• cümə axşamı, 18 aprel, 18:30
  • Baku Bakı 21°C

Ana olmağa hazırlaşan qadını gözləyən təhlükə Araşdırma

02.07.13 09:06 2967
Ana olmağa hazırlaşan qadını gözləyən təhlükə Araşdırma
Ötən həftə İsmayıllı rayonunda doğuş zamanı ana və uşağın ölümü ilə bağlı baş verən faciə ölkədə yenidən “Ana və uşaq ölümü” problemini gündəmə gətirib. Belə ki, iyinin 27-də 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün İsmayıllı Mərkəzi rayon Xəstəxanasının Doğum Şöbəsinə gətirilib. Axşam saat 18:50-də doğuş aparılıb. Bu zaman onun bətnindəki körpənin ölü döl olduğu müəyyənləşib və bətnindən ölü döl təbii yolla xaric edilib. Doğuşdan 10 dəqiqə sonra qadının özünün vəziyyəti ağırlaşıb. Bütün tibbi müdaxilələr və səylərə baxmayaraq, Ağabalayeva Şəhlanın həyatını xilas etmək mümkün olmayıb.
Səhiyyə Nazirliyi hadisə ilə bağlı ilkin ehtimal irəli sürsə də, hələ ki, dəqiq məlumat açıqlamayıb: “İlkin ehtimala görə ana tromboemboliya diaqnozu ilə həyatını itirib. Amma nazirliyin Doğuşa yardım Komissiyasında məsələ araşdırılmayana kimi ölümün dəqiq səbəblərini demək çətindir. Ananın meyitinin təşrih olunmaması isə məsələnin səbəblərini araşdırmaq üçün müəyyən problemlər yaradır. Amma buna baxmayaraq, tibbi sənədlər əsasında komissiyada məsələ araşdırılacaq”.
Qeyd edək ki, araşdırmanın aparılması üçün ananın meyitinin təşrih edilməsinə qadının yaxınları kəskin etiraz etsələr də, sənədlər Doğuşa yardım Komissiyasına hazırlanıb, həkimlərin rəyi və tibbi sənədlər əsasında ölümün səbəbləri araşdırılacaq”.
100 min anadan 14-ü
Səhiyyə Nazirliyinin hadisə ilə bağlı açıqlamasının məğzini qabaqcadan demək çətindir. Amma bütün hallarda qarşısı alınmayan problemin nədən yaranması, səbəbləri və s. cəmiyyəti narahat etməkdədir. Hərçənd ginekoloqlar hesab edirlər ki, hamiləlik müddətində ananın orqanizminin düzgün müayinə olunmaması ölüm hallarını yaradan başlıca səbəblərdəndir. Belə ki, qadın vaxtında məsələhətxanaya müraciət etsə və müayinədən keçsə, heç bir xəstəlik ölüm həddinə çata bilməz. Yəni, nə qadının həyatı məhv olar, nə də körpənin.
Bütün hallarda suallar yaranır: ana olmağa hazırlaşan qadınlar niyə vaxtında müayinəyə getmirlər?
Ümumiyyətlə, ana və uşaq ölümü halları nədən yaranır? Problem niyə çözülə bilmir? Həkimlərin səriştəsizliyi, yoxsa ana olmağa hazırlaşan qadınların öz səhhətlərinə qarşı məsuliyyətsizliyimi fəsadları doğurur?
Baxmayaraq ki, Minilliyin İnkişaf Məqsədlərinin hədəfləri sırasında 2015-ci ilədək 5 yaşadək uşaqlar arasında ölüm hallarının 2/3 dəfə, ana ölümü əmsalının isə 3/4 dəfə azaldılması mühüm yer tutur, faciəvi hadisələr hələ də baş verməkdədir. Bundan əlavə, "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı" Nazirlər Kabinetinin 15 sentyabr 2006-cı il tarixli 211 saylı qərarı ilə təsdiq edilib. Proqramın məqsədi ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılması, ana və uşaqlar arasında xəstələnmə və ölüm hallarının azaldılmasıdır.
Üstəlik, ölkə başçısının 2008-ci il 15 sentyabr tarixli 3043 saylı sərəncamı ilə təsdiq edilən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda 2015-ci ilin sonunadək həm 1 yaşınadək uşaqlar arasında ölüm hallarının, həm də ana ölümü hallarının səviyyəsinə görə Avropa ölkələri üzrə orta gostəriciyə nail olmaq hədəfi qoyulub.
Respublikanın baş pediatrı, professor Nəsib Quliyev hesab edir ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə ana ilə çağanın ölüm halları baş verə bilir. Belə ki, bu cür hadisədən heç bir qadın sığortalanmayıb: «Uşaq və ananın ölümünə səbəb olan çoxlu problemlər və xəstəliklər ola bilər. Bu, tarixən mövcud olub, bu gün də var”. Baş pediatrın sözlərinə görə, Azərbaycanda 1994-cü ildə dünyaya uşaq gətirən hər 100 min anadan 43 nəfərində belə hal baş verirdisə, bu gün ölüm halı 14-ə enib: “Hər doğan 100 min qadının hamiləlik zamanı fəsad olaraq 14-ü tələf olur”. N.Quliyev bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində - Amerika, Yaponiya, Almaniyada bu rəqəm 4-ə düşüb. “Elə xəstəliklər və problemlər var ki, onun qarşısını almaq mümkün olmur. Əgər bətn daxilində döl tələf olursa, bu, onu göstərir ki, anada ciddi problem var. Həmin problemin nə olduğunu aydınlaşdırmaq lazımdır».
