• cümə axşamı, 28 mart, 15:29
  • Baku Bakı 16°C

Altıbarmaq Baba - qumarbaz, rəhimsiz, arvadbaz

02.03.17 13:30 2067
Altıbarmaq Baba - qumarbaz, rəhimsiz, arvadbaz
1920-30-cu illərdə Sovet Azərbaycanının ziyalı elitasının məruz qaldığı kütləvi repressiyaların həyata keçirilməsində bəzi "soydaşlarımızın” da "əməyi” az olmayıb. Arxivlərimizdə bunu sübut edəcək yüzlərlə faktlar, sənədlər var. Belə "soydaşlarımız”dan biri də 1920-30-cu illərdə Azərbaycanda "Altıbarmaq Baba” ad ilə tanınmış qəddar, savadsız ÇEKA sədri olub.
A.Mikoyanla birlikdə, XI ordunun önündə Bakıya gəlib
Onun haqqında hələ ilk dəfə 1990-cı illər də tədqiqatçı alim Qulam Məmmədlidən eşitmişdim: "Çox xatakar adam idi. Nə qədər günahsız insanları qırdı, ocaqları qaraltdı”. 1996-cı ildə isə Manaf Süleymanovun "Son bahara çatdıq” əsərindən oxudum: "Azərbaycanda ÇEKA-nın ilk sədri Altıbarmaq Baba təyin edilmişdi. Vur-tut, üç-dörd illik təhsili vardı. Rəhimsiz olduğunu çoxları bilirdi. Azarkeş qumarbaz idi...”
Bəs bu təhsilsiz, qumarbaz kim idi ki, belə böyük vəzifəyə təyin edilmişdi? Tarixşünas alim Aslan Xəlilov yazır: "Arxivlərdə və dövrü mətbuatın səhifələrində 1920-30-cu illərdə respublikanın hakim siyasi qrupu daxilində baş verən siyasi çəkişmə və debatlar, müxtəlif siyasi qruplaşmaların yaranması, onların tərkibi və liderləri barədə yetərincə rəsmi məlumatlar var”. Sənədlərdən o da aydın olur ki, ilk vaxtlar bu mübarizə, müəyyən mənada, örtülü şəkildə aparılsa da, sonralar çəkişmələr bütün çılpaqlığı ilə özünü büruzə verib. Və respublikada yüksək vəzifələrə belə savadsız, əxlaqsız insanların təyin edilməsində Mərkəzin öz maraqları olub. Elə Altıbarmaq Baba da mərkəzin xeyir-duası ilə öz soydaşlarına qan uddurdu.
Əliyev Baba Əliyoldaş oğlu 1877-ci ildə Mərdəkanda anadan olub. Mədrəsədə iki-üç il "təhsil” alıb. 1905-ci ildə Rusiya Kommunist (bolşevik) partiyasına üzv olub. 1905-07-ci illərdə "Hümmət” təşkilatının tapşırığı ilə Balaxanıda, Sabunçuda ixtişaşlar törədib. 1910-cu ildə partiyanın tapşırığı ilə İrana gedib. 1917-ci ildə vətənə qayıdıb. 1918-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması üçün mübarizəyə qoşulub. Bakı Kommunasının süqutundan sonra Dağıstana göndərilib. Burada sovetləri hakimiyyətə gətirmək üçün silahlı dəstələr yaradıb. 1920-ci ilin aprelində A.Mikoyanla birlikdə, XI ordunun önündə Bakıya gəlib. Bakıda bolşeviklərin hakimiyyəti silah gücünə zəbt etməsinə yaxından köməklik edib” Hökumət də əvəzində onu 1920-ci ilin iyun ayında Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri təyin edib. Komissiya yarandığı gündən xalqın yaddaşında yalnız qorxunc bir təşkilat kimi qalır. İstər sonralar adını dəyişib Azərbaycan Dövlət Siyasi İdarəsi qoyanda, istərsə də Xalq Daxili İşlər Komissarlığı olanda. 1920-40-cı illərdə bu təşkilatın "səyi ilə” xalqımızın minlərlə nümayəndəsi fiziki və mənəvi terrora məruz qalır. Təkcə 1920-ci ilin mayından 1921-ci ilin əvvəllərinədək 40 mindən çox soydaşımız bu təşkilat tərəfindən məhv edilib.
Hətta Pankratov da onun qədər amansız olmayıb
Fövqəladə Komissiya yaranarkən fəaliyyətini nizamlayacaq təlimat və əsasnamələrə malik deyildi. Komissiyanın çekistləri respublika vətəndaşlarına, xüsusən, türk-müsəlmanlara qarşı ağlasığmaz hərəkətlərə yol verərək, özlərini əsl qarətçi kimi aparırdılar. Təbii ki, bu qarətin başında da FK-nın sədri Altıbarmaq Baba dururdu. Yenə tədqiqatlara diqqət yetirək: "ÇEKA-nın sədri Altıbarmaq Baba yaman kefbaz idi. Yüzlərlə adam güllələyib. Ağına-bozuna baxmırdı. Qumarbaz, lotu, arvadbaz. Uşaq vaxtı Hacı Zeynalabdin onu əl qulluqçusu kimi evində saxlamış, məktəbə qoymuşdu. Sonra əclaflıq elədi. Vəzifədə olanda Hacının qızı, Əli Əsədullayevin arvadı Leylanı ələ keçirmək istədi...”
B.Əliyevin ÇEKA-sədri kimi at oynatması 1920-ci ilin oktyabrına kimi davam edir. 1920-ci ilin 15 oktyabrında Əliyev Baba Əliyoldaş oğlu sədr vəzifəsindən azad edilərək, birinci müavin vəzifəsinə təyin edilir. B.Əliyevin "bir pillə” aşağı düşməsinə əsas səbəb çekistlərin ölkədə törətdikləri ağlasığmaz soyğunçuluq idi. Azərbaycan FK-nın işçiləri hərbi ərzaq təminatından məhrum olduqlarından respublika əhalisinə məxsus olan mülkiyyətin müsadirə edilməsi hesabına dolanırdılar. Ona görə də özlərini əsl qarətçi kimi aparırdılar. Komissiyanın 3 noyabr 1920-ci il tarixli məruzəsində deyilirdi: "MK Azərbaycan FK-nın işinə diqqət yetirməlidir. Xüsusi şöbədə vəziyyət çox pisdir. Anbarda xaosdur, nəyin müsadirə olunduğunu, nəyinsə təhvil verilməli olduğunu başa düşmək olmur. Maliyyə şöbəsi də xarici pul nişanlarını qeydiyyata almır-ümumi məbləğ yazılır, əskinasların dəyəri göstərilmir. FK nəzdində komendatura xırda şeylərdən ötrü, bir çox hallarda, heç nədən həbs edilmişlərlə ağzına qədər doludur”.
Çox acınacaqlıdır ki, B.Əliyev öz xalqına qarşı qəddarlıqda, ondan əvvəl FK-ya cəmi iki ay rəhbərlik edən Pankratov Semyon Andreyeviçdən daha amansız olmuşdur.
Amma Baba Əliyevi hələ mərkəzə lazım idi. Ona görə onu respublikada daha bir necə vəzifələrə təyin edirlər. O, 1937-ci ildə həbs edilənə kimi müxtəlif illərdə İnqilab Tribunalının sədri, Yol-İnşat Komitəsinin və Azərbaycan Aypara Cəmiyyəti Mərkəzi Komitəsinin sədri vəzifələrində "çalışır”. Bu "çalışma” gündüzlər insanları həbs etməkdən, gecələr isə kef məclisləri düzəltməkdən ibarət olub. Bu haqda M.Süleymanov yazır: "Altıbarmaq Baba, Həmid Sultanov və Levon Mirzoyanla çox yaxın dost olub. Mirzoyan gecələr kef məclisi düzəldirmiş. Mahnı oxuyan, oynayan qızları, çalğıçıları toplayıb şənlik keçirirdilər, axşamdan səhərə kimi vur-çatlasın olurdu. Levon, Həmid, Altıbarmaq Baba yaman kefcil olublar”.
Arxivlərdəki sənədlər bir daha sübut edir ki, Altıbarmaq Baba kimi savadsız və qəddar kadrlar Mərkəzin arzularını Azərbaycanda həyata keçirmək üçün bir fiqur idilər. İstədiklərini aldıqdan sonra bu fiqurları məhv etmək Mərkəz üçün çox asan idi. 1920-1950-ci illərdə Azərbaycanda yetərincə böyük vəzifələrə sahib olan, Mərkəzin arzularına hər şeyi - milli qürurunu, heysiyyətini qurban verən çoxsaylı "soydaşlarımız” haqqında materiallar var. Zamanıdır, onların xalqı üçün etdiyi "xidmətləri” faş etmək!

Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər