• cümə axşamı, 25 aprel, 06:25
  • Baku Bakı 14°C

AMEA-da magistratura təhsili: qorxulu, yoxsa xeyirli addım?

12.07.13 10:28 2574
AMEA-da magistratura təhsili: qorxulu, yoxsa xeyirli addım?
“Azərbaycan Milli Elmlər Akademiyasında magistratura təhsilinin verilməsinə akademiya ilə universitetlərin təbii inteqrasiyası kimi yanaşmaq olar. Yəni akademiya mütəxəssis hazırlayacaq, universitetlər isə daha güclü elmi işlər görəcək. Üç ilə, beş ilə, iyirmi ilə təbii inteqrasiya gedəcək və bunlar bir-birinə birləşəcək. Bu baxımdan, akademiyada magistratura təhsilinin olması qorxulu deyil, çox xeyirli addımdır. Əksinə, akademiyanın potensialından istifadə daha keyfiyyətli mütəxəssislərin hazırlanmasına kömək olar”. Bu sözləri bizimlə söhbətində Milli Məclisin Təhsil komitəsinin keçmiş sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov bildirdi.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da magistr təhsili verməyə hazırlaşır. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin APA-ya verdiyi açıqlamaya görə, AMEA-nın prezidenti Akif Əlizadə bununla bağlı yüksək rəhbərliklə danışıqlar aparıb və bu sahədə ilkin razılıq əldə olunub: “Düşünürəm ki, növbəti dərs ilinə kimi lazımi hazırlıq işləri aparılacaq və akademiyada magistratura təhsilinə başlanacaq. Bunun böyük əhəmiyyəti var. Çünki bu, gəncliyin, yeni elmi nəslin akademiyada fəaliyyətə cəlb olunması baxımından son dərəcədə əhəmiyyətli bir islahatdır”.
MDB-də akademiyalar elmi kluba çevrildi
Şahlar Əsgərov AMEA-nın və universitetlərin paralel fəaliyyət göstərməsinin klassik mənada sovet keçmişimizlə bağlı olduğunu bildirdi. O qeyd etdi ki, bir çox bəşəri ölkələrdə ayrı Elmlər Akademiyası fəaliyyət göstərmir: “Bütün Qərb ölkələrində elm universitetlərin özündə aparılır. Amma sovetlər dövründə bu, ciddi şəkildə bir-birindən fərqlənib. Universitetlər ancaq ali təhsil verir, AMEA isə elmlər namizədi və alim hazırlamaqla yanaşı, dövlətin əsas tələbatına cavab verən elmi müəssisə sayılırdı. Sovetlər Birliyi dağılandan sonra bir sıra MDB ölkələrində Elmlər Akademiyasının fəaliyyəti dayandırdı və onlar elmi mərkəzdən məşhur, dəyərli alimlərin elmi klubuna çevrildilər. Amma bizdə hələ də AMEA klassik fəaliyyəti ilə məşğuldur”.
Ş.Əsgərov hesab edir ki, zamanı gələndə AMEA çox güclü universitetə çevrilə bilər: “Məsələn, Rusiyada güclü elmi iş aparmaları üçün təxminən 10-12 universitetin statusunu dəyişib milli tədqiqat universitetləri etdilər və müəllimlərin maaşını Avropadakı səviyyəyə qaldırdılar”.
Dövlətin ayırdığı pul kifayət deyil
Professorun fikrincə, Şərq ölkələrində elmin inkişafı məsələsi bir az problemlidir: “Bu ölkələrdə torpağın altında sərvət olduğuna görə, Şərq cəmiyyətlərinin dolanışığı üçün onlara ticarət kifayət edir. Yəni neft satıb elektronika, maşın və s. alırlar. Qərb ölkələrində isə iqtisadiyyatı normal vəziyyətə salmaq və saxlamaq üçün yeni məhsullar istehsal olunmalıdır. Yeni məhsulları yeni texnologiyalar yaradır, yeni texnologiyanı isə elm. Buna görə də Qərb ölkələrində elmin inkişafı Qərbin öz inkişafının məntiqindən doğur. Amma Şərq ölkələrində insanlar dolanışığını ticarətdən, turizmdən çıxardığına görə tacir heç zaman alimə, elmə pul ayırmır. Amma özəl şirkətlər, istehsalçılar həmişə elmə pul ayırmağa hazırdırlar. Əgər bizdə elmin əsas büdcəsi dövlətin boynuna düşürsə, Qərb ölkələrində elmin maliyyələşməsinin böyük hissəsi sənaye müəssisələrinin boynuna düşür. Dövlətin ayırdığı pul isə elmə kifayət etmir. Buna görə də əlavə yollar axtarmaq olar. AMEA-da magistratura təhsilinin hazırlanması da bu yollardan biridir və pis yol deyil”.
AMEA ləğv edilməlidir
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı isə fərqli düşünür. AMEA-nın doktorantura pilləsi ilə məşğul olduğunu xatırladan müsahibimiz bildirdi ki, magistratura birbaşa təhsillə bağlıdır: “Fikrimcə, AMEA-da magistr təhsilinin verilməsi işin xeyrinə olmaz. Belə çıxır ki, AMEA sabah da bakalavr pilləsində təhsil verməyə iddia edə bilər. Heç AMEA-da magistr hazırlamaq üçün imkan, öz işçilərinin belə oturması üçün yer yoxdur. Əksinə, mən hesb edirəm ki, inkişaf etmiş ölkələrdəki kimi, AMEA ləğv olunmalı, doktorantura pilləsi də ali məktəblərə verilməlidir”.
Akademiyada canlanma olar
Ölkənin əsas elmi potensialının AMEA-da cəmləşdiyini deyən “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucovun fikrincə, magistratura pilləsinin AMEA-da yaradılmasına ehtiyac var. Magistratura pilləsinin akademiyada təşkil olunması ilə bağlı məsələnin ümummilli lider Heydər Əliyevin vaxtında gündəliyə gəldiyini deyən İ.Orucov bildirdi ki, mərhum prezident də bu fikri dəstəkləmişdi: “Əsas elmi-tədqiqat işləri akademiyada aparılır, eyni zamanda AMEA dövlətin elmi və elmi-texniki fəaliyyətini həyata keçirən ən ali dövlət qurumudur. Magistratura təhsili ali məktəblərdə olsa belə, universitetlər də elmlə bağlı hesabatlarını AMEA-ya verirlər. Nəzərə alaq ki, magistratura elmi tədqiqatlara başlanğıc pilləsidir. Əgər biz daha sanballı, daha rəqabətə dözümlü, daha müasir elmi istiqamət üzrə kadr potensialımızı artırmaq istəyiriksə, AMEA bu proseslərə cəlb olunmalıdır. Akademiyada laboratoriya şəbəkəsinin olması, ən müasir elmi cihazlarla təchiz edilməsi, magistraturanı tədris edə biləcək kadrların olması baxımından bu fikri dəstəkləyirəm. Bu, yalnız Azərbaycan təhsili və elminə müsbət mənada təsir göstərə bilər, təhsilin və elmin inteqrasiyası baxımından çox əlamətdar bir iş ola bilər”.
Son dövrlər AMEA-nın bir neçə institutunda ali təhsil müəssisləri ilə birlikdə saziş əsasında baza-kafedra yaradıldığını qeyd edən müsahibimiz, bunun çox gözəl nəticələr verdiyi fikrindədir: “Geologiya İnstitutu Neft Akademiyası ilə birlikdə baza kafedralar yaradıb. Hətta bakalavr pilləsində təhsil alan gənclər gəlib burada elmi-tədqiqat işləri ilə məşğul olurlar, diplom işlərini yazırlar. Əgər biz elmi kadrdan danışırıqsa, bugünkü yaşlı kadrların gördüyü işi bakalavr və magistr pilləsində təhsil alan gənclər davam etdirməlidir: “Biz mütləq təhsil müəssisələrində çalışan gənclər üçün akademiyanın institutlarının qapısını açmalıyıq. AMEA-da magistratura pilləsinin yaradılmasının akademiyanın canlanması, bura gənclərin gəlməsi baxımından da böyük faydası ola bilər”.
Dilçi-alim Yusif Seyidovun da fikrincə, magistratura elmi sahənin bir pilləsidir: “Buna görə də AMEA-da magistratura pilləsinin yaradılmasını təqdirəlayiq hesab edirəm. Çünki akademiyada alimi daha yaxşı yetişdirirlər. Akademiyada alimlər yalnız elmi işlə məşğul olduqarına, dərs demədiklərinə görə daha yaxşı alim yetişdirə bilərlər”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər