Anadolunun türkləşmə prosesi Azərbaycandan başlayıb - Fotolar
Bosniya və Herseqovinanın ucsuz-bucaqsız
meşələrinin arasına səpilmiş, müharibədən zərər görən kəndlərindən birindəki
insanlara yardım kampaniyası təşkil edir Türkiyə Qızıl Aypara Cəmiyyəti. Ərzaq
dolu maşınlar Türkiyədən yola çıxır. Kəndləri bir-birinə bağlayan asfalt yol
qurtarır. Amma dağ kəndlərində ehtiyacı olan insanlar var. Ağsaqqallardan biri deyir ki, o dağın
arxasındakı kənddə yaşlı bir qadın var.
Maşın yolu da yoxdur. İki Türk zabiti qutuları kürəyinə alıb o ev’ gedir.
Minbir əziyyətlə özlərini çatdıranda qapını açan nənə: "Türksünüzmü” deyə
soruşur.
"Gələcəyinizi bilirdim”. Zabitin biri evin kandarına çöküb "Çırpınırdı
Qaradəniz”dən "vəfalı Türk gəldi” misralarını gözündən yaş süzülə-süzülə həzin
səslə oxumağa başlayır.Azərbaycan türkü
onu TRT ekranlarında ağlaya-ağlaya danışdığı bu əhvalatla tanıdı. Yolu bizdən
düşdü, ədəbdəndir, söz demək haqqı da ona keçdi. Nə dedi, nə söylədi, siz də
buyurun:
Müsahibim "vəfalı türk”dür! Professor Tufan Gündüz:
Təsisçimiz Sona xanım
Vəliyeva Tufan Gündüzü "Kaspi” qəzeti ilə tanış edir və deyir ki: "Bu qəzet
böyük kişilərin əmanətidir. Cümhuriyyəti quranların əksəriyyəti burada
fəaliyyət göstərib. "Kaspi” qəzeti sanki cümhuriyyətin bir beyin mərkəziydi. Bu
gün də Azərbaycanın ən böyük kollektivi olan bir mətbu orqandır”.
Tufan
Gündüz:
– Dəvət üçün təşəkkür
edirəm. "Kaspi”nin tarixi bir qəzet olduğu haqda məlumatım var. Əslinə qalsa,
sadəcə Türk dünyasında deyil, bütün dünyada tarixi qədim olan qəzetlərin sayı
azdır. Türkiyədə ən uzunömürlü hesab elədiyimiz qəzetlərin belə əlli və ya
altmış yaşı var: 130 illik qəzet, əslində, 130 illik bir təcrübə, yaddaş deməkdir.
Bildiyimə görə də "Kaspi” bu gün öncəliklə Azərbaycan və təbii ki, bütövlükdə
Türk dünyasının dərdini özününkü bilən bir mətbu orqandır. Mən Türk dünyasının
məsələlərini daş-daş hörülmüş divara bənzədirəm. Kim o divara bir daş qoyursa,
Allah ondan razı olsun. Deməli, Türk dünyası üçün nəsə eləyir. Kənarda durub o
divarın yıxılmağını gözləmir. Sizi də, bu gənc dostlarımızı da qəzetinizi də o
divarın xidmətində olduğunuz üçün təbrik edirəm.Mən Ankarada
Hacəttəpə Universitetində "Türkiyyat Araşdırmaları” fakültəsində çalışıram.
Daha əvvəl də 25 il Qazi Universitetində işləmişəm. Tarix elmiylə məşğulam.
Tarixi araşdırmalarım əsasən türkmənlərin tarixi ilə bağlıdır. Əslində, bütün
məsələ oğuzlarla başlayır. Daha sonra köçəriliyi türkmənlər inkişaf etdirdiyi
üçün o arxa planda qalır və Türk adı önə çıxır. Soy-kök olaraq hamımız Oğuzuq.
Araşdırmanın həyəcanverici məqamları ordadır ki, siz öz tarixinizi araşdıranda
atalarınızın, ulularınızın əhvalatları ilə rastlaşırsınız. Onları öyrənirsiniz.
