• cümə axşamı, 28 mart, 16:01
  • Baku Bakı 16°C

Anar Bulud: "Bu sənətə nəsə demək üçün gəlmişəm"

22.05.20 10:15 2533
Anar Bulud: "Bu sənətə nəsə demək üçün gəlmişəm"
"Atamın arsuzu ilə yola çıxsam, uğur qazana bilmərəm"
Bulud kimi asta-asta, aram-aram yeriməyi, irəliləməyi sevir.Aktyor olmaq onun uşaqlıq arzusudur desəm, bəlkə də yanılaram. Atası Cəlilabad Xalq Teatrının rəhbəri Buludxan Buludov bu sənətdə sözünü demək üçün əlindən gələni edib. Ömrünün çoxu ailə qayğıları və sənət arasında var-gəl etməklə keçib. Bütün bu çətin proseslərə şahidlik edən oğlu Anar Bulud isə qarşısına məqsəd qoyub -"Onun kimi olmayacaq". Anarın arzuları, istəkləri və ən əsası, hədəfləri var. Bu hədəfə çatmaq üçün üzərində çalışır və məqsədə gedən yolun zəhmətdən keçdiyini düşünür.Anar Bulud Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsində Xalq artisti Firəngiz Mütəllimovanın kursunu bitirib. Zirzəmi teatrı olan "Şah Mat”ın yaranmasında iştirak edib, bu teatrın repertuarındakı bir çox tamaşalarda sözünü deməyi bacarıb. Viktor Hüqonun "Edam məhkumunun son günü","Gülən adam",Gilyermo Fiqeyredonun "Ezop", Kobo Abenin "İstehkam", Osvaldo Draqunun"Zəncirlənmiş adam" tamaşalarında rol alıb. "Şah Mat” teatrı ilə yanaşı, Azərbaycan Dövlət İrəvan Dram Teatrında çalışıb, burada Elçinin "Akvariuma xususi sifariş", İftixar Piriyevin "Eşqin tikan dairəsi" tamaşalarında çıxış edib.
- Karantin günləriniz necə keçir?
-Karantin günlərim Cəlilabadda dövlətimizin qoyduğu qaydalara əməl edərək keçir. Evdə qalırıq, zamanımızı yaxşı dəyərləndirməyə çalışırıq. Bəzən əkinçiliklə məşğul olur, əkib-becəririk. Şair olmasam da, hərdən cızma-qara edirəm.
- Adətən, bu sahədə çalışan valideynlər övladlarının onların sənətlərini davam etdirməsini istəmirlər. Sizin atanız rejissor və aktyor olaraq, ixtisas seçiminizə hər hansı münasibət bildirdimi?
- Əksinə, atamaktyor olmağımı çox istəyirdi. O, hər zaman məni dəstəkləyib.Ondan çox şey öyrənmişəm. Atamdan fərqli olaraq, anam bir qədər etiraz etmişdi.
- Aktyorluq kənardan hər nə qədər parıltılı görünsə də, əslində, real mənzərə tamam başqadır. Bəlkə bu parıltı sizin gözlərinizi qamaşdırıb?
-Bu sənəti seçərkən o parıltının aldadıcı olduğunu bilirdim. Aktyor ailəsində böyüdüyümə görə atamın qayğılı,çətinliklərlə dolu keşməkeşlihəyatının müəyyən hisəssinə şahidlik etmişəm. Yəni, bu sənətin parıltısına aldanıb gələnlərdən deyiləm.Həmişə aktyor sənətinin necə məşəqqətli sənət olduğunu anlamışam. Mənim aktyor olma səbəbim başqadır. Bu sənətə nəsə demək üçün gəlmişəm. Özümü yalnız aktyor kimi görürəm. Ancaq bu o demək deyil ki, təkcə aktyorluğu bacarıram. Bəlkə başqa sənətdə daha uğurlu ola bilərəm. Yeri gələndə usta, bağban kimi də çalışa bilərəm. Aktyorluq mənim yaşam tərzimdir.
- Atanızın yolu ilə gedirsiniz? Yoxsa sizin istiqamətiniz tamam fərqlidir?
-Genetik xüsusiyyətlər atadan övlada keçir. Bu danılmaz faktdır. Ancaq mənim istiqamətim tamamilə fərqlidir. Əgər atamın yolu ilə getsəm, bacardığım qədər çalışaram ki, onun etdiyi yanlışlıqları etməyim. Aktyor kimi daha uğurlu bir nəticəyə, mövqeyə gəlməyə çalışaram.
- Hesab edirsiniz ki, atanız aktyor kimi o qədər də uğur qazanmayıb?
- Mənim üçün atam uğurlu aktyor və rejissordur. Sadəcə, öz potensialını kifayət qədər realizə edə bilmədi. Belə ki, bir müddət aktyorların əsas problemi olan ailə qayğısı onu sənətdən uzaq saldı. Geniş ailəmiz olub və bu ailəni saxlamaq üçün o, həm dülgər kimi çalışıb, həm də sevdiyi sənəti ilə məşğul olub. Atalarımız doğru deyib ki, "bir əldə iki qarpız saxlamaq olmaz". Atam gah sənəti atıb, görüb olmur, evdə ailə çətin vəziyyətdə qalıb, gah da işini. Ancaq inanıram ki, o böyük sənətkar ola bilərdi. Ən azından, onunƏməkdar artist Şövqi Hüseynov kimi tələbəsi var.
- "Şah Mat” Teatrında "Edama məhkumun son günü" tamaşasındasəhnəyə siqaretləçıxmışdınız.Zərərli vərdişlərin səhnədə qadağan olunmasının özəl teatra aidiyyatı yoxdurmu?
- Əlbəttə ki, səhnədə zərərli vərdişləri göstərmək, onun PR-nı aparmaq qadağandır. Ancaq baxır necə və hansı şəkildə. Tutaq ki, səhnədə iki nəfər söhbət edir və aktyorlardan biri bekarçılıqdan siqaret yandırıb çəkirsə, təbii ki, bu yaxşı hal deyil. Belə olduqda siqaretin istifadə edilməsi qınaq obyektinə çevrilə bilər. Rejissor səhnədə o siqareti aktyorun ifası iləgöstərib nəsə çatdırırsa, deməli, rejissor bununla fikrini izah edir.
- Təhsilinizi başa vurduqdan sonra nə üçün atanızın rəhbərlik etdiyi Cəlilabad Xalq Teatrına geri dönmədiniz?
- Yola çıxanda qarşıma məqsədlər qoymuşdum. O məqsədə çatmaq üçün mübarizə aparmalı, öz gücümə nələrsə etməliydim. Təbii ki, bu qərarı tək vermədim. Atamla da məsləhətləşdim, onun razılığı ilə paytaxtda çalışmalı oldum.
- Atanız sizi bura göndərməklə başından edib?
-(gülürük) Elə deməzdim. Atamın zamanında edə bilmədiklərini etmək üçün burdayam. Onun arzuları vardı. Həmin arzuları mənim reallışdırmağımı istəyir. Elə bunun üçün də mənə sərbəstlik verib. O da Cəlilabadda az iş görməyib. Bölgədə Xalq teatrı yaratmaqheç də asan məsələ deyil.
- Atasının arzularını gerçəkləşdirmək üçün yola çıxan aktyor...
- Bu tək onun deyil, mənim də arzum idi.Bu sənətdə söz sahibi olmaq, insanlara nəyisə çatdırmaq istəyi məndə daha çox idi. Atamın arsuzu ilə yola çıxsam, uğur qazana bilmərəm.
- Sizə elə gəlmirmi ki, hər bir övlad öz valideyninin taleyini yaşayır?
- Tale anlayışını qəbul etmirəm. Guya insanın alnına yazılıb ki, bu, sənin qismətin olacaq. Absurddur. Bugün atdığımız hər bir addımın sabah davamı var. Çalışıram, bu gün elə addım atım ki, sabah onun peşmanlığını çəkməyim. Düzgün iş görüm ki, sabah əməllərim məni doğru ünvana gətirib çıxarsın. Çünki bilirəm, bugün etdiyim səhv sabah yolumu kəsəcək. Həyat bumeranqdır, bu gün bumeranqı atırıqsa, sabah onun geri dönüşü olacaq.
- Atalar və oğullar hər zaman müzakirə mövzusu olub. Atalar oğulları bəyənməyib, oğullar da ataları. Sizdə necədir?
- Ata-oğul kimi münasibətlərimiz çox yaxşıdır. O, mənim üçün dəyərlidir. Ancaq söhbət sənətdən gedəndə çox zaman mübahisə edirik. Mən ürəyimin dərinliyində bilirəm ki, o, sənətkardır. Amma sənət baxımından bir-birimizi anlamırıq, qəbul etmirik.
- Sizcə, aktyorunşansı olmalıdır, yoxsa potensialı?
- Elə aktyor var ki, onun yaraşığı var, xarici görünüşü ona şans gətirir və önündə bir çox qapıları açır. Sanki o xarici görkəminə görə baş rolları oynamaq üçün yaradılıb. Bu şans məsələsidir və hər aktyora qismət olmur. Ona bəxt lazımdır. Elə bir bəxt ki, rejissor səni görən kimi bütün tamaşalarda, filmlərdə əsas qəhrəman kimi görsün. Biri də var ki, qəhrəman fakturası olmayan ancaq kifayət qədər nəzəri və praktiki üstünlüklərə malik aktyor var. Ona potensial da lazımdır ki, rol veriləndə onun öhdəsindən yaxşı gəlsin.
- Sizə də elə gəlir ki, Anar Bulud baş rolları oynamaq üçün bu sənətə gəlib?
- Bilmirəm. Mənim üün rolun fərqi yoxdur. Hər hansı obrazı canlandıranda mən bu oyunumla nə deməyə çalışdığımın fərqinə varmağa çalışıram. Oyundan çox özümün insan kimi tamaşaçıya nə aşıladığım önəmlidir. Bu məni daha çox xoşbəxt edir. Belə yanaşma ilə işə başlayanda əsas, ikinci və üçüncü dərəcəli obraz olmur.
- "Şah Mat” teatrı potensialınızı göstərmək üçün sizə hansı imkanları yaradır?
-"Şah Mat” Teatrında çalışanlar mənim məsləkdaşlarım və dostlarımdırlar. Burada mən, sən, o söhbəti yoxdur. Burada biz anlamı var.Misal üçün, əgər burada mənə hansısa rol verilirsə,o rol ürəyimə yatmırsa,mən bundan imtina da edə bilərəm. Nəinki imtina etmək, hətta hər hansı bir əsər təqdim edib məsləhətləşədə bilirik.Çatdırmaq istədiyimiz ideya və fəlsəfəni özümüz seçə bilirik. Dövlət Teatrında isə bu, mümkün deyil.
- Azərbaycan Dövlət İrəvan Teatrında gənc aktryorların potensiallarını realizə etmələri üçün imkan yaradılıbmı?
- 7 aydır ki, İrəvan Teatrında çalışıram. Orada yaradıcı mühit var. Gənclərə də potensiallarını nümayiş etdirmək üçünkifayət qədər imkan və şərait yaradılır. Mənim orada ilk rolumdan sonra ikinci rolumun əsas qəhrəman olması da buna bariz nümunədir. Dərbənd Dövlət Azərbaycan Dram Teatrında İftixar Piriyevin"Eşqin tikan dairəsi" əsərində əsas qəhrəmanı canlandırdım. Bu tamaşa da kifayət qədər uğurlu alındı.
- Gənc aktyor olaraq hədəfləriniz nələrdir?
- Gələcəyin nələr gətirəcəyindən hamımız xəbərsizik. Sadəcə öz üzərimdə çalışıb, daha çox baza toplamağa çalışıram ki, gələcəkdə özümü realizə edə bilim. Zamanın nələr göstərəcəyini və nələr gətirəcəyini bilmək olmur. Bəlkə elə bir hadisə baş verdi ki, mən yolumu, səmtimi dəyişdim, başqa yerlərdə oldum. Buna görə də nəyisə öncədən dəqiq proqnozlaşdırmaq olmur.
- Sizcə, səhnə çərçivələri, yoxsa sərbəstliyi sevir?
- Tamaşaya rejissor səhnə həlli verir. Aktyorlar isə rejissora tabedir. Rejissor əsəri oxuyur və onu necə görürsə, o cür də səhnələşdiririr. Rejissor öz işində dəsti-xəttini nümayiş etdirir və aktyor da ona bu işdə yardımçı olur.
- Aktyor rejissorun verdiyimizandankənara çıxa bilərmi?
- Yazılmış qanuna görə buna icazə yoxdur. Çünki rejissor o mizanlarla öz sözünü və fikrini ifadə edir. Əgər aktyor əlavə impozivələr edirsə, bu onun gücünün zəif olması anlamına gəlir. Məşqlərdə fikrini bildirə bilərsən ki, bu mizan məni qane etmir və ya rejissorla fikir mübadiləsindən sonra müəyyən ortaq qənaətə gəlmək olar. Tamaşa zamanı çıxırsan və özünə uyğun nələrsə edirsənsə, bu, aktyorun xeyrinə deyil. Təbii ki, aktyor tamaşaları da var ki, burada rejissor quruluşu çox da önəm daşımır,tamaşa aktyorun üzərində qurulur. Misal üçün "Hicran" tamaşasında elə də rejissor işi yoxdur. Burada əsas yük aktyorların üzərinə düşüb. Aktyorlar da peşəkar, sənətdə sözlərini demiş insanlar olduğu üçün möhtəşəm bir iş ortaya çıxarıblar.
- Ancaq tarixə nəzər yetirdikdəgörürük ki, öncədən planlaşdırılmış ssenaridən çoxfilmlərdə və tamaşalardaaktyorun ani hərəkəti və ürəyindən gələn sözü daha çox marağa səbəb olur.
- Bu çox nadir hallarda baş verir. Qeyd etdiyiniz məsələ bişmiş tamaşalarda daha çox baş verir. Belə ki, aktyor həmin obrazı o qədər oynayıb ki, artıq əsəri tam dərk edib, obraz onun canına hopub. Onda aktyor obrazı özününküləşdirir və içindən gəldiyi kimi canlandırır. Ancaq bu düzgün deyil, yəni yazılmamış qanundur.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər