• cümə axşamı, 25 aprel, 20:32
  • Baku Bakı 21°C

Amasyada 35 min azərbaycanlı yaşayır

15.07.14 10:05 2074
Amasyada 35 min azərbaycanlı yaşayır
Oktyabrın 20-21-də Azərbaycanda “Beynəlxalq Həmzə Nigari simpoziumu” keçiriləcək. Bizə bu haqda məlumat verən əslən azərbaycanlı Muttalip Ulutanrıverdi Amasyada uzun müddətdir ki, fəaliyyət göstərən “Azərbaycan türkləri türk sənət və dayanışma dərnəyi”-nin rəhbəri olaraq çalışır. Onun sözlərinə görə Amasyada yaşayan əhalinin 35 mini azərbaycanlılardan ibarətdir və həmin bölgələrdə Azərbaycan mədəniyyətinin təbliğinə böyük ehtiyac var.
– İstərdik ki, Azərbaycanla bağlı təəssüratlarınızı bizimlə bölüşəsiniz.
– Azərbaycan mənim doğma ata yurdumdur. Mənim atam Zəngəzurda yaşayıb. Uşaqlığımdan bəri atamdan yerli bayatılar, xalq nağılları eşitmişəm. Bu günə qədər də onlar mənim yaddaşımdan silinmir. O vaxtdan mənim beynimdə Azərbaycana aid bayatılar, nağıllar qalıb. Vətənimə çox bağlıyam. Buna görə də yaşadığım torpaqlarda hər iki qardaş ölkənin insanlarını bir araya gətirmək, Amasyada yaşayan insanları Azərbaycanla tanış etmək üçün belə bir dərnək yaratdım. Gördüm ki, Azərbaycanın nağılları, bayatıları unudulmaq üzrədir və belə bir dərnəyi yaratmağı özümə vacib bildim. Dərnəyə “Azərbaycan türkləri türk sənət və dayanışma dərnəyi” adını verdim və onu da mərkəzi Amasyada yaratdım. Biz dərnək vasitəsilə Azərbaycanın keçmiş mədəniyyətini, tarixini araşdırıb Türkiyə xalqına, Amasyadakı azərbaycanlılara təqdim edirik. 2011-ci ildə Azərbaycanda el mərasimlərinin birində iştirak etdim və ilk dəfə idi ki, belə bir dəm-dəsgahla qarşılaşırdım. Toy mənə çox şirin və doğma gəldi. Toyda mahnı oxunanda atamın mənə söylədiyi həmin o bayatılar sanki qulağımda səsləndi və o an özümü tuta bilməyib 10 dəqiqə ağladım. Elə bir ab-hava yaranmışdı ki, hər kəs oynayır, rəqs edir, əylənir, mən isə kövrəlib ağlayırdım. Ondan 2-3 il sonra yenidən Azərbaycana gəldim, sonra Azərbaycanı daha yaxından tanımağa başladım. Gördüklərimə inana bilmədim. Əgər 3 il müddətində Azərbaycan bu qədər inkişaf edibsə, demək ki, böyük gücə sahibdir. Bunları görüb çox sevindim.
– Bir neçə dəfə Bakıda olduğunuzu qeyd etdiniz. Bu dəfəki səfərinizin məqsədi nədir?
- Amasyadakı dərnəyimizin əsas məqsədi 140-150 il öncə Amasyaya gedən soydaşlarımızın Azərbaycanla olan bağlılığını gücləndirmək, unudulmağa doğru gedən mədəniyyətini yenidən canlandırmaq və hər kəsə tanıtmaqdan ibarətdir. Mən bura gələndə bir sıra insanlarla dostluq əlaqəsi qurdum. Bu dərnəyi yaratmaq üçün heç bir köməyim yox idi. 2012-ci ildə Amasya şəhərində “Həmzə Nigari”-nin adı ilə bağlı simfozium keçirdik. Bu, beynəlxalq bir simpozium idi. Buraya Azərbaycandan, Türkmənistandan və dünyanın müxtəlif ölkələrindən mütəxəssislər dəvət olunmuşdu. Həmin simpozium böyük marağa səbəb oldu. Biz orada dedik ki, iki il sonra bu simpoziumu Qarabağda təqdim edəcəyik. Əgər o zamana qədər Qarabağ alınmazsa, bu simpoziumu Bakıda tamaşaçılara təqdim edəcəyik. Artıq həmin gün gəlib yetişib. Buraya gəlməyimin əsas səbəbi də bu simpoziumun Bakıda təşkil olunmasıdır. Artıq simpoziumun bu il oktyabr ayının 20-21-də Bakıda keçiriləcəyi təsdiq olunub. Çox təəssüf edirəm ki, bu simpoziumu Qarabağda keçirə bilmədik. Ancaq inamımızı itirmədik. Ümid edirik ki, növbəti simpoziumu Qarabağda təşkil edəcəyik.
- Niyə məhz “Həmzə Nigari” simpoziumu?
- Həmzə Nigari İslam dünyasında önəmli bir insandır. Ancaq onun yetərincə tanınmadığını və tanınmasının lazım olduğunu düşündüm. Bu simpoziumun üçüncü hissəsi Türkiyədə nümayiş olunacaq. Artıq indidən hazırlıqlara başlamışam. Qeyd edim ki, Türkiyədə və Azərbaycanda Nigarinin şeirlərindəki tərənnümləri eyni duyğu və coşğunluqda ifadə edə bilən bir çox könül insanı yetişib. Sovet hökumətinin təzyiqlərinə və Nigariyə qarşı aparılan ardıcıl təbliğatlara baxmayaraq, onun sevgisi qəlblərdən silinməyib. Bu dövrdə gizlicə yaşadılan Nigari sevgisi Azərbaycanın şimal-qərb bögələrində bu gün də davam edir
– Bəs bu simpoziumu təşkil etmək üçün Azərbaycan tərəfdən sizə dəstək verən oldumu?
– “Miras” Mədəni İrsin Öyrənilməsinə Yardım İctimai Birliyi ilə danışdım. Birliyin rəhbəri Fariz Xəlili ilə birlikdə Qafqaz Universitetində professor Mahmud Öztürklə görüşdük. Onlar əllərindən gələni etməyə hazır olduqlarını bildirdilər. Maddi cəhətdən bu layihəyə dəstək olanlar Nizaməddin və Siracəddin Həmidov qardaşlarıdır. Həmzə Nigarini ilk dəfə kəşf edənlərdən biri də Nəzakət Məmmədova olub. Həmzə ilə bağlı nə zaman işimiz düşsə, onlar əllərindən gələni ediblər. Bundan əlavə, biz Mədəniyyət və Turizm Nazirliyi ilə danışıq apardıq.
- Azərbaycan Amasyadan necə görünür?
–Amasyadakı azərbaycanlıların əksəriyyətinə Şirvani deyirlər. Buna səbəb də Amasyaya ilk gələn şəxsin İsmayıl Şirvani olmasıdır. Ondan sonra Azərbaycandan gələn hər bir şəxs Şirvani hesab olunur. Gəlişimin digər səbəbi isə 1 avqustda Amasyanın bütün qəsəbələri və kəndlərindəki azərbaycanlıları geniş məkanda toplayıb, onlarla yemək yemək, bir araya toplaşıb milli mənəvi dəyərlərimiz haqqında söhbətlər aparmaqdır. Yemək əsnasında bir-birimizə mədəniyyətimizdən, tariximizdən bəhs edəcəyik. Çünki orada yaşayan azərbaycanlılar Azərbaycan haqqında bir çox şeyləri unutmaq üzrədirlər. Amma bilirəm ki, onlarda vətənə, mədəniyyətə, tarixə bağlı dərin hisslər var. Həyata keçirdiyimiz tədbirlərin əsas amalı da bu hissləri yenidən canlandırmaqdan ibarətdir. Məni ümidləndirən əsas məsələlərdən biri bizim rayonlarda el şənliklərində Qafqaz oyun havalarının çalınmasıdır. Düzdü, orada bu musiqiləri ifa edə bilən bir qrup yoxdur, olan mahnıları da internetdən yükləyirlər. Bu havaları oynayan insanlar möhkəm alqışlanır və mən onların gözlərindəki parıltını görürüəm. Bu da o deməkdir ki, onların ruhunda Azərbaycan yanğısı var. 80 min əhalisi olan Amasyanın 35 mini azərbaycanlıdır. Elə kəndlər var ki, əhalinin 100-də 80-i azərbaycanlıdır. Tədbir olanda onların hamısı gəlib maraqlanır. Hər zaman yanınızdayıq deyirlər. Orada təbliğat vasitələri azdır. Son vaxtlar xeyli işlər görülüb. Bizim işimiz ordakı camaatın canında milli mədəniyyəti bərpa etməkdir. Bu, səbr işidir. Əsas məqsəd hamını bir yerə toplamaqdır. Növbəti simpoziuma 3 minə qədər azərbaycanlı gələcək. Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar apardıq. Onlar oraya yerli ifaçılarımızı da dəvət edəcək. Belə ki, gölün qırağında milli mədəniyyətlə milli süfrənin sintezi olacaq. Amasya Türkiyənin meyvələri ilə məşhur olan bölgəsidir. Amasyadan yalnız göylər görünür. Dərnəyimizə hər həftə müxtəlif yerlərdən qonaqlarımız gəlir. Onlar gələndə narahat olurlar. Çünki yerləşdirməyə yerimiz yoxdur. Bununla bağlı görüşlərim oldu. Məqsədim Azərbaycandan gələn insanların orada özlərini torpaqlarındakı kimi hiss eləmələridir. “Bir millət, iki dövlət” gerçəkliyinə biz də öz töhfəmizi verməyə çalışırıq. Bizə görə, məhəbbət sözdə deyil, özdədir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər