AZE | RUS | ENG |

Alternativ enerji istehsalında dünya təcrübəsindən istifadə olunmalıdır

Alternativ enerji istehsalında dünya təcrübəsindən istifadə olunmalıdır
Abdulvahab Muxtarov: Azərbaycanda alternativ və bərpa olunan enerjidən istifadə olunması qənaətbəxş hesab edilə bilməz

Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Bu potensialdan səmərəli istifadə etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" təsdiq edilib. Dövlət başçısının fərmanı ilə həmçinin  ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədini güdən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) yaradılıb. Dövlət Proqramına uyğun olaraq ölkə ərazisində alternativ enerji mənbələrinin araşdırılması və onların istifadə üçün yararlılığının elmi əsaslarını müəyyənləşdirmək baxımından AMEA Geologiya və Geofizika İnstitutu qarşısında da mühüm vəzifələr durur. Redaksiyamızın həmin vəzifələrin icrası ilə bağlı suallarını İnstitutun Geotermiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Abdulvahab Muxtarov cavablandırır.
 
- Abdulvahab müəllim, respublikamızda alternativ enerjidən istifadə hansı zərurətdən yaranıb?
- Ölkəmiz ənənəvi enerji resursları olan neft və qazın böyük ehtiyatlarına malikdir. Buna rəğmən qarşıdakı yüzillikdə enerji təhlükəsizliyimiz tam təmin olunub. Amma ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, bahalaşması, onlardan istifadə zamanı ətraf mühitə külli miqdarda ziyan vurulması (ənənəvi enerjidən istifadə zamanı atmosferin karbon qazı ilə çirklənməsi, ozon qatının nazikləşməsi və nəticədə təhlükəli kosmik şüaların atmosferin alt qatlarına nüfuz etməsi) son zamanlarda bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ  və bərpa olunan enerji növlərindən istifadə zərurətini yaradır.

- Respublikamızda bərpa olunan enerjidən istifadənin mövcud vəziyyətini necə qiymətləndirərdiniz?
- Deyilən məsələ artıq diqqət mərkəzindədir və bu sahədə müəyyən işlər görülməkdədir. Bununla belə, bu gün üçün Azərbaycanda alternativ və bərpa olunan enerjidən istifadə olunması qənaətbəxş hesab edilə bilməz. Qeyd etmək lazımdır ki, son illərə qədər Azərbaycanda alternativ enerji növlərindən yalnız biri – çayların hidroenerjisi istifadə olunub və bunun respublikanın enerji təchizatındakı payı çox kiçikdir. Səbəb isə Azərbaycanın zəngin neft və qaz yataqlarına malik olması göstərilir. Bununla belə unutmaq olmaz ki, ölkə ərazisinin coğrafi və geoloji şəraiti alternativ enerjinin müxtəlif növlərindən istifadə olunması imkanı verir. Bunlardan ən perspektivli olanları hidro, günəş, külək enerjisi və geotermal enerjidir. Deyilən sahələrdə son illərdə ABEMDA tərəfindən müəyyən addımlar atılır və ümid etmək olar ki, yaxın zamanda alternativ enerji ölkəmizin enerji balansında öz layiqli yerini tutacaqdır.

- Alternativ enerjidən istifadə regionlarımızın iqlim şəraitindən, xüsusiyyətlərindən çox asılıdır. Azərbaycanın regionlarını bu baxımdan necə xarakterizə etmək olar?
- Bu baxımdan Azərbaycanın regionları hər konkret enerji növünə görə ayrılıqda xarakterizə olunmalıdır. Hidroenergetika bilavasitə çaylarla bağlıdır və bu baxımdan, ən əhəmiyyətli olan Kür və Araz çaylarıdır. Bununla belə, kiçik dağ çayları da kifayət qədər enerji potensialına malikdir. Xəzəryanı ərazilər və digər aran zonaları, Qobustan ərazisi günəş və külək enerjisindən istifadə üçün daha perspektivli ərazilərdir. Bu səbəbdən ABEMDA-nın həyata keçirdiyi ilk layihələr də həmin əraziləri əhatə edir. Dünya praktikasında geotermal enerjidən istifadə ilk növbədə bu enerjinin təbii təzahür sahələrində (termal su və buxar çıxışları, vulkanik rayonlar və s.) həyata keçirilir.

