• cümə axşamı, 28 mart, 13:08
  • Baku Bakı 16°C

АMEА Naxçıvan Bölməsində qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib

20.07.18 15:00 388
АMEА Naxçıvan Bölməsində qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib
АMEА Naxçıvan Bölməsində Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasının yekunları və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında mühüm tədbirlərin həyata keçirildiyini, son illər iqtisadi potensialın artdığını, insanların yaşayış səviyyəsinin yüksəldiyini diqqətə çatdırıb. Qeyd edib ki, "Caspian European Club”un 2017-ci il üçün ölkənin iqtisadi regionları üzrə 18 parametr üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq ilk yeri tutması muxtar respublikada aparılan davamlı sosial-iqtisadi inkişafın məntiqi nəticəsidir.
Akademik Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin iqtisadiyyatımızı müəyyənləşdirən proqram xarakterli məruzəsində Naxçıvan Bölməsinin əməkdaşlarının qarşısında vəzifələr qoyduğunu vurğulayıb. Bildirib ki, bölmə elmi tədqiqatların səmərəliliyini artırılmalı, təbii sərvətlərdən faydalı istifadə imkanlarını diqqətdə saxlanmalı, muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfəsini verməlidir.
Tədbirdə bölmənin elmi müəssisələrində müvafiq istiqamətlər üzrə aparılan tədqiqatların və eləcə də elmi-təşkilati işlərin nəticələrindən də bəhs edilib. Qeyd olunub ki, bölmədə 2018-ci ilin birinci yarısında 6 elmi istiqamət üzrə 7 mövzunu əhatə edən 36 iş 84 mərhələdə yerinə yetirilib. Bölmə əməkdaşlarının 455 elmi əsəri (14 monoqrafiya, 10 kitab, 305 məqalə, 123 konfrans materialı, 3 tezis) nəşr olunub. Əsərlərdən 2 monoqrafiya, 52 elmi məqalə və 48 konfrans materialı olmaqla 102 əsər xaricdə çap olunub. Elmi məqalələrdən 11-i impaktfaktorlu jurnallarda işıq üzü görüb. Həmçinin 40 əməkdaş respublikada və xaricdə keçirilən 20 beynəlxalq tədbirdə məruzələrlə çıxış ediblər.
Bununla yanaşı "Qarabağlar Türbə Kompleksi” kitabı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) nəşr olunub. "Naxçıvan coğrafiyası” kitabının ikinci cildi hazırlanaraq çapa təqdim edilib. İlin birinci yarısında bölmədə yerinə yetirilən iki qrant layihəsinə yekun vurulub. Biri beynəlxalq olmaqla, iki qrant layihəsinin icrası davam etdirilir.
Əməkdaşlar xarici ölkə alimləri ilə səmərəli əməkdaşlıq ediblər. Elmi fəаliyyətlərinə görə bir necə əməkdaş yüksək mükafatlara, Fəxri Fərmanlara layiq görülüblər.
Akademik İsmayıl Hacıyev Duz Muzeyinin açılış mərasimində Ali Məclis Sədrinin Naxçıvan duzunun tərkibi, o cümlədən "Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığından irəli gələn vəzifələrin yerinə yetirildiyini bildirib.
Daha sonra bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli rəhbərlik etdiyi institutun əməkdaşlarının Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı təşkil edilən nümunəvi dərslərdə, o cümlədən tarixi abidələrin qorunmasında gələcəkdə də yaxından iştirak etməli olduğunu vurğulayıb.
Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov isə çıxışında institutda aparılan tətbiqyönümlü elmi işlərin vəziyyəti ilə bağlı məlumat verib.
Sonra Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin rəhbəri, professor Əliyar İbrahimov bir sıra təkliflərlə çıxış edib.
Ümumi yığıncağa yekun vuran bölmənin sədri İsmayıl Hacıyev vurğulayıb ki, bundan sonra da üzərimizə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışmalıyıq, muxtar respublikada elmi mühitin canlanması və inkişaf etməsinə öz töhfəmizi verməli, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməliyik.
banner

Oxşar Xəbərlər