“Amnesty İnternational”ın şəffaflıq və demokratiyadan danışmağa haqqı yoxdur
Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə
qarşı növbəti qarayaxma kampaniyasına başlayıblar. Bir neçə gündür ən müxtəlif
mövzularla davam etdirilən kampaniyaya əsas səbəb mayın 29-da Bakıda UEFA
finalının keçirilməsidir. Böyük Britaniyanın iki məşhur futbol komandası - "Arsenal”
və "Çelsi” qeyd edilən tarixdə Bakı Olimpiya Stadionunda qarşı-qarşıya gələcəklər.Dünya idman ictimaiyyətinin diqqətinin Azərbaycanda
olduğu belə bir ərəfədə bir sıra instansiyalar idmana heç bir aidiyyəti
olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür, beynəlxalq
aləmdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun
olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Hətta bəzi dairələr əsassız şəkildə
insan hüquqları, qanunun aliliyi məsələsini qabardır, bu kimi "faktlar”ı əldə rəhbər
tutaraq ölkəmizin üzərinə "Səlib yürüşü”nə keçirlər. Belə bir fonda "Amnesty İnternational” da Azərbaycanda Avropa Liqasının
finalının keçirilməsini pisləyib. Sözügedən təşkilat bunu ölkədə insan
haqlarının vəziyyəti ilə əlaqələndirib. Halbuki, Qərb ölkələrinin bir çoxunda belə
hallar, özü də real faktlara əsaslanan hadisələr kifayət qədərdir. İnternetə
çıxışı olan istənilən vətəndaş axtarış verib yüzlərlə belə faktları oxuya,
onlarla yaxından tanış ola bilər. Digər tərəfdən, "Amnesty İnternational” korrupsiyada
adı hallanan, sifariş yerinə yetirən qurum imici qazanıb. Bu təşkilat ayrı-ayrı
maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq
vasitəsi funksiyasını yerinə yetirir. Ona görə də belə çirkli reputasiyaya
malik bir qurumun kimisə ittiham etməyə, ədalət, şəffaflıq və demokratiyadan
danışmağa mənəvi haqqı yoxdur.
Milli Məclisin
deputatı Aydın Hüseynov da
bildirib ki, "Amnesty İnternational” təşkilatının Azərbaycanla bağlı səsləndirdiyi
qərəzli fikirlər dünyada ikili standartların mövcud olmasının daha bir göstəricisidir.
Onun sözlərinə görə, korrupsiyada adı hallanan və sifariş yerinə yetirən bu qurumun
Azərbaycanı hədəfə alması məqsədli xarakter daşıyır. Millət vəkili deyib ki, "Amnesty
İnternational” ayrı-ayrı xarici qüvvələrin, güc mərkəzlərinin əlində müstəqil
siyasət yürüdən ölkələrə, o cümlədən Azərbaycana qarşı təzyiq vasitəsinə
çevrilib: "Azərbaycanda həmişə mühüm tədbirlər keçirilən ərəfədə "Amnesty
İnternational” kimi təzyiq aləti olan təşkilatlar hərəkətə keçir və ölkəmizin
imicinə xələl gətirməyə çalışırlar. Əlbəttə ki, bunun da səbəbi Azərbaycanın
dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun durmadan artmasıdır. Azərbaycanın
bu inkişafı, müstəqil siyasətindən narahat olan bəzi xarici dairələr əllərinə
fürsət düşdükcə ölkəmizə təzyiq göstərməyə cəhd edirlər. Bu baxımdan UEFA
Avropa Liqasının final matçının keçirildiyi ərəfədə Azərbaycana qarşı növbəti
çirkin kampaniyaya başlayıblar və əsassız, qərəzli fikirlər səsləndirirlər”.
Millət vəkili A.Hüseynov indiyə qədər Azərbaycanın
çoxsaylı beynəlxalq tədbirlərə, idman yarışlarına uğurla ev sahibliyi etdiyini
diqqətə çatdırıb. O, əminliklə bildirib ki, UEFA final oyununa da Azərbaycan ən
yüksək səviyyədə ev sahibliyi edəcək, azarkeşlər paytaxt Bakının Olimpiya
Stadionunda möhtəşəm futbol oyununun şahidinə çevriləcəklər: "2012-ci ildə "Avroviziya”
mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi
Oyunları, hər il keçirilən Formula-1 kimi mötəbər beynəlxalq yarışlar ölkəmizdə
yüksək səviyyədə təşkil olunub. Formula-1 yarışmasının ölkəmizdə daha 3 il
keçirilməsi ilə bağlı sazişin imzalanması beynəlxalq aləmdə ölkəmizə olan
etimadın aydın göstəricisidir. Ona görə də "Amnesty İnternational” kimi çirkli
reputasiyaya malik, başqalarının əlində alət olan bir təşkilatın kimisə ittiham
etməyə, ədalət, şəffaflıq, demokratiyadan danışmağa haqqı yoxdur. Bu təşkilatlar
öz çirkin kampaniyaları ilə heç vaxt məqsədə nail ola bilməyib və bundan sonra
da olmayacaqlar. Bu təşkilatlar ayrı-ayrı ölkələrlə bağlı qeyri-obyektiv, ədalətsiz
və qərəzli fikirlər səsləndirməklə yalnız özlərini nüfuzdan salırlar. Azərbaycan
xalqı müdrik xalqdır və bu cür təşkilatların hansı məqsədlərə xidmət etdiyini
yaxşı bilir”.
Milli Məclisin
deputatı Eldəniz Səlimov da
hesab edir ki, "Amnesty İnternational” təşkilatının Avropa Liqasının Azərbaycanda
keçirilməsi ilə bağlı qərəzli mövqe sərgiləməsi təbii haldır. Onun fikrincə, indiyədək
bu kimi təşkilatlar tərəfindən Azərbaycana qarşı dəfələrlə qarayaxma kampaniyaları
aparılıb və nəticəsiz başa çatıb: "Bu gün Azərbaycanın inkişafına qısqanclıqla
yanaşan ölkələr var. Avropada da anti-Azərbaycan təbliğatı ilə məşğul olan bəzi
təşkilatlar var. Onlar ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar. Bu
gün Azərbaycanın regionda söz sahibinə çevrilməsindən, beynəlxalq reytinqlərdə
yüksəlməsindən narahat olan dairələr hər hansı qarayaxma kampaniyaları ilə ölkəmizin
nüfuzuna ziyan vurmağa çalışırlar. Amma onlar bu istəklərinə heç bir halda çata
bilmirlər. Artıq illərdir ki, bu cür hallarla rastlaşan Azərbaycan keçirdiyi yüksək
səviyyəli tədbirlərlə antimilli qüvvələrə lazımi cavabı verib. Onların pis niyyətli
və məkrli əməllərinin həyata keçməsinə imkan verməyib. İndiyə qədər ölkəmizdə
keçirilən bütün beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan
dünyada ən təhlükəsiz, sabit və sakit ölkələrdən biri olduğunu dəfələrlə sübut
edib. Ona görə də digər tədbirlər kimi mayın 29-da Bakıda keçiriləcək Avropa
Liqasının final oyununun da ən yüksək səviyyədə baş tutacağına əminəm. Ölkəmizə
indidən gələn azarkeşlər və turistlər, həmçinin onlar üçün yaradılan hər cür şərait
bunu deməyə əsas verir”.
Rufik İSMAYILOV