• çərşənbə axşamı, 19 mart, 10:28
  • Baku Bakı 8°C

Anadolunun türkləşmə prosesi Azərbaycandan başlayıb - Fotolar

18.09.17 13:25 3329
Anadolunun türkləşmə prosesi Azərbaycandan başlayıb - Fotolar
Bosniya və Herseqovinanın ucsuz-bucaqsız meşələrinin arasına səpilmiş, müharibədən zərər görən kəndlərindən birindəki insanlara yardım kampaniyası təşkil edir Türkiyə Qızıl Aypara Cəmiyyəti. Ərzaq dolu maşınlar Türkiyədən yola çıxır. Kəndləri bir-birinə bağlayan asfalt yol qurtarır. Amma dağ kəndlərində ehtiyacı olan insanlar var. Ağsaqqallardan biri deyir ki, o dağın arxasındakı kənddə yaşlı bir qadın var. Maşın yolu da yoxdur. İki Türk zabiti qutuları kürəyinə alıb o ev’ gedir. Minbir əziyyətlə özlərini çatdıranda qapını açan nənə: "Türksünüzmü” deyə soruşur.
"Gələcəyinizi bilirdim”. Zabitin biri evin kandarına çöküb "Çırpınırdı Qaradəniz”dən "vəfalı Türk gəldi” misralarını gözündən yaş süzülə-süzülə həzin səslə oxumağa başlayır.Azərbaycan türkü onu TRT ekranlarında ağlaya-ağlaya danışdığı bu əhvalatla tanıdı. Yolu bizdən düşdü, ədəbdəndir, söz demək haqqı da ona keçdi. Nə dedi, nə söylədi, siz də buyurun:
Müsahibim "vəfalı türk”dür! Professor Tufan Gündüz:

Təsisçimiz Sona xanım Vəliyeva Tufan Gündüzü "Kaspi” qəzeti ilə tanış edir və deyir ki: "Bu qəzet böyük kişilərin əmanətidir. Cümhuriyyəti quranların əksəriyyəti burada fəaliyyət göstərib. "Kaspi” qəzeti sanki cümhuriyyətin bir beyin mərkəziydi. Bu gün də Azərbaycanın ən böyük kollektivi olan bir mətbu orqandır”.
Tufan Gündüz:
– Dəvət üçün təşəkkür edirəm. "Kaspi”nin tarixi bir qəzet olduğu haqda məlumatım var. Əslinə qalsa, sadəcə Türk dünyasında deyil, bütün dünyada tarixi qədim olan qəzetlərin sayı azdır. Türkiyədə ən uzunömürlü hesab elədiyimiz qəzetlərin belə əlli və ya altmış yaşı var: 130 illik qəzet, əslində, 130 illik bir təcrübə, yaddaş deməkdir. Bildiyimə görə də "Kaspi” bu gün öncəliklə Azərbaycan və təbii ki, bütövlükdə Türk dünyasının dərdini özününkü bilən bir mətbu orqandır. Mən Türk dünyasının məsələlərini daş-daş hörülmüş divara bənzədirəm. Kim o divara bir daş qoyursa, Allah ondan razı olsun. Deməli, Türk dünyası üçün nəsə eləyir. Kənarda durub o divarın yıxılmağını gözləmir. Sizi də, bu gənc dostlarımızı da qəzetinizi də o divarın xidmətində olduğunuz üçün təbrik edirəm.Mən Ankarada Hacəttəpə Universitetində "Türkiyyat Araşdırmaları” fakültəsində çalışıram. Daha əvvəl də 25 il Qazi Universitetində işləmişəm. Tarix elmiylə məşğulam. Tarixi araşdırmalarım əsasən türkmənlərin tarixi ilə bağlıdır. Əslində, bütün məsələ oğuzlarla başlayır. Daha sonra köçəriliyi türkmənlər inkişaf etdirdiyi üçün o arxa planda qalır və Türk adı önə çıxır. Soy-kök olaraq hamımız Oğuzuq. Araşdırmanın həyəcanverici məqamları ordadır ki, siz öz tarixinizi araşdıranda atalarınızın, ulularınızın əhvalatları ilə rastlaşırsınız. Onları öyrənirsiniz. Bu, sizi tarixin romantizmilə yanaşı bu günün peşmanlıqlarının da içərisinə çəkir. Çünki tarixdə böyük bir millət olduğunuzu görürsünüz, onu bu günlə müqayisə edirsiniz, nəticə ürəyinizcə olmayanda ürəyiniz qırılır. Siz axı çox böyük bir keçmişdən gəlirsiniz. Biz indi dörd minillik bir tarixin son 60-70 ilini yaşamaqdayıq. Və bu qısa mərhələdəki problemlər də o şanlı tarixə yaraşmır.Azərbaycanlı elm adamlarının bu tarixdə önəmli yeri var. Onların Türkiyədə Cümhuriyyətin yaradılmasında önəmli fəaliyyətləri olub. Təəssüf ki, araya Sovet dönəmi girdi, bir soyuq savaş başladı. Sanki Azərbaycan adlı bir ölkə heç olmamışdı. Biz indi israrla və inadla Azərbaycanda türklərin yaşadığını, siyasi olaraq ayrı olsa da könüllərin bir olduğunu izah eləməyə çalışırıq. Bu mənada tarix çox önəmlidir. Çünki tarix cəmiyyətlərə kültürəl dərinlik qazandırır. Azərbaycan tarixi ilə Türkiyənin tarixi demək olar ki, heç vaxt bir-birindən ayrılmayıb. Amma tarixdəki mübarizələr bəzən həddindən artıq böyüdülür, məqsədli formada qarşımıza çıxarılır.Şah İsmayıl məsələsi mənim üzərində çox durduğum bir məsələdir. Bu, tarixi bir mövzudur. 500 il əvvəl meydana gələn hadisədən bu günə aid bir qovğa çıxarmaq mənasızdır. İkincisi də sadəcə Şah İsmayıl və Yavuz Sultan deyil, daha öncə İldırım Bəyazidlə Teymurləngin savaşı da vardı. Göytürklər, hunlarda ata-oğul mübarizələri, oğuzlarla xəzərlərin, səlcuqlularla xarəzmlərin və s. Belə şeylər hər dönəmdə var. Tarixdən bir intiqam hissi gətirmək lazım deyil. Şah İsmayılın türklüyü bəzən Türkiyədə, bəzən elə Azərbaycanda da müzakirə olunur. Mən bu müzakirələrə gülürəm. Çünki bütün mənbələr, bütün qaynaqlar onun türklüyü istiqamətində bizə yol göstərir. O mənbələri görməzdən gəlib Şah İsmayılın soy-kökünü başqa millətə bağlamağa çalışırlar. Şahın da, eləcə də bütün ailəsinin danışdığı dil, ədəbiyyat dili, saray dili türkcəydi. Qızılbaşların hamısı türkcə danışıb. Səfəvi tarixindən hadisələrə baxanda görərik ki, Azərbaycan tarixi oğurlanmış bir ölkədir. İndi gözünüzün qarşısında bir ölkənin tarixi oğurlanırsa buna çəpik çalsan, alqış tutsan dörd gün sonra sizin də mədəniyyətinizi, hətta varlığınızı oğurlayarlar. Türkiyədə 70-80 ildə oturuşmuş bir düşüncə var. Biz bu düşüncəni dəyişdirmək üçün bütün informasiya vasitələrindən istifadə edirik, televiziya, radioya, qəzetlərə çıxıb bunları açıq-açıq söyləməyə və sahiblənməyə çalışırıq. İşimiz bundan ibarətdir.

Suallara keçilir:

Niyaz Niftiyev: Sizin söylədikləriniz sosial mediada yayılır həmişə də diqqətimizdədir. Bizim tədqiqatçılar bütün araşdırmalarında dəfələrlə Azərbaycan Səfəvilər dövləti deyə bəyan edirlər. Amma təəssüf ki, indiki bəzi tarixi mənbələrdə Səfəvilər hələ də İran dövləti kimi göstərilir.
– Bu məqamda bir məsələni dərindən başa düşmək, eyni zamanda da başa salmaq lazımdır. "İran” adlanan əraziyə min ildən artıq türklər hökmranlıq edib. Və indi də hökumət forması dəyişsə, orada türklərin varlığı davam edir, 34 milyon türk var. Səfəvi dövlətini quranlar, yaşadanlar meydana çıxaranlar, o Səfəvi, Qacar, Nadir Şah Əfşar mədəniyyətini yaradanlar, ondan əvvəl səlcuqlular, xarəzmşahlar, teymurluların hamısı türküydülər. Səfəvi bir türk dövlətidir. Qurucuları da, yaşadanları da, dövlətin böyüməsi üçün ömürlərini tükədənlər də türklərdir. Mən bunu istər İran, istər Türkiyədəki konfranslarımda da həmişə dilə gətirirəm.Əgər ortaya elmi tablo qoyursunuzsa, sizə heç kim heç nə edə bilməz. Bir dostum mənə İranda "azəri”lərin olduğunu, türklərin olmadığını söylədi, dedi ki, İranın yerli xalqları azərilər idi, səlcuqlar gəlib onları türkləşdirdilər, müsəlmanlaşdırdılar. Dedim bəs onlar türkləşərkən oğuzlar hara getdilər? Əgər sənin dediyin kimidisə onda oğuzlar azəriləşmişdir. Dostumun deməyə sözü qalmadı. "Səfəvi dövründə niyə azəri yoxdur” sualıma da cavab verə bilmədi. Bu mübahisədən sonra "Səfəvilər dövründə türk adı və türk imici” adlı bir məqalə yazdım. Fars mənbələrində türk xanədan ailəsi təmiz və pak soylu deyə xitab edilir. Bir qızılbaşdan bəhs edərkən təmiz və saf anlamında türk təbiətlidir, deyilir. Məsələn, İskəndər bəy Münşi "Tarix-i aləm aray-i Abbasi” adlı bildirir ki, hicri təqvimi istifadə elədim, amma türklər də başa düşsün deyə hicri təqvimlə bərabər on iki heyvanlı təqvimi istifadə elədim, yəni, türk təqvimini. Hər vəsiləylə qızılbaşlardan bəhs edəndə türkmən deyə bəhs edir, saf türkmən deyə, saf, təmiz deyə, sufi əhli deyə anladır. Əlinizdə bu qədər geniş bir fakt varkən birinin çıxıb "siz bunu niyə belə deyirsiniz” demə haqqı yoxdur. Onsuz da iranlı tarixçilərin İran tarixi ilə bağlı düşüncələri qarışıqdır. Dövlətlərinin son min ildəki padşahlarının hamısı türkdür. Böyük Nadir şah deyə bilmirlər, çünki Nadir şah türkdür, böyük Şah İsmayıl deyə bilmirlər, çünki Şah İsmayıl Türkdür. Onlar Abbasa sahib çıxa bilərlər, böyük Abbas deyirlər, niyə bilirsinizmi, dövləti dəyişdirdiyi, türklərin dövlətdəki təsir gücünü azaltdığı üçün.Biz bu həqiqəti qəbul etdirmək məcburiyyətindəyik. Azəri deyə bir məfhum yoxdur, bura bir Oğuz yurdudur. Anadolunun türkləşmə prosesi Azərbaycandan başlamışdır. Əvvəl Azərbaycan türkləşib, 1071-ci ildən sonra da burdakı türklər Anadoluya keçib. Bizim Osmanlının ataları burdakı Muğan tərəfindən gəliblər deyə nəql edilir. Bu, normaldır, öncə Azərbaycan türkləşdi, daha sonra Anadolu fəth edildi və burdakı əhali Anadoluya axın etdi.
Sona Vəliyeva: Bəlkə ona görə bizim haqqımız var deyək, ki, türkçülüyün mərkəzi Azərbaycandır. "Bakıda Sultan Səlim və şah İsmayıl” adlı simpozium keçirildi, mən də orda tarixçilərin qarşısında çıxış elədim və bildirdim ki, tarixçi olmasam da, bu tədbirin elmi və ictimai əhəmiyyətinə toxunmaq istəyirəm. Orada türk dövlətlərindən, hətta uzaq Şərqdən gələnlər vardı. Orada qeyd etdim ki, biz intiqam, kiməsə haqq qazandırmaq hissi kimi yox, bu türk sevgisini qabartmalıyıq. Bu mənada düşünürəm ki, türkçülüyün mərkəzi Azərbaycandır.
Tufan Gündüz:
– XIX-cu əsrdə Azərbaycan çox önəmli kültürəl və mədəniyyət məkanıydı. Osmanlı bir imperiyaydı, imperiyada da başqa ünsürlər, fərqli millətlər olur. Məsələn, İstanbul eyni zamanda erməniçiliyin, ərəbçiliyin, bolqarçılığın, yunançılığın da mərkəzidir. Azərbaycanda bir milli dövlət fikri çox əvvəllərdən cücərib. Azərbaycanda yetişən elm və sənət adamları məhz buna görə Anadoluya təsir edə bildilər. Bizim imperiyadan qalan türklük kəşfimiz, milli dövlət kəşfi düşüncəsi ilə yer dəyişdirdi. Bu gün də türklük mövzusunda Azərbaycandan yaxşı xəbərlər alırıq. İstər təhsillə, istər incəsənətlə başlı xəbərlər bizi sevindirir. Bu ölkə bizimdir, burda günü-gündən inkişaf edən bir Azərbaycan var, qərbində əhalisinin sayı artıq 80 milyona çatan bir Türkiyə var. Kimsə gəlib bizdən ölkəmizi ala bilməz. İtirmək qorxusu ilə tarixi səhv oxumamalıyıq. Qədimliyimizi sübut eləmək üçün məzarları qazmaq da lazım deyil. Bura artıq bizimdir. Eyni vəziyyət Türkiyə üçün də keçərlidir. Biz Oğuzuq. Torpağınıza sahib çıxın, sərhədlərinizi qoruyun, dostunuzu-düşməninizi yaxşı tanıyan. Mən həmişə "su uyur, düşmən uyumaz” məsəlini belə izah edirəm "düşmən yatmırsa, su da yatmasın”. Gələcəyə gedən yolda keçmişə ilişib qalmadan, özümüzü daha çox ifadə eləməliyik. Azərbaycan tarixi ağrı-acıyla, problemlərlə dolu bir tarixdir. Ən böyük problem də "azəri” kəlməsidir. Biz türkük, bizim adımıza başqa adlar qoşub yadlaşdırmaq lazım deyil. Bu məqam səhv gedəndə Çaldıran döyüşü özünə anlam qazanacaq və sadəcə İranın deyil, dörd bir yanımızdakı hər kəsin istədiyi olacaq.

Bu yerdə söhbətin mövzusu dəyişir və Tufan bəydən Azərbaycanı hardan tanıdığını soruşuruq və başlayır çoxlarına məlum olan "Şıdırğı yağmur” əhvalatını danışmağa:

– Bizim kəndlərə o vaxt işıq çəkilməmişdi. Radiolar əvəzedilməziydi, radioda da bir kanal var - Türkiyə radiosu. Bir də "Türkiyənin səsi” radiosu var onu da dinləyə bilmirsiniz, çünki xaricə yayımlanırdı. Belə axtarışların birində türkcə bir səs eşitdim. Daha bu qədər uşağıydım (ağlayır). Türkcə, amma haranın türkcəsi? O səsi eşitdim, başa düşməyə çalışdım. Sonra Füzuli kəlməsi eşitdim, sonra bir xanım bir şeir dedi, radio qapandı. Səhəri güclə açdım, axşamı gözləyirəm, hamı yatsın mən radionu götürüb yorğanın altında qulaq asım. Beləcə gecə 12 xəbərlərini verir, hava durumuna növbə gələndə deyir "sabah şıdırğı yağmur olacaq”. Allah, nədir bu şıdırğı? Şəhərlərin adı çəkilir, Bakı, Gəncə. Ertəsi gün yenə eyni saatda radioya qulaq kəsilirəm. Böyüdüm, ordan yola çıxıb Azərbaycan tarixini öyrənməyə başladım. Füzulini öyrəndim, o Füzuli ki, ona Osmanlı şairi də deyə bilirik. O gündən bəri hər yerdə mən də beləcə ağlaya-ağlaya danışaram bunu (ağlayır).
Sona Vəliyeva:
- Tufan bəy, bizi də kövrəltdiniz. Mənim də babam türk radiosuna qulaq asardı həmişə. Bu ağlamaq deyil, əslində, millət aşiqi olmaqdır, millətə olan, Azərbaycana olan sevgidir. İnanın o göz yaşının mində bir zərrəsi böyük bir çinar yetişdirə bilər. Böyüklükdür həm də.
Təranə Məhərrəmova:
- Tufan bəy, cənab prezident Ərdoğan Qazaxıstandan dönəndə təyyarədə jurnalistlərin suallarını cavablandırıb və ortaq Türk dünyası universitetinin yaradılması təklifini səsləndirib. Azərbaycanın, Qazaxıstanın, Qırğızıstan, Türkiyə, Türkmənistan, hətta Tacikistanın da daxil olacağı belə bir universitetin yaradılmasının Türk dünyası üçün hansı əhəmiyyəti ola bilər? Və sizcə, harda yaradılmalıdır?
– Belə bir universitetə bizim çox ciddi ehtiyacımız var. İstanbuldakı bir məlumat Alma-Atadan, Astanadan, Bakıdakı bir informasiyanın İraq və ya Balkanlardan eşidilməlidir. 200 milyonluq bir türk dünyası var. Bu qədər elm adamı, bu qədər universitet var, amma heç kimin biri-birindən xəbəri yoxdur. Ortaq məlumatlar toplusu yaradılmalıdır. Harada olmağı əsas deyil. İlk böyük Türk Akademiyası Qazaxıstanda quruldu. Bunun özü böyük addım idi. Azərbaycan türklüyü bizdən sonra ən çox dilə gətirən yerdir. Bəli, indi bir Türk universitetinə ehtiyacımız var. Bu millət olma dövrünü bütün Türk dünyasında paralel olaraq keçməlidir. Universitet böyük əhəmiyyət kəsb edir. Hər kim düşünübsə, doğru düşünüb.
İlham Quliyev:
- Tufan bəy, mənə maraqlıdır, sizin də təhlükə kimi qeyd elədiyiniz məsələlər türk televiziyalarında xüsusi qabardılır. Məsələn, Şah İsmayılla bağlı mövzu tez-tez tarixilə bağlı verilişlərdə müzakirəyə çıxarılır ki, bu da bizdə haqlı narazılıqlara səbəb olur? Sizcə, məsələnin kökündə nə durur?
– Məsələnin kökündə cəhalət dayanır! Birincisi, Şah İsmayıl və Səfəvi tarixi ilə bağlı məlumatları yoxdur. İkincisi, Şah İsmayılın Türk dünyası ilə bağlı nə ifadə etdiyini bilmir və heç maraqlanmır da. Şah İsmayılın Azərbaycan üçün əhəmiyyəti böyükdür. Əgər siz Azərbaycanın varlığından və bu məsələlərdə həssaslığından xəbərdarsınızsa, bu mövzularda diqqətli olmalısınız. Öz aləmlərində guya orda Sultan Səlimlə, Yavuzu öyür, amma böyük bir türk dünyasını incitdiyinin fərqində deyil. Üçüncüsü, Türkiyədə bəzi kəsimlər sırf oxucu toplamaq, dinləyicini sevindirmək üçün onlardan birini böyüdürlər. Bu, sadəcə, Sultan Səlim və ya Qanuni üçün deyil, İkinci Əbdülhəmid, ya da Osman Qazi və Atatürk üçün də belədir. Təəssüf ki, Türkiyədə bütün insanların eyni düşüncədə deyil, bunu onlardan gözləyə bilmərik. Mübarizə aparmaq lazımdır, biz də inadla, israrla hər yerdə bu mübarizəni aparırıq. Bəzən hiddətlənirik, bəzən Azərbaycan türklərinin incidiyini də görürük. Amma cəhalətdən incimək yox, ona qarşı mübarizə aparmaq lazımdır.

