• şənbə, 20 Aprel, 12:41
  • Baku Bakı 23°C

AMEA jurnalistlər üçün yay məktəbi təşkil edib

14.07.15 12:15 1199
AMEA jurnalistlər üçün yay məktəbi təşkil edib
İyul ayının 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) təşkilatçılığı ilə “Science Activity-2015” yay məktəbi keçirilib. İki gün davam edən tədbirdə jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən İƏEPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev bildirib ki, “Science Activity-2015” yay məktəbi jurnalistlər üçün nəzərdə tutulan layihədir: “Bu layihənin keçirilməsinin məqsədi Milli Elmlər Akademiyası ilə media qurumlarının təmsilçiləri arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirmək, akademiyanın nailiyyətləri barədə jurnalistlərə məlumat verməkdir. Azərbaycan mətbuatının 140 illiyi ərəfəsində belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir. Həmçinin bu il Milli Elmlər Akademiyası 70 illiyini qeyd edəcək. 70 il ərzində akademiya bir çox uğurlar əldə edib. İki gün ərzində biz son illərdə Azərbaycan alimlərinin əldə etdiyi uğurlar haqqında jurnalistlərə məlumat verəcəyik”.
B.Əliyev bu layihənin birinci dəfə keçirildiyini və bundan sonra da belə tədbirlərin davamlı olacağını qeyd edib: “Gələcək layihələrdə jurnalistləri digər bölgələrimizdə olan elmi müəssisələrlə də tanış ediləcək”.
Tədbirdə daha sonra Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edib. O, media işçiləri ilə Akademiya arasında sıx münasibətlərin olduğunu bildirib: “Əgər jurnalistlər alimlərimizin əldə etdiyi uğurları cəmiyyətə düzgün və dolğun çatdıra bilməsə, bu, Azərbaycan elminə böyük zərbə vura bilər. Mən inanıram ki, media işçiləri Azərbaycan elmi haqqında məlumat verərkən daha diqqətli olacaq. Həmçinin elmin içində baş verən proseslərin düzgün işıqlandırılması çox vacibdir”.
N.Cəlilov Azərbaycan Milli Elmlər Akademiyasının hazırda kadr hazırlığına önəm verdiyini vurğulayıb: “Azərbaycan müstəqil olandan sonra elmimizdə bir müddət durğunluq yaranmışdı. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi və Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin fəaliyyəti nəticəsində elmimiz bu durğunluq dövrünü geridə buraxıb. Azərbaycan elmində hazırda da bəzi problemlər mövcuddur. Lakin biz bunları həll etməyə və elmimizi daha da inkişaf etdirməyə çalışırıq”.
Tədbirdə, həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası idarə heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova “Elmin təbliğində mətbuatın rolu” adlı təqdimatla çıxış edib. O, şuranın fəaliyyəti, məqsədləri, bu istiqamətdə görülən işlər, akademiya rəhbərliyinin həyata keçirdiyi islahatlar barədə geniş məlumat verib.
Birinci günün sonunda media işçiləri rəsədxanada teleskopla səma cisimlərini müşahidə ediblər. Tədbirinin ikinci günündə müasir media üzrə ekspert Ellada Mustafayeva “Sosial media: ənənəvi medianın online mediaya inteqrasiyası” adlı təqdimatla çıxış edib.
Tədbirin sonunda yay məktəbində iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.
Sənan Əhliman

banner

Oxşar Xəbərlər