• şənbə, 27 Aprel, 06:48
  • Baku Bakı 12°C

Ana bətnində məhv edilən qızlar...

17.06.16 16:15 2813
Ana bətnində məhv edilən qızlar...

"16 ildir ki, ailəliyəm. 3 qızım var. Bu müddət ərzində, əgər sağ qalsaydılar, 3 qızım də olacaqdı. Hər dəfə qızım olanda yoldaşımın dünyası "başına uçurdu”. Heç uşağa baxmırdı da. Ağlayanda tez sakitləşdirməyə çalışırdım ki, əsəbləşməsin. Soyadının davam etdirilməsi üçün oğlan uşağı arzulayırdı. Özü də açıq deyirdi ki, qızın olsa, baxmayacam. Qızlarımın psixoloji travma ilə böyüməsini istəmədiyim üçün abort elətdirirdim. Ana kimi çox əzab çəkirəm”.

Bu sözləri bizimlə söhbətində oğlu olmadığı üçün təzyiqlərə məruz qalan və qız uşaqlarını abort etdirmək məcburiyyətində olan Aynur (ad şərtidir) dedi. Cəmiyyətdə Aynur kimi qadınlar çoxdur. Qızı dünyaya gələrkən həyat yoldaşından qorxduğu üçün həkimlərə "Öldür!” deyən, qızını küçəyə, zibilliyə atanlar da az deyil.

Həyəcan təbili

Təsadüfi deyil ki, bu hal ölkəmizdə doğulanlar arasında cins nisbətinin pozulmasına gətirib çıxarıb. Ölkədəki cinslər arasında balansla bağlı həyəcan doğuran açıqlamanı BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev verib. O bildirib ki, Azərbaycan dünyada doğulan uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ikinci yerdədir. Dəhşət doğuran statistika həyəcan təbili çalmağa əsas verir. Fərid Babayevin sözlərinə görə, hazırda Azərbaycanda hər doğulan 116 oğlana 100 qız düşür. Bu o deməkdir ki, oğlanlar qızlardan 10-11 faiz çox olacaq. Azərbaycanda cins nisbətinin pozulma dinamikası 1998-ci ildən artıb.

Doğulanlar arasında cins nisbətinin pozulmasında əsas amillər selektiv abortların geniş yayılması, sosial, iqtisadi amillər, qadınların məşğulluq səviyyəsinin artmasıdır. Eyni zamanda, qadınlar arasında kontraseptiv vasitələrdən istifadə hallarının çoxalması ümumi doğum əmsalının aşağı düşməsinə gətirib çıxarır. Fərid Babayev hesab edir ki, kontraseptivlərdən istifadə məsələsi cins nisbətinin aradan qaldırılmasına dair dövlət proqramına inteqrasiya olunmalıdır.

Abortlar əsasən uşağın cinsiyyəti bilindikdən sonra kütləvi şəkildə edilir. Ekspertlər qız uşaqlarının sayının azalmasını əsasən uşağın cinsiyyəti bəlli olandan sonra selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması ilə əlaqələndirirlər. Qız uşaqlarının arzuolunmaz hesab edilməsi əsas amillərdən sayılır. Bəs uşağın cinsi bilindikdən sonra abort edilməsi qanunla qadağan olunmalıdırmı?

Qanun nə deyir?

Millət vəkili Musa Quliyevbildirdi ki, uşağın cinsinin bilinib abort edilməsi qanunla qadağan olunacaq: "Bu məsələ "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanunda öz əksini tapıb. Qanun layihəsi hazırdır, Milli Məclisin yaz sessiyasında baxılacaq. Layihəyə əsasən, dölün 12 həftəliyindən 22-ci həftəliyinə qədər olan dövrdə sosial göstərişlərə görə abort edilməsi həkim konsiliumunun qərarı ilə həyata keçirilə bilər. Azərbaycanda dölün 12 həftəsinədək abort etdirmək ananın hüququdur. Bu qanun layihəsinin müzakirəsinin təxirə salınması səbəbi isə onun milli mentalitetə uyğun gəlməməsi ilə izah edilir”.

Musa Quliyev deyir ki, selektiv abortlara Səhiyyə Nazirliyi nəzarət etməlidir: "Fikrimcə, Səhiyyə Nazirliyi belə abort edən qadınlara nəzarəti gücləndirməlidir. Qeyd edim ki, "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanunda selektiv abort edən həkimin fəaliyyətinin dayandırılması və məsuliyyətə cəlb olunması kimi ciddi şəkildə cəza nəzərdə tutulacaq”.

Demoqrafik partlayış

Demoqrafiya üzrə mütəxəssis Lətifə Həsənova da "Kaspi”yə açıqlamasında doğulan uşaqlar arasında gender disbalansı yaranmasının ciddi demoqrafik problemə gətirib çıxaracağını qeyd edib: "Ümumiyyətlə, yeni doğulan oğlan uşaqlarının sayı həmişə qızlara nisbətdə çox olub. Amma arada böyük fərq olmayıb. Çünki dünyada olduğu kimi, Azərbaycanda da 5 yaşına çatan uşaqlar arasında immuniteti zəif olduğuna görə daha çox oğlan uşaqları dünyasını dəyişir. Qadınların zəif məxluq olduğunu desək də, onlar çox şeyə dözümlüdürlər”. L.Həsənova doğuş zamanı oğlanlarla qızlar arasındakı fərqin əvvəlki illərə nisbətdə iki dəfədən də çox artmasını problem kimi dəyərləndirib: "Çünki bu uşaqlar yetkinlik yaşına çatanda qızlarla oğlanlar arasında saylar uyğun gəlməyəcək. Bu zaman demoqrafik partlayış ola bilər. Evlənmək yaşına çatan oğlanlar ailə qurmaq üçün azərbaycanlı tapmayanda əcnəbi qızlarla izdivac quracaqlar. Mən oğlanlarımızın başqa millətlərdən olan qızlarla evlənməsinin əleyhinə deyiləm. Düzdür, oğlanlarımızın, ya da qızlarımızın əcnəbilərlə ailə qurması heç bir dövrdə alqışlanmayıb və alqışlanmayacaq da. Amma problem ondadır ki, gələcəkdə bu, məcburi xarakter daşıyacaq. Oğlanlar istəməsələr belə, ailə qurmaq üçün xaricə üz tutub əcnəbi qızlarla evlənəcəklər. Əcnəbilərlə ailə quranların sayının çoxalması ölkəmiz üçün ciddi problemlər yaradacaq, etnik tərkibdə ciddi dəyişikliklər olacaq. Digər tərəfdən, əcnəbi qadınların böyütdüyü uşaqlar nə adət-ənənələrimizi, nə də dilimizi-dinimizi biləcək”.

Bu mövzuda danışan Fərid Babayev isə deyib ki, Azərbaycanda hamiləliklərin təxminən yarısı süni yolla dayandırılır: "Süni abortla dayandırılan hamiləliyin sayı qadının yaşı və hamiləliyin sayı artdıqca daha da yüksəlir. 30-35 yaş arası qadınlarda hamiləliklərin dörddə üçü süni şəkildə dayandırılır".

Fərid Babayev qeyd edib ki, Azərbaycanda süni abortlardan əsas etibarilə ailəli qadınlar ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə edirlər: "İlk hamiləliklərin yalnız 2 faizi süni abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bu, 80 faizə qədər qalxır”.

Statistika

Səhiyyə Nazirliyinin statistikasına əsasən, 2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17 min 500 olubsa, 2012-ci ildə artıq bu göstərici 31 minə çatıb. 2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan 15-17 yaş arası 135 nəfər, 18-19 yaş arası isə 1069 nəfərdir.

Reproduktiv yaşlı hər 1000 qadına düşən abortların sayı 2012-ci ildə 11,5, 2013-cü ildə 10,4, 2014-cü ildə 15-49 yaşda olan hər 1000 qadına 10,1 abort düşüb.

Abortlar daha çox 25-34 yaşlı qadınlar tərəfindən edilib. Ümumilikdə bu illər ərzində 15-17 yaşlı qadınlar tərəfindən 88, 18-19 yaşlı qadınlar tərəfindən 1073, 20-24 yaşlı qadınlar tərəfindən 5738, 25-29 yaşlı qadınlar tərəfindən 8365, 30-34 yaşlı qadınlar tərəfindən 7756, 35 yaşdan yuxarı qadınlar tərəfindən isə 4200 abort olunub.

Abortun fəsadları

Ginekoloq Kamran Nağıyev deyir ki, abort edənlərin əksəriyyəti 35-40 yaşlı qadınlar olur. Həmsöhbətimizin sözlərinə görə, abort vaxtı həkim düzgün yönləndirdikdə qadınların əksəriyyətini bu fikirdən daşındırmaq olur: "Qadınların əksəriyyəti artıq uşaq istəmədiyini əsas gətirərək aborta gəlir. Bir çoxu da ev şəraitində özü özünü abort edir. Ev şəraitində abort dərman vasitəsilə olunur. Kiminsə məsləhəti ilə aptekdən dərman alırlar, istifadə qaydasını elə satıcıdan öyrənir və bu əməliyyatı üzərlərində edirlər. Əksər hallarda düzgün istifadə olunmur ki, bu da qanaxmaya və ya natamam aborta səbəb olur. Bu fəsadlar qadının həyatına təhlükə yaradır. Natamam abortun fəsadları təmizlənmirsə, gələcəkdə qanaxmaya, polipə, hətta onkoloji xəstəliyə gətirib çıxara bilir”.

170 milyon qətl

Ginekoloq deyir ki, aborta yetkinlik yaşına çatmayan qızlar da müraciət edir: "Az olsa da, belə faktlara da rast gəlirik. Erkən yaşda ailə quranlar müraciət etdikdə isə hüquq-mühafizə orqanlarını məlumatlandırırıq. Bizə müraciət edən hər bir qadına abortun fəsadları izah olunur, gələcəkdə bu problemlə üzləşməsin deyə hamiləlikdən qorunma üsulları haqqında məlumat verilir”.

BMT-nin araşdırmasında bildirilir ki, hər il dünyada çox hissəsini qızlar təşkil etməklə 170 milyon insan dünyaya gəlməmiş qətlə yetirilir.

Qızlar ana bətnində öldürülür

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, selektiv abortlar hazırda dünyada ciddi bir problem kimi qeydə alınır: "Məhz cinsə görə ana bətnində qız uşaqlarının öldürülməsi qədim adətlərdə qız uşaqlarının diri-diri basdırılması ilə eyniləşdirilir. Beynəlxalq təşkilatlar selektiv abortlara görə dünyada 200 milyon qadın çatışmazlığının həyəcan təbilini vururlar”.

Mehriban Zeynalovanın sözlərinə görə, Hindistanda selektiv abortlara görə 37 milyon "artıq” kişi var: "Beynəlxalq təşkilatların hesabatına görə, Azərbaycanda 116 qadına 100 kişi düşür. Əgər gündəlik qəzalar və miqrasiya proseslərini nəzərə alsaq, bu elə də dəhşətli rəqəm deyil. Problem onda olacaq ki, selektiv abortlar adi hala çevriləcək və qarşısı alına bilməyəcək. Mən o fikirdəyəm ki, selektiv abortlar qadına qarşı zorakılığın bariz nümunəsidir. Qızlar ana bətnində, eləcə də ər evində öldürülür. Qadının küçədə öldürülməsi selektiv abortların məntiqi ardıcıllığıdır”.

Aygün ƏZİZ

Bu yazı BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən keçirilən müsabiqəyə təqdim olunur.

banner

Oxşar Xəbərlər