AZE | RUS | ENG |

Anadolunun atəşi Şəkini də qarsdı

Anadolunun atəşi Şəkini də qarsdı
“Anadolu atəşi”nin İrəvanlı rəqqası...

(sentyabr ayının 23-ü Türkiyənin məşhur rəqs qrupu “Anadolu atəşi”nin Şəki şəhərinin 2700 illik yubileyi münasibətilə Şəkidə konsert verdi)

Rəqslər bir xalqın folklor mədəniyyətinin əsasını təşkil edir. Hələ qədim zamanlardan insanlar rəqsin dili ilə istədiklərini ifadə edə bilirlər. Türk xalqlarının rəqs mədəniyyəti öz əsalətini qoruyub-saxlamaqla dünyaya meydan oxumaqda davam edir. Elə təkcə bu məqamı kifayət etmək yerinə düşər ki, rəqslərin millətlər arasındakı fərqi necə təzahür etdiyinin şahidi olaq: digər xalqların rəqs mədəniyyətindən fərqli olaraq Türk rəqs mədəniyyətində bədənin heç bir əzası qarşı cinsdə həvəs yaratmır. Təkcə bu məqam əslində Türk millətinin öz dəyərlərinə necə sadiq olduğunun göstəricisidir.
Bu missiyanı layiqincə daşıyan, dünyaca məşhur bir qrupdan reportaj hazırlamaq şansına onların dəfələrlə Bakıda keçirilən konsertlərində deyil, Şəkidə nail oldum. “Anadolu atəşi” Şəkinin, mən onların qonağıyam. Tam yetmiş iki nəfərlik bir heyətlə Şəkiyə gələn qrup altmış nəfərlik heyətlə altmış dəqiqəlik konsertə hazırlaşır. Heç bir media nümayəndəsinin buraxılmadığı kulisi eninə-uzununa dolaşıram. Qrupun sorumlusu Aniş Aslan baş rəqqasla yaxınlaşır. İlk sualım və artıq müsahibəm başlayır:


- Bizə özünüzü tanıdarsınızmı?
- Ərcan Çoban. Rəqs müəllimiyəm. “Anadolu atəşi” qrupunun qurulduğu tarixdən, yəni 1999-cu ildən bəri qrupda fəaliyyət göstərirəm. İki il əvvələ qədər rəqqas idim, artıq rəqs müəllimi olaraq çalışıram.
- Nədən “Anadolu atəşi”?
- Nədən “Anadolu atəşi”, indi deyim sizə. Qrupa gəlməmişdən əvvəl bir rəqqas olaraq Anadolunun rəqs mədəniyyətini bütün dünyaya tanıtmaq istəyirdim. Mustafa bəy Ərdoğanın bu missiyanı daşıyan bir qrup yaratdığını eşitdim. Və mən də bu qrupun heyətində yer almaq istədim. Bu səbəblə Anadolu atəşini seçdim.
- Ərcan bəy, Türk Tanrının adını daşıyan bir millətdir. Türk demək-əsalət demək, ağayanalıq demək, dünyaya hökmdarlıq etmək üçün xəlq edilmiş bir millət deməkdir. Türkün kim olduğunu hər kəs bilir. Bəs Türk millətinin bu əsalətini ifa etdiyiniz rəqslərdə önə çıxarmağı necə bacarırsız? Axı bəzən könüldən istədiyin bir işi əməlində göstərə bilmirsən. Bu, sizdə çox gözəl alınır...
- Bunun təməlində yorğun əmək dayanır. Bir məqamı xüsusi deyim, Mustafa Ərdoğanın çox əziyyəti var bu işdə. Xarakter olaraq da çox çalışqan bir adamdır. Anadolunun içərisində minlərcə xalq rəqsləri addımları var. Mustafa bəy bu addımlardan seçib bir sintez yaratdı və bizə göstərdi. Bir ilə yaxın bir müddət ərzində, gündə 10-12 saat çalışmaqla “Anadolu atəşi” layihəsini ortaya çıxardıq.
- İnsanın simasında onun ruhundakı duyğuların hamısı əks olunur. Bu qədər gözəl bir sənətlə məşğul olmaqla bahəm eyni zamanda sıradan bir həyatı necə yaşayırsız? Axı, daş yerində ağırdır...
-Biz bunu çox çətin yaşayırıq. Amma bir maraqlı məqam var ki, mən də bütün yoldaşlarım ki, çox təbii bir insanam. Bəli, daş yerində ağırdır. Amma səhnədə başqa biri olmağımıza rəğmən adi həyatımız var.
- Sevdiyiniz bir işlə məşğul olmaq sizin xarakterinizdə nə kimi dəyişikliklər yaradır, yoxsa bu, sizin xarakterinizdə varıydımı deyə işinizdə özünü bu cür göstərir?
- Qrupa gəlməmişdən əvvəl müxtəlif işlərdə çalışan yoldaşlarımız varıydı. Təbii ki, bu qrupa daxil olduqdan sonra əsl xarakterlərimiz ortaya çıxdı. Hamımız rəqsi çox sevirik, hələ Türk xalq rəqslərini lap çox sevirik. Bu qrupun içərisində olmaq həqiqətən çox möhtəşəm bir duyğudur.
- Azərbaycanı tanıyırsızmı?
- Bəli, Azərbaycana on dəfədən artıq gəldik, amma qrup olaraq həmişə Bakıda olduq. İlk dəfədir ki, Şəkidəyik.
- Azərbaycanı bir maddi olaraq tanımaq var, bir də könüldən tanımaq var...
- Könüldən tanıyırıq, çünki qardaş ölkədir. Azərbaycanı qardaş olaraq görürük. Türkiyənin əsil kökünün burda olduğunu düşünürəm. Qardaş ölkəyik, bundan ötəsi varmı?
- Hər iki ölkəyə can qurban! Azərbaycana diləkləriniz...
- Azərbaycanı çox sevirik. “Anadolu atəşi”nin bundan sonrakı layihələri ilə təkrar Azərbaycan xalqına tamaşalar göstərmək istəyirik. Mustafa
Ərdoğanın da salamlarını və xoş diləklərini Azərbaycan xalqına çatdırırıq.
“Anadolu atəşi”nin kulisində gəzintim davam edir. Məşq arasında kofe saatıdır. Məni görən qrup üzvləri özlərinə məxsus şəkildə “ay balam” deyə səslənirlər. Sanki Azərbaycan dilindən bildikləri bircə kəlmə elə budur. Şəkillər çəkdiririk. Bu sadə geyimli, arıq, sısqa gənclərin əslində bir neçə saat sonra bu möhtəşəm səhnəni yerlə yeksan edəcəklərini bilsəm də bu adi hallarında gözümə qəribə görünürlər. Növbəti müsahibim yenə də qrupun baş rəqqaslarından biridir...
- Bizə özünüzü tanıdın, zəhmət olmasa...
- Adım Can, soyadım Ocak. “Anadolu atəşi” rəqs qrupunda baş rəqqasam. Yarandığı gündən bu günə kimi, on üç ildir burda çalışıram. Həm də rəqs müəllimiyəm.
- Rəqqas olmağa necə qərar verdiniz? Ümumiyyətlə insan necə olur ki, rəqqas olmağa qərar verir?
- Bu alın yazısıdır, qəzavü-qədərdir. Hər kəs rəqqas ola bilməz. Rəqs etmək çox böyük özünəinam və məsuliyyət tələb edir. Səhər oyanandan gecə yatdığınız ana qədər hər saniyənizdə çox düzənli, çox dissipinli davranmaq lazımdır. Daha uzun illər rəqs edə bilmək üçün vücuduna yaxşı baxmaq məcburiyyətindəsən. Lazımsız yerə qaçmaq belə təhlükəlidir, çünki yıxılıb bir yerini zədələrsən bir daha səhnəyə çıxa bilməzsən.
- Avropa rəqs mədəniyyətində, farslarda ümumiyyətlə götürəndə Türkləri sevməyən xalqların rəqs mədəniyyəti fərqlidir. Onların kişi rəqslərində bir incəlik, bir qadın ədası var. Amma sizin rəqslərdə Türkün əsaləti ön plana çıxarılır. Bunu necə bacarırsınız?
- O zatən xarakterdə var. Bilirsinizmi, mən əslində folklor kökənli bir rəqqas deyiləm. Balet təhsili almışam. Baletin zərafəti xalq rəqslərimizin sərtliyilə birləşincə modern bir rəqs növü ortaya çıxır. Yəni, baletin addımlarıyla xalq rəqslərinin addımlarını biləşdirincə ortaya “Anadolu atəşi” kimi bir qrup çıxır.
- Qrupun tərkibi nə qədərdir?
- Hal-hazırda yüz-yüz əlli nəfər hazır rəqsçimiz və beş yüz, altı yüzdən çox da təhsil alanlarımız var.
- Kiçik uşaqlardan ibarət bir heyətiniz də var, deyəsən...
-“Qığılcım”dır onların adı. Bu qrupda da beş yaşından on iki yaşına qədər rəqqaslarımız var. Geridə qoyduğumuz aylarda ilk tamaşalarını nümayiş etdirdilər və artıq dünya turnirinə çıxırlar. O balacalar bizdən daha çox bəyənilirlər desəm, yanılmaram.
-Qrup dünyada necə qarşılanır?
-Sizə bir hadisə deyim, bir dəfə Avropa ölkələrindən birində konsert zamanı bizi əllərilə deyil, ayaqlarıyla alqışlamağa başladılar. Bizə elə gəldi ki, zəlzələ olur. Sən demə, buranın adətinə görə ifanı çox bəyənirlərsə ayaqlarını yerə vurmaqla öz minnətdarlıqlarını bildirirlərmiş. Belə hallarla tez-tez rastlaşırıq. Ümumiyyətlə harda oluruqsa olaq biz bu sevgini görürük. Bu günə qədər səksən yeddi ölkə gəzdik, hamısında qrupumza çox böyük maraq vardı. Hər tamaşanın sonunda insanlar bizi ayaqüstə alqışlayırdılar.
-Dünya ölkələrilə Azərbaycanda verdiyiniz konsertlər arasında bir fərq varmı?
-Təbii ki, var. Ən böyük fərq hal-hazırda eyni dildə danışmağımızın olmasıdır. Çölə çıxanda özümüzü yad hiss eləmirik. Mədəniyyətlərimiz çox yaxındır, hardasa eynidir. Bu səbəblə də çox rahatıq və daha ürəklə rəqs edirik.
-İrəlidə nə kimi yeniliklər var?
-“Doğunun kapıları” adlı bir oyun işləyirik. Bu işə ütün Şərq ölkələrinin rəqslərindən ibarət olan, Azərbaycandan da keçən bir İpək yolu hekayəsi də deyilə bilər. Türk xalq rəslərilə bərabər dünya rəqslərini də istifadə edəcəyik. Eyni zamanda Azərbaycan xalq rəqslərindən də nümunələr var.
-Azərbaycana diləkləriniz...
-Azərbaycan xalqını çox sevirik, burda, bu ölkədə olmaqdan çox məmnunuq. Təkrar-təkrar gəlmək istəyirik.
Vəəəəəəə.... “Anadolu atəşi”nin kulisində elədiyim reportajın ən maraqlı müsahibini təqdim edirlər. Bu, İrəvan əsilli həmyerlimiz Sərhatdır. Yəni, paytaxtdakıların təbirincə desək “Anadolu atəşi”nin “yeraz” nümayəndəsi...
- Adım Sərhatdır, Türkiyə azərbaycanlılarındanam. On ildir “Anadolu atəşi”ndə rəqs edirəm. Ata-babalarım Sovet hakimiyyəti zamanında İrəvan xanlığından köçüblər. Orada doğulmuşam, amma ata torpaqlarımı da gəlib görmək mənim üçün çox qürurvericidir. Öz mədəniyyətimi, kültürümü, adət-ənənələrimi yaşadığım torpaqlarda hələ də davam etdirən bir adam olduğumdan burda olmağıma çox sevinirəm. Bakıya beş-altı dəfə gəldim, Şəkiyə isə ilk dəfədir gəlirəm.
- Bildiyimizə görə Bakıda qohumlarınız var...
- Hə, Bakıda əmim uşaqları, bibilərim, xalalarım var. Hər dəfə gələndə onları mütləq ziyarət edirəm.
- Azərbaycanlı olmaq sizə qrupda bir fərqlilik qazandırırmı?
- Təbii. Çünki “Anadolu atəşi”ndə Türkiyədəki bütün kültürlərdən nümunələr var. Bizim oyunları da mən oynadığım üçün bu, mənə bir fərqlilik qatır. Qarslıyam mən. Əvvəldən də yaşadığım Iğdırda öz rəqslərimizi ifa edirdim. Qrupda davulla çalınan rəqslərimiz var, lirik oyunlar, savaş oyunlarımız var, Azərbaycana aid.
- “Anadolu atəşi” sizin axtardığınızı tapdığınız yerdirmi?
-Təbii ki. Orda bütün dünya rəqslərindən parçalar var. İstər zeybək olsun, istər Qafqaz rəqsləri, zatən Qafqaz rəqslərini oynaya bilən rəqqas hər cür rəqs növünü ifa edə bilər. Məhz bu baxımdan Anadolu atəşi əvəzolunmaz, bütün yörələrə hakim bir yerdir.
- Sevdiyiniz Azərbaycan yeməyi...
- Sevdiyim yemək piti və samovar çayı. Çox istərdim ki, öz kültürümdən biri ilə evlənim, qismət olmadı. Nəsib bu imiş.
- Azərbaycana diləkləriniz...
- Burda olmağıma çox sevinirəm, çünki ata torpağımdır. Tək bir diləyim var-Qarabağı geri almaq. Ordan qaçqın düşənlərin öz yurd-yuvalarına geri dönməsini istəyirəm...

Nigar İsfəndiyarqızı
Şəkidən xüsusi olaraq

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8846
GEL 1 1 Gürcüstan larisi 0.582
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0621
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7332
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.301