AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ametist - fevral ayının talismanı

Ametist - fevral ayının talismanı

08 Fevral 2013, 13:11 5265
Ametist çox qədim zamanlardan insanların diqqətini cəlb etmiş, ondan müxtəlif bəzək şeyləri, yazı ləvazimatları və digər əşyalar hazırlamışlar. Hələ iki min il bundan əvvəl və sonrakı əsrlərdə yunan, Roma, Hind, Çin və Misir sənətkarlarının bu daşdan düzəltdikləri nadir sənət əsərləri indi də dünyanın bir çox muzeylərini bəzəyir.

Ametist kilsə xadimlərinin və bir çox şahların da sevimli daşı olmuşdur. Onlar ikonaları, xaçları və kilsə mehrablarını, şahlar isə öz taclarını və əsalarını bu daşla bəzəyərdilər. Rus çariçası İrina Qodunovanın tacı göy sapfirlə növbələşən tünd-bənövşəyi rəngli ametist kristalları ilə bəzədilmişdi.

Rəvayətlərə görə ametist fövqəltəbii gücə malik daşdır. O, adama şən ovqat, ağıl və fərasət, gümrahlıq və uğur gətirir, səfeh fikirləri qovur, sərt küləkləri ram edir, adamı ovsundan hifz edir, xəstəliklərdən və sərxoşluqdan qoruyur. Bu daş həm də ov edərkən ovçuya, yarış zamanı idmançıya kömək edir, ona əlavə güc-qüvvə verir. Havanın temperaturundan və işıqlığından asılı olaraq rəngini azacıq dəyişmə xassəsinə görə səyyahlar və dənizçilər ametisti çox sevər, onu özləri ilə götürər və onun köməyi ilə havanın necə olacağını əvvəlcədən təyin edə biləcəklərinə inanardılar.

Ehtimal edilir ki, “ametist” sözü yunan mənşəli olub, mənası “ayıq olan” və ya “sərxoş etməyən” deməkdir. Qədim yunanlar ametist qədəhlərlə şərab içərkən sərxoşluqdan və zəhərlənmədən qorunacaqlarına inanırdılar. Yunan əsatirlərində bu mineralın öz adını qənirsiz gözəl Ametisdən aldığı söylənilir.

Qədim yəhudilərə görə ametistin ən dəyərli xassələrindən biri onun adama mürgü və yuxu gətirmə qabiliyyətidir. Romalılar isə bu daşı sakitlik, uğur, əmin-amanlıq gətirən “xoşbəxtlik daşı” adlandırırdılar və belə hesab edirdilər ki, o, düşmənçiliyi aradan qaldırır, əsəb pozğunluğunun qarşısını alır.

Ametist bir çox xalqlarda fevral ayının talismanı - xoşbəxtlik daşı sayılır. Qədim Babil münəccimləri bu daşın Balıqlar bürcündə, orta əsr astroloqları isə - Tərəzi və Dolça bürclərində doğulanların hamısına uğur və xoşbəxtlik gətirəcəyini güman edirdilər. İnsanlar arasında bu daşa olan inanclar hələ də yaşamaqdadır. Məsələn, belə bir inam var ki, guya ametist onu bağışlayan adama qarşı məhəbbət oyatma qabiliyyətinə malikdir və bu daş həmin adamı yeni məhəbbət üçün öz ürəyini açmağa sövq edir. Ona görə də astroloqlar nişanlı qızlara və ərli qadınlara diqqətli olmağı məsləhət görürdülər ki, başqası onların sevgililərinə ametisdən düzəldilmiş bir hədiyyə bağışlamasın. Başqa bir inama görə isə öz əziz sevgilisini vaxtsız itirmiş dul qadınlar və kişilər yenidən ailə qurmaq istəmirlərsə, öz həyat yoldaşlarına əbədi məhəbbətin ifadəsi kimi ametist gəzdirirlər. Ona görə həm də “dulların daşı” adını alan ametist eyni zamanda sədaqətli məhəbbətin simvolu hesab olunur.

Ametist mineralı kvarsın əsasən bənövşəyi və mavi-bənövşəyi, bəzən isə qırmızımtıl-çəhrayı rəngli növü olub, kvars qrupuna daxil olan mineralların bəlkə də ən cazibədar olanıdır. Kvarsın digər növlərinə (şəffaf – dağ bülluru, qara – morion, sarı – sitrin və s.) nisbətən az tapılır. Ümumiyyətlə, təbiətdə rəngli daşlar arasında ən az yayılanları bənövşəyi rəngli daşlardır. Qiymətli daşların müasir təsnifatına görə dolğun rəngli ametistlər qiymətli daş hesab olunur və zərgərlər tərəfindən yüksək qiymətləndirilir.
Alim mineroloqlar bu maraqlı daşın bir çox xüsusiyyətlərini öyrənmiş, geoloqlar isə onun yataqlarını aşkar edib üzə çıxarmışlar. Müəyyən edilmişdir ki, ametisti 200-250 dərəcəyə qədər qızdırdıqda rəngi solur, soyutduqda isə öz əvvəlki rəngini alır, 500 dərəcədə rəngini tamamilə itirir, 600 dərəcə temperaturda o, südü-ağ rəngli kütləyə çevrilir. Belə güman edilir ki, ametistin rəng çalarlarının dəyişməsi, onda olan silisium ionlarının dəmir və ya manqan, bəzi alimlərə görə isə alüminium və ya titan ionları ilə müəyyən nisbətdə əvəz olunmasının nəticəsidir. Sərtliyi - 7, sıxlığı - 2,65 q/sm3, şəffaf və yarım şəffaf olan bu mineralın kimyəvi tərkibi silisium oksidindən ibarətdir.

Ametist adətən qranit süxurlarında, kvars damarlarında və bəzən də vulkan mənşəli süxurların boşluqlarında əmələ gəlir. Çox vaxt altı üzlü prizma və ucları üç üzlü piramida şəklində kristallaşır və nadir hallarda 5-10 sm uzunluğunda kristallarına təsadüf olunur. ABŞ-ın Milli Muzeyində çəkisi 1362 karat olan nadir ametist kristalı saxlanılır. Kanadanın Ontario vilayətinin və ABŞ-ın Cənubi Karolina ştatının simvolu ametist daşıdır.
1989-cu ildə Havanada (Kuba) bir suvenir mağazasında gördüyüm divar saatları məni çox təəccübləndirmişdi. Onların siferblatları müxtəlif diametrli, qalınlığı təxminən iki santimetr olan dairəvi ametist lövhədən ibarət idi. Məlum oldu ki, bu yastı ametist lövhələr milyon illərcə əvvəl daşlaşmış ağac (ehtimal ki, palma) gövdələrinin en kəsikləridir.
Ural ametistləri xüsusi gözəlliyə malikdirlər, lakin ən qiymətli ametist kristalları Meksika, Braziliya və Seylon yataqlarından çıxarılır. Bundan başqa, Orta Asiyada, Sibirdə, ABŞ-da, Hindistanda, Madaqaskar adasında, Zimbabvedə və s. yerlərdə ametist yataqları mövcuddur. Eyni zamanda, bir çox filiz yataqlarında, o cümlədən Azərbaycanın Daşkəsən dəmir filizi yatağında ametistə maqnetit, qranat, epidot və s. minerallarla birlikdə rast gəlinir. Lakin yenə təəssüflə qeyd etmək istəyirəm ki, qranat mineralı kimi hər il tonlarla ametist də laqeydlik nəticəsində əvəzsiz olaraq itirilir, zərgərlik üçün yararlı mineral xammal olan belə qiymətli sərvət dəmir filizi zənginləşdirilərkən filiz tullantısı kimi atılır. Şəxsi kolleksiyamdakı Daşkəsən yatağından götürdüyüm ametist və qranat nümunələrinə baxanda onları “xilas etdiyimə” görə azacıq təsəlli tapıram.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya Muzeyində Daşkəsən və dünyanın müxtəlif yataqlarına məxsus gözəl ametist nümunələrini görmək olar.

Sonda, hörmətli daşsevər oxucuların nəzərinə onu da çatdırmaq istərdim ki, qiymətli daşlar bazarında digər təbii daşlar kimi ametistin də süni növləri geniş həcmdə satılmaqdadır. Hazırda bu daşın qiymətinin aşağı düşməsi bazarda təbii ametistlə bərabər sintetik ametistlərin də çoxlu gözəl nümunələrinin olması ilə izah edilir. Onları adi gözlə fərqləndirmək olmasa da, çalışın, təbii daşlar alın, ancaq onlar təbiətin özü kimi sirli- sehirli olurlar.

Rəşid Fətəliyev
geologiya-mineralogiya elmləri namizədi