AZE | RUS | ENG |


Anarın İNSAN nəğməsi

Anarın İNSAN nəğməsi
Onun obrazları insanı bütün reallığı ilə təsvir etmək üçün reallığın özünə müraciət edir

60-cı illərin dünyaya gətirdiyi yeniliklərin və dəyişmələrin əhəmiyyətini sübut etməyə ehtiyac yoxdur. Dünyanın bir çox aparıcı ölkəsində avtoritarizmin süqutuna sosial-mədəni inqilab möhürünü vuran 60-cılar ədəbiyyatda, sənətdə və sosial-siyasi mühitdə bir çox yeni tendensiyanın əsasını qoyaraq zəngin və rəngarəng bir irs yaratdılar. Bu gün ədəbiyyatı çox-çox irəli aparan və ədəbiyyatdan qaynaqlanaraq elit düşüncə tərzinə çevrilmiş post-modernizm, avanqardizm və s. bu kimi müasir cərəyanların əsasını da 60-cılar qoymuşlar desək, yəqin ki, yanılmarıq. Həmin illərdə dünyanın ən totalitar sistemi daxilində mövcud olan Azərbaycanda da 60-cıların nəfəsi duyulmağa başladı. Və Azərbaycanda bu nəfəsi ilk alıb-verənlər də Anarın yaratdığı obrazlar idi.  Bəli, məhz obrazlar...... Hər gün gördüyümüz, rast gəldiyimiz, yanından keçdiyimiz, yanından keçərək diqqətə almadığımız, haqqında yalan-doğru fikir söylədiyimiz insan obrazları...... Və məhz Anarın əsərlərindən üzümüzə belə bir zəngin, rəngarəng, keçmiş günahlarından və gələcək niyyətlərindən xali olub bu günü ilə yaşayan, milli və dini üstünlüklərindən və məqsədlərindən arınmış insanlar qalereyası açılır. Mühüm olan da budur... Bəlkə də, Anarı həm o dövrün, həm də müasir illərin bir çox yazarlarından və sənətkarlarından fərqləndirən məqam da onun eqosentrizmdən uzaq olmasıdır. Onun bir yazıçı və ya bir insan kimi öz mənliyini, istəklərini, maraqlarını və qayğılarını deyil, yaşadığı cəmiyyəti və hətta daha geniş məkanı belə təmsil edə biləcək universal, lakin daxilən zəngin və rəngarəng bir İNSANI oxucunun qarşısına çıxarmasıdır. Təkcə bu, Anarın dünya ədəbiyyatında yerini müəyyən etməyə imkan verən fakt kimi dəyərləndirilə bilər. Təbii ki, həmin dövrün cərəyanlarını sosial-siyasi həyatda, musiqidə, təsviri incəsənətdə, poeziyada və elmdə əks etdirən Azərbaycan alimlərini, şairlərini, siyasi və ictimai xadimlərini, sənətkarlarını da xatırlamamaq olmaz. Lakin Azərbaycan nəsrində yeni dövrün sosial-mədəni paradiqmasını əks etdirən, həm də çox güclü əks etdirən məhz Anarın dünya səviyyəsinə yüksələn əsərləri idi.  
 
Mənə bir sərgi salonu verin!
Nə geniş olsun dünya qədər,
nə elə hündür olsun ki,
ətəyində qala uzun kölgələr.
Mənə bir sərgi salonu verin!
Orda bir insan şəkli asacağam -
adi bir insan.
Nə elə kiçik ki, məhəl qoyan olmaya,
nə elə böyük ki, baxanda qorxasan.
Orda bir insan şəkli asacam,
görünsün dünyanın hər yerindən;
zamanın keçmişindən,
dövranın indisindən,
əsrin gələcəyindən
Bir insan şəkli asacam;
bir yanında Nəsimi -
dabanından soyulandan sonra,
Bir yanında
məşəl təki yanmış Azəri qızı -
tunc heykəli qoyulandan sonra.
Bir yanda Cordano Brunonun külü.
Bir yanında Məmmədhəsən kişi -
ömrü, günü yollara tökülü.
Yuxarıda kosmopolit göy
Aşağıda sərhədlə kilidlənmiş ölkələr
Bir yanda Osvensim -
minlərlə insan, beli bükülü.
Bir yanda yolları insanla döşənmiş -
Kalıma.
Bir yanda Xirosima – ölü.
Bir tərəfdə
Fərhad, Şirin,
Kərəm, Əsli,
Bir tərəfdə
İsrafil, Qafur
Qastello, Lorka -
prometeylər nəsli.
Bir insan şəkli asacam;
qapalı dodaqlarında söz yanığı.
Ətrafında bayram təntənələri.
Baxışında sınaq günləri,
dözüm sənələri.
Şəklin müəllifi – Zaman.
Adı – insanlığın ömür yolu.
 
