• cümə axşamı, 25 aprel, 19:05
  • Baku Bakı 21°C

“Altın Kelebek”in pərdəarxası məqamları - Fotolar

21.12.17 09:30 1445
“Altın Kelebek”in pərdəarxası məqamları - Fotolar
Dekabrın 10-da Türkiyədə, eləcə də Azərbaycanda səbirsizliklə gözlənilən 44-cü "Altın Kelebek” mükafatlarının təqdimat mərasimi baş tutdu. Gecədə baş verən hadisələr isə uzun müddət mətbuatın gündəmindən düşmədi.

Belə ki, hər kəsin maraqlı izlədiyi həmin gecədə Türkiyənin tanınmış komediya ustası Cem Yılmazla, "TV-8” Media Holdinqin rəhbəri Acun Ilıcalının yaddaqalan çıxışları gecəyə xüsusi damğa vurmuşdu. Təqdimat mərasiminin yadda qalan bəzi məqamlarını yenidən xatırlamaq yerinə düşərdi...

"Ən yaxşı yarışma” proqramına görə mükafatlandırılan Acun İlıcalıya kəpənək heykəlciyini Şansal Büyüka təqdim edib. Mükafatını almaq üçün səhnəyə çıxan Acun qarşısında keçmiş bossu Şansal Büyükanı görəndə duyğusal anlar yaşayıb. Şansal Büyükanın həyatında mühüm yer tutduğunu bildirən Acun "12-ci Altın Kelepek”ini alması və komandası ilə fəxr etdiyini söyləyib.

Acun Şansal Büyüka ilə tanışlıq xatirəsindən bəhs edib: "Təyyarədən yeni enmişdik ki, Şansal qardaş məni qaçırdı. Telefonuma zəng gəldi, məni başqa bir kanala transfer etmək istədiklərini dedilər. Onda mən müxbir işləyirdim. Daniel Amokaçi də yanımda idi. O, "Kim zəng edib?” soruşduqda, başqa kanaldan transfer təklifi aldığımı dedim. O, isə cavabında "10 milyonluq futbolçuyam, heç kim məni gecə yarısı transfer etmək istəməyib. İndiki maaşının 10 qatını istə” dedi.

"Ən yaxşı kişi pop musiqiçisi” nominasiyasına layiq görülən Tarkana isə mükafatı komediya ustası Cem Yılmaz təqdim etmişdi. Türk mətbuatının bununla bağlı "Verməz olaydı” ifadəsini işlətdiyinin də şahidi olduq. Belə ki, mətbuatda yayılan məlumata görə, Tarkana mükafatı vermək üçün səhnəyə gələn Cem Yılmaz "Tarkanın nə qədər böyük ulduz olduğunu özünüz düşünün! Apar-gətir işlərini mən edirəm. Əvvəllər Yalın ilə çalışırdım, rəqəmlər qane etməyincə, Tarkanı seçdim” deməsi, məşhurlar arasında narazılığa səbəb olub. Hətta mətbuat nümayəndələri Cem Yılmazın bu sözlərinə görə, məşhurları düşmən də elan etdi. Ancaq məslə heç də göründüyü kimi deyildi. Mükafatlandırılma gecəsindən sonra Cem Yılmaz jurnalistlərin suallarını cavablandırdı. O, məsələnin heç də belə olmadığını, sənətçi dostları ilə zarafat etdiyini bildirib: "Həmin gecədə "Əvvəllər Yalınla çalışırdım, rəqəm məsələsində razılığa gəlmədik deyə, Tarkan tərəfə keçdim” deməyim zarafat idi, bunu ciddi qəbul etməyin. Bu, Yalınla mənim aramda olan bir zarafatdır”.

İfaçı Yalın isə jurnalistlərlə görüşündə "Cem Yılmaza bütün rəqəmlər fəda olsun. Kaş ki, Cemi rəqəmlərə görə əlimdən qaçırtmasaydım” deyərək, zarafat zarafatla cavab verib.

Komediya ustası Cem Yılmaz bu sözləri eşitdikdən sonra xoşbəxt olduğunu, onların arasında heç bir düşmənçiliyinin olmadığını bildirdi: "Yalının dedikləri məni çox xoşbəxt etdi. Bizə belə insanlar lazımdır. Baxın, cavabınızı nə gözəl verib... Çünki insan sevdiyi biri ilə zarafat edər və onun etdiyi zarafatı qəbul edər. Guya mənim ağlıma səhnədə ondan başqa tanınmış məşhurun adı gəlmədimi, əlbəttə gəlirdi. Yalının xətrini çox istədiyim üçün onun adını çəkdim”.
Cem Yılmaz mətbuat nümayəndələrinə öz yaradıcılığı ilə bağlı da danışıb. Uzun müddətdir ki, səhnəyə qara geyimlərlə çıxan Cem bu dəfə qırmızı gödəkcə və ayaqqabıları ilə tamaşaçıları təəccübləndirib. O, bunu həyatına bir rəng qatmaq istəyi ilə etdiyini bildirib: "Artıq yaşlanırıq, bizə də rəng lazımdır. Ertuğrul Özköke baxın, mən də Ertoğrul qardaşımdan az deyiləm. Aramızda 7 yaş fərq var. Mənim ondan nəyim əskikdir?”

Cem Yılmaz, dostu Tarkana, çəkdiyi filmdə rol verməsi ilə bağlı sualı da gülərək cavablandırıb: "Açığı Tarkana heç bir rol təklif etməmişəm. Musiqi aləmində 90-cı illərlə bağlı həyatımda önəmli olan insanlara bu təklifi etdim və belə bir layihəm oldu. Sağ olsunlar, heç nə əsirgəmədilər məndən. Ancaq onların içində Tarkan yox idi”.

Komediya ustası adının artıq bir markaya çevirdiyini də gizlətməyib: "Bir şeyi qorumaq, onu brendləşdirmək lazımdır. Mən də öz ismimi tanıtdım. Zamanında mənə çox lağ etdilər, layihələrimi ələ salırdılar. Cem Yılmaz adı ilə boru istehsal etməyəcəkdim ki? Bu, bir prosedurdur. Mən bu səviyyəyə gəlmək üçün heç nədən su-istifadə etmədim. Bu günə qədər bütün pulumu adıma yatırmışam. Adım üçün çalışmışam. Mənə bir baxın, bu gün öz adıma ticari bir şirkətim belə yoxdur. Yəni adi bir "Pide” salonum nədir ki, o da yoxdur. Mən film istehsal etməyə çalışıram. Ancaq bu dəfə çox mükəmməl bir film ərsəyə gətirdik”.

Filmdən söz düşmüşkən, komediya ustası yeni çəkdiyi filmin maliyyə məsələlərinə də toxunub: "Yanvarın 5-də tamaşaçılara "Arif v 216” filmini təqdim edəcəyəm. Sizi əmin edirəm ki, çox güləcəksiniz ”.

Cem Yılmaz "Maliyyə məsələlərində hər hansı çətinlik yaşadınızmı?” sualına diplomatik cavab verib: "Maliyyə məsələləri bir müəmmadır. Əslində heç zaman bu məsələdə sıxıntı yaşamamışam. Əgər arxivi qarışdırsanız, 3 milyon 900 min izlənmə sayı olan "Arog” filminə baxın. Kinoteatrda nümayiş olunan günün sabahı qəzetlərdə xəbər yayıldı ki, bu film gəlir gətirmədi. Bu filmə necə baxılmayıb və necə gəlir gətirməyib? Bunu mənə izah edin, görək... Elədirsə, belə baxımsızlıq hər kəsə nəsib olsun”.

Kinoteatrlarda nümayiş olunan filmlər haqqında danışan Cem Yılmaz, təəssüf hissi ilə qeyd edib ki, son 1 ayda yeni filmləri izləmək imkanı az olub: "Son bir ayda kinoteatrlara dəyərli filmlər təqdim olundu. Misal üçün "Ayla” çox gözəl filmdir. İnsanlar o filmi çox müzakirə edirlər, həmin filmi mən də çox bəyənirəm”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər