Anasını ağır seçim qarşısında qoyan Caka - Portret
Futbol üzrə dünya çempionatının Braziliya, Fransa, İspaniya, Almaniya
kimi daimi favoritləri və ya bu turnirə qatılmağı belə böyük uğur hesab olunan
autsayderləri var. Ancaq elə millilər də var ki, mundialın favoriti sayılmasa
belə, hər an sürpriz etməyə qadirdirlər. İsveçrə millisi də bu cür
komandalardandır. Banklar ölkəsi təmsilçisi bu günə kimi 10 dəfə dünya
çempionatının final mərhələsində iştirak edib. İsveçrəlilər 6 dəfə qrup
mərhələsini adlamağa nail olub olub ki, bunlardan 3-də 1/4 finala kimi
irəliləyib. "Qırmızı-ağlar” son 3 mundialın 2-də 1/8 finala çıxmağa nail olub.
DÇ-2006-da isə komandanın çıxışı daha diqqətçəkən olmuşdu. İsveçrə millisi qrup
mərhələsini 2 qələbə, 1 heç-heçə ilə lider kimi başa vurmuş, 1/8 finalda isə
Ukraynaya yalnız penaltilər seriyasında uduzmuşdu. Maraqlıdır ki, komanda bu
oyunların heç birində nəinki uduzmamış, hətta qol da buraxmamışdı.
İsveçrə millisində dünya səviyyəli ulduzlar olmasa da, bir çox üzvü
Avropanın aparıcı klublarının əsas heyətində çıxış edir. Elə komandanın inamlı,
stabil çıxışının kökündə də bu amil dayanır. Yığmanın digər xüsusiyyətlərindən
biri də, burda əslən İsveçrədən olmayan yetərincə futbolçunun çıxış etməsidir. Komandanın
baş məşqçisi Vladimir Petkoviç də əslən xorvatdır, banklar ölkəsində ötən əsrin
90-cı illərindən məskunlaşıb. Hazırda "Arsenal”da top qovan Qranit Caka da
komandanın "gəlmələr”indəndir. Kosovo əsilli yarımmüdafiəçi bu gün Petkoviçin
əsas silahlarındandır. Bu yazıda sizə Cakanın İsveçrədə məskunlaşma və bu
ölkənin millisinə kimi yüksəlmə hekayəsindən bəhs edəcəyik.
Etiraz, həbs, Kosovodan
qaçış...
Qranit Caka 1992-ci il sentyabrın 27-də İsveçrənin Bazel şəhərində
dünyaya gəlib. Qranit doğulmamışdan onun ailəsi artıq doğma Kosovonu tərk
etmişdi. Atası Raqip Caka hələ universitetdə oxuduğu zaman sosialist
Yuqoslaviya hökumətinə, onların yeritdiyi siyasətə sərt etiraz edənlərdən olub.
Raqip Priştina universitetində oxuduğu zaman tez-tez Yuqoslaviya rəhbərliyi
əleyhinə mitinqlərə qatılır, totalitar rejimi tənqid edənlər arasında öndə
gedirdi. Ancaq demokratiya istəyən bu gəncin fəallığı Yuqoslaviya hökumətinin
xoşuna gəlmirdi. Nəhayət, 1986-cı ildə 22 yaşlı Raqip və qardaşı yerli polis
tərəfindən həbs edilir. O, 15 il həbs cəzası alır. Ancaq 3,5 il sonra sərbəst
buraxılır. Çıxdıqdan sonra isə qəti qərar verir - bu ölkədə qalmaq olmaz! Raqip
könül verdiyi, uşaqlarının gələcək anası Elmaze ilə birlikdə İsveçrəyə qaçmaq
qərarına gəlir. İsveçrədə isə əvvəlcə Taulant, bir il sonra isə Qranit dünyaya
gəlir.
"Bazel”in Caka qardaşları
Hər iki qardaş kiçik yaşlarından İsveçrədə populyar olan futbola meyl
salır. Caka qardaşlarının futbol sevgisi onları yaşadıqları Bazel şəhərinin
"Konkordia Bazel” klubuna gətirir. 2000-ci ildən bu klubda futbolun sirlərinə
yiyələnən qardaşlar, cəmi iki il sonra İsveçrənin ən köklü klublarından olan "Bazel”də
peyda olurlar. 2010-cu ildə isə Caka qardaşları bu klubun əsas komandasına cəlb
olunurlar.
Onlar "Bazel”də cəmi 2 il birlikdə çıxış edirlər. 2012-ci ildə kiçik
Caka - Qranit Almaniyanın "Borussiya” (Münhenqladbax) klubuna transfer olunur.
Bundesliqa təmsilçisi 20 yaşlı istedadın keçidi üçün "Bazel”ə 8,5 milyon avro
ödəyir. Qranit "Borussiya”da ona olan ümidləri tam doğruldur. Burda çıxış etdiyi
4 il ərzində 140 oyunda 9 qol da vurur.
Yarımmüdafiənin mərkəzində və dayaq yarımmüdafiəçisi kimi çıxış edə
bilən Cakanın işlək ayağı soldu. 1.85 m boya malik Qranit, hava mübarizələrində
də inamlı təsir bağışlayır.
Bu cür istedad Avropanın aparıcı klublarının skautlarının diqqətindən
yayına bilməzdi. Yayınmır da. "Arsenal” 2016-cı ildə 45 milyon (!) avro
ödəyərək, Qranitin transfer hüququna yiyələnir.
Çalışqan, intizamlı olan kiçik Caka qısa müddətdə "Arsenal”ın baş
məşqçisi Arsen Vengerin etimadını qazanır. Son iki mövsümdə "topçular”ın
yarımmüdafiənin mərkəzində əsas "silahlar”ından olan Qranit, sabit çıxışı ilə
yerli azarkeşlərin də könlünü fəth edib.
İki fərqli millinin üzvü
olan qardaşlar
Qranit və Taulant yeniyetmə yaşlarından doğulub boya-başa çatdıqları,
vətəndaşı olduqları İsveçrə millisinin şərəfini qorumağa başlayırlar. Onlar
İsveçrənin U-17 komandasından tutmuş, U-21-ə kimi millinin bütün yaş
qruplarının üzvü olurlar. Ancaq əsas millidə qardaşların yolu ayrılır. Belə ki,
qardaşların əslən bağlı olduğu Kosovo hələ FİFA-nın üzvü olmasa da, alban olmaları,
Albaniya yığmasının da qapılarını onların üzünə açırdı. Albanlar da israrla bu
iki "qənimət”i millinin üzvünə çevirməyə çalışırdılar. Qranit 2011-ci ildə öz
seçimini edir. O, milli kimliyinə görə bağlı olduğu Albaniya millisini yox, doğulub
boya-başa çatdığı İsveçrəni seçir. Onun yığmada debütü 2011-ci ilə təsadüf
edir. Caka AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutmuş İngiltərə ilə
qollu heç-heçənin (2:2) iştirakçısı olur. Həmin seçmə mərhələdə Lüksemburqla
səfər oyununda isə yığmada ilk qolunu vurur. Onun qolu isveçrəlilərə qələbə
qazandırır (1:0). Qranit yığma ilə ən böyük uğurunu 2009-cu ildə, hələ U-17-də
çıxış etdiyi zaman qazanıb. İsveçrə millisi Nigeriyada keçirilən yeniyetmələrin
dünya çempionatını çempion kimi başa vurur. Bu, isveçrəlilərin ilk belə uğuru
idi. Caka da tarixi uğura imza atan heyətdə yer alır.
Qranitdən fərqli olaraq, Taulantın əsas millidə debütü 2014-cü ilə
təsadüf edir. Bir müddət gözləyən böyük Caka, nəhayət Albaniya Futbol
Federasiyasına "hə” deyir. Beləliklə, qardaşlar fərqli ölkələrin millilərinə
üstünlük verirlər. Biri doğulub boya-başa çatdığı, digəri isə milli bağlarla
bağlı olduğu ölkəni seçir.
2016-cı ildə Fransada keçirilən Avropa çempionatında isə Caka
qardaşlarının milli çərçivədə yaşıl meydanda qarşılaşması baş tutur. Qitə
birinciliyində A qrupunda birgə mübarizə aparan İsveçrə və Albaniya milliləri
iyunun 11-də üz-üzə gəlirlər. Hər iki Caka meydana start heyətində çıxır.
Taulant Albaniya, Qranit isə İsveçrə formasında. Ən çox maraq doğuran məqamlardan
biri isə oğullarının oyununu adətən tribunadan izləyən ana Cakanın bu matçda
hansı övladına azarkeşlik edəcəyi idi. Elmaze oyuna yarısı Albaniya, yarısı isə
İsveçrə bayrağı olan futbolkada gələrək, hamının maraqla gözlədiyi sualı
cavablandırır. Xanım Cakanın ürəyinin yarısı Taulantın, yarısı isə Qranitin
yanında idi. Oyun isə Qranitin üzvü olduğu, daha təcrübəli İsveçrə millisinin
qələbəsi ilə yekunlaşır - 1:0. Ancaq həmin qitə birinciliyi Qranit üçün o qədər
də uğurla nəticələnmir. İsveçrə millisi 1/8 finalda əsas və əlavə vaxtı 1:1
hesablı bərabərliklə başa çatmış matçın oyunsonrası penaltilər seriyasında
Polşaya uduzaraq, mübarizəni dayandırır. Komandasının yeganə reallaşmayan
penaltisini isə məhz Caka yerinə yetirir.
Bu cür uğursuzluq isə onun İsveçrə millisinə verdiyi töhfələrin
üzərindən xətt çəkə bilməz. Qranit bir qayda olaraq, İsveçrə millisinin meydanda ən çox döyüşən oyunçularındandır.
Caka bu günə kimi İsveçrə millisində 57 oyun keçirib, 8 qola imza atıb. 25
yaşlı dayaq yarımmüdafiəçisi çox güman ki, DÇ-2018-də də, Braziliya, Serbiya və
Kosta-Rika ilə matçlarda yığmanın baş
məşqçisi Vladimir Petkoviçin ən çox güvəndiyi futbolçulardan olacaq.
Əzmkar ata, vəfalı ana
Qranit Caka həmişə gecə həyatından uzaq, ailəsinə bağlı biri olub.
Caka atasına heyrandır, onun vaxtilə Yuqoslaviyadakı totalitar rejimə qarşı
mübarizəsinə qibtə edir. Tez-tez atası ilə həmin dövr, həbsə düşməsi ilə bağlı
danışır. Ancaq hələ də, atasının ona həbsxanada yaşadığı dəhşətlərin hamısını
danışmadığını düşünür. Anasının isə onun üçün ayrı yeri var. Raqip həbsə
atılanda, Elmaze ilə cəmi 3 aylıq tanışlığı var idi. Buna baxmayaraq, Elmaze
onun həbsdən çıxmasını düz 3,5 il gözləyir. O, müsahiblərinin birində anasının
atasına qarşı bu vəfasını xüsusi qabardır. Qranitin özü kimi futbolçu olan
böyük qardaşı Taulant barədə bəhs etdik. Onun özündən yaşca kiçik, Aqnesa
adında bir bacısı da var.
Qranit ötən il ailə həyatı qurub. O, iyul ayında, bir müddətdir
sevgili olduğu Kosovo albanı olan Leonita Lekay ilə evlənib.
Portret
Bu gün o, çıxış etdiyi "Arsenal” və İsveçrə millisinin dayağı (dayaq
yarımmüdafiəçisi) funksiyasını daşıyır. Həm "topçular”ın baş məşqçisi Arsen
Vengerin, həm də, millinin çalışdırıcısı Vladimir Petkoviçin etimadını
qazanmağı tam bacarıb. Ədalətli, rəqiblərə qarşı hörmətli, ünsiyyətli - bunlar
Qranitin əsas xüsusiyyətləridir. Bu xüsusiyyətlərə onun həm də, çalışqan,
intizamlı və istedadlı olduğunu əlavə etsək, Cakanın hər bir məşqçinin
sərəncamında görmək istədiyi futbolçu olduğunu görərik.
Elnur