• cümə, 29 Mart, 14:58
  • Baku Bakı 14°C

Amerikalı həkim koronavirusdan xilas olmağın yolunu açıqladı

02.05.20 17:15 1805
Amerikalı həkim koronavirusdan xilas olmağın yolunu açıqladı
ABŞ-ın tanınmış həkim anestezioloq-reanimatoloqu İsmail Abadan Mehrin "Report”un xüsusi müxbirinə müsahibəsi.
- Hazırda koronavirus pandemiyasının episentri sayılan Nyu-Yorkda bu infeksiyaya qarşı ön cəbhədə mübarizə aparan tibb işçilərindənsiniz. Bir az özünüz haqqında məlumat verin...
- Mən Nyu-York şəhərində doğulmuşam və burada təhsil almışam. 2002-ci ildən Ceyms Xəstəxanasında (St. James Hospital - University of Rochester Medical Center) Anesteziologiya şöbəsinin müdiri, eyni zamanda Perioperativ xidmətlər üzrə direktoruyam. Bundan başqa, Şimali Amerikanın İslami Tibb Assosiasiyasının (Islamic Medical Association of North America (IMANA) ) daimi üzvüyəm. Yüzlərlə müsəlman ölkəsində könüllü olaraq əməliyyatlarda iştirak etmişəm.Bizə bu gün dünyanın hər zaman olduğundan daha çox ehtiyacı var. Ona görə də bir çox tibbi işçiləri kimi, mən də ön cəhbədə savaşanlardanam. Hazırda işlədiyim xəstəxanada koronavirusdan müalicə alan xəstələr var. Mən onlarla yaxından maraqlanır, müalicələrinin gedişatını izləyirəm. Bu gün çiyin-çiyinə çalışdığım bir neçə həkim dostlarımdan, eləcə də tələbə yoldaşarımdan koronavirusa yoluxanlar var. Təəssüflər olsun ki, onlardan biri, tibb məktəbində bərabər oxuduğum sinif yoldaşım bir neçə gün öncə vəfat etdi. O da bizim kimi aktiv işləyirdi, insanlara xidmət edərkən öldü. Hazırda dünyanın hər yerində eyni taleyi yaşayan xeyli sayda həkim var.
- Koronavirusun digər pandemik xəstəliklərdən fərqi nədir?
- Burada çox vacib bir neçə məqam var. Birincisi, koronavirus digər pandemik xəstəliklərə nisbətən daha aqressiv və yoluxucudur. Yəni R kodu olaraq bilinən çoxalma nisbəti 3-dür. Koronavirus xəstəsinin 3 nəfəri yoluxdurması 9 nəfəri yoluxdurması deməkdir. Bu da bir ayda bir nəfərin, demək olar ki, 400 nəfəri koronavirusa yoluxdurması sayıla bilər. Bu infeksiya çox aqressivdir və ötürücülük də yüksəkdir.İkinci, xəsətəliyin müddəti, təxminən, iki həftədir. Bu 14 gün müddətində ya sağalırsınız, ya da səhhətiniz ağırlaşır. Sağalmanın statistikası 80% təşkil edir, ağırlaşma isə 20% -dir və xəstəxanaya yerləşdirilən belə pasiyentlərin 3%-i ölür. Proses 14 gün ərzində çox sürətli şəkildə cərəyan edir, tibbdə bunun üçün "Vira deices” (virusun yayılması) terminindən istifadə edirik. Bunlar COVID-19-un əsas göstəriciləridir.
- Bu gün ABŞ-da koronavirusdan ölüm halları nə üçün bu qədər yüksək səviyyədədir?
- ABŞ 330 milyon əhalisi olan böyük bir ölkədir. Təbii ki, fərqli fikirlər var. Ölkə vətəndaşlarının əksəriyyəti tibb işçilərinə etimad edir və onları dəstəkləyirlər. Onlar həkimlərin və xəstəxanaların yaydığı bütün məlumatları ciddiyə alırlar. Eyni zamanda ABŞ Prezidenti Donald Trampın mütəmadi olaraq keçirdiyi brifinqlər izlənilir, açıqlamaları və tövsiyələri nəzərə alınır. Koronavirus pandemiyasının yaratdığı böhranı medianın istədiyi kimi yönəltdiyi və çox şeyin şişirdildiyinə inanan insanlar da az deyil.
- ABŞ-dakı vəziyyət medianın yazdığı kimi həqiqətən də acınacaqlıdırmı?
- ABŞ-da koronavirus böyük şəhərlərin mərkəzlərində sürətlə yayıldı. Nyu-York başda olmaqla mərkəzi şəhərlərdə vəziyyət günbəgün ağırlaşdı. Bu göstərici hər halda ilk dəfə olaraq tarixə düşdü. Bir tərəfdən Nyu-Yorkda pasiyentlər üçün çarpayılar tükəndi, digər tərəfdən də soyuducu maşınlar meyitləri saxlamaq üçün fəaliyyətə başladı. Ən başlıcası, bir nəfər bir ayda 400 nəfəri, gizli infeksiya daşıyıcıları isə 160 min insanı koronavirusa yoluxdurdular. Ona görə də medianın yazdıqları doğrudur. Yəni ölən insanların sayı çoxdur, xəstəxanalar pasiyentlərlə, ölüxanalar isə meyitlərlə doludur. Aqressiv virusun xarakteristikası onun belə bir göstəricini ortaya qoymasına səbəb oldu. Əslində vəziyyət bir qədər düzəlsə də, bu gün də xəstəxanalar yüklənmiş vəziyyətdədir.
- Onda ABŞ səhiyyə sisteminin pandemiya ilə mübarizədə yetərsiz qaldığını demək olarmı?
- Bunu ümumiləşdirərək söyləsək, hər halda doğru olmaz. ABŞ xeyli sayda xəstəxanaya sahib çox böyük bir ölkədir. ABŞ da daxil olmaqla dünyanın heç bir yerində səhiyyə sistemi belə bir böhranı idarə etmək üçün qurulmayıb. Bir neçə gün ərzində on minlərlə xəstəni qəbul etmək və idarə etmək heç bir ölkənin səhiyyə sisteminin qaldıra biləcəyi yük deyil. Bu vəziyyətdə yenə də böyük şəhərləri gözünüzün qarşısına gətirməyinizi istəyirəm. Bu böhran ABŞ-bütün ərazisində olmadı. Koronavirusa yoluxanların sayının sürətlə artdığı Nyu-York, Nyu Orlean, Çikaqo, Detroyt kimi böyük şəhərlərdə xəstəxanalar bütün gücünü ortaya qoymaq üçün səfərbər oldular. Bu gün də xəstələrə ən yüksək səviyyədə tibbi xidmət göstərilir. Bir neçə xəstəxanadan çıxan xəbərlərlə bütün xəstəxanaları ümumiləşdirmək ədalətli qiymətləndirmə deyil. ABŞ-da koronavirusun adambaşına düşən yayılma sürətinin Avropadan və ya dünyanın digər yerlərindən daha çox olduğunu düşünmürəm. Tibb işçiləri ilk gündə virusla mübarizədə müqavimət göstərdilər və onlar bu çətin günlərdə mübarizələrini davam etdirirlər. Son günlər vəziyyətin bir qədər nəzarət altına alındığını, həm yoluxma, həm də ölüm sayında azalmaların olduğunu görürük. Bu, çox sevindiricidir.
- Bəs Nyu-Yorkun ölkə üzrə pandemiya qurbanlarının və yoluxmanın sayına görə episentrə çevirilməsini nə ilə izah edərdiniz?
- Nyu-York dünyada insanların ən sıx olduğu, eyni zamanda sıx məskunlaşdığı şəhərlərdən biridir. Bu şəhərə hər gün minlərlə ziyarətçi gəlirdi. Nyu-York işgüzar səfərlərin, ziyarətlərin və turistlərin axın etdiyi bir mərkəzdir. Bu gün müasir dünyanın imkanlarından yararlanmaqla bir gündə Nyu-Yorka gedib qayıtmaq mümkündür. Nyu-Yorka yatmayan şəhər deyirdilər. Ona görə də bu şəhər koronavirusun yayılması və vəziyyətin böhran halına gəlməsi üçün mükəmməl resept idi. Nəticədə Nyu-York infeksiyanın episentrinə çevrildi. Bu şəhərdə koronavirusun məhdud bir ərazidən çıxaraq kütlə arasında yayılmasının şahidi olduq.
- Hətta xəstəxanaların qarşısında aksiya keçirən tibb işçilərini görürük. Ümumiyyətlə, səhiyyə ocaqlarının tibbi heyət və avadanlıqlarla təchizatı necədir?
- Mənim çalışdığım xəstəxanada bütün işçilərin və xəstələrin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tibbi ləvazimat var. Hər bir tibb mərkəzində vəziyyət fərqli ola bilər. Ümumiyyətlə, tədarük çatışmazlığı var, lakin son müdaxilələrdən sonra lazımi tibbi ləvazimatın istehsalının xeyli artırıldığını düşünürəm.
- ABŞ hökuməti koronavirusa qarşı vaksinin sınaqlarının həyata keçirildiyini dəfələrlə açıqlayıb. Siz nə fikirləşirsiniz?
- Təbii ki, heç bir müalicə tətbiq olunmadan belə bir yoluxucu virusdan xilas olmağın başlıca yolu peyvənddir. Bunun başqa yolu yoxdur. Hazırda ABŞ-da tədqiqatlar aparan və vaksinlər üzərində işləyən çox sayda mərkəz var. Biz də nəticələri gözləyirik.
- Hazırda ABŞ-da koronavirusa yoluxmanın qarşısının alınması üçün hansı tədbirlər görülür?
- ABŞ-da hər hansı karantin qaydaları tətbiq olunmur. İnsanlar özləri evdə qalır, eyni zamanda qoruyucu tibbi vasitələrdən istifadə edirlər. Hökumətin siyasəti insanların bir-birindən sosial uzaqlaşdırılmasına yönəlib. Hər bir şəhərin müvafiq yerli idaretmə strukturu olan quberniya və bələdiyyə rəhbərliyi tərəfindən təyin edilmiş qayda-qanunları var. Nyu-York şəhərində müəssisələrin əksəriyyəti bağlanıb, insanların qruplar halında toplaşmasına icazə verilmir, onlara evdə qalmaları tövsiyə olunur. Düşünürəm ki, hökumətin qoyduğu qaydalara riayət olunarsa, qısa zamanda koronavirusun yayılmasının qarşısını ala biləcəyik.
- Sizcə, insanlar normal həyatlarına nə qədər müddətə dönə biləcəklər?
- Düşünürəm ki, normal həyatımıza dönmək bir qədər zaman alacaq. Bu gün sadəcə ABŞ-da deyil, bütün dünyada insanlar normal həyatlarına dönmək istəyirlər. Bir müddət səbrli olmalıyıq. İnsanların bir-biri ilə aralarına məsafə qoyması, tibbi maskadan istifadə kimi bəzi qoruyucu tədbirlərin peyvənd tapılanadək davam edəcəyini düşünürəm. Bu müddətdə hər kəsi evdə qalıb təlimatlara uyğun şəkildə sağlam qalmağa çağırıram.
banner

Oxşar Xəbərlər