• cümə axşamı, 28 mart, 15:55
  • Baku Bakı 16°C

“Amazon” un hədəfi

14.03.16 09:57 1364
“Amazon” un hədəfi
ABŞ-ın dünyamiqyaslı şirkətlərindən olan onlayn kitab satışı nəhəngi “Amazon” şirkəti real satış bazarında da böyümə qərarı alıb. Dünyada gedən iqtisadi böhrana baxmayaraq, ancaq irəliləməyə və böyüməyə hədəflənmiş şirkət cari ilin yanvar ayında açdığı satış mərkəzi mağazasının uğur göstəricilərini mətbuatda paylaşmaqla istənilən bazarda liderliyi ələ ala biləcəyinin mesajını vermişdi. “HuffPost”-un məlumatına görə, yeni alınan qərarlar göstərir ki, “Amazon” satış göstəricilərini sadəcə meydan oxumaq üçün açıqlamayıb, şirkət həqiqətən onlayn satış sərhədlərini aşmaq və yeni bazarı zəbt etmək istəyir.
Öz istifadəçiləri üçün hazırladığı e-oxucular, android proqramlarla gündəmdən düşməyən və hər yolla daha çox istifadəçi toplayan “Amazon” ədəbiyyat tarixində bir çox ilklərə imza atdığı kimi əsrin ən böyük kitab şirkəti olmağı da hədəfləyib. Belə ki, şirkətin yanvar ayında San-Diyeqoda fəaliyyətə başlayan kitab, e-kitab və e-oxucu satış mərkəzinin növbəti mağazası açılır. Şirkətin rəsmi səhifəsindən yayılan məlumatda, San-Diyeqoda növbəti “Amazon” satış mərkəzinin açılacağı bildirilir. İlk mağazanı şəhər mərkəzi olmayan bir regionda açmağa üstünlük verən şirkət bu dəfə e-oxucu və e-kitab satışında rəqibləri hesab olunan “Apple” və “Tesla”ya meydan oxumağı hədəfləyirmiş kimi görünür. Çünki yeni mağaza adı çəkilən şirkətlərin satış mərkəzlərinə yaxın bir yerdə açılacaq. Alıcıların sıx olduğu ərazidə açılması planlaşdırılan mağazanın satış göstəricilərinin necə olacağı isə məhz bu səbəbdən sual altındadır.
Cari ilin aprel-may aylarında açılışı gözlənilən mağaza üçün iş elanları artıq “Amazon”un rəsmi səhifəsində yer alıb. İşçi axtarışlarına başlayan şirkət bu mağazada kitablar və öz məhsulları ilə yanaşı, “Kindle”, “Echo”, “Fire” kimi tabletlərin satışını da təmin edəcək. Məlumat üçün onu da qeyd edək ki, ilk mağazanın açılışından qısa müddət sonra “LA Times”da yer almış bir xəbərdə “Amazon”un dünyada 400 mağazadan ibarət böyük kitab mağazası zənciri yaratmaq fikrində olduğu xəbəri verilmişdi. Şirkətdən bununla bağlı bir açıqlama gəlməsə də, “Amazon” üçün bu ideyanı reallaşdırmağın o qədər çətin olmayacağı düşünülür.
banner

Oxşar Xəbərlər