Almaniyanın radiologiya cəmiyyətinə doktorluq işi təqdim edən ilk azərbaycanlı - Uğur hekayəsi
Almaniyada
radiologiya sahəsində doktorluq dissertasiyasını müdafiə edən ilk azərbaycanlı
həkimdir. Arzuların, xəyalların bir gün mütləq gerçəkləşəcəyinə inanır. Deyir
ki, hər bir uğurun önündə çox çalışmaq dayanır. Ona görə, məqsədi, arzusu olan
bütün insanlar yalnız çalışaraq istədiklərinə nail ola bilər. Bunun üçün nə
fitri istedad, nə də "day-day” lazımdır. Çox çalışmaq, yaşından asılı
olmayaraq, insanı cızdığı bütün uğur yollarına sürətlə aparır.
Müsahibimiztibb elmləri doktoru, Köln Universitet
Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun həkim radioloqu,
Avropa, Amerika və Almaniya radioloqlar cəmiyyətinin üzvü Nuran Abdullayevdir.
Müsahibimiz
xarici dillər təmayüllü gimnaziyanı bitirdikdən sonra Tibb Universitetinə qəbul
olub. İkinci kursdan tibb təhsilini davam etdirmək üçün xaricdə təhsillə
maraqlanıb: "Təəssüf ki, ilk vaxtlar viza məsələlərinə görə, Almaniyada təhsil
almaq alınmadı. Mən də "qismət” deyib, Türkiyəyə getdim. O vaxt Türkiyədə yay
praktikaları var idi. Türkiyəyə getsəm də, Almaniya arzum üçün çalışırdım. Yeniliklər
arxasınca getmək, sənətimi inkişaf etdirmək, yenilikləri Azərbaycana gətirmək
kimi fikirlərim var idi. Türkiyədə hər il İstanbulun Çapa Universitetində yay
praktikalarında təcrübə keçdim. Artıq son illərdə həyatımın qərarını verməli və
ixtisas seçimimi etməli idim. Ya Azərbaycanda qalıb rezidentura oxumalı, ya da
xarici ölkədə təhsilimi davam etdirməli idim. Təbii ki, qərarım radiologiya və
Almaniya oldu. Amma alman dilini bilmədiyim üçün məni qəbul etmələri çətin məsələ
idi. Köln Universitetinə ingilis dilində məktub yazdım və qeyd etdim ki, alman
dilində biliklərim yoxdur, mənə şans yaratsalar qısa müddət ərzində öyrənərəm.
Köln Universitetinin professoru məktubda mənə qısa bir cavab yazdı: "Mənim
motivasiyalı gənclərə həmişə dəstəyim olur”. Sənədlərimi hazırladım və 4 il əvvəl
arzusunda olduğum Almaniya təhsilinin ardınca getdim”.
- Alman dilini bilmədən həmin ölkədə həkim işləmək
demək olar ki, mümkün deyil. Arzularınızın "suya” düşməsindən qorxmurdunuz?
- Həqiqətən
nə olacağını bilmirdim. Amma məqsədim var idi və ona çatmaq üçün dayanmadan
çalışırdım. Arzum suya düşsə də, arxasınca getməli idim. Valideynlərim də tam
razı deyildilər. Mən onlara bildirsəydim ki, professor məni dəvət edib, amma bu
o demək deyil ki, məni işə götürəcək, getməyimə icazə verməyəcəkdilər. "Şirin
yalan” danışdım ki, artıq məni Almaniyada işə çağırıblar və həmin ölkəyə
yollandım. İlk görüşümüzdə professorla bütün danışıqlarımız ingilis dilində
idi. O, mənə dedi ki, istəyərəm burada mənimlə
çalışasan, amma sənə dil öyrənmək üçün bir il vaxt lazımdır. Xahiş etdim ki, mən
dili öyrənməyə başlayıram, sadəcə mənə icazə verin, səhər saat 8-dən günortaya
qədər klinikada olum. Heç bir maaş istəmirəm. Səhər klinikaya gedirdim, axşam
kursa. 3 aylıq vizam bitirdi. Bir şərtlə artırıla bilərdi ki, mənim orada işim
olsun. 2 ay 20 gün sonra professorun yanına getdim və almanca danışdım.
Professor inanmadı və dedi ki 2 aya dili öyrənə bilməzsən, yəqin ki, məni təsirləndirmək
üçün almanca danışırsan. Xarici dillər təmayüllü gimnaziyanı bitirdiyimə görə,
dili çox asan qavrayıram. Mən ona dedim ki, Azərbaycana qayıdıram, sadəcə sizə
təşəkkür etməyə gəlmişəm. Professor mənimlə çalışmaq istədiyini bildirdi. Onun bir qərarı həyatımı dəyişdi. Təsəvvür
edirsiniz, bu, mənim xəyalım idi. Həmin vaxt həkim işləmək üçün 2 yol var idi.