Anarın əsərlərinin də mərkəzdə İNSAN və onun tərənnümü dayanır. Onun əsərləri insanın sevincinin və kədərinin, təntənəsinin və faciəsinin, səmimiyyətinin və məcburiyyətinin tərənnümüdür. Və Anar bütün yaradıcılığı boyu yaratdığı bu İNSAN NƏĞMƏSİNƏ sadiq qalmaqdadır. Yazıçı şərəfli döyüşlərin cəsur və şanlı qəhrəmanlarını, azad sevgilərini ənənələrin yasaqladığı zavallı aşiqləri, iftira və ya ədalətsizlik qurbanları olmuş halal zəhmət adamlarını tərənnüm etmək üçün hər birimizin yanılmadan tanıya bildiyi rənglər spektrindən istifadə etmir. Anarın qəhrəmanları daha mürəkkəbdir və daha çalarlıdır. Onun cəsur döyüşçüsünün zəif tərəfi də var; onun şərəfli ömür yolu keçmiş zəhmətkeş qəhrəmanının mənfi olaraq səciyyələndirdiyimiz xüsusiyyətləri də sezilir; və onun sevgilisindən üz döndərməyə məcbur olmuş zavallı aşiqini buna vadar edən heç də təkcə adət və ənənələr deyil. Anarın qəhrəmanları mürəkkəb bir sistemin bu sistemin özündən daha az mürəkkəb olmayan hissəcikləridir və onlar bununla real dünyamıza daha yaxın və bizə daha doğmadırlar. Belə obrazlar yaratmış yazıçının nə müharibələrin faciəsinə, nə də böhtanların ədalətsizliyinə qarşı açıq etiraz səsini ucaltmasına ehtiyac belə yoxdur. Onun qəhrəmanlarının dilində bu etiraz daha təbii və daha anlaşıqlı səslənir. Belə obrazlar yaratmış yazıçının şüarlara sarılıb vətəninə və xalqına məhəbbətini izhar etməsinə də lüzum yoxdur. Yenə də, onun qəhrəmanlarının keçirdiyi hisslər, dilə gətirdiyi düşüncələr, bəzən isə sözləri aşaraq oxucu ilə etdiyi söhbətlər bunu daha gözəl ifadə edir. Azərbaycan ədəbiyyatının daha əvvəlki dövrlərində də yazıçılarımız maraqlı, rəngarəng və bizimlə artıq doğmalaşmış insan obrazları yaratmışlar. Anarın obrazlarını fərqləndirənsə başqa bir xüsusiyyətdir: bu obrazlar diqqətimizi cəlb etməkdən, bizi sevindirməkdən, bizimlə doğmalaşmaqdan başqa, həm də bizlərdən olmuşlar. Post-modern ədəbiyyatında qlobal söyləmin böhranından sonra insan təsvirinə nail olmaq üçün bəzən sonadək uğurlu olmayan müxtəlif strategiyalardan, süni fəndlərdən, simulyakrlardan və s. istifadə cəhdləri məlumdur. Anar isə insanı bütün reallığı ilə təsvir etmək üçün elə reallığın özünə müraciət edir. Bəlkə də bunu Azərbaycan ədəbiyyatında insan obrazının renessansı kimi də dəyərləndirə bilərik.
 
Anar öz qəhrəmanlarını mürəkkəb, gözlənilməz, yüksək dramatizm ruhu ilə yoğrulmuş və ya macəra dolu situasiyalarda təqdim etmir. O, çox sadə həqiqətləri də gündəlik rastlaşdığımız və bizə çox tanış olan kontekstlər daxilində açır. Lakin yazıçı bu situasiyaları və kontekstləri oxuculara yeni deyil, sadəcə onların görə bilmədiyi tərəflərdən təqdim edir. Bu özü çox vacibdir. Həyatı daha dərindən düşünüb dərk etməmiz, hadisələrə səthi yanaşmamamız, həyatı dəyərləndirməmiz, insanlar haqqında üzdə görünən səbəb və atributlara görə fikir söyləməməmiz və şərh verməməmiz üçün çox mühümdür. Qloballığın ağuşuna alıb götürdüyü bu günümüzdə dönüb özümüzə və təkcə özümüzə deyil, qarşımızdakı insana da baxmamız, baxıb həm onu, həm də özümüzü qiymətləndirməmiz üçün bunun əhəmiyyəti çox böyükdür. Burada daha mühüm olan Anarın obrazlarının aşıladığı ruhun gənclər üzərində olan təsiridir. Bu obrazlar gənclərin gözünü çox məsələlərə açmaq, onların daxili aləmini zənginləşdirmək və onlarda "homo sosialis” potensialını inkişaf etdirərək cəmiyyəti töhfə vermək iqtidarındadır. 
 
Anarın əsərlərinin paradoksallığı da var. Yazıçının yaratdığı obrazlar bir Kamü, bir Remark, yaxud bir Tanpınar obrazından çox az fərqlənir. İnsan milli, lakin həm də universaldır və yazıçı bunu öz əsərlərində çox gözəl ifadə edir. Anarın qəhrəmanlarını nəinki biz - azərbaycanlılar, eləcə də amerikalılar, ruslar, fransızlar, türklər daxildən görə, onların iç dünyasına sirayət edə bilirlər. Lakin paradoksallıq ondadır ki, bu obrazların hər biri universal insan həqiqətlərini daşımaqla yanaşı, bütöv, lakin qat-qat açılan zəngin bir azərbaycanlı simasını da canlandırır. 
 
Bəli, Anar Azərbaycan insanını həm özümüzə, həm də kənara belə bir xoşgörü ilə, belə bir səmimiyyətlə tanıtdırır. Üzərindən ötəri şəkildə keçdiyimiz digər xüsusiyyətlər Anarın dünya səviyyəli yazarlar içərisində yerini müəyyən etməyə imkan verirsə, məhz bu xüsusiyyət onun Azərbaycan və azərbaycanlı qarşısında dəyərli və danılmaz xidmətlərinə silinməz bir imza atır.  
 
Dosent Jalə Qəribova
Azərbayacn Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020