Anasının göndərdiyi payı ala bilməyən qəhrəman

Doğum
günündə şəhid olan Həmzə Vahidov Birinci Qarabağ müharibəsində böyük şücaət
göstərib
Bu gün xalqımın qəhrəman şəhidi haqqındakı yazımı qalib ordunun nümayəndəsi
kimi böyük vüqarla, rəşadət hissi ilə yazıram. Vətəni bizim üçün hər şeydən
doğma, müqəddəs edən, o torpaq uğrunda tökülən hər damla qandır. Xalqı bir çətir
altında toplayan, bir amal uğrunda gələcəyə istiqamət almasında böyük rol
oynayan ən ali, müqəddəs hisslərdən biri də vətənpərvərlikdir. Qoca tarix sübut
etmişdir ki, Vətən yolunda vuruşub canından keçməyən xalqlar hər zaman digər
xalqlar tərəfindən əzilib; mədəni abidələri, adət-ənənələri məhv edilərək, istər
etnik, istərsə də mədəni soyqırıma məruz qalmışlar. Öz doğma Vətənin uğrunda
mübarizə aparmaq ədalət uğrunda mübarizə aparmaq deməkdir və bu şanlı mübarizədə
şəhid olmaq ən ilahi zirvəyə yüksəlməkdir. Bəli, vətən anlayışı ilahi sevgidən,
ədalətdən doğan bir hisdir. Bu böyük amal uğrunda yağılarla döyüşüb şəhid olmaq
isə ən ləyaqətli ölümdür. Birinci
Qarabağ müharibəsində erməni vandalları körpələrimizi vəhşicəsinə qətl etdi,
yaşlı insanlara olmazın əzablar verdilər. Azərbaycan xalqına qarşı dəhşətli
soyqırımı həyata keçirdilər, minlərlə anamıza övlad dağı çəkdilər. Təbii ki, bu
soyqırımında əsas məqsəd doğma torpaqlarımızı işğal etmək, xalqımızın min illərlə
ölçülən milli ruhunu sarsıtmaq, milli-mənəvi dəyərlərimizi məhv etmək idi.
Ancaq onlar düşünə bilmədilər ki, Azərbaycanın bütün tarixi qəhrəmanlıq mübarizəsidir. Bu mübarizədə
milyonlarla oğullarımız özlərini vətən naminə fəda ediblər. Xain düşmənin bütün
arzu və istəkləri puç olmuş, torpaq uğrunda tökülən qan bizləri daha möhkəm,
sarsılmaz və vüqarlı etmişdir.
Yeri fərqli pillədə olan övlad
Bu gün Birinci Qarabağ müharibəsində
qəhrəmancasına döyüşərək şəhid olmuş Həmzə Heybət oğlu Vahidovun qəhrəmanlıqla
zəngin həyatından söz açmaq istəyirəm. Həmzə Vahidov 1974-cü ildə Kürdəmir
rayonunun Karrar kəndində dünyaya göz açmışdır. Ailədə beş bacı, üç qardaş idilər,
qardaşların ortancılı Həmzə idi. Ancaq Həmzənin səkkiz övladın içərisindəki
yeri hər zaman fərqli pillədə olub. Uşaq çağlarından sabit xarakterli, təmkinli
olması ilə seçilirdi, eyni zamanda orta məktəbdə yüksək nizam-intizamlı, əlaçı
şagird kimi yoldaşlarından fərqlənirdi. Atası Heybət Vahidov sürücü, anası
Nazilə Vahidova isə kolxozda fəhlə kimi çalışaraq övladlarını boya-başa
çatdırmışdılar.
Ali məktəbə daxil olsa da...
Həmzə 1991-ci ildə Karrar kənd orta məktəbini yüksək qiymətlərlə,
eyni zamanda müxtəlif tərifnamələrlə bitirmişdir, lakin ali təhsil müəssisinə qəbul
olsa da, maddi vəziyyətin çətinliyi ucbatından təhsil almaq arzusu ürəyində
qalmışdır. Ailəsinin maddi vəziyyəti
ağır olsa da, Həmzə bu şəraitdən heç zaman gileylənməmiş, əksinə, hərbi xidmətdən
qayıtdıqdan sonra hazırlaşıb yenidən ali məktəbə daxil olacağını deyirdi. Həmzə
1992-ci ilin 5 iyununda hərbi xidmətə yola düşdü. İlk əvvəl Biləcəriyə, bir
müddət sonra isə Zaqatalaya göndərildi. Ağdama getməzdən əvvəl ailəsi Həmzəni
fikrindən yayındırmaq istəsə də, o, buna razı olmayaraq israrla döyüşlərə
yollanacağını bildirmişdi. İki ay yarımdan sonra isə Ağdama göndərildi. Artıq o
vaxt Ağdamın da başı üzərini qara buludlar almağa başlamış, eyni zamanda
Xocalıda XX əsrin ən dəhşətli soyqırımı
törədilmişdi.
Sığnaq dağındakı döyüşdə göstərilən qəhrəmanlıq
Quduz düşmən digər rayonlarımızı da işğal etməyə çalışırdı, ancaq Azərbaycanın
igid, cəsur oğulları onlara ağır zərbələr endirmişdir. Həmin vaxt Ordumuzda ruh
yüksəkliyi olsa da, maddi vəziyyətin pisliyi ucbatından çoxlu çatışmazlıqlar da
var idi. Şuşa şəhəri itirildikdən sonra problem özünü daha qabarıq tərzdə büruzə
verməyə başlamışdı. Həmzə Ağdama yollandıqdan sonra hərbi hissənin zabitlərinin və əsgər
yoldaşlarının yüksək ehtiramını qazanmış, bacarığı, intellekti ilə diqqəti üzərinə çəkmişdi.
Buna uyğun olaraq hərbi hissədə müxtəlif hərbi sənədlərin yazı işləri Həmzəyə həvalə
edilmişdir. Tez-tez evə məktublar yazaraq hər şeyin yaxşı olduğunu deyirdi və
narahat olmamalarını bildirirdi. Bir müddət sonra isə onu tağım komandirinin
müavini təyin etdilər. Qalayçılar, Baş və Orta Güneypəyə, Çanyataq kəndləri
yaxınlığındakı döyüşlərdə Həmzə böyük qəhrəmanlıq nümayiş etdirdi, ələlxüsus da
1993-cü ilin mart ayında Baş Güneypəyə ətrafındakı döyüşlərdə xüsusi şücaət
göstərdi. Sığnaq dağındakı istehkamlar uğrundakı dəhşətli döyüşlərdə Həmzə bir
neçə erməni terrorçusunu məhv edərək düşməni ağır itkiyə məruz qoymuşdu.
Düşmənin pusqusu, snayper gülləsi və son gülüş
Həmzə döyüşçü yoldaşlarını mübarizəyə ruhlandırır və onları müsbət əhval-ruhiyyəyə
kökləyirdi. Şiddətli döyüşlərdən sonra onlar Sığnaq dağının strateji mövqelərini
ələ keçirərək möhkəmlənə bilmişdilər.
Bir həftə sonra onları yeni qüvvə ilə əvəzləməyə başladılar. Lakin aşağı enərkən
düşmənin qurduğu pusquya düşdülər. Düşmənlə
bir neçə saatlıq atışmadan sonra mühasirəni yara bilsələr də, məlum olur ki,
döyüş yoldaşlarından bir neçəsi hələ də düşmən mühasirəsindədir. Güllə səsləri
isə daha da şiddətlənmişdi, düşmən quduzcasına müqavimət göstərirdi. Bu vəziyyətdə
Həmzə bir an olsun belə dayana bilməzdi.
Əzmli səsi ilə "Onları burda qoyub
getmək olmaz” dedi. "Bu, ölüm deməkdir”- döyüş yoldaşlarından biri səsləndi. "Qayıdıb
getmək də kişilikdən deyil” - Həmzə cəsarətlə cavab verdi.
Onlar böyük qəhrəmanlıqla düşmən üzərinə şığıdılar. Döyüş daha da
şiddətləndi, düşmən itki verərək geri çəkilsə də, Həmzə düşmən snayperinin açdığı
atəş nəticəsində başından ölümcül yaralanmışdı. Onu xilas etmək üçün tibb məntəqəsinə
çatdırsalar da, Həmzə son dəfə gülümsəyərək öz doğum günündə gözlərini dünyaya əbədi
olaraq yumdu...
Ananın göndərdiyi pay
Həmzənin doğum günü ərəfəsində atası Heybət Vahidov övladının xidmət
etdiyi Ağdamdakı hərbi hissəyə gəlmişdi. Anasının böyük həvəslə hazırladığı payı gətirmişdi.
Amma sən demə, Həmzə bu vaxt həyatla ölüm arasında mübarizə aparırmış. Ata bu
acı xəbərdən sonra böyük sarsıntı keçirir. Həmzə ilə birlikdə onun beş döyüş
yoldaşı da şəhidlik zirvəsinə ucaldı. Onlar hər qarışı müqəddəs olan Azərbaycanımız
uğrunda gənc yaşlarında canlarından
keçdilər. Ancaq bir təsəllimiz odur ki, onların müdafiəsi uğrunda döyüşərək
qəhrəmancasına şəhid olduqları torpaqlar bu gün düşməndən azad edilib. İnanırıq
ki, indi onların ruhu şaddır. Məhz Həmzə kimi igidlərin Birinci Qarabağ müharibəsində
göstərdiyi mərdlik, qəhrəmanlıq müasir gənclərimiz üçün örnək oldu. Və o gənclər
də torpaqlarımızı yağı düşmənin işğalından azad etdilər. Həmzə Vahidov kimi qəhrəmanlarımız
daim xalqımızın qəlbində yaşayacaq, dünyaya gələcək yeni nəsillər vətənimiz uğrunda
canından keçmiş qəhrəmanlarını tanıdıqca, böyük fəxr hissi duyacaqlar. Vətən
bizlərə sizlərdən əmanətdir. Ruhunuz şad olsun.
Elmir Həsənov
