AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Amerikada top həkim seçilən azərbaycanlı

Amerikada top həkim seçilən azərbaycanlı

Müsahibə
17 İyul 2020, 10:00 1633
Nərgiz Muğanlinskaya: "Hər bir işi görəndə, gələcəkdə alacağın uduşda gözün olmalıdır”
 
İki dəfə Amerikanın Baltimor şəhərinin top həkimi seçilib. Deyir ki, uğura gedən yol heç vaxt yüngül olmur. O yol yüngül olsa idi, onda hamı uğurlu olardı. Uşaqlığından həkim olmaq istəyib. Çətinliklərdən qorxmayıb. Düşünür ki, hər bir işi görəndə, gələcəkdə alacağın uduşda gözün olmalıdır. O uduşu qazanmaq şansın səni uğura aparacaq. Müsahibimiz Amerikada yaşayan həkim, professor Nərgiz Muğanlinskayadır. Bakıda anadan olub. 90-cı illərdə Həbib bəy Mahmudbəyov adına 2-nömrəli texniki-humanitar liseydə təhsil alıb. Orta təhsilini qızıl medalla bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub və oranı da qırmızı diplomla bitirib: "2003-cü ildə Amerikaya köçməli oldum. Orada da tibbi elmləri üzrə magistr dərəcəsini aldım. Ondan sonra isə rezidenturada təhsil aldım və bitirən kimi məni orada proqram direktorunun müavini vəzifəsində saxladılar. Burada 6 il işləyəndən sonra nüfuzlu hospitallardan biri rezidentura proqramı açaraq məni oraya proqram direktoru vəzifəsinə dəvət etdi. İyunun 29-da biz ilk rezidentlərimizi qəbul etdik. Məni sevindirən fakt odur ki, həmin rezidentlərin içində həmvətənlərim, yəni azərbaycanlılar da var”.
 


- Tibbi universitetini qırmızı diplomla bitirdikdən sonra Amerikaya köçdünüz. Ümumiyyətlə, Amerika macəranız necə başladı?
- Yoldaşım kimyaçıdır. Ona Amerikada iş təklif etdikləri üçün bütün ailəmiz buraya köçəsi oldu. Amerikaya gələndə ən böyük çətinlik buranın sisteminə uyğunlaşmaq, ingilis dilini lazımi səviyyədə öyrənmək idi. Hətta bura gəlməzdən öncə 4 saylı xəstəxanada cərrahiyə internaturasını bitirmişdim. Lakin Amerikaya gələndən sonra depressiyaya düşdüm. Nə işlə məşğul olacağımı, harada işləyəcəyimi, ümumiyyətlə, bu ölkədə peşəkar mənliyim nədir bilmirdim. 

- Universiteti qırmızı diplomla bitirən biri üçün Amerikada nə işləyəcəyini bilməmək yəqin ki, asan deyildi... Bəs necə oldu orada həkim kimi fəaliyyətə başladınız?
- Əvvəllər mənə də burada həkim işləmək əlçatmaz gəlirdi. Sonra anladım ki, məqsəd varsa, insanın həyata keçirməyəcəyi xəyalı qalmaz. Bu, Azərbaycanda da belədir, Amerikada da. Amerikada yenidən rezidentura təhsili almalı idim. Babamın işlədiyi tibb sahəsini seçmək qərarına gəldim. Babam terapevt idi. Mən da ona baxıb həmişə onun kimi olmaq istəyirdim. Bura gələndə cərrahiyə və terapiya arasında qaldım və terapiyanı seçdim. Buna səbəb babamın danışdığı bir əhvalat idi. Kimsə ona deyəndə ki işdən çıxaracağam səni, o da cavab verirdi ki, işdən çıxara bilərsən, amma "stetoskop”u əlimdən almağa gücün çatmaz. Məsələn, cərrah həkimin işi bir çox adamdan, yəni assistent, narkozçu və s. asılıdır, terapevt isə xəstə ilə birbaşa, heç kimin köməyi olmadan işləyir. 
 
 

- Amerikada həkim olmaq üçün nə etmək lazımdır?
- Amerikada həkim olmaq istəyənlər üçün internetdə kifayət qədər resurs və məlumatlar mövcuddur. Namizəd, müvafiq testlərdən keçməlidir və ondan sonra rezidenturaya qəbul olunmaq üçün sənədləri verir. İstiqamətdən asılı olaraq, rezidentura müddəti 3-5 il arasında davam edir. Ondan sonra bir dəfə də imtahan verirsiniz. O imtahan sizə yüksək səviyyəli həkim adını qazandırır. 

- Buradakı xəyallarınızdan keçib, Amerikada sıfırdan başlamısınız. Motivasiya mənbəyiniz nə idi?
- Mən ömrüm boyu həkim olmaq istəyirdim. Elə motivasiyam da özümü həkim kimi təsəvvür etməyim idi. Buraya köçəndən sonra ayrı bir işlə məşğul olmağı təsəvvür belə edə bilməzdim. İşimin ustası olmaq məqsədim idi. Mən istəyərdim ki, ailəm və ölkəm mənimlə həmişə fəxr etsin. Çox çalışdım, hədəf qoydum, ailəmin də dəstəyi ilə istədiyim yerə çatdım.
 


- Artıq uzun müddətdir ki, Amerikada yaşayırsınız. Azərbaycanda ən çox nə üçün darıxırsınız?
- Mən ilk dəfə bura gələndə insanlar Azərbaycan barədə çox az bilirdilər. Hər yerə xəritə ilə gedir, onlara Azərbaycanı göstərirdim. Ölkəmin hər qarışı, adət-ənənəsi mənim üçün dəyərlidir. Ən çox yeməklərimizdən ötrü darıxıram. Həqiqətən də dünyada ən dadlı yeməklər bizdədir. Azərbaycanın ruhu, atmosferi, mədəniyyəti, adətləri, ən əsası isə insanlarından ötrü darıxıram. Azərbaycanlı tələbələrlə tez-tez ünsiyyətdə olub, onlara burada rezidenturaya qəbul üzrə məsləhətlər verirəm. Bundan 1 il öncə tələbələrlə skayp görüşü edirdim. Bizim çox istedadlı gənclərimiz, cavan həkimlərimiz var. 

- Uğur sirriniz nədir? Xüsusilə, əcnəbi ölkədə qadın kimi hansısa çətinlikləriniz olubmu?
- Uğura gedən yol heç vaxt yüngül olmur. O yüngül olsa idi, onda hamı uğurlu olardı. Mən həmişə öz tələbələrimə deyirəm ki, həkimlik çox xüsusi peşədir. Bu peşə ancaq seçilmiş insanlar üçündür. Kimsə doğurdan da həkim olmaq istəyirsə, ən yaxşı həkim olmağı özünə hədəf qoysun. Çətinliklərə rast gələndə qorxmasınlar. Burada bir məsəl var deyirlər ki, gələcəkdə alacağın uduşda gözün olsun. Yəni əldə edəcəklərini düşün. Onda sən başa düşəcəksən ki, çətinliklər hamısı dərs idi. İstənilən peşədə qadın olmaq əlavə çətinliklər yaradır. Burada belə bir söz var ki, qadın işdə özünü elə aparmalıdır ki, ailəsi yoxdur, evdə özünü elə aparmalıdır ki, işi yoxdur. Bu əlavə təzyiq, stress yaradır. Buna baxmayaraq, qadın həkim olmaq çox gözəl hissdir. Pandemiya dövründə həkimliyin necə vacib peşə olduğunu, həkimlərin necə fədakar olduqlarını gördük. Bütün dünya dayansa belə, həkimlər işləyəcək. 
 


- Nərgiz xanım, koronavirusla Amerika da mübarizə aparır. İnsanlar stress, qorxu içindədirlər. Həmyerlilərinizə nə demək istərdiniz?
- Təşviş, həyəcan hər yerdə olub. Onun əsas səbəbi odur ki, insanlar bilmədiyi şeydən həmişə qorxurlar. Spesifik koronavirus barədə isə biz çox az bilirdik. Mənə elə gəlir ki, əsas faktor da budur. Burada əsas ümidlərdən biri odur ki, mutasiyaya uğrayıb insan üçün təhlükəsiz bir virusa çevriləcək. Başa düşüləndir ki, karantin şəraitində yaşamağa məcbur olan insanlar stress və depressiyaya məruz qalırlar. Lakin, burada mütləq anlamaq lazımdır ki, karantinin əsas məqsədlərindən biri də birdən-birə çox adamın xəstələnməsinə mane olmaqla, resursların çatışmazlığının qarşısının alınmasıdır. Praktiki olaraq, hər bir yeni xəstəliyə nə qədər gec yoluxsan, o qədər da yaxşıdır. Çünki vaxt keçdikcə hər bir xəstəliyin müalicəsi aşkar olunur və çarəsi tapılır. İlk mərhələdə yoluxanlar isə çox əziyyət çəkirlər. Biz bunu 80-ci illərdə, QİÇS virusu təzə aşkar olunanda müşahidə etdik. Əvvəllər həmin virusdan çox adam ölüb. İndi isə vəziyyət tam başqadır, çünki müalicə üsulları və dərmanlar artıq bəllidir. Həmin dövrdə ümidsiz hesab olunan xəstələr indiki dövrdə sağlam insanlar qədər yaşamaq imkanına malikdirlər. Bu koronavirusa da aiddir, çalışın ki, özünüzü qoruyun, sağlam qalın. Xəstələnmək qismətinizdirsə, mümkün qədər gec xəstələnin çünki gələcəkdə bu xəstəlik üçün də müalicə çətin olmayacaq. Ona görə də səbr etmək lazımdır.

- "Sınmış ürək sindromu” adlı nadir xəstəliklə bağlı dissertasiyanı müdafiə etmişiniz. Bu xəstəliklə bağlı məlumat verərdiniz?
- "Sınmış ürək sindromu”na həkimlər çox vaxt diaqnoz qoya bilmir. Bu xəstəliyi çox az həkim tanıyır. Bu sindromun patologiyası budur ki, xəstə ürək çatışmazlığı və infarkt simptomları ilə gəlir. Onu yoxlayanda görürlər ki, xəstə infarkt keçirməyib. Bu zaman ürəyin döyünmə gücü azalır. Ona görə də bu xəstələr ürək çatışmazlığı simptomları ilə daxil olur. Kimsə stress, həyəcan, emosiya keçirəndə bu sindrom baş verir. Stressdən sonra baş verdiyinə görə bunu "sınmış ürək sindromu” adlandırırlar. İnfarkt isə fərqlidir. Statistika göstərir ki, klassik infarktı, daha çox kişilər, sınmış ürək sindiromunu isə qadınlar keçirir. İnfarktda sol tərəfdən sancı olur. O sancı ya həyəcandan, ya da fiziki hərəkətdən sonra müşahidə olunur. Hərdən hava çatışmır. Əl və boynun keyiməsi kimi simptomlar olduqda həkimə müraciət etmək lazımdır. Təəssüflər olsun ki, qadınlarda bu simptomlar qeyri-adi olur. Standart olmur. Bütün tibb kitablarında həkimlərə öyrədilən simptomlar qadınlarda olmaya da bilər. 
 


- Amerikada 2 dəfə top həkim seçilmisiniz...
- Bəli, bu uğur məni çox sevindirdi. Top həkimi seçmək üçün ildə 1 dəfə bütün həkimlərə sorğu göndərilir. Ən güclü həkimlərin adlarının yazılması xahiş olunur. Sorğu belə olur ki, bu həkimlər öz ailə üzvlərini hansı həkimə göndərərdilər? 2 dəfə seçildim. Bu, çox nüfuzlu nailiyyətdir. Mən 2018-2019-cu ildə terapevtlər arasında ən çox səs toplamışam. Çox sevinirəm ki, amerikalı həkimlər öz ailə üzvlərinin sağlamlığını mənə etibar edirlər. 

- İki övladınız var. Peşə seçimində dəstək olursunuzmu? Ümumiyyətlə, övladlarınızı necə istiqamətləndirirsiniz?
- Müasir dövrdə valideynlər düşünür ki, uşaq öz peşəsini özü seçməlidir. Mən bununla razı deyiləm. Övladlarıma istiqamət verməyin tərəfdarıyam. 1-2 il öncə uşaqlarla belə bir oyun oynadıq. Bir vərəq qələm götürdük. Mən uşaqlardan soruşdum ki, siz hansı evi və maşını istəyirsiniz? Onlar seçdilər və biz qiymətlərinə baxıb, vərəqə qeyd etdik. Sonra dedim ki, siz ildə neçə dəfə istirahətə getmək istəyirsiniz? Dedilər 2 dəfə. İstirahət paketlərinə baxdıq. Həyat üçün əhəmiyyətli maddi dəyəri olan məqamları hesabladıq. Nəticədə hansısa rəqəmə çatdıq və bunu 12 aya böldük. Qərara gəldik ki, ayda filan qədər pul lazımdır ki, bunları edə bilək. Sonra baxdıq ki, hansı peşələr uşaqlara bu gəliri verə bilər. Həmin peşələri seçdik və onlara çatmaq üçün də çox oxumaq lazım olduğunu başa düşdüklərinə əmin oldum. Heç vaxt uşağı sındırmaq olmaz. Amma ona istiqamət vermək çox vacibdir. 
 
Aygün ƏZİZ