• şənbə, 20 Aprel, 17:19
  • Baku Bakı 23°C

Amerikalıların Leyla Yunus sevgisi

18.10.14 12:11 1184
Amerikalıların Leyla Yunus sevgisi
Müstəqil daxili və xarici siyasət yeridən dövlətləri heç də sevmədiyi məlum olan ABŞ-ın bu yaxınlarda ölkəmizlə bağlı verdiyi bəyanat onun bir daha bu şakərindən əl çəkmək niyyətində olmadığını nümayiş etdirib. Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin diliylə «fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbsə atılmış bütün adamları» azadlığa buraxmağı, xüsusilə guya «insani hisslərdən çıxış edərək» Leyla Yunusa dərhal müstəqil tibbi müayinə və qayğı üçün şərait yaradılması, onun təhlükəsizliyini təmin olunması və durumunun yaxşılaşdırılması ilə bağlı təkid etdiyini bildirib və əlavə edib ki, “vətəndaşlarının hüquqlarına, ləyaqətinə, azadlıqlarına hörmət etmək ilk növbədə Azərbaycanın maraqlarına uyğundur”(!?).
Burada xüsusilə iki məqam diqqəti cəlb edir. Birincisi, ABŞ-ın müstəqil və suveren bir dövlətin daxili işlərinə kobud şəkildə müdaxiləsi, ikincisi isə guya Azərbaycana Azərbaycandan çox canıyananlıq. Bundan başqa, verilmiş bəyanatın tonu da tövsiyə deyil, bir növ hökm xarakterli olmaqla nəzərdən yayınmır.
Qərbin daim formal da olsa, istinad etdiyi beynəlxalq hüquqa görə, bütün dövlətlər bərabərhüquqludur və heç bir dövlət digər dövlətin daxili işinə qarışa bilməz. Lakin bütün sahələrdə beynəlxalq hüququ heçə sayan, ondan daim öz maraqlarının təmin edilməsi vasitəsi kimi istifadə edən ABŞ digər ölkələrlə diktə dilində danışmaqda davam etdiyi göz önündədir. Bunun isə ABŞ-ın dünya hegemonluğu iddiasından irəli gəldiyi sirr deyil. Diqqət yetirsək, dünyanın müxtəlif regionlarında ABŞ-ın ölkələrin daxili işlərinə qarışması ilə bağlı meydana çıxmış problemləri müşahidə etmiş olarıq. Məhz bunun nəticəsidir ki, hazırda dünyada hər gün onlarla, yüzlərlə günahsız insan həyatını itirir, cəmiyyətlər, ölkələr vətəndaş müharibəsinə yuvarlanır, dövlətlərin ərazi bütövlüyü pozulur, terrorizm vüsət alır və s.
Qeyd olunduğu kimi, ABŞ xüsusilə müstəqil siyasət yeridən, milli maraqlardan çıxış edən ölkələri, hakimiyyətləri sevmir. Nə yolla olursa-olsun, belə dövlətləri təzyiq altında saxlamaq ABŞ-ın əsas niyyətidir. Belə dövlətlərdən biri də Azərbaycandır. Azərbaycanın müstəqil siyasət yeritməsi onun milli maraqlardan çıxış edərək çəkinmədən atdığı addımlarda, ölkənin milli təhlükəsizliyi üçün yaranmış təhdidlərin zərərsizləşdirilməsində, reallaşdırdığı mühüm enerji siyasətində və s. özünü göstərir.
Azərbaycanın bu gün qarşılaşdığı ən mühüm problem isə ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal edilməsidir. Lakin ABŞ başda olmaqla dünya birliyi bu vəziyyətin dəyişməsi, işğala son verilməsi istiqamətində addımlar atmaq əvəzinə, Azərbaycanın mövcud reallıqla barışmasına səy göstərir. Bu məqsədlə müxtəlif vasitələrə əl atılır ki, bunlardan biri də bədnam «xalq diplomatiyası»dı. Məhz «xalq diplomatiyası» adı altında ABŞ Azərbaycanı Ermənistanın işğalçılıq siyasəti ilə razılaşmağa sövq etmək niyyəti güdür. Bu isə ölkəmizin milli maraqlarına tam zidd addımdır. «Xalq diplomatiyası» vasitəsilə cəmiyyətlər arasında «barışıq» yaratmaq, əslində isə təslimçilik prosesinin həyata keçirilməsində həmişə olduğu kimi, «beşinci kolon»un «xidmətləri»ndən yararlanmağa cəhd edilir.
Bu xüsusda xüsusilə canfəşanlıq nümayiş etdirən Leyla və Arif Yunusların qara əməlləri, erməni xüsusi xidmət orqanları ilə əlaqələri istintaq tərəfindən ortaya çıxarılıb.
