• şənbə, 20 Aprel, 12:41
  • Baku Bakı 23°C

Analitik: Paşinyanın 9 dekabr seçkilərində qalib gəlmə ehtimalı getdikcə zəifləyir

30.11.18 20:38 582
Analitik: Paşinyanın 9 dekabr seçkilərində qalib gəlmə ehtimalı getdikcə zəifləyir
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana qarşı etirazlar getdikcə genişlənir. İndiyədək bu etirazlar əsasən ayrı-ayrı şəxslər və ya siyasi qüvvələr tərəfindən edilirdisə, hazırda narazılıqlar əhali arasında da geniş yayılmaqdadır. Bunu Trend-ə analitik Ehtiram Aşırlı deyib.
O xatırladıb ki, bir müddət əvvəl "Nairit” zavodunun əməkdaşları 7 aylıq maaşlarının ödənilməsi tələbi ilə hökumət binası qarşısında etirazlar təşkil etmişdilər. Bir neçə gün əvvəl həmin zavodun yüzlərlə işçisi yenidən eyni məkanda etiraz mitinqi keçiriblər. Bu dəfə də tələb dörd aydır gecikən maaşların verilməsi olub. Lakin onlar siyasi şüarlar da səsləndiriblər və Paşinyanı verdiyi vədləri yerinə yetirməyə çağırıblar:
"Digər tərəfdən, etirazlar sosial xarakter daşımaqdan kənara çıxır və indi daha çox siyasi müstəviyə keçir. Bir neçə gündür ki, Ermənistanın Berdavan kəndinin sakinləri Azərbaycanda saxlanılan erməni kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə piketlər keçirirlər. Etirazçıları özündən çıxaran isə hökumətin cavabı deyil, məhz Paşinyanın fikirləri olub. Baş nazir vəzifəsinin icraçısı vətəndaşlara qarşı çox sərt sözlər işlədib və onları "Azərbaycanın maraqlarına xidmət etmək”də günahlandırıb. Bu isə öz növbəsində etirazçıları daha da qızışdırıb və onlar Paşinyandan həm üzr istəməyi, həm də vədlərinə əməl etməyi tələb etməyə başlayıblar. Xatırladaq ki, Ermənistan baş nazirinin müavinləri Ararat Mirzoyan və Tiqran Avinyan kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə kənddə keçirilən etiraz aksiyalarını sərt şəkildə tənqid edib. Paşinyan isə noyabrın 20-də jurnalistlərə açıqlamasında hökumətin bununla bağlı mövqeyini dəstəklədiyini bildirmişdi".
E.Aşırlı qeyd edib ki, problem təkcə bunlarla məhdudlaşmır. Ölkədə siyasi vəziyyət də gündən-günə ağırlaşır və N.Paşinyana qarşı ittihamların ardı-arası kəsilmir:
"Müşahidəçilər belə vəziyyətdə onun 9 dekabr seçkilərində qalib gəlmə ehtimalının getdikcə zəiflədiyini bildirirlər. Məsələ burasındadır ki, Paşinyan siyasi naşılığı və məsuliyyətsiz çıxışları ilə insanlar arasında reytinqini sürətlə "xərcləyir”. Opponentləri onu yalançılıqda və ölkəni xaosa sürükləməkdə günahlandırırlar. Ermənistan müdafiə nazirinin sabiq müavini, parlamentin xarici siyasət daimi komissiyasının keçmiş sədri Artak Zakaryan mətbuata açıqlamasında bildirib ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların məsuliyyətindən də yayınmağa çalışır. Onun sözlərinə görə, Paşinyan bunu söyləməklə bu ağır yükü bölüşdürməyi nəzərdə tutur: "O, hesab edir ki, bu addım məsuliyyətdən yayınmaq üsullarından biridir. Paşinyan getdikcə məsələnin və məsuliyyətin ciddiliyini dərk edir, yaxud məsələni ünvansız etmək istəyir. Bu, yeni bir hiylədir və təklif edirəm ki, Paşinyan fikirlərini izah etsin, bəlkə bu istiqamətdə düşünməyə dəyər”. Əlavə edək ki, Paşinyanın komandasında narazılıqların yaranması barədə də söhbətlər yayılır. Yerli ekspertlərin fikrincə, Paşinyan müdafiə naziri David Tonoyanın fəaliyyətindən narazıdır. Onun son günlər ordudakı acınacaqlı vəziyyətlə bağlı söylədikləri də bununla izah edilir. Hesab edilir ki, Paşinyan Tonoyanın ordudakı vəziyyətin yaxşı olması barədə indiyədək dediklərinin yalan olduğunu ictimailəşdirməklə onun fəaliyyətindən narazı qaldığını ifadə edib. Qeyd edək ki, Paşinyan Ermənistan silahlı qüvvələrində şəraitin olduqca acınacaqlı olduğunu, əsgərlərin geyim və yemək şəraitinin ağır olduğunu bildirmişdi".
banner

Oxşar Xəbərlər