AZE | RUS | ENG |

Amerikada həm tələbə, həm də müəllim olan həmyerlimiz - Xaricdə təhsil

Amerikada həm tələbə, həm də müəllim olan həmyerlimiz - Xaricdə təhsil
Namiq Abbasov: “Bizim ölkəmizdə tələbə-müəllim münasibətində müşahidə olunan problemlər ABŞ-da yaşanmır”

Xaricdə təhsili dünyaya açılan pəncərə hesab edir. Həm İngiltərədə, həm də ABŞ-da təhsil alıb. Düşünür ki, bir insanın inkişafını təmin edəcək şəxs yalnız özüdür. Qeyd edir ki, bunun üçün məsuliyyətli olmalı, daim inkişafyönümlü araşdırmalar etmək lazımdır. "Xaricdə təhsil” rubrikamızda bu dəfə ABŞ-da təhsil alan Namiq Abbasov ilə həmsöhbət olduq.
 
Qeyd edək ki, Abbasov 1991-ci il sentyabrın 23-də Salyan rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini Qafqaz Universitetində (İndiki Bakı Mühəndislik Universiteti) alıb. Bakalavr təhsili aldığı dövrdə özünü inkişaf etdirməklə məşğul olub və oxuduğu universitetin ona çox şey öyrətdiyini deyir. 4 illik təhsili bitdikdən sonra əsgərliyə yollanan Namiq, daha sonra təhsilini magistratura səviyyəsində İngiltərədə davam etdirir. Magistr təhsilindən sonra ölkəmizə qayıdır və Qafqaz Universitetində 2 ilə yaxın müəllimlik fəaliyyəti ilə məşğul olur. İnkişaf naminə yenidən təhsil almağı düşünən həmsöhbətimiz, xaricə üz tutur və hazırda Amerika Birləşmiş Ştatlarında Arizona Universitetində siyasi elmlər üzrə doktorantura üzrə təhsilini davam etdirir.
 

 
- Xaricdə təhsil almaq fikrinə nə zaman gəldiniz? 
- Əslində, uşaq vaxtından İngiltərə və ya Amerikada təhsil almaq haqqında düşünürdüm. Qeyd edim ki, Qafqaz Universitetində oxuduğum dövrdə İngiltərənin bir neçə universitetinə qəbulla bağlı təklif alsam da, təqaüd məsələsi alınmadı. Ona görə, ilk dəfə xaricdə təhsili hərbi xidməti bitirdikdən sonra İngiltərədə aldım. Xaricdə təhsil almaq istəyimin səbəbi isə dünya təcrübəsi ilə tanış olmaq, özümü inkişaf etdirmək idi. 
 
- Xaricdə təhsil almaq hüququnu necə qazandınız? Yəni hansısa dövlət proqramına qoşuldunuz, ya öz hesabınıza getdiniz?      
- Xaricdə təhsil almaq üçün Təhsil Nazirliyinin bir neçə təqaüd proqramına müraciət etsəm də, qəbul olmadım. İngiltərədəki təhsilimin xərclərini isə orada təhsil alan tələbələrə dəstək olan, həmin ölkəyə məxsus təşkilat qarşıladı. Doktorantura təhsilimlə bağlı isə ABŞ-da dörd universitetə müraciət etdim və Arizona Universitetinə qəbul oldum. Əslində, özüm də bu universiteti istəyirdim. Çünki göstəriciləri, təhsil səviyyəsi daha çox xoşuma gəldi, həmçinin burada dərs deyən professorlardan biri ilə əvvəlcədən tanışlığımız vardı. Hazırda bu universitetdə həm işləyirəm, həm də oxuyuram. Universitetdə 20 saat dərs deyirəm. Bunun qarşılığında da mənə aylıq kompensasiya verilir.
 

 
- Xaricdə təhsil insana nələri öyrədir?  
- Mən hələ ki, iki ölkə - İngiltərə və ABŞ təhsili ilə yaxından tanış olmuşam. Digər ölkələrin təhsil səviyyəsindən xəbərim yoxdur deyə, onlar haqqında danışa bilmərəm. Bələd olduğum ölkələrin təhsili haqqında onu deyim ki, insanın hərtərəfli inkişafına yardım edir. Dünyagörüşünün genişlənməsinə, fərqli insanlar, mədəniyyətlərlə tanış olmasına şərait yaradır. Bu, sanki dünyaya açılan bir pəncərədir. Xüsusilə, Amerikadakı təhsil sistemi bu işdə böyük rol oynayır. Dünyada baş verən prosesləri, texniki inkişafı bura gəlmədən öyrənmək mümkün deyil. 
 
- Magistratura təhsilinizi İngiltərədə aldınız, nə üçün doktorantura təhsili üçün seçiminiz ABŞ oldu?
- Demək olar ki, ABŞ hazırda ən çox inkişaf etmiş ölkələr sırasındadır. Buranı elmi-texnoloji inkişafın vətəni adlandırmaq olar. Təhsil aldığım sahədə həm nəzəri, həm də təcrübə bilikləri çox yüksək səviyyədə öyrənirəm. Hər iki ölkənin təhsili arasında böyük fərq olduğunu hiss edirəm. Siyasi elmlər sahəsində amerikalılar həqiqətən çox inkişaf edib. 
 
- ABŞ-da təhsil səviyyəsi necədir, hansı nüansları bəyənirsiniz?
- Burada təhsil səviyyəsi olduqca inkişaf edib. Tək mənim təhsil aldığım sahədə deyil, bütün istiqamətlərdə belədir. Data-analiz proqramlarının istifadəsi burada daha geniş yayılıb. Qeyd edim ki, digər ölkələrdə doktorantura təhsili 3 il olsa da, ABŞ-da 5 ildir. Digər bəyəndiyim nüans isə professorların tələbələrlə olan münasibəti və təhsil resurslarının çox olmasıdır.
 

 
- Bizim təhsil sistemi ilə arada hansı fərqləri müşahidə etdiniz?
- Təbii ki, bizim təhsil sistemi ilə buradakı arasında böyük fərqlər var. Bunu hiss etməmək mümkün deyil. Burada tələbələr fikirlərini ifadə etməkdə daha azaddırlar. Müəllimlərlə tələbələrin ünsiyyət qurması tamam fərqlidir. Burada təhsil aldığın sahəni öyrənmək üçün vəsaitlər daha çoxdur.
 
- Söhbət zamanı tələbə-müəllim münasibətini vurğulayırsınız. Bilmək olar, ABŞ-da tələbə-müəllim münasibəti necədir?  
- Burada hər kəs öz vəzifəsinə professional səviyyədə yanaşır. Bizim ölkəmizdə tələbə-müəllim münasibətində müşahidə olunan problemlər ABŞ-da yaşanmır. Olsa belə, çox aşağı, 1% səviyyəsindədir. Tələbə vəzifəsinin oxumaq, professor isə işinin dərs keçmək olduğunu bilir. Heç biri işinə ötəri yanaşmır. Burada tələbə-müəllim münasibəti çox fərdidir. 
 
- Bir az da amerikalılardan danışaq, düşüncələri, xasiyyətləri necədir?
- Əslində, bu suala cavab vermək bir az çətindir. Belə ki, latın amerikalılar fərqlidir, Afrika amerikalıları isə tamam başqa xasiyyətdədirlər. Amerikada ən önəmli məsələlərdən biri də odur ki, burada rasizm Avropaya nisbətən müəyyən qədər azdır. Amerikada onsuz da hər kəs gəlmədir. Yəni kiminləsə bir müddətlik söhbətdən sonra, haradansa gəlmə olduğunu bilirsiniz. Bu baxımdan ABŞ çox rəngarəng ölkədir. Bəlkə də Amerikanın gözəlliyi elə bundadır. Ona görə, xasiyyət barədə konkret bir cavab vermək çətindir.
 
- Amerikalılar Azərbaycan haqqında nələr bilir? Yəni Azərbaycan kimi bir dövlətin varlığından xəbərləri var?
- Bilənlər də var, bilməyənlər də. Amma bildikləri də çox azdır. Gürcüstanı, Türkiyəni tanıyırlar. Azərbaycan haqqında bildikləri Qafqaz və neft ölkəsi olmasıdır. 
 
- Siz bir azərbaycanlı olaraq ölkəmizi tanıtmaq üçün nə kimi işlər görürsünüz?
- Xəritəmizi göstərirəm, ölkəmiz, xüsusilə paytaxtımız haqqında məlumat verirəm. Tarixi abidələrimizdən, dilimizdən, mədəniyyətimizdən danışıram. "Google” axtarış proqramında ölkəmizdəki abidələrin şəklini göstərirəm. Əslində, bu kimi məlumatlar onların marağına səbəb olur və nə vaxtsa, ölkəmizə səfər etməyi düşünürlər. 
 

 
- ABŞ-a getdiyiniz ilk dönəmlərdə hansı çətinlikləri yaşadınız?  
- Ən böyük çətinliyim marketə gedib-gəlmək idi (gülür). Çünki burada market yaşadığımız evdən çox uzaqdadır. Hər dəfə ya taksiyə, ya da avtobusa minməlisiniz. Digər tərəfdən, Arizona çox isti yerdir, yay vaxtı çöldə gəzmək çox çətindir. Təsadüfən də mənim ilk gəlişim yay fəslində idi. Açığı, düşünürdüm ki, Salyan Azərbaycanın ən isti rayonlarından biridir. Oradakı istiyə alışdığımdan, buradakının təhlükəli olacağını fərz etmirdim. Amma temperatur gözlədiyimdən də isti oldu. Bir həftə sonra anladım ki, bu isti o istilərdən deyil.
 
- Yeni mühitə, insanlara adaptasiya olmağınız nə qədər çəkdi?
- Düzü, adaptasiya baxımından heç bir problem yaşamadım. ABŞ-dan öncə İngiltərədə olmağım bu mövzuda mənim üçün üstünlük idi. Yəni artıq fərqli ölkədə, mühitdə olmağa alışmışdım. 
 
- Fərqli ölkə fərqli yeməklər deməkdir, siz nə yeyirsiniz orada, yeməkləri necədir?
- Bayaq qeyd etdiyim kimi, insanları müxtəlif olduğu üçün buradakı yeməklər də fərqlidir. Mənim qaldığım yer Meksikaya daha yaxındı deyə, Meksika restoranları çoxdur. Türk restoranları da var və daha çox bu restoranlara gedirəm. Amerikanın "fast food” yeməkləri çox keyfiyyətsizdir. Ona görə də, çox zaman ərzaqları alıb, yeməyi özüm hazırlayıram.  
 

 
- Təhsil müddətiniz bitdikdən sonra ölkəmizə qayıdacaqsınız, ya orada qalacaqsınız? 
- Hazırda oxuduğum universitet ABŞ təhsilində ən öndə gedənlərdəndir. Hətta, deyərdim ki, innovasiyalar üzrə birincilərdəndir. Təhsil müddətim 2022-ci ildə bitəcək. Təhsilimi bitirdikdən sonra təbii ki, yenidən ölkəmə qayıtmağı və qazandığım təcrübəni bölüşməyi çox istəyirəm. 
 
- Gələcəklə bağlı planlarınız nədir?
- Gələcəklə bağlı planlarım çoxdur. Doktorantura təhsilimi bitirib, daha sonra assistent professor kimi fəaliyyətimi davam etdirmək istəyirəm. Davamında isə professorluq səviyyəsinə qədər yüksəlməyi düşünürəm. Özümü intellektual olaraq daha da inkişaf etdirməyi, müxtəlif tədqiqatlar üzərində işləməyi planlayıram.
 
- Xaricdə təhsil almaq istəyən gənclərə nə kimi məsləhətləriniz var?  
- Bir insanın inkişafını təmin edəcək şəxs yalnız özüdür. Məsuliyyətli olmalı, daim inkişafyönümlü araşdırmalar etmək lazımdır. Bu mövzuda bir az strategiyalı olmaq vacibdir. Yəni sadəcə xaricdə təhsil olsun deyə yox, planlı şəkildə hərəkət edilməlidir. Hansı sahə üzrə ixtisaslaşmaq istədiklərini, gələcəkdə həmin sahədə fəaliyyətlərini necə quracaqlarını düşünsünlər. Təhsil almaq üçün keçirdikləri zamanın, qoyduqları investisiyanın gələcəkdə onlara necə dönəcəyini düşünsünlər. 
 
Günel Azadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779