• çərşənbə axşamı, 23 aprel, 15:46
  • Baku Bakı 24°C

“Ambisiya siyahıda birinci yerdə dayanmamalıdır” – Uğur hekayəsi

14.07.14 09:42 2372
“Ambisiya siyahıda birinci yerdə dayanmamalıdır” – Uğur hekayəsi
Deyir ki, karyeranın arxasında hansısa bilik, bacarıq olmalıdır. Kabinetdə oturmaq, televiziyada görünməklə iş bitmir. Uğur qazanmaq üçün işlədiyin sahəni dərindən bilməlisən. Müsahibimiz millət vəkili, Bakı Slavyan Universitetinin İngilis filologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, millət vəkili Sevinc Fətəliyevadır.
- Xarici Dillər Universitetinin tərcümə fakültəsini bitirmisiniz. İxtisas seçiminizdə ailənizin rolu olub?
- Filoloq, dilçi olmaq, müxtəlif xarici dilləri öyrənmək arzusundaydım. Valideynlərim də ixtisas seçimimdə məni dəstəklədilər. Tərcümə fakültəsini həm bakalavr, həm də magistr pilləsi üzrə bitirdim. Məndə elmə maraq oyandı və elm arxasınca getmək haqqında düşünməyə başladım. Elmi işimi də müdafiə etdim və filologiya elmləri namizədi oldum.
- Universiteti bitirəndən ilk iş fəaliyyətinizə harada başladınız?
- Yapon şirkəti olan “Mitsui” şirkətində 4 ilə yaxın tərcüməçi kimi işlədim. Onu da deyim ki, elə universitetdə oxuya-oxuya sözügedən şirkətdə işləyirdim. Amma elmə olan marağım nəticəsində yenidən bu sahəyə qayıtmalı oldum və Bakı Slavyan Universitetində 3 il ingilis dili müəllimi kimi çalışdım. Elmi işimi müdafiə edib filologiya elmləri namizədi olandan sonra 26 yaşımda Slavyan Universitetinin Xarici dillər kafedrasına müdir təyin olundum. Təcrübəli müəllimlərdən ibarət böyük bir kollektivə rəhbərlik etməkdən, açığını deyim, bir az narahat idim. Bilmirdim, kollektiv məni necə qəbul edəcək. Çünki universitet açılandan bəri orada işləyən qocaman müəllimlər də həmin kafedrada təmsil olunurdu. Amma vaxt keçdikcə məni qəbul etdilər və mən də kollektivlə çox gözəl ünsiyyət yarada bildim. Biz bir komanda kimi yeni çağırışları qəbul etdik. O vaxt universitetimizdə Roman-german filologiyası şöbəsi açılırdı, işimizi təzə qurmağa başlamışdıq. Artıq sözügedən ixtisas üzrə bir neçə kurs məzunlarımız da var.
- Kafedra müdiri işləyəndən sonra millət vəkili oldunuz. Təşəbbüs özünüzdənmi gəldi? Ümumiyyətlə, deputat seçkilərində iştirak etmək qərarına necə gəldiniz?
- Kafedra müdiri kimi çalışarkən işim çox olsa da, potensialımı başqa nələrəsə də sərf edəcəyimi anladım. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğumdan ictimai işlərə də qatılırdım. Millət vəkili olmaq təşəbbüsü də YAP-dan gəldi. Partiya adından, proporsional qaydada seçkilərə qatıldım. Bu təşəbbüs mənim üçün çox böyük çağırış idi. Sözün həqiqi mənasında dövlətimizə xidmət etmək və nələri bacardığımı özüm üçün dərk etmək çox maraqlı idi. Çağırışı qəbul etdim və çox şadam ki, işimin öhdəsindən gələ bilirəm. Artıq daha geniş fəaliyyətə imza atmağa başlamışam. Çünki Milli Məclis və universitet fərqli məkanlardır. Universitetdə müəllim hansısa proqram çərçivəsində dərs deyir və auditoriyanın sahibidir. Siyasətdə isə situasiya bir az başqa cürdür. İnsan hər sözünün məsuliyyətinin daşıyır və burada çərçivə yoxdur. Əsas istiqamət, prisiplər, partiyanın, dövlətin prioritetləri var.
- Deputat olmaq təklifini alanda hansı hissləri keçirdiniz?
- Gözləntilərim var idi. Bu işin öhdəsindən necə gələcəyini özüm üçün bilmək istəyirdim. Artıq kafedra müdiri kimi təcrübəm var idi və düşündüm ki, gənc yaşımda böyük bir kollektivə rəhbərlik edə bilmişəmsə, burada da nəyəsə nail ola bilərəm. Gözləntilərim çox idi və işə alışmağım da bir az zaman çəkdi. Amma şükürlər olsun ki, işimin öhdəsindən gəldim.
- Ailədə seçkilərdə iştirak etmək təklifinizi necə qarşıladılar? Çünki kafedra müdirindən fərqli olaraq, millət vəkili kimi vaxtınızın böyük bir hissəsini ailənizə deyil, işinizə ayıracağınız bəlli idi.
- Yoldaşım gözlərimdəki parıltını, istəyi görüb mənə dəstək oldu. Təbii ki, hər ikimiz anlayırdıq ki, daha çox vaxtımı işə sərf edəcəyəm. Ancaq ailəmdə heç bir problemlə qarşılaşmadım. Ailəmin məni dəstəkləməsi mənim üçün ən böyük dəstək oldu, məni daha da cəsarətləndirdi, öz gücümə əmin oldum.
- Deputat kimi Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətində təmsil olunursunuz. Həmçinin MDB Gənclər Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərisiniz. Bir sözlə, işlərimiz kifayət qədər çoxdur. Seçicilərlə də görüşür, müxtəlif tədbirlərdə iştirak edirsiniz. Övladlarınıza vaxt ayıra bilirsiniz?
- 10 yaşlı oğlum və 5 yaşlı qızım var. Boş qalan vaxtımın hamısını övladlarıma ayırıram, uşaqların məktəb hazırlığı ilə məşğul oluram. Həyatımda iki prioritet var – iş və ailə. Bunlardan kənara çıxmıram. Bəzən düşünürəm ki, öz istəklərimi, arzularımı yerinə yetirə bilmirəm. Təbii ki, istəyərdim ki, daha çox kitab oxuyum, dostlarımla görüşüm, qohumlarımgilə baş çəkim, konsertlərə gedim. Lakin seçim olanda daha çox evdə qalmaq və uşaqlarımla bir yerdə harasa getməyə üstünlük verirəm. Düzdür, övladlarım mənim qrafikimə alışıb. Artıq onların gözlərində işləyən ana obrazı yaranıb və onlar başqa obrazları qəbul etmirlər. Münasibətlərində, danışıqlarında hiss edirəm ki, onlara istədikləri qədər vaxt ayıra bilməsəm belə, işimlə fəxr edirlər. Amma etiraf edim ki, bəzən məni işimə qısqanırlar. Çünki tez-tez səfərlərə gedirəm. Qayıdandan sonra da gərgin iş qrafikində çalışıram. Düşünürəm ki, uşaqların tərbiyəsində valideynlərin vaxtının çox olması deyil, boş vaxtlarından keyfiyyətli istifadə etmələri əsasdır. Uşaqlarla gün ərzində keçirdiyim yarım saat o qədər səmərəli olmalıdır ki, onların yadlarında qalsın. Bəlkə də hansısa valideyn, ana uşaqları ilə 3 saat otura bilər, amma onlarla nə söhbət edər, nə oyun oynayar. Mənsə uşaqlarla vaxt keçirərkən onların dərsləri ilə maraqlanıram, məktəbdə baş verənləri, idman yarışlarını müzakirə edir, dostları, rəfiqələri barədə söhbət edirik. Buna görə də inamıram ki, mənim onların yanlarında kifayət qədər olmadığımı hiss etsinlər. Hətta səfərdə olanda da onlarla əlaqə saxlayıram və məktəbdə baş verənləri başdan-ayağa mənə danışırlar.
- Yəqin ev işlərinə vaxt çatdırmazsınız…
- Əslində ev işlərini xoşlayıram və imkan olanda edirəm. Düşünürəm ki, mətbəx işi ən xoşagəlməyən işdir. Çünki saatlarını bu işə sərf edirsən, yarım saatdan sonra izi-tozu qalmır. Vaxtım çox olanda şənbə-bazar günləri uşaqlarım, yoldaşım üçün nəsə hazırlayıram. Lakin düşünürəm ki, vaxtımı daha çox mətbəxə yox, uşaqların dərsinin hazırlanmasına, onlarla söhbətləşməyə sərf etsəm, daha yaxşı olar.
- Demək, qadının ailəsinə çox vaxt sərf etməsi, əsas deyil. Əsas olan ailəsinə ayırdığı vaxtın səmərəli istifadəsidir...
- Mən belə bir şey müşahidə etmişəm. Əgər qadın işləyirsə, bu, o demək deyil ki, ailədə öz vəzifələrini yerinə yetirmir. Nə qədər qadın var ki, işləməsələr belə, ailəni də, evi də idarə edə bilmirlər. Deməli, ailənin möhkəmliyi, qadının işindən deyil, onun xarakterindən, istək və arzularından, iradəsindən asılıdır. Əgər qadın özünü ailədə də, işdə də fəal görmək istəyirsə, əminəm ki, o, hər iki işin öhdəsindən gələcək, uşaqlarına da kifayət qədər tərbiyə verəcək, evini də idarə edəcək, ailəsinə də baxacaq, həmçinin işdə də uğur qazanacaq. Hər şey qadının istəyindən, həyatda öz rolunu necə görməsindən asılıdır. Həyat yoldaşından da asılıdır ki, xanımını necə görmək istəyir və onun istəklərinə nə dərəcədə hörmət edir.
- Parlamentdə ən gənc qadın deputatsınız. Gənclərimizə nə məsləhət görərdiniz. Karyera yolunda irəliləmək üçün nə etsinlər?
- Karyera yolunda irəliləməyi düşünməzdən öncə öz üzərlərində işləməlidirlər. Karyeranın arxasında hansısa bilik, bacarıq olmalıdır. Kabinetdə oturmaq, televiziyada görünməklə iş bitmir. İşlədiyin sahəni dərindən bilməlisən. Təbii ki, hər şeyi bir gündə bilmək mümkün deyil. Təcrübədən çox şey asılıdır. Bəzi bacarıqlar vaxt keçdikcə təcrübə ilə qazanılır. Mənim həyatımda da belə olub. Dilləri bilmək də çox vacibdir, çünki qlobal dünyada yaşayırıq. Təkcə ana dilini bilmək kifayət deyil. Çünki tərcüməçi vasitəsi ilə deyilən sözlər kifayət qədər effekt vermir, açıq söhbətin yenini heç nə vermir. Ambisiyalı olmaq da lazımdır. Amma ambisiya siyahıda birinci yerdə dayanmamalıdır. Əmin olmalısan ki, nəyisə bacarırsan. Bundan sonra qarşına ambisiya qoya, məqsədlərə doğru gedə bilərsən. Birdən-birə uğur əldə etmək çox çətindir və hər kəs bunu bacara bilməz. Gec də olsa, boşluqlar özünü büruzə verəcək.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər