• cümə, 29 Mart, 16:45
  • Baku Bakı 14°C

Amerikalı müəllimənin Azərbaycan sevgisi

26.07.18 11:47 1302
Amerikalı müəllimənin Azərbaycan sevgisi
Xəbər verdiyimiz kimi, ABŞ-ın "UnionDocs” kinostudiyası Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabovanın ailəsi haqqında sənədli film çəkib. Filmin çəkilişində iştirak edənlərdən biri olan Cenni Qroza 2006-2008-ci illərdə Azərbaycanda yaşayıb. O, Sülh təşkilatının xətti ilə 3 ay Sumqayıtda, 2 il isə Tovuz rayonunda məktəblilərə ingilis dilini tədris edib. Cenni Qroza müsahibəsində Azərbaycanla bağlı təəssüratlarını bildirib.
- Azərbaycanla bağlı təəssüratlarınız necədir?
- Əslində, Tovuz haqqında xatirələrim daha çoxdur. Elə hesab edirəm ki, Tovuz Azərbaycanın digər bölgələrindən fərqlidir. Doğrusu, orada yaşadığım illərdə çoxlu dostlar qazanmışdım və onlardan çoxu da qadınlar idi. İndi onlar haqqında fikirləşirəm və darıxıram. İki qadın ilə daha yaxın rəfiqə idik, onlardan biri mənimlə birlikdə məktəbdə müəllim işləyirdi, digəri isə başqa bir müəllimənin qızı idi. Hər ikisi mənim həmyaşıdım idilər.
- İki ilə yaxın Azərbaycanda yaşamısınız. Bizim ölkəmizlə və adət-ənənəmizlə bağlı ən çox yadınızda qalan nədir?
- Azərbaycanda insanlar çox qonaqpərvərdirlər. Dərsdən sonra hər gün bir nəfər məni evinə dəvət edərdi. Onların süfrəyə qoyduqları yeməkləri mən ömrümdə görməmişdim. Yeməklər çox ləzzətli olurdu. Hərdən mənə elə gəlirdi ki, evin xanımları bütün günü bu yeməkləri hazırlayıblar. Hər zaman məndən başqa çoxlu qonaq da dəvət edərdilər. Ləzzətli süfrə arxasında mehriban və maraqlı söhbətlər edərdilər. Mən başa düşmədikdə ingilis dilini bilən dostlarım tərcümə edirdilər. Azərbaycanlıların qonaqpərvərliyi və digər insanlara diqqətli münasibəti çox təqdirəlayiqdir. Amerikada, xüsusilə də Nyu-Yorkda insanlar çox biganədirlər. Onlar çox işləyir, digər insanlarla maraqlanmır, bir-birlərinə sual vermirlər. Azərbaycanda isə, əksinə, insanlar bir-birləri ilə maraqlanırlar. Əslində, mən də belə insan olduğum üçün bu xüsusiyyət mənə çox xoş gəlirdi.
- Olubmu ki, ABŞ-a döndükdən sonra azərbaycanlılarla bağlı hansısa xüsusiyyəti həyat fəaliyyətinizdə təkrarlayasınız?
-Müəllimlik peşəsi mənə çətin gəlirdi, çünki, məncə, mən yaxşı müəllim deyildim. Sadəcə, işləyə-işləyə bu peşəni sevirdim, çünki mən öz şagirdlərimi sevirdim. Onlardan bir çoxu mənim qaldığım evə gəlirdi. Bu uşaqlar həm ingilis dilini öyrənirdilər, həm də məni yalnız qoymurdular. Onlar mənə çox yardım edirdilər, istəyirdilər ki, mən darıxmayım. Qadınlar mənə ana kimi davranırdılar. İnsanların bu qədər yardımsevər olmaları mənim də davranışıma sirayət etmişdi. Amerikaya qayıtdıqdan sonra mən də insanlara yardım etməyə çalışıram. Bu çox gözəl xüsusiyyətdir. Mən buna görə azərbaycanlılara minnətdaram. Yaddaşımda qalan digər xatirə də Azərbaycanda olan meyvə-tərəvəzlərin ləzzətidir. Nyu-Yorka qayıtdıqdan sonra uzun müddət bu dadı axtardım, ancaq tapa bilmədim. Orada işdən sonra bazara gedərdim. Dadlı meyvələr, yağ, pendir, təndir çörəyi alardım. Bazarda bir şüşəli otaq vardı, orada müxtəlif növ pendir, yağ satılırdı. Mənim ən çox sevdiyim isə "motal” pendiri idi.Milli yeməklərdən dovğa, plov, yarpaq dolması və xüsusilə paxlavanı çox sevirəm. Bir dəfə yarpaq dolması bişirmək istədim, ancaq alınmadı.
- Ümumiyyətlə, Azərbaycan sizi hansısa formada dəyişə bildimi?
- Mən Azərbaycana getməyə qərar verəndə 23 yaşım var idi. Kolleci yeni bitirmişdim və heç zaman evdən, atamdan belə uzunmüddətli ayrılmamışdım. Doğrudur, 6 ay Avropada yaşamışdım, ancaq Azərbaycandakı ikiillik həyatım tamamilə fərqli idi. Adət-ənənə, həyat tərzi, dünyagörüşü mənə görə yeni və fərqli bir dünya idi. Mən qadın olmanın nə qədər çətin olduğunu Azərbaycanda daha çox hiss etdim. Azərbaycanlı qadınlar çox zəhmətkeş, mehriban, qayğıkeş və ailəcanlıdırlar. Azərbaycana gedəndə çox gənc və sadəlövh idim. Elə düşünürdüm ki, gedib ingilis dilini tədris edəcəm, dünyanı dəyişəcəm...
Azərbaycandan tam fərqli bir insan kimi qayıtdım. Daha müdrik, daha ağıllı, yeni insani keyfiyyətlər qazanmış bir Cenni döndü Nyu-Yorka. O vaxtdan dünyaya başqa gözlə baxmağa başladım.
- ABŞ-dakı Azərbaycan diaspor təşkilatları ilə tanışlığınız varmı?
- Nyu-Yorkda azərbaycanlı ailə haqqında film çəkmək ideyası da Azərbaycan haqqında olan xoş xatirələrimlə bağlıdır. Bu filmdə də əsas qəhrəmanlar mənə mənəvi cəhətdən yaxın olan Azərbaycan qadınlarıdır. Bu qadınlar 3 nəslin nümayəndələridirlər. İsmət xanım, Minəvvər xanım və Nərmin mənə daha çox şey öyrətdi. Hər zaman çəkilişə gəldiyimizdə bu ailə bizi ən yaxın adamları kimi qarşılayardı. Çəkilişdən sonra hər zaman milli yeməklərdən ibarət süfrə açılardı. Bizi həmin yeməklərdən dadmamış yola salmazdılar.Mənim uşaqlığım yalnız atamla keçib, anasız böyümüşəm. Hazırda hamiləyəm. Hamiləliyim dövründə bu ailənin əhatəsində olmağım da mənə çox müsbət təsir göstərdi. Bu ailədə olan ailə üzvlərinin bir-birinə olan münasibəti mənə mehriban və sağlam ailənin bir nümunəsini verdi. Mən bu ailədə nənə-nəvə, ata-ana, ana-qız, ana-oğul, ata-qız, ata-oğul, kürəkən-qaynana münasibətlərinə heyran oldum. Mən də çalışacam ki, gələcək övladıma yaxşı ana olum.
banner

Oxşar Xəbərlər