Bu, sizi tarixin romantizmilə yanaşı bu günün peşmanlıqlarının da içərisinə
çəkir. Çünki tarixdə böyük bir millət olduğunuzu görürsünüz, onu bu günlə
müqayisə edirsiniz, nəticə ürəyinizcə olmayanda ürəyiniz qırılır. Siz axı çox
böyük bir keçmişdən gəlirsiniz. Biz indi dörd minillik bir tarixin son 60-70
ilini yaşamaqdayıq. Və bu qısa mərhələdəki problemlər də o şanlı tarixə
yaraşmır.Azərbaycanlı elm
adamlarının bu tarixdə önəmli yeri var. Onların Türkiyədə Cümhuriyyətin
yaradılmasında önəmli fəaliyyətləri olub. Təəssüf ki, araya Sovet dönəmi girdi,
bir soyuq savaş başladı. Sanki Azərbaycan adlı bir ölkə heç olmamışdı. Biz indi
israrla və inadla Azərbaycanda türklərin yaşadığını, siyasi olaraq ayrı olsa da
könüllərin bir olduğunu izah eləməyə çalışırıq. Bu mənada tarix çox önəmlidir.
Çünki tarix cəmiyyətlərə kültürəl dərinlik qazandırır. Azərbaycan tarixi ilə
Türkiyənin tarixi demək olar ki, heç vaxt bir-birindən ayrılmayıb. Amma
tarixdəki mübarizələr bəzən həddindən artıq böyüdülür, məqsədli formada
qarşımıza çıxarılır.Şah İsmayıl məsələsi
mənim üzərində çox durduğum bir məsələdir. Bu, tarixi bir mövzudur. 500 il
əvvəl meydana gələn hadisədən bu günə aid bir qovğa çıxarmaq mənasızdır. İkincisi
də sadəcə Şah İsmayıl və Yavuz Sultan deyil, daha öncə İldırım Bəyazidlə Teymurləngin
savaşı da vardı. Göytürklər, hunlarda ata-oğul mübarizələri, oğuzlarla
xəzərlərin, səlcuqlularla xarəzmlərin və s. Belə şeylər hər dönəmdə var.
Tarixdən bir intiqam hissi gətirmək lazım deyil. Şah İsmayılın türklüyü bəzən
Türkiyədə, bəzən elə Azərbaycanda da müzakirə olunur. Mən bu müzakirələrə
gülürəm. Çünki bütün mənbələr, bütün qaynaqlar onun türklüyü istiqamətində bizə
yol göstərir. O mənbələri görməzdən gəlib Şah İsmayılın soy-kökünü başqa
millətə bağlamağa çalışırlar. Şahın da, eləcə də bütün ailəsinin danışdığı dil,
ədəbiyyat dili, saray dili türkcəydi. Qızılbaşların hamısı türkcə danışıb.
Səfəvi tarixindən hadisələrə baxanda görərik ki, Azərbaycan tarixi oğurlanmış
bir ölkədir. İndi gözünüzün qarşısında bir ölkənin tarixi oğurlanırsa buna çəpik
çalsan, alqış tutsan dörd gün sonra sizin də mədəniyyətinizi, hətta varlığınızı
oğurlayarlar. Türkiyədə 70-80 ildə oturuşmuş bir düşüncə var. Biz bu düşüncəni
dəyişdirmək üçün bütün informasiya vasitələrindən istifadə edirik, televiziya,
radioya, qəzetlərə çıxıb bunları açıq-açıq söyləməyə və sahiblənməyə çalışırıq.
İşimiz bundan ibarətdir.
Suallara keçilir:
Niyaz Niftiyev: Sizin
söylədikləriniz sosial mediada yayılır həmişə də diqqətimizdədir. Bizim
tədqiqatçılar bütün araşdırmalarında dəfələrlə Azərbaycan Səfəvilər dövləti
deyə bəyan edirlər. Amma təəssüf ki, indiki bəzi tarixi mənbələrdə Səfəvilər
hələ də İran dövləti kimi göstərilir.
– Bu məqamda bir
məsələni dərindən başa düşmək, eyni zamanda da başa salmaq lazımdır. "İran” adlanan
əraziyə min ildən artıq türklər hökmranlıq edib. Və indi də hökumət forması
dəyişsə, orada türklərin varlığı davam edir, 34 milyon türk var. Səfəvi
dövlətini quranlar, yaşadanlar meydana çıxaranlar, o Səfəvi, Qacar, Nadir Şah
Əfşar mədəniyyətini yaradanlar, ondan əvvəl səlcuqlular, xarəzmşahlar,
teymurluların hamısı türküydülər. Səfəvi bir türk dövlətidir. Qurucuları da,
yaşadanları da, dövlətin böyüməsi üçün ömürlərini tükədənlər də türklərdir. Mən
bunu istər İran, istər Türkiyədəki konfranslarımda da həmişə dilə gətirirəm.Əgər
ortaya elmi tablo qoyursunuzsa, sizə heç kim heç nə edə bilməz. Bir dostum mənə
İranda "azəri”lərin olduğunu, türklərin olmadığını söylədi, dedi ki, İranın
yerli xalqları azərilər idi, səlcuqlar gəlib onları türkləşdirdilər,
müsəlmanlaşdırdılar. Dedim bəs onlar türkləşərkən oğuzlar hara getdilər? Əgər
sənin dediyin kimidisə onda oğuzlar azəriləşmişdir. Dostumun deməyə sözü qalmadı.
"Səfəvi dövründə niyə azəri yoxdur” sualıma da cavab verə bilmədi. Bu mübahisədən
sonra "Səfəvilər dövründə türk adı və türk imici” adlı bir məqalə yazdım. Fars
mənbələrində türk xanədan ailəsi təmiz və pak soylu deyə xitab edilir. Bir
qızılbaşdan bəhs edərkən təmiz və saf anlamında türk təbiətlidir, deyilir.
Məsələn, İskəndər bəy Münşi "Tarix-i aləm aray-i Abbasi” adlı bildirir ki, hicri
təqvimi istifadə elədim, amma türklər də başa düşsün deyə hicri təqvimlə
bərabər on iki heyvanlı təqvimi istifadə elədim, yəni, türk təqvimini. Hər
vəsiləylə qızılbaşlardan bəhs edəndə türkmən deyə bəhs edir, saf türkmən deyə,
saf, təmiz deyə, sufi əhli deyə anladır. Əlinizdə bu qədər geniş bir fakt
varkən birinin çıxıb "siz bunu niyə belə deyirsiniz” demə haqqı yoxdur. Onsuz
da iranlı tarixçilərin İran tarixi ilə bağlı düşüncələri qarışıqdır. Dövlətlərinin
son min ildəki padşahlarının hamısı türkdür. Böyük Nadir şah deyə bilmirlər,
çünki Nadir şah türkdür, böyük Şah İsmayıl deyə bilmirlər, çünki Şah İsmayıl
Türkdür. Onlar Abbasa sahib çıxa bilərlər, böyük Abbas deyirlər, niyə
bilirsinizmi, dövləti dəyişdirdiyi, türklərin dövlətdəki təsir gücünü azaltdığı
üçün.Biz bu həqiqəti qəbul
etdirmək məcburiyyətindəyik. Azəri deyə bir məfhum yoxdur, bura bir Oğuz
yurdudur. Anadolunun türkləşmə prosesi Azərbaycandan başlamışdır. Əvvəl
Azərbaycan türkləşib, 1071-ci ildən sonra da burdakı türklər Anadoluya keçib. Bizim
Osmanlının ataları burdakı Muğan tərəfindən gəliblər deyə nəql edilir. Bu,
normaldır, öncə Azərbaycan türkləşdi, daha sonra Anadolu fəth edildi və burdakı
əhali Anadoluya axın etdi.
Sona Vəliyeva: Bəlkə ona görə bizim
haqqımız var deyək, ki, türkçülüyün mərkəzi Azərbaycandır. "Bakıda Sultan Səlim
və şah İsmayıl” adlı simpozium keçirildi, mən də orda tarixçilərin qarşısında
çıxış elədim və bildirdim ki, tarixçi olmasam da, bu tədbirin elmi və ictimai
əhəmiyyətinə toxunmaq istəyirəm. Orada türk dövlətlərindən, hətta uzaq Şərqdən
gələnlər vardı. Orada qeyd etdim ki, biz intiqam, kiməsə haqq qazandırmaq hissi
kimi yox, bu türk sevgisini qabartmalıyıq. Bu mənada düşünürəm ki, türkçülüyün
mərkəzi Azərbaycandır.
