• cümə, 29 Mart, 15:01
  • Baku Bakı 14°C

Ananın hekayəsi

04.04.16 11:04 3683
Ananın hekayəsi
Ana körpəsinin yanında oturmuşdu. O çox qəmli idi, çünki uşağın öləcəyindən qorxurdu! Körpənin rəngi çox solğun idi, balaca gözlərini yummuşdu. O arabir elə dərindən nəfəs alırdı ki, sanki ah çəkirdi. Ana körpəsinə çox qəmli-qəmli baxırdı.
Sonra qapıda taqqıltı eşitdi, iri çula bürünmüş qoca bir kişi evə daxil oldu. Çul kişiyə lazım idi, çünki hava çox soyuq idi, bayırda hər tərəf qara bürünmüş, külək qılınc kimi kəsirdi.
Qoca kişi soyuqdan tir-tir əsdi, körpə uşaq həmin an yatdı. Qadın gedib kişi üçün pivə gətirdi, onu bir qaba töküb sobanın üstünə qoydu ki, bir az isinsin. Qoca kişi oturub körpənin beşiyini yırğaladı, qadın isə kişinin yanındakı stulda oturub dərindən nəfəs alan, balaca əlini qaldıran körpəsinə baxdı.
- Mən onun həyatını xilas edə biləcəm? - qadın dedi: -Tanrı onu mənim əlimdən almayacaq!
Qadının sualını eşidən kişi - o Ölümün özüydü - başını çox qəribə yırğaladı. Sanki başının işarəsiylə dediyi “hə” “yox”a bərabəridi. Qadın başını aşağı saldı,yanaqlarından göz yaşı süzüldü, başı bədəninə ağırlıq edirdi - üç gün idi ki, oyatmamışdı, indi o bircə dəqiqəlikyuxuya getdi, sonra o ayağa durub soyuqdan titrədi.
- Bu nədir? - o ətrafına baxıb dedi. Qoca kişi də, körpəsi də otaqda yox idi. Kişi uşağı da özüylə aparmışdı. Yalnız divar saatı çıqqıldayırdı. Az sonra o da zərblə yerə düşdü və otaq sükuta qərq oldu.
Yazıq ana otaqdan çıxdı, körpəsini çağırdı.
Bayırda, qarın ortasında uzun və qara paltar geyinmiş bir qadın oturmuşdu. O dedi:
- Ölüm sənin evinə girmişdi, mən gördüm ki, o sənin körpəni də götürüb evdən tələsik çıxdı. O küləkdən də sürətlidir, heç vaxt da apardığını geri qaytarmır.
- Ah, mənə bircə de görüm, o hansı yolla getdi? - ana soruşdu. - Mənə o yolu göstər, mən onu tapacam!
- Mən onun hansı yolla getdiyini bilirəm - qara paltarlı qadın dedi. - Ancaq mən yolu sənə göstərməzdən qabaq sən körpən üçün oxuduğun bütün laylaları mənə oxumalısan! Mən onları çox sevirəm! Mən onları əvvəllər də eşitmişəm, mən Gecəyəm, sən olayları oxuyanda mən sənin göz yaşlarını görürdüm.
- Mən o laylaların hamısını, hamısını sənə oxuyacam! - Ancaq indi məni yolumdan saxlama! Mən ona çatmalıyam, uşağımı tapmalıyam!
Gecə heç nə demədi, lal-dinməz durdu. Ana qollarını qoynuna qoyub layla dedi, ağladı. Daha çox layla dedi, daha çox göz yaşı axıtdı. Sonra Gecə ona dedi:
- Sağ tərəfə get, qalın şam meşəsinə tərəf, Ölüm sənin körpəni götürüb ora getdi.
Ana meşəyə girdi, meşənin dərinliyinə qədər getdi. Orda bir tikan kolu gördü. Kolun üstündə nə gül, nə də yarpaq vardı. O da özünün soyuq qış fəslindəydi, onun budaqlarından buz sallanırdı.
- Sən Ölümün burdan mənim kölgəmlə birgə keçdiyini görməmisən? - ana soruşdu.
- Hə, görmüşəm, - tikan dedi. – Ancaq sən mənim ürəyimi isitməyincə sənə heç nə deməyəcəm. Mən soyuqdan ölürəm, tezliklə buza dönəcəm.
Ana tikanı sinəsinə sıxdı. Elə möhkəm sıxdı ki, o isinə bilsin, tikanlar ananın ətinə batdı, onun qanı damcı-damcı yerə töküldü. Tikan isə yamyaşıl yarpaqladı, bir qış gecəsində onun üstündə güllər göründü. Qanı axan ananın ürəyi istiydi, tikan ona hansı yola getməyi göstərdi.
Sonra ana bir gölə çatdı. Bu göldə nə gəmi, nə qayıq vardı. Göl o qədər çox donmamışdı ki, ana onun üstünə çıxa bilsin, nə də elə dayaz deyildi ki, içindən keçə bilsin. O isə gölü keçməliydi. Ana aşağı əyildi ki, gölün bütün suyunu içib qurtarsın, ancaq insan bunu bacarmazdı. Ancaq ana fikirləşirdi ki, bəlkə möcüzə baş verər.
- Ah, körpəmə çatmaq üçün mən nələri verməzdim? - ana ağlaya-ağlaya dedi, indi daha çox göz yaşı axıtdı. Onun gözləri suya düşdü, gölün dərinliyində bir cüt qiymətli mirvariyə çevrildi. Bunun əvəzində göl onu o biri sahilə keçirtdi. Qadın sanki suyun üstündəki buzda yox, yelləncəkdə oturmuşdu, dalğaların qoynunda keçdi o biri sahilə. O biri sahildə qəribə bir ev vardı. Bilmək olmurdu ki, ora içində meşələri, mağaraları olan bir dağdır, yoxsa onu bu formada tikiblər. Yazıq ana bu evi görə bilmirdi. Ağlamaqdan gözləri kor idi axı!
- Mən körpəmi götürüb aparan Ölümü harada tapa bilərəm? - ana dedi.
- O hələ gəlməyib, - Ölümün nəhəng istixanasına qarovul çəkən qoca qadın cavab verdi. - Sən bura necə gəlib çıxmısan? Kim sənə kömək edib?
- Allahım kömək etdi mənə, - ana dedi. - O çox mərhəmətlidir, sən də mərhəmətli olarsan. Mən körpəmi haradan tapım?
- Mən bilmirəm, - qadın dedi. - Sən görə bilmirsən! Bu gecə çoxlu güllər və ağaclar quruyub, tezliklə Ölüm gəlib onları bir də əkəcək! Yəqin bilirsən ki, hər kəsin bir həyat ağacı, yaxud gülü olur, onlar hamısı bir-birinə oxşayır, ancaq onların ürəkləri döyünür. Uşaqların da ürəkləri döyünə bilir, get öz körpəni axtar, güman ki, öz uşağını tanıyarsan. Ancaq bundan sonra nə etməli olduğunu sənə desəm əvəzində mənə nə verərsən?
- Sənə verməyə heç nəyim yoxdur, - ana qəmli-qəmli dedi. - Ancaq sənin üçün dünyanın axırına da gedərəm.
- Yox, dünyanın axırında heç bir işim yoxdur, - qadın dedi. - Ancaq sən mənə uzun, qara saçını verə bilərsən. Sən özün də saçının çox gözəl olduğunu bilirsən, mən saçını çox xoşlayıram! Əvəzində ağ saçımı sənə verərəm, mənimki sənin saçın kimi deyil, başqadır.
- Sən başqa heç nə tələb etmirsən? - ana dedi. – Saçımı sənə məmnuniyyətlə verərəm. Və o özünün qara saçını qadına verdi, əvəzində qadının ağappaq saçını götürdü.
Beləliklə, onlar Ölümün nəhəng istixanasına getdilər. Orda güllər, ağaclar qəribə formada bitmişdi. Möhkəm gövdəli pionlar, su bitkiləri vardı. Onların bəziləri təravətli, bəziləri saralmış, solğun idi. Su ilanları bu bitkilərin altında uzanmışdı, qara krablar onların saplağını dişləyirdi. Orada palma, palıd, banan ağacları, cəfəri, çiçəkləmiş kəklikotu da vardı. Hər ağacın və hər gülün öz adı vardı, hər biri insan həyatı idi. Orada balaca dibçəklərdə böyük ağaclar vardı, onlar daha böyümür, az qala dibçəkləri partladacaqdılar. Bəzi yerlərdə üstünü kif basmış, ətrafında mamır olan kiçik gül vardı. O gülə də çox yaxşı qulluq edilmişdi. Yazıqana əyilib kiçik bitkilərə qəmli-qəmli baxdı, onların insan ürəyi kimi döyünən ürək döyüntülərinə qulaq asdı. Milyonlarla bitki arasından öz körpəsinin ürək döyüntüsünü tanıya bildi.
- Budur, - ana qışqırdı və əllərini balaca, mavi zəfərəna uzatdı.
- Ona toxunma! – qoca qadın dedi. – Ancaq özünə onun yanında yer elə! Ölüm gələndə - mən onun hər an gələcəyini gözləyirəm. - qoyma o bu gülü qopartsın! Əgər qopartmaq istəsə onu hədələ, de ki, yoxsa sən də o biri gülləri qopardacaqsan. Onda o qorxacaq! O bütün bu güllər, ağaclar üçün BİZİM ALLAHIMIZ qarşısında məsuliyyət daşıyır, əgər o razı olmasa heç kim onları qırmağa cürət etməz!
Elə bu vaxt kor ana istixanada buz kimi soyuq hava hiss etdi, o başa düşdü ki, gələn Ölümdür.
- Sən bura necə yol tapmısan? – o soruşdu. - Necə olub ki, sən bura məndən tez gəlmisən?
- Mən, anayam, - o dedi.
Ölüm uzun əllərini balaca, zərif zəfərana sarı uzatdı. Ancaq ana tez əllərini uzadıb onun əllərindən möhkəm tutdu, hətta bir az qorxdu ki, zəfəranın yarpaqlarına toxuna bilər. Ölüm onun əllərinə üfürdü, qadın hiss etdi ki, onun nəfəsi soyuq küləkdən daha soyuqdur, onun əlləri gücdən düşdü, o əllərini çəkdi.
- Sən mənə heç nə edə bilməzsın! - Ölüm dedi.
- Ancaq BİZİM ALLAHIMIZ edə bilər! - Ölüm dedi.
- Mən yalnız onun əmrini yerinə yetirirəm! – Ölüm dedi. - Mən Allahın bağbanıyam. Mən ONUN bütün güllərini və ağaclarını götürürəm, naməlum yerdə, bu böyük Cənnət bağında əkirəm. Onlar orada necə böyüyür, orda nələr olur, bunu cürət edib sənə deyə bilmərəm.
- Mənim körpəmi geri qaytar! – ana dedi, ağlayıb yalvardı. Sonra cəld əl uzadıb yanındakı iki gözəl güldən tutdu, hər əliylə birini, Ölümə dedi:
- Mən sənin bu güllərini qopardacam, çünki ümidimi itirmişəm!
- Onlara toxunma! – Ölüm dedi. - Sən özünün çox bədbəxt olduğunu deyirsən, ancaq özün tamam başqa bir ananı bədbəxt edəcəksən!
- Başqa ananı? - yazıq qadın dedi və dərhal əlini hər iki güldən çəkdi.
- Bir bax, sənin gözlərin məndədir, - Ölüm dedi. - Mən onları göldən tutdum, onlar elə parlayırdı ki, bilmirdim ki, onlar sənin gözlərindir. Götür gözlərini, indi onlar əvvəlkindən də işıqlıdır, indi isə yanındakı dərin quyuya bax. Mən sənə həmin o qırmaq istədiyin iki gülün adlarını deyəcəm, sən quyuya baxıb onların gələcək həyatını görəcəksən – bütöv bir insan həyatı. Sən onda başa düşəcəksən ki, nələri yerlə-yeksan etmək istəyirdin.
Ana əyilib dərin quyuya baxdı. Ordakı Xoşbəxt həyatı gördü, sonra başqa Bədbəxt həyatı gördü, Kədər, qəm, dəhşət, yoxsulluq.
- Onların hər ikisi Allahın niyyətidir, - Ölüm dedi.
- Onların hansı Bədbəxtlik gülü, hansı Xoşbəxtlik gülüdür? – ana soruşdu.
- Mən bunu sənə deməyəcəm, - Ölüm dedi. - O güllərdən biri sənin öz uşağın idi, o sənin uşağının gələcəyi idi!
Bu vaxt ana dəhşətlə fəryad etdi:
- Onlardan hansı mənim oğlum idi? Bunu mənə de! Məsum uşağımı xilas et! Oğlumu əzabdan xilas et! Yaxşısı budur onu ordan götür, Allahın dərgahına apar! Mənim göz yaşlarımı unut, mənim yalvarışlarımı unut, nə etdiyimi unut!
- Mən səni başa düşmürəm! – Ölüm dedi. - Sən yenə də uşağını istəyirsən, yoxsa istəyirsən onu götürüb aparım?
Ana diz üstə çökdü, Allaha yalvardı:
- Sənin niyyətinin əleyhinə dua etsəm sözlərimi eşitmə! Ən yaxşısı məni dinləmə!
Mənə qulaq asma!
Ana Ölümə baş əydi, Ölüm isə onun körpəsini götürüb naməlum yerə apardı.
İngilis dilindən tərcümə edən: Sevil Gültən
banner

Oxşar Xəbərlər