Peşəkarlığın və məsuliyyətin olmaması
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTY İB) sədri Azər Mehtiyevin fikrincə, ana və uşaq ölümü ölkəmizdə problem olaraq qalmaqdadır. “Son illər Azərbaycanda uşaq ölümü səviyyəsinin aşağı enməsi – 11,5 səviyyəsinə düşməsinə rəğmən şəhər yerlərində ölümün səviyyəsi qalxır, kənd yerlərində isə uşaq və ana ölümünün səviyyəsi aşağı düşür. Hətta, ümumi göstəricinin 11 olmasına baxmayaraq şəhər yerlərində bu rəqəm 15-ə qalxıb: «Nəzərə alsaq ki, şəhər yerlərində daha müasir mərkəzlər yaradılır və son texnologiyalarla təchiz olunur, ancaq bu prosesin kənd yerlərində azalıb, şəhər yerlərində artması müəyyən narahatlıqlar doğurur. Belə bir mümkün variant da var ki, son illər xəstəlik müşahidə olunan xəstələr dərhal Bakı şəhərinə gətirilir. Ölüm halları da burada qeydə alındığından şəhər yerlərində göstərici artır”. Ekspertin fikrincə, bütövlükdə ana və uşaq ölümünün səbəbləri sırasında insanların mədəniyyət və gəlir səviyyəsinin aşağı olması mühüm yer tutur: “Bu, uzun zamandan bəri formalaşmış fikirdir. Qadınların vaxtlı-vaxtında həkim müayinəsindən keçə bilməmələri, hamiləlik dövründə müayinə olunmamaları, qadın məsləhətxanalarında və poliklinikalarda qeydiyyata düşməmələri problem yaradır və sonradan fəsadları aradan qaldırmaq mümkün olmur”. Ekspert hamilə qadınların özlərinin xəstə olmalarını da problemin səbəblərindən biri kimi dəyərləndirir: “Qadınlar özləri xəstələnəndə onların bətnindəki döl də xəstələnir və bu problemin sonradan aradan qaldırılması çətinləşir. Qan azlığı, soyuqdəymə və s. səbəbdən yaranan xəstəliklərin çoxalmasında insanların yaşayış şəraiti ilə bağlı amillər üstünlük təşkil edir. Hamiləlik dövründə insanların yaşayış şəraiti - onların normal qidalana bilməməsi, rütubətli şəraitdə yaşamaları və s. xəstələnmə hallarının genişlənməsinə və müxtəlif patalogiyaların yaranmasına səbəb olur. Bu da ölüm hallarının aradan qaldırılmasını çətinləşdirir”. Ekspert ana və uşaq ölümü hallarının digər səbəbini isə bəzi qadınlara doğuşun qadağan olunması ilə izah edir. Belə ki, xüsusi xəstəlik qrupuna aid olan qadınlara dünyaya uşaq gətirmək olmaz: «Qadınların sağlamlıq durumu uşaq dünyaya gətirməyə imkan vermədiyi halda bəzi hallarda onlar məcburən dünyaya uşaq gətirirlər. Bu, geniş yayılmış ölüm səbəblərindən biridir. Belə hallarda qadın uzunmüddətli və davamlı olaraq həkim nəzarəti altında olmalıdır”. A.Mehtiyevin fikrincə, insanların maliyyə imkanlarının məhdudluğu səbəbindən də ölüm halları baş verir. Ancaq onlar könüllü olaraq riskə gedirlər». Nəhayət, Azərbaycanda həkimlərin peşəkarlığının aşağı olmasını da ekspert danılmaz fakt kimi dəyərləndirir. Belə ki, peşəkarlığın və məsuliyyətin aşağı olması ölüm hallarına səbəb olan amillərdən biridir: “Bir çox hallarda doğuşu qəbul edən həkimin kifayət qədər biliklərə və ya təcrübəyə malik olmaması və yaxud məsuliyyətsizlik etməsi, bəzən uşağı dünyaya gətirən qadının yaxınlarının həkimləri vaxtında “görməməsi” və ya maddi imkanlarının məhdud olması xoşagəlməz halların meydana çıxmasına səbəb olur». Ekspert hesab edir ki, erkən nikahların çoxalması, gender bərabərliyində müşahidə edilən geriləmələr də ana və uşaq ölümünün səviyyəsinin artmasına təsir göstərir.
Görünür, səhiyyə sistemində ana və uşaq sağlamlığının qorunması istiqamətində tibbi xidmətin təkmilləşdirilməsi üzrə geniş miqyaslı işlər hələ çox görülməlidir. Yəni təkcə yalnız min arzu ilə ana olmağa hazırlaşan qadını səhhətinə etinasız yanaşmada ittiham etmək də doğru olmaz. Bəlkə müayinənin zamanında məcburi qaydaları formalaşmalı, bunun üçün metodlar düşünülməlidir. Çünki söhbət təkcə doğacaq anadan getmir, həm də onun dünyaya gətirəcəyi, yəni gələcəyin vətəndaşı olacaq körpədən gedir. “Ana və uşaqların sağlamlığını qoruyan proqram” yazılsa da, icrasına pul ayrılsa da, belə çıxır ki, bu çərçivədə hansısa boşluqlar qalmaqdadır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər