AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənilib
AMEA Naxçıvan Bölməsində 2017-ci
ilin elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair elmi-tədqiqat
institutlarının hesabat tədbirləri keçirilib.
İlk olaraq bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
illik hesabatı dinlənilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli
rəhbərlik etdiyi müəssisənin il ərzində
gördüyü elmi-tədqiqat işləri barədə məlumat verərək bildirib ki, 2017-ci ilin
elmi-tədqiqat işlərinin planına əsasən institutda Naxçıvan tarixinin
arxeologiyası, etnoqrafiyası və epiqrafikasına dair tədqiqatlar aparılıb. Qeyd
edib ki, hesabat ilində əməkdaşların 171 elmi əsəri (28-i xaricdə) çapdan
çıxıb, müxtəlif mətbuat orqanlarında 70 qəzet məqaləsi nəşr olunub. Plan işlərindən
əlavə, institut əməkdaşları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbovun Sərəncamına əsasən bərpa olunan Qarabağlar Türbə-Kompleksi
haqqında kitab hazırlayıblar. Eyni zamanda, Naxçıvan şəhərinin 2018-ci il üçün
İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar "Naxçıvan imamzadələri”,
"Naxçıvan hamamları” və "Naxçıvan buzxanaları” kitabçaları ilkin variantda hazırlanıb.
Diqqətə
çatdırılıb ki, 9 fevral 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
Sərəncamı ilə əməkdaşların müəllifi olduğu "Naxçıvan tarixi” çoxcildliyi
Naxçıvan Muxtar Respublikası mükafatına, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin
müəllifi olduğu "Başlanğıcın sonu, sonun başlanğıcı” kitabı isə Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədri tərəfindən mükafata layiq görülüb.
Bildirilib ki, AMEA-nın müxbir
üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə "Naxçıvan tarixinin, arxeoloji, etnoqrafik,
epiqrafik və Şərq mənbələri əsasında tədqiqi, arxeoloji abidələrin elektron
qeydiyyatı və xəritələşdirilməsi” mövzusu qrant layihəsinin qalibi olub. Cari
ildə "Qədim dövr arxeologiyası” şöbəsi ilə Fransa Respublikası Milli Elmi
Araşdırmalar Mərkəzinin Arxeologiya laboratoriyası arasında əməkdaşlıq haqqında
müqavilə imzalanıb. Həmçinin institutda elmi tədqiqat işləri ilə bağlı 10
seminar, Elmi Şuranın 10 iclası keçirilib.
Bölmənin
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun illik hesabatını təqdim edən bu
müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev qeyd edib ki, cari
ildə institutda 1 prоblem üzrə 1
mövzunu əhatə edən 5 iş 15 mərhələdə
yerinə yetirilib. Hesabat dövründə nəşr olunan elmi əsərlərin sayı artıb. Əməkdaşlar tərəfindən
11 monoqrafiya, 4 kitab, 133 elmi məqalə (16-sı xaricdə), 4 tezis (1-i xaricdə),
55 konfrans materialı (12-si xaricdə), ümumilikdə isə 208 elmi əsər çapdan
çıxıb. Müxtəlif mətbuat orqanlarında 63 qəzet məqaləsi nəşr edilib.
Qeyd olunub ki, institut əməkdaşları
cari ildə 13 elmi konfrans və tədbirdə iştirak ediblər. 1 əməkdaş
Türkiyə Respublikasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş şeir
müsabiqəsində fərqləndiyinə görə təşkilatçılar tərəfindən "Təşəkkür”
sertifikatına, digər əməkdaş Naxçıvan Muxtar Respublikasında 2017-ci il üçün
"İlin yazıçısı” adına, Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti” ilə
birgə təsis etdiyi Əli bəy Hüseynzadə mükafatına layiq görülüb. Hesabat dövründə
institutun təsis etdiyi "Axtarışlar” jurnalının dövri nəşri təmin edilib və 4
nömrəsi işıq üzü görüb.
Təbii Ehtiyatlar İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov hesabat məruzəsi ilə çıxış edərək
bildirib ki, hesabat ilində 146 elmi əsər
çapdan çıxıb, həmçinin 5 monoqrafiya (1 xaricdə), 4 kitab, 1 dərs vəsaiti, 83 məqalə
(25 xaricdə), 53 konfrans materialı (32 xaricdə) dərc olunub.
Əliəddin Abbasov qeyd edib ki, hesabat
ilində institutun bir əməkdaşı Azərbaycan Respublikası Prezidenti yanında Elmin
İnkişafı Fondunun "Ən Layiqli Alim-Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində
keçirilən "2016-cı İlin alimi” mükafat müsabiqəsinin kimya elmləri sahəsinin gənc
alimlər nominasiyası üzrə qalib olmuş, diplom, medal və pul mükafatına layiq
görülmüşdür.
Bioresurslar
İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, akademik Tariyel Talıbov cari ildə müəssisədə
11 işin 23 mərhələdə yerinə
yetirildiyini bildirib. Qeyd edib ki, tədqiqat ilində
institut əməkdaşlarının 8 monoqrafiya, 2 kitab, 1 atlas və 160 elmi məqaləsi
(bunlardan da 46 elmi məqalə və konfrans materialı xaricdə) nəşr olunub.
Bildirilib
ki, Azərbaycan Respublikası Prezidenti yanında EİF-nun 2016-cı ildə keçirdiyi
müsabiqədə institut əməkadşlarının "Naxçıvan Muxtar Respublikasının tətbiq
yönümlü perespektivli yabanı və mədəni qida bitkilərinin genofondunun elmi əsaslarla
kompleks tədqiqi” adlı iş qrant layihəsinin qalibi olub.
Əlyazmalar Fondunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Fərman Xəlilov fondda 2017-ci ilin elmi-tədqiqat işlərinin
planına əsasən 1 prоblem üzrə 1 mövzunu əhatə edən 3 işin 3 mərhələdə yerinə yetirildiyini diqqətə
çatdırıb. Bildirib ki, illik hesabat dövründə fondda mühafizə olunan qədim çap
kitabları və əlyazmalarının sayı 322-dən 380-a çatdırılıb. Kitabxanada olan
müasir kitabların sayı isə 202-dir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Fond əməkdaşlarının 1 monoqrafiya, 2 kitab
olmaqla, 33 elmi əsəri
çox çap olunub. Bildirilib ki, cari ildə əməkdaşların ümumilikdə 38 elmi əsəri çap olunub.
Qeyd edilib ki, hesabat ilində Naxçıvanın elm, mədəniyyət, ədəbiyyat və
maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması istiqamətində də işə başlanılıb.
Fondun elmi fəaliyyətini gücləndirmək məqsədi ilə AMEA-nın Əlyazmalar İnstitutu
ilə əməkdaşlığa dair müqavilə imzalanıb, həmçinin əməkdaşlar Təbriz
Dövlət Universiteti, Təbriz Milli Kitabxanası və digər elm və təhsil müəssisələri
ilə əməkdaşlıq ediblər.
Bölmənin Batabat Astrofizika Rəsədxanasının
direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev isə
çıxışında bildirib ki, rəsədxanada 1 prоblem üzrə 2 mövzunu əhatə edən 2 iş 5 mərhələdə yerinə yetirilib. Bildirib ki, 5
elmi işçinin hesabat dövründə 1 kitabı, 33 elmi məqaləsi, 1 tezisi olmaqla 35
elmi əsəri çap olunub.
Sonda bölmənin elmi-tədqiqat müəssisələrinin
illik fəaliyyətləri qənaətbəxş hesab edilib.
Tədbirdə elmi-tədqiqat müəssisələrinin
illik elmi fəaliyyətlərini əks etdirən videogörüntü və elmi nəşrlərdən ibarət sərgi
nümayiş olunub.