• çərşənbə, 24 Aprel, 11:19
  • Baku Bakı 13°C

Alp dağlarında kəskin hava şəraiti səngimək bilmir

15.01.19 11:00 416
Alp dağlarında kəskin hava şəraiti səngimək bilmir
Alp dağlarında iki həftədir davam edən kəskin hava şəraiti səngimək bilmir. Avstriya, İsveçrə və Almaniyanın Alp regionlarında aramsız yağan qar və güclü çovğun qar uçqunu təhlükəsini daha da artırır.
AZƏRTACxəbər verir ki, hər üç ölkənin fövqəladə hallar üzrə müvafiq qurumları və könüllülər yaşayış binalarının damlarının qardan təmizlənməsi, yolların açılması, ətraf mühitlə əlaqəsi kəsilmiş yaşayış məntəqələrindən turistlərin təxliyəsi, eləcə də kəskin hava şəraitində qəzaya uğrayan şəxslərin xilas edilməsi üçün tam qüvvə ilə çalışırlar. Avstriyanın Zaltsburq əyalətində hazırda 17 min nəfərin yaşadığı kənd və qəsəbələrə gedən yollar bağlanıb. Şiddətli çovğun və qar həmin ərazilərə helikopterlərin uçuşuna da ciddi maneə törədib.
Bununla belə xəbərdarlıqlara məhəl qoymayan turistlər həm özlərinin, həm də xilasedicilərin həyatı üçün təhlükə törətməkdə davam edirlər. Həftəsonu bütün xəbərdarlıqlara əhəmiyyət verməyən almaniyalı üç turist xüsusi işarələnmiş zolaqlardan kənarda hərəkət edərkən qar uçqununun altında qalaraq həlak olublar. Bununla da ötən iki həftə ərzində Avstriya dağlarında kəskin hava şəraiti ilə əlaqədar həyatını itirən şəxslərin sayı 11-ə çatıb.
Aramsız yağan qar səbəbindən Avstriyanın əksər Alp bölgələrində qar uçqunu xəbərdarlığı ən yüksək səviyyədə saxlanılıb. Eyni zamanda, İsveçrə ilə həmsərhəd Forarlberq əyalətində də sürəti saatda 130 kilometrə çatan küləyin sovurduğu qarın yaratdığı uçqun təhlükəsi də güclənib. Yerli əhali və turistlər üçün yaranan təhlükəli vəziyyətlə yanaşı, rəsmi qurumlar hazırkı hava şəraitinin vəhşi heyvanlar üçün ürəkaçan olmadığını bildiriblər. Qalın qar heyvanların qida tapmasını çətinləşdirdiyinə görə, meşələrdə əlavə yem qutularının yerləşdirilməsi ehtiyacı yaranıb.
Rəsmi qurumların məlumatına görə, yanvarın 15-dən etibarən qar yağması azalsa da, uçqun təhlükəsi daha da güclənəcək. Havanın temperaturunun nisbətən mülayimləşməsi və ya külək qar kütlələrinin hərəkətini artıra bilər. Buna görə də qış idmanı ilə məşğul olan şəxslərə icazə verilən hərəkət zolaqlarından kənara çıxmamaq tövsiyə edilib.
banner

Oxşar Xəbərlər