• çərşənbə axşamı, 23 aprel, 20:03
  • Baku Bakı 20°C

Anarxiyadan sabitliyə, güclü dövlətə və tərəqqiyə doğru

13.06.20 19:45 685
Anarxiyadan sabitliyə, güclü dövlətə və tərəqqiyə doğru
1993-cü ilin 15 iyun tarixindən 27 il keçir. 1997-ci ilin iyun ayında Milli Qurtuluş Günü bayramı elan edilən bu günün mahiyyətini dərk etmək və müvafiq nəticələr çıxararaq ibrət almaq müstəqil dövlətimizin ötən illərdə keçdiyi yolu, mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından vacibdir. Bundan ötrü, ilk növbədə, 15 iyunadək olan ictimai-siyasi şəraitə və ondan sonrakı illərdə həyata keçirilən tədbirlərə nəzər yetirmək zəruridir. Elə isə 15 iyunadək Azərbaycanda daxili ictimai-siyasi şərait və ölkənin xarici siyasətinin ümumi mənzərəsi necə idi?
AZƏRTACMilli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının həmin dövrün hadisələri bağlı açıqladığı tarixi faktları təqdim edir.
15 iyunadək olan şəraitin mənzərəsi: Ümumi böhran məngənəsində
Dövlət müstəqilliyi bərpa edilən Azərbaycan xalqının qarşısında bir sıra mühüm vəzifələrin həll edilməsi dayanırdı: dövlət müstəqilliyini qorumaq və məhkəmləndirmək, planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, demokratiyaya keçmək, fəal xarici siyasət yürütmək, Ermənistanın əsassız ərazi iddiaları ilə başlatdığı hərbi təcavüzünü dayandırmaq və nəticələrini aradan qaldırmaq və sair. Azərbaycanın dövlət müstəqilliyi bərpa edilən zaman Ermənistanın əsassız ərazi iddiaları səbəbindən bir neçə il əvvəl başladığı hərbi təcavüzü davam edir, bu respublikada tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovularaq qaçqına çevrilir, təcavüzün gedişində ərazilər bir-birinin ardınca işğal edilir, etnik-tarixi mənsubiyyətini itirmək üçün yaşayış məntəqələri yandırılır, əhali məcburi köçkünə çevrilirdi. Digər tərəfdən isə hakimiyyət uğrunda müxtəlif qruplaşmalar arasında amansız mübarizə gedirdi. 1992-ci ilin mayında silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın problemlərini həll edə bilmədi, onları daha da dərinləşdirdi. İdarəçilikdə səriştəsizlik, problemlərin yanlış qoyulması və onların həllinə primitiv, məhdud yanaşma, hakimiyyətin qanunverici, icraedici və məhkəmə qanadları arasında qarşıdurma, xalq ilə hakimiyyət arasında ziddiyyətlər, dükanlarda satılan keyfiyyətsiz çörək üçün növbələrin artması, iqtisadi tənəzzül, vətəndaşlara qarşı kobud hərəkətlər ölkədə ümumi böhrana gətirib çıxardı. Yürütdüyü siyasət nəticəsində xalqdan ayrı düşmüş hakimiyyət ona bəslənən ümidləri doğrulda bilmirdi. Cəbhədəki uğursuzluqlar bir-birinin ardınca gəlirdi. Hərbi və mülki hakimiyyət arasında ixtilaflar hökm sürürdü. Hakimiyyətə tabe olmayan hərbçilər Gəncədə "Hərbi birlik” yaratmışdılar. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun rəhbərliyi altında hərbi qiyam baş verdi. Qiyamı yatırmaq üçün 130 saylı hərbi hissədən 709 saylı hərbi hissəyə hücum edildi. Qan töküldü. Gəncəyə gedən dövlət və hökumət nümayəndələri girov götürüldülər. S.Hüseynovun dəstələri Bakıya doğru yürüş etdilər. Azərbaycan öz tarixində o zamanadək görünməmiş bir faciənin – qardaşın bir-birinin qanının tökülməsi, vətəndaş müharibəsi astanasında dayanmışdı. Bəlkə də, Azərbaycan öz tarixində millət və cəmiyyət olaraq heç bir zaman bu qədər qütbləşməmiş və bir-birinə qənim kəsilməmişdi.
Dövlətin xarici siyasət fəaliyyəti də bərbad halda idi. Hissiyyatlara əsaslanan xarici siyasət yürüdülürdü. Beynəlxalq aləmdə Azərbaycanın səsi eşidilmirdi. Diplomatiya dostlar əvəzinə daha çox düşmənlər qazandırırdı. Qonşularla münasibətlər gərgin idi. Ölkənin maraqları etibarlı qoruna bilmirdi. Azərbaycan dəhşətli bir vəziyyətə düşmüşdü. Bu, Azərbaycanın iqtisadi, siyasi, hərbi mədəni, humanitar və psixoloji həyatını tamamilə bürümüş ağır ümumi böhran idi. Müstəqil dövlət sanki kağız üzərində, bəyanat xarakteri daşıyırdı. Bərpa edilmiş dövləti təmsil edən hakimiyyət real olaraq hər hansı bir məsələni həll etmək gücündə deyildi. Azərbaycan öz tarixinin ağır günlərini yaşayırdı. Xalqın və dövlətin taleyini öz üzərlərinə götürmüş vəzifə sahibləri belə şəraitdə bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini "dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Azərbaycan vətəndaşının yaranmış şəraitdən çıxmağa, sabaha ümidi yox idi.
Niyə məhz Heydər Əliyev?
Azərbaycan xalqı yaranmış ağır şəraitdə nicat yolu arayırdı. İnsanlar sual edirdilər: Azərbaycan xalqının və dövlətinin taleyi necə olacaq? Ölkəni yaranmış ağır şəraitdən kim və necə çıxara bilər? Çoxlu mürəkkəb suallar qarşısında dayanan və xilaskar axtarışında olan Azərbaycan xalqının nəzərləri hələ sovet dövründən yaxşı tanıdığı, dövlət idarəçilik bacarığına və liderlik keyfiyyətinə inandığı Heydər Əliyevə yönəldi və xalq ümidlə ona üz tutdu. Xalqın inamına görə yalnız Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni parçalanmaqdan, dağılmaqdan xilas edə, xalqı mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış uğursuz xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi.
Heydər Əliyevə üz tutulması səbəbsiz deyildi. Birincisi, hələ sovet sisteminin mövcud olduğu bir şəraitdə, 70-ci illərdə Heydər Əliyev respublikanın rəhbəri kimi xalqının başını uca etmişdi. İkincisi, Moskvada vəzifələrindən çıxdıqdan sonra Naxçıvanda yaşayarkən hələ SSRİ-nin, Kommunist Partiyasının, sovet sisteminin mövcud olduğu bir zamanda bilavasitə onun təşəbbüsü və liderliyi altında Naxçıvan Muxtar Respublikasında SSRİ-nin saxlanılmasına dair referendum keçirilməmiş, Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist” ifadələri çıxarılmış, Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı Ali Məclisdə dövlət bayrağı olaraq qəbul edilmiş, bu barədə Bakıya təklif edilmiş, Naxçıvandan sovet ordu hissələri çıxarılmışdı. Üçüncüsü, Milli Məclisdə etdiyi çıxışlarında Heydər Əliyev Azərbaycan xalqının yolunun müstəqillikdə olduğunu qəti şəkildə bildirmişdi.
Beləliklə, 1993-cü ildə müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsi qarşısında dayandıqda onu xilas edən dünyanın görkəmli siyasi və dövlət xadimlərindən biri Heydər Əliyev oldu. Bu, taleyin verdiyi ağır, lakin əbədiyaşar və müqəddəs bir milli vəzifə idi. Xalqın təkidli tələbləri qarşısında çarəsiz qalan Azərbaycan rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.
Qurtuluş naminə dönüş
Millətin güvənc yeri olaraq milli liderlik missiyası daşıyan Heydər Əliyev parlamentdə çıxış etdi, sonra isə qiyamın baş verdiyi Gəncəyə getdi. Şəhər əhalisi ilə görüşərək şəraitlə yerində tanış oldu. Bakıya qayıtdı. İyunun 15-də Azərbaycan parlamentinin Sədri seçildi. Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində xeyli mürəkkəb və ağır vəzifələri həll etmək dayanırdı: dövləti dağılmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birliyi bərpa etmək, hakimiyyətin qanadları arasında yekdillik yaratmaq, xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək, dövlətin əlində olması gərəkərkən silahları ələ keçirmiş, ölkədə cinayətkarlıq şəraiti yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək, ağır sosial-iqtisadi şəraitdə yaşayan xalqı inkişafa aparmaq və xalqının mənəvi-psixoloji ruhunu yüksəldərək dövlətin gücünü yaratmaq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaq və sair.
