• cümə, 26 Aprel, 20:09
  • Baku Bakı 22°C

Ambisiyalarının əsirinə çevrilən Aslan İsmayılov

05.06.18 21:18 1273
Ambisiyalarının əsirinə çevrilən Aslan İsmayılov
Cəmiyyətdə özünə yer tapa bilməyən və bəzən siyasi ambisiyaları naminə sosial şəbəkələrdə "yatan” insanlar var. Belə sosial şəbəkə "qəhrəman”ları hər zaman özünün eybini ört-basdır etmək üçün başqalarını hədəf alır. Hüquqşünas Aslan İsmayılovu da belə "qəhrəman”lardan hesab etmək olar. Bu şəxs, özünün dediyi kimi, Azərbaycan qanunlarını bildiyi halda əlində heç bir dəlil və sübut olmadan sosial şəbəkə vasitəsilə başqalarına qarşı şər, böhtan yağdırır. Hətta məhkəmə proseslərinə getməkdən imtina edərək, özünün polis tərəfindən aparılmasına rəvac verir, bundan "siyasi şou” düzəltməyə çalışır. Bəs görəsən bir hüquqşünas niyə qanunları bildiyi halda onların əleyhinə gedir?
Bu günlərdə ona qarşı açılmış cinayət işi də A.İsmayılovun məhkəməyə qarşı etdiyi hörmətsizliklə bağlı olub. Belə ki, bu cinayət işi 2017-ci ilin oktyabrın 2-də Binəqədi rayon məhkəməsinin inzibati binasında baş vermiş hadisə ilə əlaqədardır. A.İsmayılovun məhkəmə heyətinə qarşı kobud hərəkətlərə yol verdiyi vurğulanır. O, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərar qəbul etdiyini öyrəndikdən sonra yüksək səslə buna etiraz edərək iclas zalından hakimin müşavirə otağına keçməsi üçün nəzərdə tutulmuş qapıdan məhkəmənin dəhlizinə keçməyə cəhd edib. Cəhdi baş tutmadıqda isə bağlı qapını sındırmağa çalışıb. Daha sonra A.İsmayılov iclas zalından çıxıb məhkəmənin həyətində ucadan səs-küy salaraq hakim və məhkəmə sədrinin onun qarşısına çıxmalarını tələb edib, onların ünvanına ucadan təhqiredici ifadələr işlədib.
Baş verənlərlə bağlı A.İsmayılovun ictimai qaydanı və məhkəmənin iş rejimini pozaraq xuliqanlıq hərəkətləri etməsi barədə Binəqədi rayon məhkəməsinin işçiləri tərəfindən akt tərtib olunaraq müvafiq materiallarla birlikdə Binəqədi rayon prokurorluğuna göndərilib. Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə ünvanlanıb.
Bu il mayın 25-də A.İsmayılova CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. İyunun 4-də isə iş üzrə ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, A.İsmayılov ictimai rəydə aqressiv və qeyri-obyektiv bir insan kimi tanınıb: "Onun sosial şəbəkələrdəki çıxışları da bunu təsdiqləyir. Hələ aydın deyil ki, o, bunu gündəmdə qalmaq üçün edir, yoxsa şou məqsədilə. Təbii ki, qanunlar hamı üçün eynidir. Kiməsə böhtan ataraq, qərəzli fikir səsləndirərək özünü qəhrəman hesab edirmi? Onun məhz bu hərəkətləri ilə bağlı cinayət işi qaldırılıb və hüquqi müstəvidə araşdırmalar aparılıb. Amma bütövlükdə bu şəxsin hərəkətləri yolverilməzdir. Anam mənə kor deyib, gəl gedəni vur deyib, prinsipi ilə kimə gəldi böhtan atır. Biz hüquqi dövlətdə yaşayırıq və hər bir vətəndaş qanunlar qarşısında məsuliyyət daşıyır. Ona görə də kimsə özünü ərköyün aparmamalıdır, qanunlara qarşı itaətsizlik nümayiş etdirməməlidir”.
V.Rəhimzadə qeyd etdi ki, bu insan sosial şəbəkədə şoumen kimi tanınmaqdadır: "Ona görə də Aslan İsmayılov böhtan xarakterli fikirlərindən əl çəkməlidir. Özünü hüquqşünas adlandıran bir şəxs belə hallara yol verirsə, hansı ədalətdən danışa bilər?”

AZAD
banner

Oxşar Xəbərlər