• şənbə, 20 Aprel, 13:38
  • Baku Bakı 23°C

AMEA mənzil problemi ilə bağlı səslənən fikirlərə münasibət bildirib

23.06.17 16:20 1671
AMEA mənzil problemi ilə bağlı səslənən fikirlərə münasibət bildirib
"Evrostroy-S” MMC yeni inşa olunan yaşayış evlərindən AMEA-ya əvəzsiz olaraq ümumi sahəsi 8000 (səkkiz min) kvadratmetr yaxın olan mənzillər ayırmağı öhdəsinə götürüb. Bu mənzillərin çox hissəsi ayrılıb, qalanının isə yaxın vaxtlarda ayrılmasına yazılı zəmanət verilib”.
APA-nın xəbərinə görə, bunu AMEA-nın İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev deyib.O bildirib ki, mənzillərin bölüşdürülməsinə hazırlıq məqsədilə AMEA Rəyasət Heyətinin 7 dekabr 2016-cı il tarixli 5/2 nömrəli qərarı ilə, AMEA-nın vitse-prezidentinin rəhbərliyi ilə yeni komissiya yaradılıb: "Komissiyaya müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-ya ayrılmış mənzillərə həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin köçürülməsi məsələsinin ətraflı araşdırılması tapşırılıb. Araşdırma zamanı məlum olub ki, yataqxanada qeydiyyatda olub yaşayan və ya adına otaq olub yaşamayan 107 ailə var. Onlardan 71 ailə AMEA-da işləyən, 36 ailə isə AMEA-da işləməyənlərdir. AMEA-da işləyən 71 ailədən 6-sı elmlər doktoru, 45-i isə fəlsəfə doktorudur. Bunlardan əlavə AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu, lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilib. Bu əməkdaşlar da mənzil almağa iddialıdırlar. Onlar hesab edirlər ki, uzun illərdir kirayələrdə yaşamaq məcburiyyətində qaldıqlarına görə yataqxanada yaşayanlardan daha çox maddi və mənəvi sarsıntılara məruz qalıblar. Hazırda onların da sənədləri araşdırılır. Komissiya tərəfindən yataqxanada yaşayan hər bir AMEA əməkdaşının yaşayış şəraitini və mənzilə olan ehtiyacını təsdiq edən sənədlər toplanıb. Kənarda yaşayış sahələri olması barədə məlumat daxil olan ailələrin yataqxanadan kənarda yaşadıqları mənzillər yerində, mənzil istismar sahələrinin işçiləri ilə birlikdə yaranmış imkanlar daxilində araşdırılıb. Yuxarıda qeyd edilən 71 AMEA əməkdaşından 17-sinin mənzil almağa hüququnun olması məsələsində problemlər yarandığını təsdiq edən sənədlər və məlumatlar toplanıb. Qalan 54 ailənin isə mənzil almağa hüququ olduğu müəyyən edilib. Həmin 17 ailənin adına otaqlar olsa da, əsasən həmin otaqlarda yaşamayan, adlarında mənzillər olmuş, yataqxananın yanında yaşayış evi tikintisi başlayandan sonra adlarında olan mənzilləri özgəninkiləşdirənlərdir. Yoxlama zamanı bu ailələrin əksəriyyətinin özgəninkiləşdirdikləri mənzillərdə yaşadıqları və ya həmin mənzilləri kirayəyə verərək başqa ünvanlarda yaşadıqları məlum olub. Bəzilərinin isə yeni binalarda mənzillərinin olduğu, lakin öz adlarına sənədləşdirmədikləri müəyyən edilib”.
S. Əliyevin sözlərinə görə, mənzil qanunvericiliyinə əsasən həmin ailələr mənzil alarkən, yataqxanadakı otaqları boşaldaraq təhvil verməli idilər və həmin otaqlar 20 ildən artıqdır ki, qeydiyyatda olan, boş otaq olmadığına görə kirayələrdə yaşayan elmi işçilərə verilməli idi: "Odur ki, ilk növbədə həmin 54 ailənin mənzillə təmin edilməsi məsələsinə baxılması məqsədəuyğun sayılıb. Ondan əlavə komissiya təklif etmişdir ki, mənzillərin bölüşdürülməsi üçün AMEA Azad Həmkarlar İttifaqı Təşkilatının iştirakı ilə yeni tərkibdə komissiya yaradılması məsələsinə baxılsın. 13 iyun 2017-ci ildə püşkatma yolu ilə 54 mənzilin bölgüsü aparılıb və hazırda sənədləşmə işləri davam etdirilir. Mənzil bölgüsü zamanı əməkdaşların elmi dərəcəsi, ailə vəziyyəti və ailədə imtiyaz verən digər hallar nəzərə alınıb. Nəzərə almaq lazımdır ki, bölgüsü gedən mənzillər 16 mərtəbəli yaşayış evinin 1-9-cu mərtəbəsində yerləşir. Yaşayış evinin tikintisi layihələşdirilərkən mənzil alan ailələrə uyğun xüsusi layihə olmadığından, hər mərtəbədə olan 1 otaqlılar 66 kvadrat metr, 5 ədəd 2 otaqlılar isə 85-113 kvadrat metr arasındadır. Böyük sahəli 2 otaqlı mənzillər ailə tərkibi 4 və 5 nəfərdən ibarət, elmi dərəcəsi olan əməkdaşlara verilmişdir. Qalan otaqların bölgüsü zamanı istər-istəməz normadan artıq sahə almış elmi işçilər də olmuşdur. Bütün bunlara baxmayaraq, mənzil alanlardan da mərtəbəsinə və səmtinə görə narazı qalanlar var. Bölgüdən narazı olanların müraciətləri qəbul edilir və hər bir müraciət fərdi qaydada araşdırılaraq cavab veriləcək. Son günlər yataqxanada yaşayan və mənzil almayan sakinlər yığışaraq respublikanın rəhbər orqanlarına getmiş, AMEA-nın rəhbərlərinin qarşısını kəsməyə çalışıblar. Bu məsələ ilə əlaqədar AMEA Rəyasət Heyətinin inzibati binasının qarşısına toplaşmış 30-a yaxın şəxs qəbul edilməkistəmişdir. AMEA-nın rəhbərliyi tərəfindən onlara bildirilib ki, qəbul olunmaq üçün aralarından 4-5 nəfər seçsinlər və ya hamısı tək-tək qəbul olunsun. Lakin onlar bu təklifin heç birini qəbul etməmişlər. Müraciət edən bu şəxslər yuxarıda qeyd etdiyim kimi, AMEA-da işləməyən 36 ailənin və problemi olan 17 AMEA əməkdaşının ailə üzvləridir. Qəbul olunmaq istəyən AMEA əməkdaşlarına müraciət edərək bildirirəm ki, mənzil məsələsi elə bir sahədir ki, onun kollektiv qaydada araşdırılması və ümumi qaydada həlli mümkün deyil. Hər bir məsələ fərdi qaydada araşdırılmalı və həllinin mümkünlüyü müəyyənləşdirilməlidir.Yataqxanada yaşayan və AMEA ilə heç bir əlaqəsi olmayanlara isə dəfələrlə bildirilmiş və bu gün də bildirilir ki, onların mənzillə təmin edilməsi AMEA-nın imkanları xaricindədir. Odur ki, yaşadıqları otaqları boşaldıb təhvil verməlidirlər”.
banner

Oxşar Xəbərlər