Faktiki düşmən münasibətdə olan ölkənin kəşfiyyat xidməti ilə təmasların bədəli isə bütün dünyada eyni cür ödənilir, o cümlədən Azərbaycanda. Bu mənada Yunusların həbsinin ABŞ-ın Azərbaycanın milli təhlükəsizlik maraqları baxımından anlamaması başadüşülən deyil. Necə olur ki, günahları sübuta yetirilmədən müxtəlif ölkələrin çox sayda vətəndaşının illərlə Quntanamo həbsxanasında ən pis şəraitdə həbsdə saxlanmasına ABŞ öz milli təhlükəsizlik maraqları baxımından haqq qazandıra bilir, Azərbaycanın düşmən ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən öz vətəndaşlarını göz altına almasını isə qınayır?
ABŞ-ın ölkəmizin daxili işlərinə qarışması istiqamətində bundan əvvəl də bir sıra hallar müşahidə edilib. Məsələn, bir müddət öncə keçmiş səfir Riçard Morninqstar mediaya açıqlamasında ölkəmizin daxili ictimai-siyasi həyatı ilə bağlı diplomata yaraşmayan bir sıra məsuliyyətsiz fikirlər bildirmişdi. Bu isə Azərbaycan cəmiyyətində ciddi narazılıqla qarşılanmış, uzun müddət müzakirə edilmişdi. Bundan başqa, son prezident seçkiləri dövründə də ABŞ Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhd göstərmişdi. Belə ki, ABŞ diplomatları ölkəmizdə keçirilən seçkilərin saxtalaşdırılmasına hesablanmış, seçki nəticələrinin iqtidar üçün 75, müxalifət üçün isə 25% payla bölgüsü təklifini irəli sürmüşdülər.
Məhz belə bir «demokratiya işbazı»lığı ilə məşğul olan ABŞ-ın dünyaya, o cümlədən ölkəmizə demokratiya və insan hüquqlarından dərs keçməsi gülünc doğurur.
Digər tərəfdən? ABŞ təmsilçilərinin bəyanatları elə təəssürat yaradır ki, guya onların başqa ölkələrin insanlarına daha çox canları yanır, nəinki yerli hakimiyyətlərin. İki-üç nəfər özünü «hüquq müdafiəçisi» adlandıran şəxsin həbsxanaya atılmasını faciəyə çevirən ABŞ, nədəndirsə, 20 ildən artıqdır ki, həyatları faciəyə çevrilmiş, ən primitiv haqq olan öz torpağında, öz evində yaşamaq hüququndan məhrum olmuş 1 milyon Azərbaycan qaçqınının vəziyyəti barədə bir dəfə də olsun bəyanat səsləndirməyib. Bu yaxınlarda ata-analarının məzarlarını ziyarətə gedən iki azərbaycanlının öz vətənində erməni işğalçıları tərəfindən həbs edilməsi, birinin isə öldürülməsi ilə bağlı ABŞ-ın susqunluq nümayiş etdirməsi də bu qəbildəndir. Bu isə Azərbaycanda insan haqları ilə bağlı yalançı çığır-bağırın hansı niyyəti güddüyünü ortaya qoyur və demokratiya adı altında qeyri-səmimi bəyanatların Azərbaycan cəmiyyətində inikası istehzadan başqa bir şey deyildir.
ABŞ Dövlət Departamentinin bəyanatına Azərbaycanın XİN-in rəsmi cavabında da açıq və gerçək ritorika öz əksini tapır: "ABŞ-ın bu kimi əsassız müdaxiləsi qanunun aliliyinin və ABŞ-ın öz üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır. İnsan hüquqlarının xarici siyasət aləti edilərək, siyasi təzyiq göstərmək məqsədilə istifadə olunması cəhdləri artıq çoxdan özünü nüfuzdan salıb. İnsan hüquqlarına siyasi mülahizələr, seçimli və ikili standartlar baxımından yanaşmaq yolverilməzdir".
Azərbaycan XİN-in reaksiyasından da göründüyü kimi, ölkəmiz öz milli maraqlarının qorunması, ona qarşı olan təhdidlərin aradan qaldırılması istiqamətində atdığı addımları yavaşıtmaq, bu istiqamətdə gördüyü tədbirləri könlündən dünya ağalıq keçən hansısa dövlətin iradəsindən asılı duruma salmaq niyyətində deyil. Əksinə, növbəti mərhələdə daha inamlı fəaliyyət göstərəcəyini nümayiş etdirir. Buna isə Azərbaycanın həm potensialı, həm də haqqı çatır.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər