• cümə, 19 Aprel, 03:19
  • Baku Bakı 18°C

AMEA Rəyasət Heyəti yeni binaya köçürüləcək

18.09.13 15:05 5611
AMEA Rəyasət Heyəti yeni binaya köçürüləcək
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti akademiyanın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar müvafiq qərarlar qəbul edib.
APA-nın xəbərinə görə, Rəyasət Heyətinin iclasında çıxış edən AMEA prezidenti Akif Əlizadə qeyd edib ki, 2015-ci ilin mart ayında AMEA-nın yaranmasının 70 illiyi tamam olacaq. Prezident İlham Əliyevlə görüşündə bu barədə məlumat verdiyini deyən A.Əlizadə qeyd edib ki, dövlət başçısı da akademiyanın yubileyinin 60 illik yubileyi kimi yüksək səviyyədə qeyd olunacağını deyib. A.Əlizadənin sözlərinə görə, 2014-cü ilin yanvar-fevral ayında AMEA-nın 70 illik yubileyi ilə əlaqədar layihənin hazırlanaraq başa çatdırılması və müvafiq sərəncamın imzalanması gözlənilir.
Bu məsələnin çox vacib olduğunu deyən A.Əlizadə qeyd edib ki, son 5 il ərzində akademiyaya diqqət olduqca artıb, qurumun maddi-texniki bazanın genişlənməsi istiqamətində işlər görülüb, gələcək üçün böyük investisiyalar qoyulub. Bu ilin dekabr ayında AMEA kitabxanasının binasının tikintisi başa çatacaq.
Yubileylə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər haqqında məlumat verən AMEA prezidenti akademiyanın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı investisiya layihələrinin həyata keçirilməsi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, Mərkəzi Elmi Kitabxananın binalarının tikintisi, AMEA “Akademiya şəhərciyi”ndə Rəyasət Heyəti üçün yeni binanın rekonstruksiya edilməsinin vacibliyini bildirib. Alim AMEA-nın 70 illik yubileyi ilə əlaqədar kitabın hazırlanaraq nəşr olunması, bununla bağlı filmin çəkilməsi, televiziya arxivlərində AMEA ilə bağlı videomaterialların toplanılması məsələlərinin yüksək səviyyədə təşkilinin önəmliliyini bildirib.
A.Əlizadə qeyd edib ki, 70 illik yubiley ərəfəsində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yeni binaya köçürülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Rəyasət Heyətinin hazırda yerləşdiyi binanın əsaslı təmir edilməsi planlaşdırılır: “Bu bina tarixi abidədir. Rəyasət Heyəti buradan köçəndən sonra burada dövlət tərəfindən əsaslı təmir işlərinin aparılması planlaşdırılır. Burada demək olar ki, qəzalı vəziyyət yaranıb”.
Daha sonra yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi məqsədilə komissiya yaradılıb. AMEA-nın elmi bölmələrinə və regional elmi mərkəzlərinə yubileylə bağlı təkliflərin hazırlanaraq 15 gün müddətinə komissiyaya təqdim edilməsi tapşırılıb. Bundan əlavə, 70 illiyin geniş miqyasda qeyd edilməsi üçün dövlət qarşısında vəsatət qaldırılmasına dair qərar qəbul olunub.
banner

Oxşar Xəbərlər