Çünki inkişaf etməyin yeganə yolu budur.

- İdmanın dili ilə desək, gələcək karyeranızı necə planlaşdırırsınız?
- Əslində, planlar çoxdur. Həm şəxsi, həm də karyeramla bağlı bəzi hədəflərim var. Əsas məqsədim özümü daha da inkişaf etdirməkdir. İlk növbədə dünya təcrübəsini mənimsəmək istərdim. Bu il karyeramda ikinci dəfə dünya çempionatının oyunlarını şərhini etdim. Bundan əlavə, iki dəfə də Avropa çempionatının oyunlarını şərh etmişəm. Eyni zamanda hər mövsüm Çempionlar Liqası və müxtəlif yarışları şərh edirəm. Birinci Avropa və İslam Həmrəyliyi Oyunları ərəfəsində fasiləsiz çalışdıq. Deməyim odur ki, artıq müəyyən qədər təcrübə toplasam da, bununla kifayətlənmək istəmirəm. Gələcəkdə daha çox uğurlar qazanmaq istərdim.
Şəbnəm Mehdizadə







banner

Oxşar Xəbərlər