- Bərpa olunan enerji mənbələri arasında ehtiyatların miqyasına və ekoloji təmizliyinə görə ölkəmizdə hansı enerji daha perspektivlidir?
- Enerji ehtiyatlarının miqyasına görə hidro, günəş, külək enerjisi və geotermal enerji sırasına önəm vermək olar. Lakin Xəzər dənizinin dalğa enerjisi potensialını da diqqətdən qaçırmaq olmaz. Bu günə kimi texnologiyaların okean və dənizlərin dalğa enerjisindən istifadəsi üçün zəif sayılmalıdır. Amma unudulmamalıdır ki, dünyada energetika sahəsində bir çox yeni texnologiyalar yaranır və bunlar sürətlə inkişaf edir. Buna görə də yaxın gələcəkdə Xəzərin dalğa enerjisinin alternativ enerji növləri arasında ön cərgəyə keçmək ehtimalını nəzərdən qaçırmaq olmaz. Ekoloji təmizliyə gəldikdə isə yaxın keçmişdə alternativ enerji növləri ekoloji cəhətdən tam təmiz və təhlükəsiz hesab olunurdu. Lakin alternativ enerji növlərindən istifadə olunmasının geniş miqyas alması bu sahədə də ekoloji problemlərin olduğunun aşkarlanmasına səbəb oldu. İlk nümunə kimi hidroelektrik stansiyaların problemləri aşkarlandı. Məlum olduğu kimi bu tip stansiyaların tikilməsi böyük su anbarlarının inşası ilə bağlıdır. Bu süni göllərin uzunmüddətli tədqiqi ətraf ərazilərdə qrunt sularının səviyyəsinin dəyişməsi, eroziya, sürüşmə proseslərinin intensivləşməsi və hətta bu ərazidə zəif seysmikliyin intensivləşməsi kimi problemlərin aşkarlanmasına səbəb oldu. Külək mühərriklərinin işi ilə bağlı akustik küy, geotermal enerji sahəsində termal suların yüksək minerallaşma dərəcəsi və bununla bağlı həmin suyun laya qaytarılma problemi  və s. ekoloji problemləri qeyd etmək olar. Bunları nəzərə alaraq qeyd etmək istərdim ki, alternativ enerji sahəsində istənilən layihə hazırlanarkən ən ümdə vəzifə istifadə olunacaq obyektin hərtərəfli və məqsədyönlü elmi tədqiqatlarla əhatə olunması və bütün problemlərin dərindən öyrənilməsi olmalıdır.

- Geologiya və Geofizika İnstitutu, xüsusən də sizin rəhbərlik etdiyiniz şöbə yeni enerji mənbələrinin tədqiqində hazırda hansı işlər üzərində  çalışır?
- Geologiya və Geofizika İnstitutunda müxtəlif enerji mənbələri (neft, gaz, bitumlar, yanar şistlər, termal sular və geotermal enerji) üzrə tədqiqatlar aparılır. Burada termal sular və başqa geotermal enerji mənbələri istisna olmaqla qalanlar sadəcə müxtəlif yanacaq növləri və ənənəvi enerji mənbələridir. Təəssüf ki, bəzən səhv olaraq Azərbaycanda az təsadüf olunan və bu gün geniş tətbiqi olmayan yanacaq növlərini (məsələn, bitumları) alternativ enerji mənbələrinə aid etmək cəhdlərinə rast gəlirik. Bunu nəzərə alaraq deyə bilərik ki, Geologiya və Geofizika İnstitutunda dünyada tanınmış olan alternativ enerji növlərindən (günəş, külək, geotermal, hidro, dalğa enerjisi və hətta atom enerjisi alternativ enerjiyə aiddir) yalnız geotermal enerji sahəsində tədqiqatlar aparılır ki, bu da əsasən Geotermiya şöbəsinin öhdəsinə düşür. Bizim şöbəmizdə Yerin istilik sahəsi, Yerin daxili istiliyinin mənbələri, onun Yerin daxilində paylanması, Yerin dərinliyindən gələn istilik seli və istiliyin Yer daxilində daşınma prosesləri və bu istilik enerjisinin, yəni geotermal enerjinin qiymətləndirilməsi, ondan istifadə sahəsində tədqiqatlar aparılır. Yer qabığında geotermal enerjinin əsas daşıyıcısı yeraltı sular – əsasən termal sulardır. Ümumiyyətlə, yeraltı sular və o cümlədən termal suların genezisi, yer qabığında paylanması və s. məsələlər Hidrogeologiya şöbəsində tədqiq olunur.

