AZE | RUS | ENG |

Altmışıncılar niyə daim müzakirə mövzusudur?

Altmışıncılar niyə daim müzakirə mövzusudur?
Əsas postlar 60-cıların, yaxud onların havadarlarının, himayəçilərinin əlindəydi…

Bildiyimiz kimi ədəbiyyatda daim çəkişmələr və müzakirələr olur. Zaman-zaman bu cür hallar normal qəbul olunsa da bəzən narazılıqlara da yol açır. Bunun da əsas səbəbi adətən bir ədəbi nəslini digərini qəbul etməməsi ilə bağlı olur. Nəsillərarası mübarizələr daim ədəbiyyatın aktual problemlərindən biri kimi dəyərləndirilir. Eyni zamanda, ədəbi nəsillərin birinin digərindən daha çox ictimai marağa səbəb olması amili də yox deyil. Ədəbiyyatda nəsillərarası münasibətləri nəzərə alaraq belə bir sualla yazarlara müraciət etdik:

Nəyə görə altmışıncılar ədəbi nəsli digər ədəbi nəsillərdən daha çox müzakirələrə səbəb olur?

Eyvaz Zeynalov: 60-cılar kimlərdi? Belə demək mümkünsə, oturuşmuş bir dövlətin, oturuşmuş dövrünün oturuşmuş bir ədəbiyyatının nümayəndələriydi. Qapalı SRRİ məkanında birdən-birə azadlığa, xarici aləmə açılan nəfəslikdən həm burada yaşayan insanların, həm də mövcud ədəbiyyatın ruhunu təzələyən, nəfəs verən yeni, bəşəri bir ab-hava əsməyə başladı. İnsanlarda yeni sözə, ədəbiyyata güclü ehtiyac yarandı. Bu ehtiyac yeni ədəbiyyatı, o cümlədən 60-cıları doğurdu. Onlar oxucunun eşitmək istədiklərini bədii formada ədəbiyyata gətirdilər. Qarşılıqlı inam uzun bir prosesə çevrildi. 60-cılar tədricən özlərini doğrultdular, ədəbiyyatımızda qalmaq haqqını qazandılar.

60-cıların bəxti çox şeydə gətirdi. İctimai-siyasi durum sabitdi. Ədəbiyyata, ədəbiyyat adamına dövlət tərəfindən heç bir zaman, heç bir dövlətdə görünməmiş diqqət, qayğı vardı. Ədəbiyyatı təbliğ edən qəzet-jurnallar, kitablar görünməmiş tirajlarla nəşr edilirdi. Bu qəzet-jurnallar respublikanın hər yerində həm məcburi abunəçilərə çatdırılırdı, həm də çoxsaylı köşklərə verilirdi. Ən ucqar rayonlarda belə kitab satışı ilə məşğul olan iri mağazalar fəaliyyət göstərirdi. Hər yerdə yazıçılarla mütəmadi, kütləvi, canlı görüşlər təşkil edilirdi. Yazıçılar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdular. Yetkin, stabil, geniş oxucu kütləsi ilə bərabər öz tənqidçiləri, tədqiqatçıları, təbliğatçıları da yetişmişdi. Onlar belə bir münbit şəraitdə yazıb-yaradırdılar.

Sonrakı dövrdə ədəbiyyatın çapında, təbliğində əsas postlar 60-cıların, yaxud onların havadarlarının, himayəçilərinin əlindəydi. Onlar kimi yazmayanlara, “onlardan olmayanlara” qısqanclıqla yanaşırdılar.
80-90-cı illərdə ədəbiyyatda daha bir nəsil boy göstərməyə başladı. Ancaq onlar ədəbi çarpışmalarda hələ bərkiməmiş ölkədə cərəyan edən ictimai-siyasi burulğana düşdülər. Dövr əvvəlki nəsildən fərqli olaraq bu nəsilə özüynən müxtəlif dərd-bəla, həlli müşkül problemlər gətirdi. Dövlətin çökməsi, azadlıq hərəkatı, 20 yanvar, Qarabağ hadisələri bir-birini əvəz etdi. Baş verənləri dərk, həzm etmək, bunlar haqqında yaradıcılıq mətbəxində nəsə nəzəri cəlb edəcək bir şey “bişirib” ortaya qoymaq üçün yazıçıya, xüsusən, nəsr əsərləri yazanlara sakit vaxt, imkan, yazılanı oxucuya çatdıran qəzet-jurnal gərəkdi.

Ədəbiyyatın təbliği ilə məşğul olan əvvəlki qəzet-jurnalların tirajı qat-qat azalmış, yayımı iflic olmuşdu, yeniləri yaranmamışdı. Köşklər, kitab satışı mağazaları qapadılmışdı. Dövlət kitab nəşrinə, yayımına, təbliğinə köməyi dayandırmışdı. Bazar iqtisadiyyatına keçən ölkədə əlindən yazmaqdan başqa bir iş gəlməyən, müdafiəsiz qalan yazıçılar başlarını itirmişdilər, özlərini, ailələrini birtəhər dolandırmaq hayındaydılar.

Meydana təzə atılan ədəbi nəsil daha pis, hər cəhətdən əliyalın, səfil bir vəziyyətdəydi. Təbliğə, özünü tanıtmağa, oxucu kütləsi toplamağa vaxtı çatmamışdı. Olan-qalan oxucu kütləsini də belə qarışıq bir vaxtda həyata keçirilən əlifba islahatı sıradan çıxartmışdı.

60-cılar ədəbiyyat mühitində yenə həm özləri, həm də onları təbliğ edən köhnə tənqidçiləri, tədqiqatçıları yüksək postlardaydılar. Onlar təzə nəsli nə zəhmət çəkib oxumaqda, nə də təbliğ etməkdə maraqlıydılar. Psixologiyamızdakı ənənəçilik, təəssübkeşlik özünü daha qabarıq göstərməkdəydi. Bir də, gecə-gündüz boş yerə baş sındırıb oturuşmamış, təsdiqini tapmamış nəsil, onun yaratdığı ədəbiyyat haqqında fikir yürütmək, ağılabatan bir söz deməkdənsə oturuşmuş, haqqında artıq konkret fikir formalaşmış nəsil və ədəbiyyat haqqında yazmaq, meydan sulamaq daha asandı.

Hər şeyə rəğmən, mənə elə gəlir hazırda 60-cılarla yeni nəsil arasında bir tarazlıq bərqərar olmaqdadı. Birincilərin daha artıq müzakirə obyekti kimi qalmaları əsasən köhnə baqajın və dövlət tərəfindən maliyyəşdirilən, hələ də onlara xidmət edən təbliğat maşınının hesabınadı.
Yoxsa ötən illər ərzində 60-cılar da keşməkeşli dövrü əks etdirən möhtəşəm, heç olmasa, öz əvvəlki əsərlərinə bərabər bir əsər ortaya qoymayıblar. Nə onları əvvəlki kimi oxuyurlar, nə də sonrakıları. 60-cılar o zaman kölgədə qalacaqlar ki, yeni ədəbi nəsil öz oxucusunu, tənqidçisini, tədqiqatçısını yetişdirə biləcək. Hələlik gündəmdə qalmaq və gündəmə gəlmək uğrunda gedən mübarizədə qalmaqallar seriyası hər iki nəslin nümayəndələri üçün xarakterik göstəricidi.

Taleh Şahsuvarlı: Bunun iki əsas səbəbi var: Əvvəla altmışıncılar bədii baxımdan daha keyfiyyətli əsərlər yazıblar, onlar Azərbaycan ədəbiyyatında bədii mətn baxımından öz sözlərini deyə biliblər. Yaradıcılıq baxımından gənc yazarlara örnək ola biləcək, öyrəniləsi əsərlər yazıblar. Həm də onlar ictimai cəhətdən fəal olub, müxtəlif yerlərdə və vəzifələrdə təmsil olunublar. Altmışıncıların bir çoxu mədəni elitanın nümayəndələridir.
Təbii ki, digər ədəbi nəsillər içində də istedadlı nümayəndələr az deyildi. Məsələn, 80-cilər ədəbi nəslinin istedadlı nümayəndələri vardı. Amma onlar müstəqil dövlətimizin yaranmasına, imperiyanın dağılması dövrünə düşdülər və yazıçılar birdən birə oxucularını itirdilər. Amma altmışıncılar həmin problemləri yaşamadılar, onların kitabları 50.000-100.000 tirjla çap olunurdu. Bir dəfə çap olunanda bütün respublika onlardan danışırdı. Bu gün isə vəziyyət çox acınacaqlıdır, 300-500 tirajla çap olunur, kiçik çevrələrdə yayılır, ona görə də yazıçıları tanımırlar ki, müzakirə də edələr.

Ülviyyə Heydərova:
Mənə elə gəlir ki, 60-cıların bu qədər müzakirə və çox zaman qınaq obyektinə çevrilməsi, onları gözdən salmaq "kampaniyası" elə həmin dövrlərdə yaradıcılıqla "məşğul" olmuş, uğur qazanmamış insanların təşəbbüsü ilə həyata keçirilir. Amma əsil sənət qarşısında bu cür xırda "müzakirələr" heç zaman tab gətirməyib və gətirməyəcək də. Nə qədər Anarın, Elçinin və digər 60-cı illəri təmsil edən ədiblərin əleyhinə müxtəlif mətbuat orqanlarında yazılar yazılsa da, onların nəinki şəxsiyyətlərini, heç bədii nümunələri belə kölgə altına salmaq mümkün olmayacaq. Çünki yalan ayaq tutar, amma yeriməz.
Fərid Hüseyn

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045