• cümə axşamı, 18 aprel, 05:10
  • Baku Bakı 15°C

Anakonda ovlamaq istəyən insan – Sadə peşə

04.07.15 12:28 4331
Anakonda ovlamaq istəyən insan – Sadə peşə
Bu sənətin sərt qanunları var. Nə dərəcədə zövqverici olsa da, bir o qədər də təhlükəli peşədir. Çünki bu sənətlə məşğul olanlar ya ölməli, ya da öldürməlidir. Söhbət ovçulardan gedir. Müsahibimiz gənc ovçu Faiq Babanlıdır.
İqtisadçı-ovçu

Faiq iqtisadiyyat sahəsində ali təhsil alıb. Lakin sənətinin ardınca getməyib. O, gənc yaşlarından idmanla məşğul olub. Güləş və qaydasız döyüş növündə müəyyən uğurlar əldə etdikdən sonra idmanı tərk edib: “Uşaqlıqdan idmanla məşğul olurdum. İdman həyatımın ayrılmaz hissəsinə çevrilmişdi. Müəyyən nailiyyətlərə çatandan sonra idmandan uzaqlaşmağı qərara aldım. Çünki düşünürəm ki, müəyyən yaş dövründən sonra insan idmanda əvvəlki nəticəni əldə edə bilmir. Beləcə, idman həyatını tərk etdim və ovçuluğa başladım”.
Risk və zövq

Uzun müddətdir peşəkar şəkildə ovçuluqla məşğul olan həmsöhbətimiz bu sənətə uşaqlıqdan maraq göstərib. Sənətinin vurğunu olan müsahibimiz deyir ki, şikarını ovlamaq ona xüsusi zövq verir. Üstəlik, o, bu işi yalnız Azərbaycanda deyil, başqa ölkələrdə həyata keçirir və vəhşi heyvanlar ovlayır: “Məktəbdə təbiət fənlərinə xüsusi bağlılığım var idi. Xüsusilə heyvanlarla bağlı məlumatları oxuyub əzbərləyirdim, vəhşi heyvanların həyat tərzi, nə ilə qidalandıqlarını öyrənirdim. Ova marağım uşaqlıqdan var idi və bu marağın ardınca getməyi qarşıma məqsəd qoydum. Bir gün yaxınlarımdan xəbərsiz dostumla Afrikaya ova getdim. İlk dəfə orada öyrəndim ki, Afrika cəngəlliklərində, eləcə də Amazon meşələrində ov edənlər üçün yazılmamış qanun var - şans sənə bir dəfə verilir, ya vurmalısan, ya da vəhşi heyvana yem olmalısan. Təsəvvür edin, meşədə ovçular və vəhşi heyvanlardan başqa heç nə yoxdur. Bu, həm risk, həm də zövqdür”.
Müsahibimizin ilk ovu uğurlu alınıb və bu ona motivasiya verib. İlk ovdan sonra daha riskli ovlara gedərək, peşəkar şəkildə ovçuluqla məşğul olub: “İlk ovumda təbii olaraq həyəcanlı idim. O zaman ölümlə burun-buruna olursan. Kim cəlddirsə, o, ölümə qalib gəlir. Həmin gün ilk cəhddən ovum uğurlu alındı, zebra və antilop ovladım”.
“Geciksən, parçalayar”

Sənətinin sirlərindən danışan müsahibimiz ov zamanı ovçunun adi bir səhvini bağışlamayan heyvanlar haqqında da məlumat verdi. O deyir ki, risk etməyə o qədər öyrəşib ki, həyatını risksiz təsəvvür edə bilmir: “Əslində ov etmək bacarığı insanın daxilindən gəlməlidir. Ovçuluq insanı həm fiziki, həm də mənəvi cəhətdən möhkəmləndirir. Elə keçmişdə də ov mərdlik nümunəsi sayılarmış. Ovçuluq məsuliyyətli işdir və risk həmişə var. Təbiətdən zövq ala bilməyən insan ovla məşğul ola bilməz. Vəhşi heyvanlara qalib gəlmək hər insanın bacara biləcəyi iş deyil. Məsələn, ovda ən təhlükəli heyvanlardan biri bəbirdir. Bu heyvan o qədər sürətlidir ki, görmək olmur. Diqqətsiz olsan, bir saniyədə bəbirlə üz-üzə gələ bilərsən. Ovçu diqqətli olmalı və düz nişan almalıdır. Əgər sərrast atan ovçu olmasa, bəbirin hücumundan qorunmaq çox az hallarda mümkündür. Hər şey saniyələrlə ölçülür, geciksən, parçalayar. Bəbirin hücumu ölümə bərabərdir”.
“Ova getdiyim ölkələrə bayrağımızı sancıram”

Ovçuların qəddar insan olmalarına gəldikdə, müsahibimiz düşünür ki, vəhşi heyvanları ovlamaq qəddarlıqla bağlı deyil: “Ov mənim hobbimdir. Həyatım ov və vəhşi təbiətlə sintez təşkil edir. Ov mənim üçün adrenalin mənbəyidir. Həyatda risk etməyə öyrəşmişəm və ömrümü risksiz təsəvvür edə bilmirəm. Ovçunun qəddar olduğu düşüncəsi ilə razı deyiləm. Çünki ovçu qəddar olmur, qarşısındakı vəhşi heyvan qəddardır. Ovçu vəhşinin ərazisinə daxil olduqda özünü qorumağa məcburdur. Bu zaman qorxu, adrenalin ən yüksək həddə olur. Çünki canınla əlləşirsən. Belə insan o anda qəddar ola bilməz”.
Faiq dünyanın müxtəlif yerlərinə ova gedir və vəhşi heyvanları ovlayır. Üstəlik, hər getdiyi yerə Azərbaycan bayrağını sancır: “Müxtəlif cəngəlliklərdə şir, pələng, yaquar, canavar, timsah və digər vəhşi heyvanlar ovlayıram. Vətənimə o qədər bağlıyam ki, ova getdiyim hər yerə Azərbaycan bayrağını sancıram. Ova qanuni şəkildə gedirəm. Bizə göstərirlər ki, filan sürüdə filan heyvanı vurmalısan, çünki o, artıq sürüyə lazım deyil. Müxtəlif ölkələrin cəngəlliklərindən ovladığım heyvanların Avropada dərisini maketləşdirdikdən sonra ölkəmizə gətirirəm. Yəni vəhşi heyvanı ovlamaqla iş bitmir. Bunun sonrası da ovlamaq qədər çətindir”.
Sonda müsahibimiz vurğuladı ki, onun hədəfi anakonda ovlamaqdır. O, sırf bu məqsədlə avqustda Cənubi Amerikaya gedəcək.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər