• şənbə, 20 Aprel, 18:56
  • Baku Bakı 24°C

Ana dili - milli dəyərlərimizin anası

01.06.16 14:45 6992
Ana dili - milli dəyərlərimizin anası
Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə, ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bir milləti yaşadan milli dəyərlərin başında dil gəlir.
Böyük mütəfəkkirlər dilimizə layiq olduğu dəyəri vermiş, hələ XI əsrdə Mahmud Kaşğarlı dilimizin ərəbcədən, XV əsrdə Əlişir Nəvai farscadan daha zəngin, gözəl, qüdrətli və şirin bir dil olduğunu isbat etmişdir. Qədim və orta əsrlərdə ən ali məqamlarda yad dillərin hökmranlıq sürdüyü dönəmdə - XIII əsrdə İzzəddin Həsənoğlu qəzəllərini o dövrün "hakim” dillərində deyil, məhz ana dilində yazmağa üstünlük verdi. İmadəddin Nəsiminin fəlsəfi şeirləri, Qazi Bürhanəddinin tuyuğları, Şah İsmayıl Xətainin divanı, ustad Füzulinin "nəzmi-nazik” poetik inciləri məhz Azərbaycan dilində yazılıb, ana dilimizin bütün gözəlliklərini, zəriflik və incəliklərini, insan ruhunu ovsunlayan musiqili təsirini özündə əks etdirib. Ona görə ki, hər millətin mədəniyyətinin böyüklüyü sözlüyündə olan kəlmə xəzinəsi, yəni lüğət tərkibinin zənginliyi ilə ölçülür. Milli sərvətimiz olan dilimizi ağırlaşdırmamaq, yadlaşdırmamaq, təmizliyini qorumaq, onu zənginləşdirmək, qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur. Əvvəllər yazarkən, danışarkən ərəbcədən, farscadan nə qədər çox istifadə etmək "bacarıq” sayılmışsa, dilimiz də bir o qədər öz xüsusiyyətlərindən uzaqlaşmış, daha çox lüğət tərkibi yad, alınma sözlərlə dolmuşdur. Ana dilimizin bu qədər dəyərli olmasına baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, insanların öncələr Şərq dillərinə olan meyli indi Qərb dillərinə yönəlməkdədir. Biz heç də XXI əsrdə xarici dil bilməyin əleyhinə deyilik. Əksinə, bunu alqışlayırıq və zamanın ən böyük tələbi olduğunu təqdir edirik. Bizi narahat edən öz dilimizdə danışarkən başqa dillərdən qırıq-qırıq kəlmələr deməyi "müasirlik” kimi dəyərləndirməkdir. Əslində isə bu, müasirləşmənin önündə duran ən böyük əngəldir. Bu mənada ümummilli liderimiz Heydər Əliyevin dilimizlə bağlı çox zəruri və aktual olan bir məsələyə münasibəti hamımız üçün çox vacib bir vəzifə müəyyənləşdirir: "Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir. ...gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən əsası odur ki, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”.
Hər bir dilin özünəməxsus gözəlliyi vardır. Amma milli dəyərlərimizin başında gələn ana dilimiz daha anlaşıqlı, ahəngdar, zəngin və musiqili bir dildir. Sözdüzümü, sabit qanunauyğunluqları və düzənliliyi ilə öncül bir dildir. Təəssüf ki, dilimiz bütün bu xüsusiyyətlərinə baxmayaraq, bəzən gündəlik məişətimizdə işlətdiyimiz rus-Avropa və b. mənşəli sözlərin önünə keçə bilmir. İnsanı bir sual düşündürür: Dilimizdə asanlıqla anlaşılan, başa düşülən sözlərin yerinə yad sözləri işlətdikdə nə qazanarıq? – Təəssüf ki, itirdiyimiz dəyərlər daha çox olar. Dilimizi başqa dillərin kölgəsində qoysaq, ən gözəl milli varlığımızı – dilimizi əridərik.
Əgər düşünsək ki, bu gün sahib olduğumuz bu böyük milli varlığın yaşı min illərlə ölçülür, deməli, hər sözümüz, hər kəlməmiz bir tarix deməkdir. Kömür almaz olana, qızıl qızıl olana qədər torpağın altında min illərlə bişir. Bizim hər sözümüz, hər kəlməmiz də belədir; tarixlərin sınağından çıxmış, mədəniyyətimizin müxtəlif qollarını yaratmış almaz düzümlü dilimiz milli ruhumuzun bərqərar olduğu milli dəyərimizdir. Dil millətin varlığını təmin edirsə, onda üzərimizə düşən məsuliyyətin böyüklüyü də aydın olur. Bu məsuliyyəti daşımağın şərəfi də bizimdir. Bu da bizdən dilimizə laqeyd münasibət göstərənlərə qarşı mübarizədə hamılıqla bir olmağı tələb edir. Böyük alman filosofu Hegelin dəyərli bir kəlamını xatırlamaq yerinə düşər: "Hər bir millətin tarixi o millətin zaman keçdikcə müxtəlif səviyyədə gerçəkləşən ruhudur. Bir millətin öz saflığına, gücünə inanıb və ona sığınması möcüzələr yarada bilər”. Bu mənada, ana dili bir millətin ən böyük milli dəyəri, onun mənəvi varlığı, sehri, sirri, mövcudluğudur. Deməli, dil möcüzədir, möcüzə yaradandır.
Məşhur Azərbaycan ədibi, böyük pedaqoq, görkəmli ziyalı Firudin bəy Köçərli ana dili haqqında deyirdi: "Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir. Bu, Allah-taalanın gözəl nemətlərindən biridir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur”. Hətta görkəmli ədibimiz məşhur rus ədibi və pedaqoqu Uşinskidən də misal gətirirdi ki, bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, fövt olar və ondan bir nişan qalmaz. Bu baxımdan zaman-zaman ana dilimizə qarşı yad təsirlər olub, məhv edilməyə, unutdurulmağa səy edilib. Bu deyilən problemlər bizim üçün bir də sovet dövründə yaranıb. Belə ki, rus imperiyasının siyasi-mənəvi varisi olan sovet imperiyası ucqarlarda ana dilini və milli-mənəvi dəyərləri məhv etmək məqsədini güdürdü. Bu məqsəddən irəli gələrək Azərbaycanda da bu xain, mənfur siyasətin nəticəsində ana dilimiz unutdurulmağa çalışılmış, adı dəfələrlə yad ünsürlərlə adlandırılaraq dəyişdirilmiş, əlifbası tez-tez dəyişmələrə məruz qalmış və "rus dili ikinci ana dilidir” təlqini ilə milli dilə qarşı məhvedici plan həyata keçirilmişdir. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə dünyanın ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar əllərindən gələni əsirgəmədilər. Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Anar, Xəlil Rza Ulutürk, Məmməd Araz dillə bağlı möhtəşəm əsərlər yaratdılar. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdi. Dilin inkişafı ilə bağlı ulu öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı. O ziddiyyətli dövrdə yenə də Azərbaycanın yazıçı və şairləri dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirdilər. Onlar ana dilində yazıb-yaratdılar. Bunun da nəticəsində dilin şirinliyi, təbiiliyi qorunub saxlandı. Əlbəttə, bizim milli varlığımızın əks-sədası ana dilimizdir. Onun başının üstünü almış təhlükəni də millətdən uzaqlaşdıran, dilin statusunu özünə qaytaran, ona yeni həyat verən məhz ümummilli lider Heydər Əliyev oldu. Ədəbiyyat və mədəniyyət xadimlərinin uzun illər sətiraltı mənalarda, bədii əsərlərdə, nitq və çıxışlarında ifadə etdikləri arzuları yenə də ulu öndər reallaşdırdı.
Hər bir milli dəyər, ələlxüsus da ana dili xalqın keçmişini, qədimliyini özündə nə qədər əxz etdirsə də, dövlət və rəhbərlik qayğısı olmadan ikinci planda durur və məişət dili səddini keçə bilmir, ali məqamlarda təmsil olunma iqtidarından məhrum olur. Milli dəyərlərimizə fəaliyyəti boyu himayədarlıq edən böyük rəhbərimiz hakimiyyətə gəldiyi elə ilk gündən ana dilimizə layiq olduğu statusu verdi və bunu bütün fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi.
Müstəqillik illərində bu siyasət açıq, kompleks şəkildə, ardıcıl yürüdülməyə başladı. Əgər nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı heç 200-ə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən də qürur doğuran tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb. Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”, - deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub. Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açır və kürsü dili səviyyəsinə qalxır. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqil Azərbaycanın Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
2001-ci il iyunun 18-də Prezident Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Fərmanda deyilir: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”. Ana dilinin daha da inkişaf etdirilməsi, işlənməsi və saflığının qorunması ilə əlaqədar müxtəlif illərdə dövlət başçısı tərəfindən fərmanlar imzalanmış və Milli Məclis tərəfindən qanunlar qəbul edilmişdir. 2002-ci il 30 sentyabr tarixdə "Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və "Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də milli ana dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Zülfİyyə İsmayıl
filologiya üzrə fəlsəfə doktoru, dosent
aMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi


Bu məqalə "Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.

banner

Oxşar Xəbərlər