Xarici siyasət sahəsində Heydər Əliyevin qarşısında dayanan başlıca vəzifələr dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etmək, Ermənistanın davam edən hərbi təcavüzünü dayandırmaq, ölkəni fəlakətə salmış biristiqamətli, savadsız, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xarici siyasət xəttindən imtina etmək idi. Coğrafi-siyasi mövqeyi, təbii sərvətləri ilə yüzilliklər boyu imperiya siyasəti yürütmüş böyük dövlətlərin sınaq meydanına, "qurdlar süfrəsi”nə çevrilmiş Azərbaycanda bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin bir iş idi. Yaranmış şərait təcili, düzgün qərarların qəbul edilməsini və qətiyyətlə həyata keçirilməsini tələb edirdi. Heydər Əliyev ölkəni, dövləti və xalqı bəlalardan qurtararaq xilaskarlıq missiyasını yerinə yetirdi və 15 iyun Azərbaycan tarixinə qurtuluş kimi daxil oldu.
15 iyunda Azərbaycan xalqı nədən xilas oldu?
15 iyunda Heydər Əliyevin parlament sədri, oktyabr ayında prezident seçilməsi ilə Azərbaycan xalqı, ilk növbədə, dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Çünki həmin vaxt səriştəsiz Cəbhə iqtidarının yarıtmaz fəaliyyəti ölkəni bütün sahələrdə - siyasi, iqtisadi, milli təhlükəsizlik, mənəvi və başqa fəlakətə düçar etmişdi. Respublikanın bu ağır vəziyyətindən istifadə edən xarici düşmənlər bəzi daxili qüvvələrin köməyi ilə öz çirkin məqsədlərini həyata keçirmək astanasında idilər. İkincisi, Azərbaycan xalqı böyük bir tarixi ləkə və biabırçılıq olan və kandarında dayandığı qardaş qırğınından və vətəndaş müharibəsi təhlükəsindən qurtuldu. Üçüncüsü, Azərbaycan xalqı müstəqil dövlətçiliyə, firavan gələcəyə olan inamsızlıqdan, bədbinlikdən və mənəvi-psixoloji böhrandan xilas oldu. Dördüncüsü, Azərbaycan Respublikası xaricdən dəstəklənən separatizmdən və parçalanmaqdan xilas oldu, öz vahid dövlətini qorumaq imkanı əldə etdi. Beşincisi, Azərbaycan xalqı hakimiyyətə konstitusiyaya zidd yollarla gəlmək, silah və təzyiqlə hakimiyyət dəyişikliyinə nail olmaq, eksperimentlər ölkəsinə çevrilmək meyillərindən xilas oldu. Qəti şəkildə bəlli oldu ki, hakimiyyətə gəlməyin yeganə yolu seçkidir.
15 iyundan sonrakı tariximizə qısa baxış
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövlətinin və xalqının tarixində tamamilə yeni bir dövr başladı. Bu, müasir müstəqil milli dövlətin və dövlətçiliyin xilası, möhkəm əsaslarda qurulmasının başlanması dövrü idi. Hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətini dağılmaqdan, xalqı vətəndaş müharibəsindən xilas edən ulu öndər Heydər Əliyev ənənəsi olan indiki Azərbaycan dövlətinin qurucusu və memarı oldu. Azərbaycanda təməlləri möhkəm olan güclü dövlətçilik ənənəsinin və dərin dövlətin əsası qoyuldu. Müasir milli dövlət quruldu. Dövlətin və millətin inkişafı baxımından bir sıra tarixi əhəmiyyət daşıyan məsələlər həll edildi. Yaxın illərin təcrübəsi sübut edir ki, yeni müstəqil dövlətlərdə hələ dərin ənənələr formalaşmadığından mürəkkəb anlarda problemlər yaranır. Ona görə də həmin ölkələrdə dövlət rəhbərinin şəxsiyyəti və bacarığı müstəsna aparıcı amillərdən biridir. Bu baxımdan görkəmli dövlət və siyasət adamı İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi Heydər Əliyev siyasətinin davam etdirilməsinə tərəfdar olan xalqın şansı oldu.
Heç şübhəsiz, bundan sonra min illər keçəcək, Azərbaycan xalqı və dövləti mövcud olduqca, dövlətimizi güclü və qüdrətli etmək istəyən, qarşıya çıxan problemləri həll etməyə çalışan rəhbərlər daim Heydər Əliyevin milli dövlətçilik və siyasi milliyyətçilik irsinə müraciət edəcəklər. Beləliklə, əbədi olaraq Azərbaycan xalqı və dövləti durduqca Heydər Əliyev, onun milli dövlətçiliyə dair nəzəri irsi və praktik təcrübəsi də daim yaşayacaq.
banner

Oxşar Xəbərlər