- Elmi işlərinizlə bağlı xarici ölkələrin təcrübəsindən istifadə edirsinizmi?
- Əlbəttə. Dünya elmi ilə inteqrasiya olmazsa, inkişaf mümkün deyil. Geotermiya və geotermal enerji sahəsində apardığım tədqiqatlar zamanı Rusiyanın, Belorusun, Türkiyənin, Çexiyanın, ABŞ-ın, Almaniyanın və başqa ölkələrin alimləri ilə əməkdaşlıq edirik. Aldığımız nəticələri beynəlxalq konfranslarda xarici həmkarlarımızla müzakirə edir, burada ən qabaqcıl tədqiqatlarla tanış olur və öz işimizdə bunları tətbiq edirik. Məsələn, bu il fevral ayının sonunda Türkiyənin Afyonkarahisar şəhərində keçirilən "IV Jeotermal Kaynaklar və Doğal Mineralli Sular Sempozyumu ve Sergisi”ndə "Azərbaycanın geotermal resursları” mövzusunda məruzə ilə iştirak etmişəm, həm də bu simpoziumun elmi komitəsinin üzvü olmuşam. Qeyd etmək istərdim ki, son illərdə Türkiyədə geotermal enerjidən istifadə sıçrayışla yüksəlmiş, nəticədə ölkə bu sahədə dünyada dördüncü yerə çıxmışdır. Biz bu sahədə qardaş Türkiyənin təcrübəsindən faydalanmalıyıq.

- Alternativ və bərpa olunan enerjidən istifadə istiqamətində elmi tədqiqatların nəticələrinin tətbiqini əlaqədar təşkilatlara necə təqdim edirsiniz?
- Məlum olduğu kimi, akademiyanın institutlarında aparılan tədqiqatların nəticələri hesabatlar şəklində bu elm ocaqlarında saxlanılır, əlaqədar təşkilatlar da istədikləri vaxt bu hesabatlardan istifadə edə bilərlər. Əgər hər hansı təşkilat instituta müqavilə yolu ilə xüsusi mövzuda iş sifariş edərsə (təəssüf ki belə sifarişlər nadir hallarda olur), bu işin nəticələri müqavilənin şərtlərinə uyğun şəkildə həmin təşkilata təhvil verilir. Bundan başqa, bizim elmi tədqiqatlarımızın nəticələri Azərbaycanda hər kəsin istifadə edə biləcəyi elmi jurnallarda dərc edilir.

- Çalışdığınız elm ocağında alternativ enerji ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsi perspektivlərini necə görürsünüz?
- Azərbaycan Milli Elmlər Akademiyasında və o cümlədən də institutumuzda dövlətimizin qərarları mütəmadi olaraq izlənilir, bu sahədə üzərimizə düşən vəzifələr Elmi Şurada ətraflı müzakirə olunur və onların yerinə yetirilməsi üçün lazımi tədbirlər görülür. Gərəkli elmi tədqiqatlar aparılır və nəticələr əlaqədar dövlət orqanlarına təqdim olunur. Bu sahədə görülən işlərin ölkə əhalisi və əlaqədar təşkilatlar üçün yayımlanaraq populyarlaşdırılmasına diqqət zəifləmir. Eyni zamanda, dövlət strukturları ilə əlaqələrin gücləndirilməsi və dövlət siyasətinin prioritet istiqamətlərində aparılmalı olan elmi tədqiqatların dövlət tapşırığı kimi Elmlər Akademiyanın elmi-tədqiqat müəssisələrinə həvalə olunması bu işlərin effektivliyinin artırılması üçün daha əhəmiyyətli olardı.

- Alternativ və bərpa olunan enerjidən istifadə olunması ilə əlaqədar hansı məsələlərin vacibliyini vurğulamaq istərdiniz?
- Zənnimcə, alternativ energetika obyektlərinin yaradılması və inkişafı üçün özəl sektora üstünlük verilsə (dövlətin nəzarəti altında), bu sahə daha sürətlə inkişaf edə bilər. Həmin istiqamətdə Türkiyənin təcrübəsindən faydalanmaq olar. Bu məsələnin inkişafını sürətləndirə bilən qanunların olması da vacibdir. Məmur bürokratiyasına yol verilməməlidir. Burada Azərbaycan brendi olan Asan Xidmət sisteminin yeniliklərindən istifadə olunması çox yaxşı nəticə verə bilər. Prosesi sürətləndirmək üçün alternativ enerji mənbələrinin, ilk növbədə fərdi və kiçik təsərrüfatlarda istifadəsini stimullaşdırmaq zəruridir. Sonra daha böyük gücə malik enerji sistemlərinin yaradılmasına keçmək lazımdır. Güclü energetik sistemlər qurularkən enerjinin alıcısı kimi dövlətin zəmanəti vacibdir, əks halda, heç bir sahibkar alıcısı olmayan məhsul istehsal etməz.
 
Ş.Nəzərli
                                                                                                        
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000