• cümə axşamı, 25 aprel, 04:07
  • Baku Bakı 19°C

AMEA prezidenti hesabat verdi

14.01.15 17:41 1127
AMEA prezidenti hesabat verdi
“Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70 illiyinə hazırlıq işləri görülür. Artıq akademiyanın yubileyin Tədbirlər Planı təsdiq edilib. Yubiley mərasimi noyabr ayında keçiriləcək. Bununla bağlı ölkə rəhbərliyinin razılığı əldə olunub. 2015-ci ilin aprel ayında AMEA-nın ümumi yığıncağı keçiriləcək. Bu yığıncaqda mühüm işlər barədə cəmiyyətə məlumat veriləcək”. Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin keçirdiyi mətbuat konfransında səsləndi. AMEA prezidenti ötən il görülən işlər barədə danışaraq 2014-cü ildə AMEA-nın həyatında bir neçə mühüm tədbirlər olduğunu qeyd etdi: “İlk hadisə fevral ayında Gəncə şəhərində akademiyanın yeni bölməsinin açılışı olub. Bakı şəhərində mərkəzləşmiş tədbirlərin respublikada geniş yayılması üçün Gəncədə yeni yaranan bölmə akademiya və Azərbaycan elmi üçün vacib məsələdir. Daha sonra elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmağı, gəncləri elmə cəlb etməyi əsas hədəf seçən “Bakı Elm Festivalı - 2014” keçirildi və bu festival da ölkədə mühüm rezonansa səbəb oldu. Gələcəkdə isə Azərbaycan üzrə Elm Festivalının keçirilməsi nəzərdə tutulur». AMEA prezidenti ötən ilin dekabr ayında keçirilən Azərbaycan alimlərinin I qurultayını ölkənin elm tarixində mühüm əhəmiyyət kəsb edən hadisə adlandırdı: «Bu qurultay respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrinin səlahiyyətli nümayəndələrini bir araya gətirdi».
Son zamanlar AMEA-nın kadr hazırlığında gənclərə böyük önəm verildiyini, yüksəkixtisaslı gənc alim və mütəxəssislərin yetişdirildiyini qeyd edən akademik bu gün Azərbaycan gəncliyinin tam fərqli olduğunu və onlar üçün akademiyada olduqca aktiv və məqsədyönlü istiqamət seçildiyini qeyd etdi: “Azərbaycan elmində bir qədər qocalma prosesinin olmasına baxmayaraq, gəncliyin püxtələşmiş alimləri əvəz etməyə hazır olmasına ümid var. Bu istiqamətdə də işlər görülür. Qeyd etməliyik ki, bir gənc kadrı hazırlamaq elə də asan iş deyil. Bir gənci, elmi kadrı formalaşdırmaq üçün 10-20 il zaman lazımdır».
AMEA prezidenti elmin sosial problemlərinin diqqət mərkəzində olduğunu vurğuladı: “AMEA alimlərinin çoxdan arzuladığı akademiya poliklinikasının layihəsi hazırlanır. Hazırlıq yanvar-fevral ayında yekunlaşsa, işləri də tez görmək mümkün olacaq”. AMEA prezidenti əlavə etdi ki, bu il üçün sosial baxımından da mühüm işlər nəzərdə tutulub. Akademikin sözlərinə görə, AMEA yataqxanasının yerində yaşayış binaları inşa olunur: “Bu işlər də yekunlaşmaqdadır. Yaxınlarda bu istiqamətdə AMEA alimləri üçün xoşagələn tədbirlər həyata keçiriləcək. A. Əlizadə qeyd etdi ki, “Akademiya Şəhərciyi”nin (Science city) yaradılması istiqamətində növbəti təşəbbüs irəli sürüləcək: “Prezident ilk görüşdə bu işlərimizi dəstəkləyib. Sadəcə, şəhərcik üçün hələlik yer müəyyənləşməyib. Yeri müəyyən etsək, şəhərcik məsələsi həll olunacaq”.
A.Əlizadənin sözlərinə görə, AMEA-nın hüquqi baxımdan da problemləri həll olunmaqdadır: “Yeni nizamnamə artıq dövlət başçısı tərəfindən imzalanıb. Akademiya yeni hüquqi formatda fəaliyyət göstərməyə başlayıb. Bununla da akademiyanın gələcəyini yeni bir formatda planlaşdıra biləcəyik”.
Özünü doğrultmayan Boloniya

AMEA prezidenti bu il ilk dəfə olaraq fevral ayında magistraturaya qəbul elan olunacağını qeyd etdi. Belə ki, bu il magistratura pilləsinə 7 ixtisas üzrə qəbul aparılacaq: “Magistraturaya qəbulun aparılması yeni pilot layihəsi kimi Təhsil Nazirliyi ilə danışılıb. Bu ilk addımdır və nəticəsini gözləməliyik. Magistraturanın təşkili bir neçə kriteriyaya cavab verməlidir. AMEA-nın 7 institutunun bazasında magistratura təşkil ediləcək». A.Əlizadənin sözlərinə görə, magistraturaya qəbul aparılacaq ixtisaslara dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası daxildir: “Azərbaycan elminə lazımi mütəxəssislərin hazırlanması üçün bu ixtisaslar seçilib”. AMEA prezidenti qeyd etdi ki, akademiyada magistratura yalnız elmi istiqaməti seçən alim hazırlayacağıq: «Məqsədimiz odur ki, əksər hallarda magistraturanı bitirən şəxs laboratoriyada çalışıb elmlər doktoru dərəcəsi alsınlar».
Akademik doktorantura pilləsinə qəbulun kəskin sürətdə azaldıldığını qeyd etdi: «Əsas məsələ keyfiyyətdir, qəbul bir qədər yüksək səviyyəli olmalıdır. Bölmələr tərəfindən doktoranturanın qəbul planına baxılıb, qərarlar verilib, mövzular təsdiq edilib. Bu il AMEA-nın doktorantura pilləsinə 100-120 nəfər qəbul aparılıb. Doktoranturaya qəbul zamanı əsas məsələ gənc alimin istiqamətini müəyyən etməkdir. Əsas odur ki, onun mövzusu keçmişə baxmasın və mütləq akademiyanın prioritet istiqamətlərinə uyğunlaşsın”. A.Əlizadə ölkədə gənc alimi yetişdirmək üçün bütün istiqamətləri nəzərə almağın vacib olduğunu vurğuladı: «Magistraturaya, doktoranturaya qəbul hazırlanırdısa, zəncirdə lisey-gimnaziya nəzarətsiz qalırdı. Bu baxımdan Təhsil Nazirliyi ilə danışılıb. Artıq razılaşmaya əsasən nazirlik tərəfindən AMEA-ya 2 lisey ayrılıb. Həmin liseylərdə 6-cı sinifdən yuxarı akademiyanın alimləri müxtəlif istiqamətli tədris aparacaqlar. Alimlər ora gedib liseydə akademiya olaraq nə formada iştirak edilməsini müəyyənləşdirilməlidir. Bununla bağlı hazırda danışıqlar aparılır. Əfsuslar olsun ki, hələlik akademiyanın universiteti yoxdur. Gənc alimlər liseydə oxuyub, sonra təhsillərini ali məktəbin bakalavr pilləsində davam etdirməli, oradan isə AMEA magistraturasına, doktoranturasına üz tutmalıdırlar. Biz bu elm zəncirini təşkil etməyə çalışacağıq. Akademiya ali məktəbinin yaradılması ilə bağlı da razılıq əldə edilib. Gələcəkdə bu iş də öz həllini tapa bilər».
A.Əlizadə təhsil sahəsində aparılan işləri də qiymətləndirdi: “Təhsil nazirliyi tərəfindən müəyyən islahatlar aparılır, biz gənc naziri dəstəkləyirik. Təhsil sahəsi çox ağır sahədir və bəzi çatışmazlıqlar var. Azərbaycanda tətbiq olunan Boloniya sistemi bu gün bizdə tam qavranılmır. Sistemin özünün nüansları, incəliklər var. Müxtəlif ölkələrdə bu keçid zamanı müəyyən hallarda, mərhələlərdə konstruktiv dəyişiklər edirlər. Biz isə sovet sistemindən birbaşa Boloniya sisteminə keçdik. Bu da çətinlik yaradır”.
AMEA prezidenti akademiya alimlərinin bu il ilk dəfə olaraq “Qızıl medal” alacaqlarını diqqətə çatdırdı: «Akademiya tərəfindən alimlər üçün “Qızıl medal” təsis edilib. Bu medallar elm sahəsində yüksək nəaliyyət göstərən iki alimə - biri azərbaycanlı alimə, digəri isə xarici alimə veriləcək. «Bu ilin aprel ayında Rəyasət Heyətinin ümumi yığıncağında «Qızıl medal»lar Rəyasət Heyəti tərəfindən təsdiq olunan alimlərə veriləcək».
Ötən il Azərbaycanın görkəmli alimlərin adına mükafatların təsis edildiyini də xatırladan AMEA prezidenti vurğuladı ki, bu yaxınlarda akademiyanın adlı mükafatlarına təqdimatların verilməsi barədə elan veriləcək.
Biznesmen-alim söhbəti

A.Əlizadə Azərbaycan elminə büdcədən ayrılan vəsaitə də münasibət bildirdi: «Akademiya olaraq gözləmirik ki, bizə büdcədən ayrılan vəsait artırılsın. Oturub kimdənsə hansısa işi gözləmək sovet düşüncəsi idi. Alimlərin qarşısında böyük bir məsələ qoyulub: Akademik, alim özü qazanmalıdır. Alimlərin bütün istiqaməti ona yönəlib ki, innovativ elm özü inkişaf etməlidir. Biz akademiya olaraq hələ böyük bir istehsalat yarada bilməmişik, amma bu yoldayıq».
Akademik AMEA-nın məlumat bankı haqqında da məlumat verdi: “Biz həmçinin biznesmen-alim söhbətinin aparılmasına hazırıq. Bu yeni formadır və bizim təkliflər biznes tərəfindən qəbul olunur. AMEA 2014-cü ildən tədricən büdcədən kənar vəsait əldə etməyə çalışır. Bu da innovativ təkliflər paketini bizneslə əlaqələndirməyə imkan verir. Biznes rəhbərləri, qurumlar, holdinqlərin akademiyaya nəzər-diqqəti artıb. Artıq onlar hiss ediblər ki, akademiya axtarışdadır və istehsalat üçün yeni təkliflər verməyə hazırdır”.
Bugünkü dünya elminə uyğunlaşmaq

Ötən illər AMEA-da yaradılan institutlar və onların əsasən humanitar istiqamətli olması ilə bağlı sualı cavablandıran akademik yeni qurumların heç də strukturu genişləndirmək və ştatı artırmaq baxımından yaradılmadığını bildirdi: “Bu institutları təşkil etməkdə məqsəd ölkə elminin 70 il ərzində işlənmiş problemlərdən kənarlaşıb alimlərimizin imkanlarını bu gün Azərbaycan elmi üçün vacib olan yeni problemlər üzərində səfərbər etməkdən ibarətdir. Azərbaycan elmi ənənəvi olaraq humanitar elmlərə böyük diqqət yetirib. Azərbaycanın humanitar elminin görkəmli nümayəndələri olub, indi də var. Onlar AMEA-nın yarı fəaliyyətini təşkil edir. Bu baxımdan hesab edirik ki, Azərbaycan elmi, ədəbiyyatı, tarixi, etnosu, dili və fəlsəfəsini sosializm-kommunizm fəlsəfəsindən fərqli olaraq bugünkü dünya elminin apardığı istiqamətlərlə uyğunlaşdırmaq lazımdır».
Qafqazşünaslıq İnstitutunun yaranmasına münasibət bildirən AMEA prezidenti “SSRİ dövründən Azərbaycanda Şərqşünaslıq İnstitutu fəaliyyət göstərir. Bu institut yalnız ərəb və fars dili istiqamətini əhatə edib. Ancaq Azərbaycan 20 ildən artıq müstəqildir. Əgər biz yalnız Şərq aləminə aid elmləri inkişaf etdirmək niyyətindəyiksə, nə üçün bütöv Şərqi - Yaponiyanı, Koreyanı, Tayvanı əhatə etməyək?”-deyə qeyd etdi. Akademik görə, sovet dövründə Qafqazın alimlər üçün qadağan zona olduğunu xatırladaraq indiki dövrdə bütün Qafqazı əhatə etməyimizin vacibliyini vurğuladı: “Nə üçün alimlərimiz bu istiqamətləri regional baxımdan öz tədqiqatlarında aparmasınlar? Digər tərəfdən, bizim bədnam qonşularımızın çirkin əməllərini ifşa etmək və fəaliyyətlərini əsaslandırılmış şəkildə dünya ictimaiyyətinə çatdırmağa ehtiyac var”.
A.Əlizadə AMEA Rəyasət Heyətinin yerləşdiyi tarixi binadan (İsmailiyyə binası) çıxarılması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirdi: «Bu məlumatlar yanlış və əsassızdır».
Akademik AMEA-nın Rəyasət Heyətinin binasının üzərində sovet dövrünə aid elementlərin, yazıların dəyişdirilməsi ilə bağlı təşəbbüs qaldırıldığını da diqqətə çatdırdı: “Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məktubla müraciət etmişik. Bu, dövlətin işidir. Biz sadəcə, təşəbbüs qaldırdıq”.
Mətbuat konfransında iştirak etdi:
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər