• cümə, 26 Aprel, 21:51
  • Baku Bakı 22°C

AMEA-nin vitse-prezidenti II Fəxri Xiyabanda dəfn edilib

04.02.15 09:48 963
AMEA-nin vitse-prezidenti II Fəxri Xiyabanda dəfn edilib
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Akif Hacıyevlə vida mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, dövlət müşaviri Kamal Abdulla, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və başqaları iştirak edib.
A.Əlizadə akademik Akif Hacıyevin ölümünü Azərbaycan riyaziyyat elmi üçün böyük itki kimi qiymətləndirib: “Akif müəllim gənc yaşından elmə maraq göstərib, bütün ömrünü Azərbaycanda riyaziyyat elminin inkişafına həsr edib. Onun əldə etdiyi elmi uğurlar yalnız Azərbaycan elmində yox, dünya elmində böyük maraqla qarşılanıb. Biz bu gün kədər içində olsaq da, fəxr edirik ki, Akif müəllimlə uzun illər çiyin-çiyinə çalışmışıq. Ona Allahdan rəhmət diləyirik. Qəbri nurla dolsun!”
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, akademik Telman Əliyev, professor Misir Mərdanov A.Hacıyevin böyük alim və şəxsiyyət olduğunu vurğulayaraq bildiriblər ki, akademikin timsalında elm fədaisi və yaxın dostlarını itiriblər.
Mərhumun qardaşı Habil Hacıyev ailə üzvləri adından vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib.
Vida mərasimindən sonra mərhum II Fəxri Xiyabanda dəfn olunub.
Qeyd edək ki, görkəmli Azərbaycan riyaziyyatçısı, AMEA-nın vitse-prezidenti, akademik Akif Cəfər oğlu Hacıyev fevralın 3-də dünyasını dəyişib.
A.Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olub. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1960-cı ildə universiteti bitirərək, təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilib. İnstitutda kiçik elmi işçi, elmi katib, böyük elmi işçi, şöbə müdiri və direktor vəzifələrində çalışıb.
banner

Oxşar Xəbərlər