• çərşənbə, 24 Aprel, 02:55
  • Baku Bakı 14°C

“Ananın ailədə yatırımı daha çoxdur” – Uğur hekayəsi

28.07.14 10:43 3837
“Ananın ailədə yatırımı daha çoxdur” – Uğur hekayəsi
Ananın ailədə yatırımının daha çox olduğunu düşünür. Buna görə də tövsiyə edir ki, təmin olunmuş ailədən çıxsalar belə, xanımlar işləsinlər. Çünki o xanımların işləməsi onların uşaqlarına qayıdacaq. Uşaqları daha çox bilikli olacaq. Müsahibimiz “TeliaSonera Avrasiya” şirkətinin İstanbuldakı regional ofisinə Korporativ Ünsiyyət üzrə vitse-prezident təyin edilmiş Ülviyyə Həsənzadədir.
- Ülviyyə xanım, əvvəlcə korporativ ünsiyyətdən başlayaq. Bu sahə şirkətlər üçün nə dərəcədə vacibdir?
- Hər bir şirkətin korporativ ünsiyyətlə bağlı şöbəyə, insanlara ehtiyacı var. Dünyada artıq illərdir ki, korporativ ünsiyyət sahəsi öz yerini tapıb. Azərbaycanda da son 4-5 ildə şirkətlər buna dəyər verirlər. Korporativ ünsiyyət şöbəsinin işçiləri şirkətin imicini formalaşdırır, müştərilərin gözündə şirkətin imicinin daha yaxşı olmasına çalışırlar. Loru dildə desək, biz bir konfetin etiketiyik. Etiket nə qədər gözəl olsa, müştərini o qədər cəlb etmiş olar. Korporativ ünsiyyət çox böyük sahədir, həm dövlət, həm media, həm müştərilər, həm də şirkətlərlə əlaqələrdir.
- Deyəsən, peşəkar fəaliyyətə Prezident Aparatında başlamısınız...
- Əslində karyerama vaxtilə Az.TV-də başlamışam. 11-ci sinifdə oxuyanda mənə təklif edildi ki, o vaxtlar efirə gedən “Səhər” verilişində ingilis dilində xəbərləri oxuyum. Razılıq verdim. Sonra Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil oldum və birinci kursda təhsil ala-ala da Az.TV-də aparıcı kimi xəbərləri tərcümə edib oxuyurdum. 16 yaşlı qız üçün canlı efirdə xəbərləri oxumaq çox çətin və maraqlı idi. Rusdilli olduğumdan Azərbaycan dilini xəbərləri oxuya-oxuya öyrəndim. Sonra həmin veriliş formatını dəyişdi və qərara gəldim ki, ixtisasıma uyğun Prezident Aparatında işləyim. Beləliklə, peşəkar karyerama Prezident Aparatında başladım və ilk müdirim Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oldu. Qeyd edim ki, o vaxt ölkəmizdə ingilis dilli gənclər indiki kimi çox deyildi. Dil biliyimə, ünsiyyət qurma bacarığıma görə Əli müəllim mənə daha məsuliyyətli işlər tapşırmağa başladı. Prezident Aparatında çalışdığım 5 il mənim üçün çox böyük məktəb və təcrübə oldu.
- Bəs necə oldu ki, gənclərin çoxunun işləmək arzusunda olduğu bu qurumu, özü də baş müşavir vəzifəsini tərk etdiniz?
- Aparatda işləyə-işləyə Əli müəllimə yaxınlaşıb xaricdə oxumaq istədiyimi dedim. O da təhsilə çox böyük önəm verən bir insandır. Chevening təqaüd proqramına imtahan verdim və Böyük Britaniyanın Sasseks Universitetinin İnkişaf Elmləri İnstitutunun magistraturasına qəbul oldum. Britaniyada oxuduğum ilin sonunda universitetin divarında iş elanlarından biri diqqətimi cəlb etdi. Ümumi palatada millət vəkili öz şöbəsinə işçi axtarırdı. Fikirləşdim ki, xaricdə iş təcrübəsi qazansam, yaxşı olar və sənədlərimi vakansiyaya təqdim etdim. Müsahibədən keçdim və Böyük Britaniya Parlamentinin aşağı palatasının yardım, borclar və ticarət komitəsində lobbiçilik üzrə məsul şəxs kimi işə qəbul oldum. Bir il Britaniyadakı dövlət adamları, media ilə çalışdım və başa düşdüm ki, bu sahə mənə çox maraqlıdır.
- Bəs niyə bu işinizi də tərk etdiniz?
- Sözügedən sahənin maraqlı olduğunu anlasam da, eyni sahədə, amma biznes sektorunda işləmək istədim. Beləliklə, parlamentdə çalışa-çalışa sənədlərimi dünyada tanınmış Weber Shandwick adlı Qlobal PR şirkətinin London şöbəsinə verdim və parlamentdən məzuniyyətimi götürüb Bakıya qayıtdım. Bakıda gələcək həyat yoldaşımla rastlaşdım və düşündüm ki, bir müddət burada qalım. Həmin PR şirkətinə Bakıya qayıtdığımı yazdım. Oradan cavab gəldi ki, Bakıda da yeni şirkətləri açılıb və məni buraya tövsiyyə etdilər.
- Böyük Britaniya parlamentindəki işinizi Bakıda hansısa xarici şirkətin yerli bölməsinə dəyişməyi hər adam bacarmazdı...
- Ümumiyyətlə, xaricdə təhsil alıb, yaxud işləyib qayıdan gənclər çox ambisiyalı olurlar. Düşünürlər ki, mən filan işə getməliyəm, bu məbləğdən aşağı maaş almamalıyam və s. Məndə belə bir ambisiya yox idi. Bilirdim ki, biznesdə təcrübəm yoxdur. Buna görə də sözügedən şirkətdə sadə bir işə girdim. Şirkətin Azərbaycan üzrə bölməsinin rəhbəri Tatyana Mikayılova ilə görüşüb şirkətdə işləmək arzusunda olduğumu bildirdim. Düşünürdüm ki, əvvəllər biznes sahəsində işləmədiyimdən aşağı pillədən başlamalıyam. İşləyə-işləyə biznesin inkişafı üzrə menecer vəzifəsinə qədər yüksəldim. Beləliklə, korporativ mədəniyyət, korporativ biznes, biznesin necə qurulmasını burada öyrəndim.
Orada işləyərkən Azərcelldən mənə iş təklifi gəldi. İnsan resurslarının sadə bir əməkdaşı ilə görüşdüm. Onun peşəkarlığı, verdiyi suallar, şirkətdəki korporativ mədəniyyət, etika məni o qədər cəlb etdi ki, maaşın nə qədər olduğunu belə soruşmadım və Azərcelldə işləmək istədiyimi anladım. Müsahibələrdən keçəndən sonra 2008-ci ilin oktyabrında məni Azercell şirkətinin Korporativ ünsiyyət bölümünə rəhbər kimi işə götürdülər. İşləyərkən, “TeliaSonera İnternational Carrier” şirkətinin Stokholmda yerləşən ofisində mənim üçün bir fürsət yarandı və 6 aylıq iş olsa belə, maraqlandım. Mən İsveçə yeni bir şey öyrənmək üçün getmək istəyirdim. Vəzifə və pul o qədər də önəmli deyildi. İnsan şaquli də, üfiqi də böyüyə bilər. Mən o zaman daha çox üfiqi böyümək istəyirdim və gedib Kommunikasiya şöbəsinin rəhbəri vəzifəsində işlədim. Amma 6 aylıq müqavilə bir ilə qədər uzandı. İsveçdə artıq xarici ölkələrin mediası ilə işləyirdim. Orada işləmək heç də Azərbaycandakı kimi rahat deyil. Gərək jurnalistlər şirkətin hansısa layihəsinə, yeniliyinə o qədər maraqlı olsun ki, bu haqda yazmaq istəsinlər. Bir il ərzində çox şey öyrəndim.
- Bakıya qayıdandan sonra “TeliaSonera Avrasiya” şirkətinin İstanbuldakı regional ofisinə Korporativ Ünsiyyət üzrə vitse-prezident vəzifəsinə təyin edildiniz, ya elə İsveçcə işləyə-işləyə?
- Artıq Bakıya qayıdırdım və fikirləşirdim ki, Azərcelldə daha başqa bir iş görmək istəyirəm. Bu zaman “TeliaSonera Avrasiya” şirkətinin menecmenti dəyişdi və korporativ ünsiyyət üzrə şirkətin vitse-prezidenti vəzifəsi üzrə vakansiya açıldı. Mən də sənədlərimi vakansiyaya təqdim etdim qazandım. Onu da deyim ki, pul mənim üçün heç vaxt ən birinci yerdə olmayıb. Təbii ki, insan pula görə işləyir, amma iş maraqlı olmasa, pul məni o işə cəlb edə bilməz. Azərcell-də işlədiyim müddətdə 2-3 dəfə daha yüksək maaşla iş təklifi alsam da, heç vaxt getməmişəm. Azercell mənim ücün hər zaman cəlbedici olub.
- Türkiyədə işləməyə gedəcəksiniz. Bundan əvvəl də bir il İsveçdə çalışmısınız. Yoldaşınız narazılıq etmir ki? Yəni onun işlərində problem yaranmır?
- Yoldaşımın özünün konsaltinq şirkəti var. Buna görə harada olur-olsun işini idarə edə bilir. İsveçə 6 ayldığına gedəndə mənim karyeram üçün yaxşıdırsa, işini İsveçdə görə biləcəyini dedi. Orada qaldığımız müddətdə bir-iki dəfə Bakıya gəldi və beləliklə, işində heç bir problem yaranmadı. Yoldaşım da İngiltərədə maliyyə üzrə MBA-dərəcəsi alıb. Mənim karyerama görə həmişə çox sevinir. Türkiyəyə köçəndə də yenə öz işini oradan idarə edəcək. Bəlkə bütün işini Türkiyəyə köçürdü.
- Yenicə ana olmusunuz. Üç aylıq və 2 yaşlı uşağınızın olmasına baxmayaraq karyera pilləsində dayanmadan irəliləyirsiniz. Çətin deyil, ailə ilə işi birlikdə idarə etmək?

- Təbii ki, çətindir. Amma İsveçdə bu baxımdan çox asan idi. Orada belə bir anlayış var ki, sən işə tez başlayıb, tez də çıxa bilərsən. Əsas odur ki, saat 9-3 arası işdə olasan. Çünki mərkəzi ofis olduğundan 9-la 3 arasında dünyanın müxtəlif yerlərindəki şirkətlərdə artıq iş saatı başlayır. Bundan başqa, İsveçdə işçilərə güvən var. Onlara evdə işləmək imkanı verilir. Məsələn, uşağım xəstə olanda, yaxud başqa bir işim çıxanda öz menecerimə evdə işləmək istədiyimi deyirdim. Orada insanlar özləri də çox məsuliyyətlidir. Yoldaşım həmişə deyirdi ki, işə getsəm, daha rahat olar, evdə kompyuterin arxasından bir dəqiqə də aralanmıram, daha məsuliyyətli oluram. Çünki fikirləşirəm ki, mənə güvəninrlər, mən bu güvəni doğrultmalıyam. İnsana güvən insanı daha da ruhlandırır. Ümid etmək istərdim ki, Azərbaycada da nə vaxtsa belə bir sistem olacaq.
- Türkiyədəki sistem sizə iki azyaşlı uşaqla rahat işləmək imkanı verəcəkmi?
- Türkiyədə də qanunvericilik Azərbaycandakı kimidir. Amma çalışacağam, ailəmə də vaxt ayırım. Buna görə evi işin yaxınldığında tutmuşam ki, günortalar evə dəyə bilim. Ümumiyyətlə, mən balansı saxlamağa çalışıram. Düşünürəm ki, əgər evdən dəstək olsa, balansı saxlamaq mümkündür.
- Ev işləri ilə aranız necədir?
- Yemək, şirniyyat hazırlamağı yaxşı bacarıram və bu işdən zövq alıram. Boş vaxtlarımda rəsm çəkmək və yemək bişirmək mənim üçün kreativ bir prosesdir. Məcburiyyət qarşısında qalmasam da, bişirməyi xoşladığımdan tez-tez mətbəxdə oluram. Etiraf edim ki, qab yumaq, ev təmizləmək kimi işləri xoşlamıram, amma İsveçdə bunların hamısını özüm edirdim. Vaxtım tapdıqca qonaq qəbul etməyi, stol açmağı, bu tərəfdən də bacarıqlarımı göstərməyi xoşlayıram.
- Sonuncu ənənəvi sualımız: karyeranızda uğur qazanmağınızın sirri nədədir?
- İlk növbədə ambisiyanı bir kənara qoymalısan. Həyatın boyu gərək bir addım geri atıb istədiyini edib etmədiyini fikirləşəsən. Düşünürəm ki, gənclərin əksəriyyəti səhv edib ambisiyalarının arxasınca gedir və sonda boşluqda qalırlar. Hərdən ambisiyaları, pulu arxa plana keçirmək yaxşı bir şeydir. Hərdən “nəyi öyrənə bilərəm” deyib işləmək daha yaxşı nəticələr verir. İnanıram ki, nə qədər çox öyrənib bilik qazansan, o qədər yaxşı iş təklif ala bilərsən. Bir şeyi də deyim ki, əgər işdə yeni bir şeylər öyrənə və şirkətə yeni bir şey verə bilməsəm, işə qarşı marağımı itirirəm. Buna görə də bir pillə aşağı yerdə olsa belə işləməyə hazıram, taki yeni bir şey öyrənim. Müşahidələrim göstərir ki, azərbaycanlılar daha çox rahatlığını sevən insanlardı. Düşünürlər ki, mən bunu burdan bura qoyuramsa və yaxşı pul alıramsa niyə başqa bir işə keçim. Bu da düzgün deyil. İnsanlar qarşılarına bir az boylarından yüksək vəzifə qoymalıdırlar ki, ona çatmaq üçün çalışıb-vuruşsunlar. Məsələn, mən heç vaxt biznes adamı olmamışam, amma qarşıma biznesi daha yaxşı başa düşmək üçün maliyyəni öyrənmək məqsədini qoydum. Bunu heç kəs məndən tələb etməyib. Ümumiyyətlə, nəyisə az bildiyimi hiss edirəmsə, bunu mütləq öyrənməliyəm. Əks halda özüm-bözümə hörmət etmərəm. Evdə mənim iki oğlum böyüyür, onların ən böyük müəllimi mən olacağam. Mən onları nə qədər yaxşı başa salsam, onların gələcəyi daha yaxşı olacaq. Məncə, bu baxımdan ananın ailədə yatırımı daha çox olur. Tövsiyə edərdim ki, təmin olunmuş ailədən çıxsalar belə, xanımlar işləsinlər. Çünki o xanımların işləməsi onların uşaqlarına qayıdacaq. Uşaqları daha çox bilikli olacaq.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər