• şənbə, 20 Aprel, 08:42
  • Baku Bakı 14°C

AMEA Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı olub

22.09.17 22:25 840
AMEA Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı olub
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Fərman Xəlilovun "Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” adlı kitabının və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın "Naxçıvanda sənətkarlıq” monoqrafiyasının təqdimatı olub.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq hər iki kitabın nəşrini yüksək qiymətləndirib. Bildirib ki, Fərman Xəlilovun Naxçıvanın elmi, ədəbi və mədəni mühitinə həsr etdiyi kitabda qəzet, jurnal və toplularda müəllifin müxtəlif illərdə çap olunmuş məqalələri sistemləşdirilib.

İ. Hacıyev Sara Hacıyevanın müəllifi olduğu monoqrafiyada Naxçıvan ərazisində orta əsrlərdə yaradılan və bu günə gəlib çıxan sənətkarlıq məsulları, bədii daşyonma, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, zərgərlik, bədii tikmə, boyaqçılıq və digər nümunələr barəsində məlumatların yer aldığını söyləyib. Qeyd edib ki, kitabda Azərbaycan tədqiqatçıları ilə yanaşı, türk və rus alimlərinin tədqiqatları, müxtəlif dövrlərdə bölgəyə səfər edən əcnəbi səyyah, coğrafiyaşünas və tarixçilərin yol qeydləri və əsərləri də öz əksini tapıb.

Tədbirdə filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin "Naxçıvanın elmi, ədəbi və mədəni mühitinin tədqiqinə həsr edilmiş qiymətli əsər” və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin "Naxçıvanda sənətkarlığın inkişafına həsr edilmiş dəyərli əsər” mövzusunda məruzələri dinlənilib.

Daha sonra mövzu ətrafında bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov çıxış ediblər.

Sonda müəlliflər tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün onu da qeyd edək ki, "Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” və "Naxçıvanda sənətkarlıq” adlı kitablar Bölmənin Elektron Kitabxanasının "Yeni kitabların daimi sərgisi”ndə nümayiş olunur.


banner

Oxşar Xəbərlər