Bir işçi icazəsi, bir də Almaniyada dövlət imtahanını verib diplomumu təsdiqlətmək.
İşçi icazəmlə 3 il işləyə bilərdim, amma imtahanı verməyə qərar verdim. 9 aya
yaxın hər gün işdən sonra günüm kitabxanalarda keçirdi. Baxmayaraq ki, həkim
kimi işləyirdim, amma onların təhsil proqramını bilməli idim. İlk 9 ay ərzində
saat 5-ə kimi xəstəxanada həkim kimi işlədim. İşdən sonra isə saat 11-12-yə
kimi vaxtımı kitabxanada keçirirdim. İmtahana girdim və 7 saat çəkdi. Ümumi 5 nəfər
idik. Son mərhələdə professorlar bütün tibbi bilikləri yoxlayırlar və tələbələri
bir-bir çağırıb qiymət verirlər. Əslində mənə verilən sualların hamısını
cavablandırmışdım, amma məndən əvvəl girənlərin hamısı kəsildiyi üçün
qorxurdum. İçəri girdim və mənə dedilər
ki, biz inanırıq ki, siz Almaniyada gözlədiyimiz həkimlərdən olacaqsız. Bu, mənim
üçün qeyri-adi hal idi. Ondan sonra
karyerada qarşımda çox böyük yol açıldı. Nəinki klinik, artıq Almaniyada elmi
işlərin aparılmasında iştirak etməyə başladım. Almaniyada mənim sahəmdə ilk
doktorluq dissertasiyasını edən ən gənc həkim və Almaniyanın radiologiya cəmiyyətinə
doktorluq işi təqdim olunan ilk azərbaycanlı oldum.
- Direktor məktubda Azərbaycanı tanımadığını
bildirib. Almaniya kimi ölkədə yad bir vətəndaşın inkişafı çətin deyildi?
- Azərbaycan haqqında bilikləri çox az idi. Bəli, direktorum ümumiyyətlə
tanımırdı. Bu, üzərimə düşən məsuliyyəti daha da artırdı. Bu o demək idi ki,
onlar Azərbaycanı mənimlə tanıyacaqdılar. Mən onlara sübut etmək istəyirdim ki,
bizim ölkənin ərazisi kiçik olsa da, çox savadlı və bacarıqlı həkimlər, gənclər
var. Apardığımız elmi araşdırmaların nəticəsində komandada fərqləndikcə, bir
pillə qabağa gedirsən. Bunu başqa ölkədə etmək mənim üçün böyük uğur idi.
Almaniyada hər hansı gənc, az yaşda böyük uğurlara imza atırsa, o, həqiqətən cəmiyyət
tərəfindən çox yaxşı qiymətləndirilir və qəbul olunur. Onlarda "gəncdirsə təcrübəsi
azdır” düşüncəsi yoxdur. Bir gənc uğur qazanırsa, deyirlər ki, bu insan gənc
yaşında bunu edibsə, bunun qarşısını almaq olmayacaq. İndi direktorum Azərbaycan
haqqında yüksək fikirdədir.
- Nuran həkim, niyə məhz radiologiya sahəsini
seçdiniz?
- Əmilərim, bibilərim həkimdir. Məndə həkimliyə olan sevgini ailəm
yaradıb. Təbii, çox uşaq həkim olmaq istəyir, böyüdükcə fikirləri dəyişir. Amma
mən uşaqlıqdan əmin idim həkim olacağam və o gücü hiss edirdim. Həkimliyin
hansı sahəsini seçməyə gəldikdə isə düşünürdüm ki, çoxşaxəli olsun. Mənə uyğun
olan radiologiya idi. Radiologiyada tibbin bütün sahələri cəmləşib. Burada cərrahiyə
də var, diaqnostika da. Mən də radiologiyanın bütün sahələrinə yiyələndim.
Diaqnostika ilə yanaşı, əməliyyatları
da öyrəndim.
- Radioloqlara tibdə gizli qəhrəmanlar deyirlər.
Diaqnozlar məhz radioloqlar vasitəsilə qoyulur. Bu məsuliyyət ağır deyil?
- Təbii
ki, elədir. Həqiqətən məsuliyyəti çox olan sahədir. Məncə, həkimdən bir pillə
yuxarıda düşünməlidir. Çünki bütün diaqnozların hamısı radioloqdan gəlir. Şərəfli
iş olduğunu düşünürəm. Şərəfli olduğuna görə, cavabdehliyi çoxdur. Cavabdehliyi
çox olduğu üçün isə ikiqat məsuliyyət tələb edir. Amma işimdən zövq alıram və çətinliklər
məni qorxutmur. Radiologiyanın tibb elmində ən böyük rolu odur ki, bütün
diaqnostika radiologiya sahəsinə aiddir. Xərçəng xəstəliklərinin xırda
patologiyalarından tutmuş, müalicə oluna biləcək böyük patologiyalara qədər
bütün xəstəliklərin müayinəsində radioloji diaqnostika metodu tətbiq edilir.
Radiologiya inkişaf etdikcə, tibb inkişaf edir. Beyində aparılan əməliyyatlar
üçün 20 il əvvəl neyrocərrahlara müraciət edilirdisə, bu gün artıq
neyroradioloqlar müdaxilə edir.
- Azərbaycanlı pasiyentlərlə, alman pasiyentlərin fərqi
nədir?
- Burada
milli mədəniyyət, məsələlərə baxış tərzi çox rol oynayır. Almaniyada xəstə öz xəstəliyini
dərk edir. Həkimə çox güvənir və həkimin öz sahəsini ondan çox bildiyini
anlayır. Həkim və xəstə hər ikisi bir-birinə inanır, bir-birləri ilə tam açıq şəkildə
danışa bilirlər. Məsələn, həkim xəstəyə deyə bilər ki, sizin müalicəni bura qədər
aparacağam, amma sonrasını bilmirəm. Yaxud izah edir ki, bu müalicə metodunda
siz ağırlaşa bilərsiniz. Almaniyada xəstələrlə bağlı fərqli qanunlar var. Hər
bir xəstə artıq müayinəyə gələrkən bilir ki, hər bir xəstəlik ölümlə nəticələnə
bilər. Xəstə dərk edir ki, hər şey yolunda göründüyü zaman belə, beyin
qanamasından ani ölə bilər. Sağlam insan belə, yolda gedərkən yıxılıb ölə bilər.
Amma bizdə deyirlər ki, sağlam insan ölməməlidi. Ölürsə, həkim günahkardır. Düşünürəm
ki, Azərbaycanda hansısa xəstəyə ölmək ehtimalı olduğunu demək olmaz. Bu, bizdə
tam fərqli qəbul olunar.
- Gənc yaşınızda, hətta universiteti bitirmədən ailə
qurubsunuz. Tez ailə qurmaq karyeraya mane olurmu?
- Məncə,
ailə karyeraya dəstəkdir. Həyat yoldaşım qrup yoldaşım olub və o da həkimdir.
Biz bir-birimizi qarşılıqlı başa düşmüşük. Əgər məqsədlərin varsa, düşünmürəm
ki, ailə karyeraya təsir edə bilər. Almaniyada professorlar böyük klinika rəhbərləri
ailəlidirlər və xoşbəxtdirlər. Almaniyaya gedəndə mən artıq ailəli idim və bir
övladım var idi. Onları Azərbaycanda qoyub karyeramın arxasınca getməli idim. Həyat
yoldaşım mənə inandı və dəstək oldu. Bu gün də həyat yoldaşıma minnətdaram və
düşünürəm ki, onun dəstəyi olmadan bunları edə bilməzdim. Həyat yoldaşımın həmin
vaxt ən böyük motivasiyam idi.
- Yapon həkimin belə bir sözü var ki, ağrını
unutmağın yolu əylənməkdir? Həkim kimi siz necə düşünürsünüz?
- Hər
insan ağrı-acını hiss etməlidir ki, ağrı-acısız günlərin qədrini bilsin. Xəstə
olmalıdır ki, sağlamlığının qədrini bilsin. Sağlamlığının qeydinə qalmayanda,
hiss edilən ağrını heç bir əyləncə unutdurmaz.
- Ənənəvi sualımız - uğurunuzun sirri nədir?
- O sualı özümə dəfələrlə vermişəm. Mənim həyatımda bu günə qədər
qazandığım uğurların səbəbi sadəcə, çalışqan olmağımdır. Məndə heç bir fitri
istedad yoxdur. Düşünürəm ki, hər bir kəs qarşısına məqsəd qoysa və məqsədinə
görə çalışsa, ona çatar. Elə bir məqsəd yoxdur ki, insan ona çatmasın.
Çalışqanlıq uğurun açarıdır.
Aygün ƏZİZ