AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanasında üç yeni kitabın təqdimatı olub
AMEA
Naxçıvan Bölməsinin Bioresurslar
İnstitutunun Nəbatat bağının şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Teyyub Paşayevin "Zəfəranın Naxçıvan Muxtar
Respublikasında introduksiyası”, həmin institutun direktor müavini, biologiya
üzrə fəlsəfə doktoru İsmayıl Məmmədovun "Naxçıvan Muxtar Respublikası şəraitində
ev quşlarının koksidiləri” və institutun böyük elmi işçisi, aqrar elmləri üzrə
fəlsəfə doktoru Loğman Bayramov və Meyvə, tərəvəz və üzümçülük
laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə elmlər doktoru Varis Quliyevin həmmüəllifi
olduğu "Naxçıvan Muxtar Respublikasında armud bitkisinin genefondu və bioloji
xüsusiyyətləri” adlı monoqrafiyaların təqdimat mərasimi keçirilib.
Bölmənin
Elektron kitabxanasında keçirilən tədbirdə Varis Quliyev çıxış edərək həmmüəllifi
olduğu monoqrafiyada armud sortlarının təsərrüfat-bioloji, xüsusiyyətləri,
artırılma üsulları, torpağın əkin üçün hazırlanması, xəstəlik və zərərvericilərə
qarşı mübarizə tədbirləri, kimyəvi tərkibi, iqtisadi səmərəliliyi kimi məsələlərin
öz əksini tapdığını deyib.
Alim
"Naxçıvan Muxtar Respublikası şəraitində ev quşlarının koksidiləri” adlı nəşrdə
ev quşlarında parazitlik edən koksidilərin növ tərkibi, biologiyası barədə məlumatların,
"Zəfəranın Naxçıvan Muxtar
Respublikasında introduksiyası” adlı kitabda isə əkin zəfəranının iqlimləşdirilməsi
ilə əlaqədar aparılan elmi-tədqiqatların nəticələrinin əks olunduğunu bildirib.
Sonra
Bioresurslar
İnstitutunun elmi katibi, biologiya elmləri üzrə fəlsəfə doktoru Ənvər
İbrahimov, həmin institutun Torpaq Ehtiyatları laboratoriyasının rəhbəri, aqrar
elmlər üzrə fəlsəfə doktoru Sahib Hacıyev, Biokimyəvi tədqiqatlar
laboratoriyasının rəhbəri biologiya elmləri üzrə fəlsəfə doktoru Ramiz Ələkbərov,
Bitki sistematikası şöbəsinin böyük elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə
doktoru Seyfəli Qəhrəmanov, Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya
elmləri üzrə fəlsəfə doktoru Akif Bayramov və həmin şöbənin böyük elmi işçisi,
biologiya elmləri üzrə fəlsəfə doktoru Mahir Məhərrəmov çıxış edərək nəşrlərlə
bağlı öz fikirlərini bölüşüblər.