Ana südünün də bankı yaradılsın?
Azərbaycanın
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə ana südü
mətbəxlərinin yaradılmasını təklif edib. O, bu təklifi Milli Məclisdə büdcə
müzakirələrində çıxışı zamanı irəli sürüb. E.Süleymanova
qeyd edib ki, aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının
qorunmasıdır: "Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanması üçün
səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin
daşıyıcısıdır. Ona görə də, ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı
təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”.Elmira
xanım təklifi irəli sürüb, amma təklifin həyata keçirilmə mexanizmi ilə bağlı
bir fikir bildirməyib. Tutaq ki, mətbəxlər yaradıldı, xanımların südü
mətbəxlərdə necə toplanacaq, onların gigiyenik təmizliyinə necə riayət
ediləcək, görəsən, xanımlar bu mətbəxlərə süd verməyə razı olacaqlarımı? Bundan
başqa hazırda belə mətbəxlərə həqiqətən ehtiyac varmı, həmin mətbəxlərin
yaradılmasına insanların münasibəti necə olacaq?
Sosioloq Əhməd Qəşəmoğlu bu
məsələyə müsbət yanaşmadığını qeyd etdi: "Ana südü uşağın inkişafında və
formalaşmasında olduqca böyük əhəmiyyətə
malikdir. Hər adamın südünü uşağa içirmək məsləhət deyil. Hətta, qədimlərdə
uşağa süd anası axtararkən, onun necə biri olması, sağlamlığı, əsli, kökü
haqqında araşdırma aparırdılar. Çünki qədimdən belə bir inanc var, hətta elmi
tədqiqatlar da bunu təsdiq edər ki, ananın südü uşağın xarakterinin formalaşmağında
çox mühüm rol oynayır. Düşünün, əgər belə
bir mətbəx yaradılarsa, nə qədər qadının südü bir-birinə qarışacaq. Bizdə el
dilində, xasiyyəti xoş olmayan biri haqqında "onun südü qarışıqdır” ifadəsi
işlədilir. Ona görə də, nədənsə, təklif edilən bu fikri dəstəkləmirəm”.
Sosioloq
deyir ki, ana südü mətbəxi yaratmaqdansa, südü az olan və ya uşağına süd vermək
istəməyən analarla işlər aparılsın: "Bilirəm, indiki zamanda bəzi anaların südü
az olur, hətta bəziləri müəyyən səbəblərdən uşaqlarına süd vermək istəmirlər.
Düşünürəm ki, fərdi olaraq bu işlə məşğul olmaq lazımdır. Məsələn, südü olmayan
analarda südü necə artırmaq olar, süd vermək istəməyənlərlə maarifləndirici
işlər aparıb südün uşaqların inkişafındakı rolunu izah etməklə, bu problemi
aradan qaldırmaq olar”.
"Sağlam Cəmiyyət” İctimai
Birliyinin sədri Lalə Mehralı deyir ki, ana südü təbiətin
insana bəxş etdiyi ən böyük möcüzədir: "Əslində, necə ki, qan, orqan bankı var,
eynilə də süd bankının, yəni mətbəxinin yaradılması vacibdir. Uşaqların ana
südü ilə qidalandırılması faizinin getdikcə aşağı düşdüyünü nəzərə alsaq, deyə
bilərik ki, həqiqətən də genofondumuzu təhlükə gözləyir. Amma cəmiyyətin bunu
necə qarşılayacağı hələ sual altındadır. Çünki bəzi xanımlarımız ola bilsin ki,
övladlarına başqa bir ananın südünü vermək istəməsinlər. Yəni həqiqətən elə
analar tanıyıram ki, onların südü yoxdur və başqa bir ananın uşağına süd
verməsinə razı olmayıb, tərkibinin nə olduğu bəlli olmayan, mağazalardan alınan
uşaq yeməklərindən istifadə edir. Düşünürəm ki, bu, bir az xanımlarımızın eqolu
olmasından, bir az da bilgisizliklərindən irəli gəlir. Məsləhət görərdim, ki
hamilə xanımlarımız arasında ana südü ilə bağlı ciddi maarifləndirmə işləri
görülsün. Xüsusilə də doğum evlərində onlar üçün seminarlar təşkil edib, ana
südünün uşaqların inkişafında necə əhəmiyyətli olduğunu izah etsinlər”.
Mexanizmin
necə işləməsinə gəlincə isə həmsöhbətim qeyd etdi ki, südü bol olan, övladını
yedizdirdikdən sonra artıq qalanı həmin mətbəxə bağışlaya bilər. Həmin süd
soyuducularda dondurularaq saxlanılır və sonra ehtiyacı olan insanlara verilir.
Ana südü mətbəxi
yaradılması barədə fikir bildirən pediatr Vaqif Qarayev qeyd etdi ki, Avropa
ölkələrində ana südü bankı fəaliyyət göstərir:"Buna, bəzən "donor ana südü bankları” da deyilir.
Ana südü bankının ünvanları ictimaiyyətə açıqlanır. Donor analar həmin məkana
gəlirlər. Körpə uşaq anası da uşağını əmizdirmək üçün qeyd olunan banka gedir.
Yaxud qadın öz südünü sağıb donor banka da verir”.
Həmsöhbətimizin
sözlərinə görə, Dünya Səhiyyə Təşkilatının qərarına əsasən, uşaq azı 6 ayına
qədər ana südü ilə qidalanmalıdır: "Uşaq üçün ən təbii qida ana südüdür. Körpə
uşaqlar süni qida ilə deyil, ana südü ilə qidalanmalıdırlar. Dünya Səhiyyə
Təşkilatı ana südü banklarına dəstək olur. Ölkəmizdə də donor ana südü bankı
yaradılmalıdır. Yaradılarsa, sanitar-gigiyenik normativ qaydalara əməl
olunmalıdır. Ananın səhhətində ciddi problem olarsa və buna görə uşağı ana südü
ilə qidalandıra bilmirsə, o zaman körpə donor ana südü bankı vasitəsilə donor
ana tərəfindən qidalanar”.
V.Qarayev onu da vurğuladı ki, son zamanlar süni
uşaq qidaları ilə uşaqların qidalanmasına daha çox üstünlük verilir: "Təəssüf
ki, gənc analar təbii qidaya deyil, süni uşaq qidasına üstünlük verirlər. Bu
sahədə yaranmış problemin həll olunması üçün gənc analar arasında
maarifləndirmə işi aparılmalıdır. Uşağın ana südü ilə qidalanmasının vacibliyi
barədə anaya məlumat verilməlidir”.
Günel
Azadə