Tufan
Gündüz:
– XIX-cu əsrdə
Azərbaycan çox önəmli kültürəl və mədəniyyət məkanıydı. Osmanlı bir
imperiyaydı, imperiyada da başqa ünsürlər, fərqli millətlər olur. Məsələn,
İstanbul eyni zamanda erməniçiliyin, ərəbçiliyin, bolqarçılığın, yunançılığın
da mərkəzidir. Azərbaycanda bir milli dövlət fikri çox əvvəllərdən cücərib.
Azərbaycanda yetişən elm və sənət adamları məhz buna görə Anadoluya təsir edə
bildilər. Bizim imperiyadan qalan türklük kəşfimiz, milli dövlət kəşfi
düşüncəsi ilə yer dəyişdirdi. Bu gün də türklük mövzusunda Azərbaycandan yaxşı
xəbərlər alırıq. İstər təhsillə, istər incəsənətlə başlı xəbərlər bizi
sevindirir. Bu ölkə bizimdir, burda günü-gündən inkişaf edən bir Azərbaycan
var, qərbində əhalisinin sayı artıq 80 milyona çatan bir Türkiyə var. Kimsə
gəlib bizdən ölkəmizi ala bilməz. İtirmək qorxusu ilə tarixi səhv oxumamalıyıq.
Qədimliyimizi sübut eləmək üçün məzarları qazmaq da lazım deyil. Bura artıq
bizimdir. Eyni vəziyyət Türkiyə üçün də keçərlidir. Biz Oğuzuq. Torpağınıza
sahib çıxın, sərhədlərinizi qoruyun, dostunuzu-düşməninizi yaxşı tanıyan. Mən
həmişə "su uyur, düşmən uyumaz” məsəlini belə izah edirəm "düşmən yatmırsa, su
da yatmasın”. Gələcəyə gedən yolda keçmişə ilişib qalmadan, özümüzü daha çox
ifadə eləməliyik. Azərbaycan tarixi ağrı-acıyla, problemlərlə dolu bir
tarixdir. Ən böyük problem də "azəri” kəlməsidir. Biz türkük, bizim adımıza
başqa adlar qoşub yadlaşdırmaq lazım deyil. Bu məqam səhv gedəndə Çaldıran
döyüşü özünə anlam qazanacaq və sadəcə İranın deyil, dörd bir yanımızdakı hər
kəsin istədiyi olacaq.
Bu yerdə söhbətin
mövzusu dəyişir və Tufan bəydən Azərbaycanı hardan tanıdığını soruşuruq və
başlayır çoxlarına məlum olan "Şıdırğı yağmur” əhvalatını danışmağa:
– Bizim kəndlərə o
vaxt işıq çəkilməmişdi. Radiolar
əvəzedilməziydi, radioda da bir kanal var - Türkiyə radiosu. Bir də "Türkiyənin
səsi” radiosu var onu da dinləyə bilmirsiniz, çünki xaricə yayımlanırdı. Belə
axtarışların birində türkcə bir səs eşitdim. Daha bu qədər uşağıydım (ağlayır). Türkcə, amma haranın
türkcəsi? O səsi eşitdim, başa düşməyə çalışdım. Sonra Füzuli kəlməsi eşitdim,
sonra bir xanım bir şeir dedi, radio qapandı. Səhəri güclə açdım, axşamı
gözləyirəm, hamı yatsın mən radionu götürüb yorğanın altında qulaq asım. Beləcə
gecə 12 xəbərlərini verir, hava durumuna növbə gələndə deyir "sabah şıdırğı
yağmur olacaq”. Allah, nədir bu şıdırğı? Şəhərlərin adı çəkilir, Bakı, Gəncə.
Ertəsi gün yenə eyni saatda radioya qulaq kəsilirəm. Böyüdüm, ordan yola çıxıb
Azərbaycan tarixini öyrənməyə başladım. Füzulini öyrəndim, o Füzuli ki, ona Osmanlı
şairi də deyə bilirik. O gündən bəri hər yerdə mən də beləcə ağlaya-ağlaya
danışaram bunu (ağlayır).
Sona Vəliyeva:
- Tufan bəy, bizi də
kövrəltdiniz. Mənim də babam türk radiosuna qulaq asardı həmişə. Bu ağlamaq
deyil, əslində, millət aşiqi olmaqdır, millətə olan, Azərbaycana olan sevgidir.
İnanın o göz yaşının mində bir zərrəsi böyük bir çinar yetişdirə bilər.
Böyüklükdür həm də.
Təranə Məhərrəmova:
- Tufan bəy, cənab
prezident Ərdoğan Qazaxıstandan dönəndə təyyarədə jurnalistlərin suallarını
cavablandırıb və ortaq Türk dünyası universitetinin yaradılması təklifini
səsləndirib. Azərbaycanın, Qazaxıstanın, Qırğızıstan, Türkiyə, Türkmənistan,
hətta Tacikistanın da daxil olacağı belə bir universitetin yaradılmasının Türk
dünyası üçün hansı əhəmiyyəti ola bilər? Və sizcə, harda yaradılmalıdır?
– Belə bir
universitetə bizim çox ciddi ehtiyacımız var. İstanbuldakı bir məlumat Alma-Atadan,
Astanadan, Bakıdakı bir informasiyanın İraq və ya Balkanlardan eşidilməlidir.
200 milyonluq bir türk dünyası var. Bu qədər elm adamı, bu qədər universitet
var, amma heç kimin biri-birindən xəbəri yoxdur. Ortaq məlumatlar toplusu
yaradılmalıdır. Harada olmağı əsas deyil. İlk böyük Türk Akademiyası Qazaxıstanda
quruldu. Bunun özü böyük addım idi. Azərbaycan türklüyü bizdən sonra ən çox
dilə gətirən yerdir. Bəli, indi bir Türk universitetinə ehtiyacımız var. Bu
millət olma dövrünü bütün Türk dünyasında paralel olaraq keçməlidir.
Universitet böyük əhəmiyyət kəsb edir. Hər kim düşünübsə, doğru düşünüb.
İlham Quliyev:
- Tufan bəy, mənə maraqlıdır, sizin də təhlükə
kimi qeyd elədiyiniz məsələlər türk televiziyalarında xüsusi qabardılır.
Məsələn, Şah İsmayılla bağlı mövzu tez-tez tarixilə bağlı verilişlərdə
müzakirəyə çıxarılır ki, bu da bizdə haqlı narazılıqlara səbəb olur? Sizcə,
məsələnin kökündə nə durur?
– Məsələnin kökündə cəhalət
dayanır! Birincisi, Şah İsmayıl və Səfəvi tarixi ilə bağlı məlumatları yoxdur.
İkincisi, Şah İsmayılın Türk dünyası ilə bağlı nə ifadə etdiyini bilmir və heç
maraqlanmır da. Şah İsmayılın Azərbaycan üçün əhəmiyyəti böyükdür. Əgər siz
Azərbaycanın varlığından və bu məsələlərdə həssaslığından xəbərdarsınızsa, bu
mövzularda diqqətli olmalısınız. Öz aləmlərində guya orda Sultan Səlimlə,
Yavuzu öyür, amma böyük bir türk dünyasını incitdiyinin fərqində deyil.
Üçüncüsü, Türkiyədə bəzi kəsimlər sırf oxucu toplamaq, dinləyicini sevindirmək
üçün onlardan birini böyüdürlər. Bu, sadəcə, Sultan Səlim və ya Qanuni üçün
deyil, İkinci Əbdülhəmid, ya da Osman Qazi və Atatürk üçün də belədir. Təəssüf
ki, Türkiyədə bütün insanların eyni düşüncədə deyil, bunu onlardan gözləyə
bilmərik. Mübarizə aparmaq lazımdır, biz də inadla, israrla hər yerdə bu
mübarizəni aparırıq. Bəzən hiddətlənirik, bəzən Azərbaycan türklərinin
incidiyini də görürük. Amma cəhalətdən incimək yox, ona qarşı mübarizə aparmaq
lazımdır.
Təranə Məhərrəmova:
- Ortaq Türk dili ilə
bağlı müzakirələr də uzun müddətdir ki, davam edir. Amma bizi sevindirəcək
böyük addımlar atılmır...
– Ortaq dil bir az
çətin məsələdir. Bunu qəbul eləmək lazımdır. Qazax ləhcəsi ilə Anadolu ləhcəsi
arasındakı fərq çox artıb. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi arasında
çox az bir fərq olmağına baxmayaraq, sizi başa düşməyə bilərlər. Bunların
aradan qaldırılmaq çətin məsələdir. Mənə görə uzaq bir xəyaldır. Amma ortaq
tarix məsələsində gecikdik. Ortaq mədəni əlaqələr yaradılmalıdır. Ortaq kino
yaradılmalıdır. Azərbaycanda da yetişən çox dəyərli kinoşünaslar var, burda
yazılan çox önəmli əsərlər var, Türkiyədə də. Dövlət səviyyəsində bu ortaqlıq
inkişaf etdirilməlidir. Sovet travması Türkiyədə Azərbaycan haqqına
məlumatsızlığa səbəb oldu. Bu problem həll olunmalıdır.
Aygün Əhmədova: - Azərbaycanla
bağlı xatirəniz çox maraqlıdır. Hər dəfə bura gəlib gedəndə hansı xatirələrdən,
hansı hisslərlə qayıdırsınız?
– Bu, mənim üçüncü
gəlişimdir. Yenə uşaqlığımdan bir hekayə danışacağam. Mən çox kiçik yaşlarımda
ailəmdən ayrılıb şəhərə gəldim. Böyük binalara baxanda həmişə orada yaşayan
insanların necə də xoşbəxt olduğunu düşünürdüm. Elə bilirdim binalar
yüksəkdirsə, onlarda yaşayanlar da xoşbəxtlik içərisindədir. Bu yaşımda belə
hər dəfə başqa ölkəyə gedəndə eyni hissləri keçirirəm. Böyük binaların kiçik
pəncərələrindən görünən adamların xoşbəxtliyinə sevinirəm. Bircə Azərbaycandan
qayıdanda deyirəm ki, yoldaşım artdı. Mənim orda çox yoldaşım var.
Şəbnəm Mehdizadə:- Bu
gün Türkiyədəki azərbaycanlı gənclərin Türkiyə təhsil sisteminə uyğunlaşması
sizi qane edirmi?
– Azərbaycanlı
tələbələrlə bağlı ən böyük problem dil məsələsidir. Onlar heç bir vəchlə
Türkiyə türkcəsini öyrənmək istəmirlər. Onlara elə gəlir ki, danışa bilirlərsə,
qrammatikanı öyrənməyə ehtiyac yoxdur. Güney Azərbaycandan gələnlər də elədir.
Ən böyük problem budur. Dil bilmədiklərindən elmi araşdırma apara bilmirlər.
Mən bir neçə xarici dövlətdə olmuşam. Bir il İranda, bir il Bosniya və Herseqovinada,
üç ay İngiltərədə yaşamışam. Hər hansı xarici ölkəyə gedəndə birinci oranın
xalq musiqini dinləyirəm. Çünki ən təmiz məlumat məhz orda var. Dünyaya yayılan
gənclərə bunu öyrətmək lazımdır. Getdikləri yerdə etnoqrafik olaraq əvvəl o
cəmiyyəti tanımçalı, başa düşməlidirlər ki, oradan buraya bilgi gətirə biləsinlər.
Aygün Əhmədova: – Azərbaycanda
hansı müğənniləri sevirsiniz?
– Hamısını. Son
vaxtlar Güllü Muradovanı çox sevirəm. Onunla oxuyan bir Ehtiram var. Ay Allah,
necə gözəl ifa edirlər. Hələ kaman çalan İmamyarı demirəm. Azərbaycan
mahnılarını çox sevirəm, çox da gözəl ifa edirəm.
Nigar İsfəndiyar: – Türk
kimdir?
– Bizik! Mən sizə türkçülüyün
qorunması üçün əlinizdən nə gəlirsə, etməyi tövsiyə edirəm. İlk sözüm də, son
sözüm də budur.
Hazırladı: Nigar İsfəndiyar