• çərşənbə axşamı, 19 mart, 12:42
  • Baku Bakı 8°C

Anatoli Efros: “Bəzən mənə elə gəlir ki, incəsənətlə yalnız zarafat edərək məşğul olmaq olar”

05.02.18 09:30 2191
Anatoli Efros: “Bəzən mənə elə gəlir ki, incəsənətlə yalnız zarafat edərək məşğul olmaq olar”
Anatoli Vasilyeviç Efros - Sovet teatrının ən məşhur rejissorlarında biri. "Xoş vaxtda” (1954), "Molyer” (1966), "Romeo və Culyetta” (1970), "Evlənmə”(1975), "Albalı bağı” (1975), "Otello” (1976), "Bir ay kənddə” (1977), "Həyatın dibində” (1984) və b. möhtəşəm tamaşaların, həmçinin teatr haqqında bir neçə kitabın müəllifi.
Natan İsayeviç (Anatoli Vasilyeviç) Efros 1925-ci il iyulun 3-də Xarkovda aviasiya zovodunda çalışan işçinin ailəsində anadan olub. O, ilk teatr təhsilini Mossovet adına Teatrın nəzdində fəaliyyət göstərən studiyada aldıqdan sonra 1950-ci ildə QİTİS-i(Rusuya Dövlət Teatr Sənəti İnstitutu) bitirir. İnstitutdan sonra Efros Mariya Knebelin mobil teatrında işə başlayır. Truppa bütün ölkə boyu gəzir və sanki qatarda yaşayırdılar. Sonrakı 3 il müddətində Efros Ryazan teatrında işləyir və yalnız hər şənbə günü Moskvaya arvadının yanına gedirdi. "Ryazanda çox sadə və iddiasız zəif aktyorlar var idi. Yayda qastrollar zamanı balıq tutur, göbələk yığırdılar. Mən tamaşaları öz istəyimə görə qurmurdum və əgər bu tamaşalardan hansısa birini mənə göstərsəydilər, həqiqətən gülərdim”- deyə Efros xatırlayırdı.
1954-cü ildə Efros Knebelin də çalışdığı Mərkəzi Uşaq Teatrına rejissor kimi dəvət alır. "Hər teatr özünün qızıl dövrünü yaşayır. O vaxt isə Mərkəzi Uşaq Teatrının (MUT) qızıl dövrü idi. Amma həmin dövrdə məşqlərdəki əhval-ruhiyyəni, yaxud truppanı xatırlayarkən belə olduğuna inanmaq çətin idi” - deyə Anatoli Vasilyeviç sonralar yazırdı.
Onun bu səyi nəticəsində MUT (baxmayaraq ki, Moskvanın mərkəzində yerləşirdi) kəskin müasir formaları və bir-birindən fərqli quruluşları ilə bütün seyrçilərin gözü qarşısında ən maraqlı şəhər teatrına çevrildi: "Xoş vaxtda”, "Dostum mənim Kolka”, "Xoşbəxtlik axtarışında” və s. tamaşalar meydana gəldi. Səhnədə ikiüzlülük və meşşanlıq tanımayan, öz yolunu axtaran müasir insanlar peyda oldu.
Rejissor həqiqətlə barışmışdı, o, Stanislavskinin ideyasını saxta və yalançı teatr əhatəsindən azad etməyi arzulayırdı. Efrosla həmfikir olan fəallardan biri tezliklə "Sovremennik” teatr-studiyasının rəhbəri olacaq MUT-un gənc aktyoru Oleq Yefremov idi.
Efrosun quruluşunda hazırlanan tamaşalarda fədakarcasına və həvəslə oynayan aktyorlar demək olar ki, səhnəyə qrimsiz çıxırdılar, cəsarətli dekorasiyalar seyrçiləri sujet və personajlardan yayındırmırdı, artistlər isə normal səs və intonasiya ilə danışırdılar. "O, personajlar arasında nə baş verdiyini, hansı instinktiv hallar yaşandığını göstərirdi” - deyə tamaşanın qəhrəmanları qeyd edirdilər. Buradan Efrossayağı quruluşların qeyri-adi psixoloji dərinliyi yaranırdı.
Uşaq teatrının inkişafını görən Mədəniyyət sahəsinin rəhbərləri qərara aldılar ki, Efros gənclər üçün teatra rəhbərlik etsin. 1963-cü ildə o, Lenin Komsomolu adına Teatra rəhbər təyin olundu. Efros burada cəmi üç mövsüm işləyə bildi. "Bu üç mövsüm mənimçün ən qızğın, ən parlaq illərdir. Bizim teatra düşmək üçün seyrçilər dəfələrlə qapını sındırıblar. Bu təlatümlü üç il idi, lakin sonunda qırıldı”- rejissor xatirələrində yazırdı.
Lenin Komsomolu Teatrında Efros tez bir zamanda onu ölkənin ən yaxşı rejissorlarından birinə çevirən tamaşalar hazırladı: "Evlənmə” (1963), "Toy günü”, "Sevgi haqqında 104 səhifə”(1964), "Kino çəkilir”(1965) və ilk dəfə ciddi olaraq klassikadan yapışdı: A.P.Çexovun "Qağayı”sı (1966) hazırladı. Bu, Moskva Bədaye Teatrının eyniadlı əsərindən kəskin fərqlənən bir tamaşa idi. "Molyer”də (1966) var-dövlət sahibinin məhvindən, hansı təhqirlə onu ifşa etməkdən danışırdı. Bu heyrətamiz tamaşa bir qəlbin hayqırtısı idi. Əfsuslar olsun ki, pyesin sujeti rejissorun real bioqrafiyası ilə üst-üstə düşürdü.
Efrosun yaradıcılıq həyatı dramatizmlərlə doludur: "Molyer”in premyerasından bir neçə müddət sonra onu baş rejissor vəzifəsindən azad etdilər, tamaşaları isə qadağan olundu. Onu təkcə siyasi müxalifətçilikdə deyil, həm də "klassikanın təhrifi”ndə günahlandırdılar. Hər cür anormal vəziyyət ona çətinlik gətirirdi. Onu Lenkomdan çıxarmaqla teatrdan məhrum etdilər. Lakin bu vaxt Efros özünü itirmədi, nüfuzlu rejissorlar onun müdafiəsinə qalxdılar.
Daha sonra Efrosu Malı Bronnıdakı Moskva Dramatik Teatrından da rejissor vəzifəsindən çıxartdılar və bu hadisədən sonra onunla bərabər on aktyor da oranı tərk etdi.
Rejissor üçün həqiqi sınaq xüsusi mizanlarla danışmağa imkan verən klassika oldu. Efrosun quruluş verdiyi tamaşaların əsasını bu vaxta qədər göstərilməyən bədbəxtlik təhlükəsi, qeyri-müəyyən həyəcan təşkil edirdi. Belə ki, 1976-ci ildə səhnələşdirilmiş "Üç bacı” da qəhrəmanların bədbəxtlik burulğanında fırlandıqları gözqamaşdırıcı valsı ilə başlayırdı. Efros zahiri vizual effektlə hər kəsə daxilən tanış olan yeni fikir aşılayırdı.
Rejissor dəfələrlə Şekspir yaradıcılığına müraciət edirdi: "Romeo və Culyetta” (1970), "Otello” (1976), "Fırtına” (1983). "Şekspir pyeslərini elə yazır ki, sanki uşaq rəsm çəkir, yaxud rəngli kağızlardan nə isə çıxır. Şekspiri biz qəliz yazar kimi qəbul edirik, lakin o nədənsə uşaqsayağı sadəlövlüklə yazıb”-deyə Efros qeyd edirdi.
Efrosun ən yaxsı tamaşalarından biri Taqanka teatrında Vısotskinin Lopaxin rolunda çıxış etdiyi "Albalı bağı” idi (1975). Efros Şekspiri Çexov kimi qoyurdu, Çexovu isə Şekspirsayağı dünyanın sonu hissiyyatı ilə səhnələşdirirdi. "Albalı bağı”nın köməksiz sakinləri yaşadıqları fırlanan dünyaya etiraz etmə gücündə olmayaraq qəbirstanlıqda dolaşırdılar. Efros qəhrəmanlarını sevir və onlara acıyırdı.
Şübhəsiz ki, Efrosun ən uğurlu tamaşalarından biri də 1975-ci ildə quruluş verdiyi, Qoqolun baş tutmayan sevgi tarixindən danışan "Evlənmə” tamaşasıdır. Bu onun ən sevimli tamaşalarından idi. Bu tamaşanı Efros infarktdan sonra xəstəxanada yatarkən düşünmüşdü. Gülməli pyes istəmiş, lakin ona "Evlənmə”ni gətirdikdən sonra Efros bu pyesi yenidən oxumuş və məlum olmuşdur ki, bu o qədər də gülməli əsər deyil.
O, Molyeri çox sevirdi. Malı Bronnı Teatrında uğurla "Don Juan”(1973), "Tartüf” (1981) tamaşalarını hazırlamışdı. "Molyer millidir, onun baxışları buz kimi soyuqdur, onun qeyri-adi intellekti sadə intonasiyası ilə ifadə olunur. Molyerdə ən çətini həqiqi və sadə ehtiras və intellekt ifadəsini və lakonizmi tapmaq idi”-deyə Efros yazırdı.
Anatoli Vasilyeviçi fikrindən döndərə bilən yeganə adam vardısa o da həyat yoldaşı Nataliya Krımova idi. Onun çox gözəl, heç zaman mübahisə baş verməyən bir ailəsi vardı. Oğlu Dmitri Krımov rəssam idi və Efrosun bir neçə tamaşasının tərtibatını vermişdi.
Efros bir neçə film də çəkmişdi, bunlardan "Səssiz gün” (Rozov), "Tanya” (A.Arbuzov), "Cümə axşamı və daha heç vaxt” (A.Bitov), "İlin fəsilləri” (V.Panovoyun "Sıçrayış ili” povesti əsasında) misal çəkə bilərik.
Bundan başqa, televiziya verlişlərinə rejissorluq edən Efros buraya öz gücünü, fantaziyasını, arzularını quyurdu. Həmin verilişlərdən "Boris Qodunov”, "Cənab Molyerin şərəfinə bir neçə söz”, "Peçorin jurnalının səhifələri”, "Bahar suları”nın adlarını çəkmək kifayət edər. Bununla yanaşı yazı stolunun üstündə olan teatr və həyatı ilə ilgili yazdığı üç gözəl, həqiqi, səmimi kitabları...
Malı Bronnı Teatrında daim böhran yaşanırdı və Efros ancaq məşqlərə gəlirdi. O, bu dəfə İ.Dvoreskonun "Teatr direktoru” pyesini hazırlayırdı. Bu acı bir tamaşa idi, etiraf tamaşası və yaxud vida tamaşası. Pyesin qəhrəmanı istedadlı rejissor Voznesenski (bu rolu Nikolay Volkov ifa etmişdi) öz yaradıcılıq böhranından yeganə çıxış yolunu ölümdə görürdü.
...Bu tamaşadan sonra mövsümün ən qızğın çağında Efros teatrdan gedir. Bu qərarı qəbul etmək elə də asan deyildi. Ən azından bunu rejissorun öz kitabında yazdığı cümlələrdən də duymaq olurdu: " Mən Malı Bronnı Teatrında öz aktyor heyətimi qoyub getdim. Yazıq aktyorlarım. Sizlərə bunları kim öyrətdi, kim sizə insan rəsmini çəkməyi öyrətdi, kim sizdə özünəinam yaratdı? Mən deyildimmi? Bu fikirlərdən dəhşətli düşüncə ola bilməz”.
Az sonra televiziyada Bulqakovun "Molyer”ini səhnələşdirmək üçün Efros baş rola Yuri Lyubimovu dəvət edir. 1980-ci illərin əvvəllərində Yuri Lyubimov SSRİ vətəndaşlığından məhrum edilir. Efrosa rəklif olunur ki, Taqanka Teatrını dirçəltsin və o da prinsipial olaraq əvvəlki aktyor heyətindən heç kimi bura gətirmir, nə də yeni aktyorlarla yola getmir. Hətta, belə alınır ki, bir müddət sonra teatrdakı tanınmış aktyorlardan bəziləri teatrı tərk edirlər. Taqankada Efros 1984-cü ildə "Həyatın dibində”, 1985-ci ildə "Albalı bağı”nı, 1986-cı ildə isə "Mizantrop” tamaşalarını səhnələşdirməyə müvəffəq olur.
Taqankaya gəlməkdə Efros haqlı idimi? O, səhv etmişdi, özünə görə səhv etmişdi. Onu sevməyənlər hətta, gözlədiklərindən çoxuna belə nail oldular. Belə ki, 1987-ci il yanvarın 13-də Anatoli Vasilyeviç infarktdan dünyasını dəyişdi. Bu vaxt onun heç 62 yaşı da yox idi.
"Bəzən mənə elə gəlir ki, incəsənətlə yalnız zarafat edərək məşğul olmaq olar”-deyə Efros özünün "Teatr hekayəsinin davamı” kitabında yazırdı....
Nigar Pirimova
Teatrşünas
banner

Oxşar Xəbərlər