Təranə Məhərrəmova:
- Ortaq Türk dili ilə bağlı müzakirələr də uzun müddətdir ki, davam edir. Amma bizi sevindirəcək böyük addımlar atılmır...
– Ortaq dil bir az çətin məsələdir. Bunu qəbul eləmək lazımdır. Qazax ləhcəsi ilə Anadolu ləhcəsi arasındakı fərq çox artıb. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi arasında çox az bir fərq olmağına baxmayaraq, sizi başa düşməyə bilərlər. Bunların aradan qaldırılmaq çətin məsələdir. Mənə görə uzaq bir xəyaldır. Amma ortaq tarix məsələsində gecikdik. Ortaq mədəni əlaqələr yaradılmalıdır. Ortaq kino yaradılmalıdır. Azərbaycanda da yetişən çox dəyərli kinoşünaslar var, burda yazılan çox önəmli əsərlər var, Türkiyədə də. Dövlət səviyyəsində bu ortaqlıq inkişaf etdirilməlidir. Sovet travması Türkiyədə Azərbaycan haqqına məlumatsızlığa səbəb oldu. Bu problem həll olunmalıdır.
Aygün Əhmədova: - Azərbaycanla bağlı xatirəniz çox maraqlıdır. Hər dəfə bura gəlib gedəndə hansı xatirələrdən, hansı hisslərlə qayıdırsınız?
– Bu, mənim üçüncü gəlişimdir. Yenə uşaqlığımdan bir hekayə danışacağam. Mən çox kiçik yaşlarımda ailəmdən ayrılıb şəhərə gəldim. Böyük binalara baxanda həmişə orada yaşayan insanların necə də xoşbəxt olduğunu düşünürdüm. Elə bilirdim binalar yüksəkdirsə, onlarda yaşayanlar da xoşbəxtlik içərisindədir. Bu yaşımda belə hər dəfə başqa ölkəyə gedəndə eyni hissləri keçirirəm. Böyük binaların kiçik pəncərələrindən görünən adamların xoşbəxtliyinə sevinirəm. Bircə Azərbaycandan qayıdanda deyirəm ki, yoldaşım artdı. Mənim orda çox yoldaşım var.
Şəbnəm Mehdizadə:- Bu gün Türkiyədəki azərbaycanlı gənclərin Türkiyə təhsil sisteminə uyğunlaşması sizi qane edirmi?
– Azərbaycanlı tələbələrlə bağlı ən böyük problem dil məsələsidir. Onlar heç bir vəchlə Türkiyə türkcəsini öyrənmək istəmirlər. Onlara elə gəlir ki, danışa bilirlərsə, qrammatikanı öyrənməyə ehtiyac yoxdur. Güney Azərbaycandan gələnlər də elədir. Ən böyük problem budur. Dil bilmədiklərindən elmi araşdırma apara bilmirlər. Mən bir neçə xarici dövlətdə olmuşam. Bir il İranda, bir il Bosniya və Herseqovinada, üç ay İngiltərədə yaşamışam. Hər hansı xarici ölkəyə gedəndə birinci oranın xalq musiqini dinləyirəm. Çünki ən təmiz məlumat məhz orda var. Dünyaya yayılan gənclərə bunu öyrətmək lazımdır. Getdikləri yerdə etnoqrafik olaraq əvvəl o cəmiyyəti tanımçalı, başa düşməlidirlər ki, oradan buraya bilgi gətirə biləsinlər.
Aygün Əhmədova: – Azərbaycanda hansı müğənniləri sevirsiniz?
– Hamısını. Son vaxtlar Güllü Muradovanı çox sevirəm. Onunla oxuyan bir Ehtiram var. Ay Allah, necə gözəl ifa edirlər. Hələ kaman çalan İmamyarı demirəm. Azərbaycan mahnılarını çox sevirəm, çox da gözəl ifa edirəm.
Nigar İsfəndiyar: – Türk kimdir?
– Bizik! Mən sizə türkçülüyün qorunması üçün əlinizdən nə gəlirsə, etməyi tövsiyə edirəm. İlk sözüm də, son sözüm də budur.
Hazırladı: Nigar İsfəndiyar

banner

Oxşar Xəbərlər